Məhkəmə qərarları › İş №2-1(104)-432/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-432/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-432/2025 26.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin onun barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2230/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Müayinə olunan şəxsin məlumatlarına dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Keçirilmiş qapalı kəllə beyin travması nəticəsində müşahidə olunan psixotik hallar. Şəxsiyyət dəyişikliyi ilə” diaqnozu əsasında xx.xx.2010-cu il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Müayinə olunan şəxsin məlumatlarına dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində müşahidə edilən psixotik hallar şəxsiyyət dəyişməsi ilə” diaqnozu əsasında xx.xx.2015-ci il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2016-cı il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Müayinə olunan şəxsin məlumatlarına dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindiromlar, Emosional iradi pozuntular” diaqnozu əsasında xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Müayinə olunan şəxsin məlumatlarına dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindiromlar, Emosional iradi pozuntular” diaqnozuna əsasən xx.xx.2021-ci il tarixdə “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

5. Müayinə olunan şəxsin məlumatlarına dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindiromlar, Emosional iradi pozuntular” diaqnozuna əsasən xx.xx.2024-cü il tarixli müayinə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

6. Məhkəmə sorğusu ilə təqdim edilən xx.xx.2021-ci il tarixli göndərişdə (forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Sumqayıt Psixiatriya Xəstəxanasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-ci il tarixdən xx.xx.2019-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qazax Psixiatriya Xəstəxanasında və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır.

7. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı XBT 10 kodu F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır, xəstəliyin gedişi xroniki qeyd edilmişdir.

8. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 176/25 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 nömrəli əmrinə əsasən xx.xx.1970-ci il təvəllüdlü, Gədəbəy rayon sakini İddiaçı (FİN:xxxxxxx) Gəncə Şəhər Psixiatriya Xəstəxanasında Həkim Psixiatr Komissiyası (HPK) tərəfindən müayinə olundu, ruhi - əsəb xəstəliyinə düçar olmuş şəxslərin registrinə salındı və tibbi rəy verildi. Diaqnoz: F07.0 - Üzvi (qapalı kəllə - beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlər və koqnitiv funksiyaların enməsi ilə. Anemnizində psixotik epizodlar və özünəxəsarət yetirmələrlə.

9. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı XBT 10 kodu F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Qazax Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır, xəstəliyin gedişi xroniki qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7834 nömrəli tibbi rəyindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə həkim-psixiatr tərəfindən müayinə olunmuş və onun diaqnozu “Üzvi (qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar və özünə xəsarət yetirmələrlə” kimi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əlilliyinin xx.xx.2021-ci il tarixindən dayandırılmasının və etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsi və ona əvvəllər müəyyən olunmuş müddətli İİ qrup əlilliyinin əlillik müddətində xx.xx.2026-cı il tarixə kimi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Gədəbəy rayonu, Anqıran kəndində anadan olmuşdur. Uzun illərdir ki, psixi xəstəlikdən əziyyət çəkir. 2007-ci ildə tayadan yıxılma nəticəsində kəllə-beyin travmaları almış, dəfələrlə müalicələr almışdır. Nəticədə ona 2010-cu ildə İİ dərəcəli əlillik verilmişdir. Son mayinələrdən sonra ona xx.xx.2026-cı ilə kimi əmək qabiliyyətsiz, İİ dərəcəli əlillik təyin edilmişdir. Müalicələri davam etmiş, lakin buna baxmayaraq xx.xx.2021-ci il tarixdə əliliyi yenidən təyinatı dayandırılmışdır. Belə ki, cavabdeh idarə tərəfindən əlilliyi etibarsız hesab edilmişdir. Bundan başqa bu barədə alt sistem üzrə əlilliyin dayandırılması barədə ona elektron məlumat telefonuna göndərilmişdir. Buna baxmayaraq ona xx.xx.2024-cü il tarixinədək pensiya ödənişi davam etmişdir. Hazırda pensiya ödənişi dayandırılmışdır. Ona təyin edilmiş əlliyin etibarsız hesab edilməsinə heç bir hüquqi və qanuni əsas olmamışdır. O, həmin müddətdə xəstə olmuş və xəstəxanada yatmışdır. Bu da xəstəliyinin ağırlaşması ilə əlaqədar olmuşdur. Ona əlilliyin yenidən təyin olunması müayinələrinə gəlməsi barədə məktublar ünvanına gəlsə də o, xəstəxanada olduğundan bu məktubları ala bilməmişdir. Bu məktublar barədə ona heç bir məlumat daxil olmamışdır. Belə olan halda cavabdehin bu hərəkətlər qanuni deyildir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edilir.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsini və İddiaçı İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir

15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2230/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli,187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2230/2025 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 30 (otuz) nəfərə dair xx.xx.2024-cü il tarixə, 1 (bir) nəfərə dair xx.xx.2024-cü il tarixinə əyani müayinəyə çağırılmaları haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 18 (on səkkiz) nəfərin və digər tarixdə komissiyaya dəvət edilmiş lakin komissiyada xx.xx.2024-cü il tarixində iştirak etmiş 1 (bir) nəfərin əyani müayinəsi aparılmış, mövcud sənədləri araşdırılmış, 13 (on üç) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, başqa tarixlərdə komissiyada iştirak etmiş və müayinə edilmiş, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində müayinə sənədi təqdim etmiş 4 (dörd) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 36 (otuz altı) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: Gədəbəy rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAR36 nömrəli göndərişi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ona xx.xx.2021 ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlan”nın 2.2.11-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz “Üzvü mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindromlar. Emosional iradi pozuntular” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- 17-4/2-A-21753/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7099/2024 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti səbəbindən yenidən köhnə məktub əsasında xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir. Müayinə zamanı əsəbilikdən şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 1801 nömrəli, xx.xx.2023-cü il tarixli 1339 nömrəli tibbi rəylərdə diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar və özünəxəsarət yetirmələrlə” kimi qeyd edilmişdir. Bundan əlavə Gəncə Şəhər Psixiatriya Xəstəxanasının, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının, Qazax Psixiatriya Xəstəxanasının eyni diaqnozlu epikrizləri də təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-psixiatr müayinəsi nəticəsində rəyi “Əsəbilik, aqressivlik kimi şikayətlər bildirir, terminlərlə danışır. Üzvi təsdiqləyici heç bir instrumental müayinə təqdim etmir. Özünəxəsarət izləri olaraq qeyri-spesifik məişət xəsarətlərini göstərir. Səbrsizlik nümayiş etdirir. Spesifik suallar artdıqca, aqressivlik sərgiləyir, səs-küy salır, yayınmağa çalışır” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar və əyani müayinə nəticəsində xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 7099/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun öz təsdiqini tapmaması” qərarı ləğv edilsin, xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 26.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

28. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

30. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

33. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

34. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

35. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

36. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı “Keçirilmiş qapalı kəllə beyin travması nəticəsində müşahidə olunan psixotik hallar. Şəxsiyyət dəyişikliyi ilə” diaqnozu əsasında xx.xx.2010-cu il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində müşahidə edilən psixotik hallar şəxsiyyət dəyişməsi ilə” diaqnozu əsasında xx.xx.2015-ci il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2016-cı il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindiromlar, Emosional iradi pozuntular” diaqnozu əsasında xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

42. Daha sonra cavabdeh tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2- A-21753/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, lakin vətəndaş əyani müayinəyə gəlmədiyindən aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7099/2024 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir.

43. Bundan sonra, qərardan narazı olan iddiaçının müraciəti səbəbindən yenidən xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir. Anamnestik məlumatlar və əyani müayinə nəticəsində xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 7099/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun öz təsdiqini tapmaması” qərarı ləğv edilsin və xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin.

44. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdehin onun barəsində xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarının ləğv edilməsi və İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsidir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

46. Belə ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin sonradan, yəni hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla ləğv edilməsi səbəbi kimi əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılmasını qeyd etmişdir.

47. Qeyd edilməlidir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

49. Kollegiya xüsusi olaraq vurğulayır ki, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Hazırki halda iddiaçıya əlillik təyinatının əsaslılığının araşdırılması Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz.

50. Belə ki, xx.xx.2024-cü il tarixli imtina qərarında “əvvəlki əlillik təyin olunmasına dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilən hallar dəqiq qeyd olunmalı idi. Yəni, iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar ortaya çıxmalı və bunu təsdiq edən sənədlər inzibati icraat materiallarına əlavə edilməlidir. Başqa sözlə, cavabdeh ümumi qaydada və hər hansı bir aparılmış müayinələrin nəticəsini və ya əsaslı şübhələri təsdiq edəcək dəlilləri toplamadan iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki əlverişli inzibati aktınınqərarının düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən etmədən vaxtından əvvəl müayinə təyin etməklə ona əlillik təyinindən imtina etmiş və səbəb kimi “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

52. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanlar üçün müəyyən edilmiş qeyd olunan məhdudiyyətlər ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.

53. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində işin mövcud hallarını sadalamış və yekunda iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozduğunu bildirsə də, yuxarıda qeyd olunan hallar əslində cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu təsdiq etməklə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu deməyə əsas verir.

55. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

56. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2230/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar