Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-433/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakları ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-271/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İşdə olan xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləmişdir. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1993-cü il tarixdə aylıq maaşı miqdarında maddi yardım verilməsi, tibbi müayinədən keçmək üçün göndərilməsi, 1995-ci il tarixdə boş dayanmaya görə fevralmart-aprel aylarında orta aylıq əmək haqqının verilməsi, 25 fevral 1998-ci il tarixli, 09 saylı əmrlə İkarus-255; 20AS004 dövlət qeydiyyat nişanlı avtobusa sürücü təyin edilməsi müəyyən edilir, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti arxiv fondunun filialda mühafizə olunan əmr kitabları 1980-2016-cı illəri əhatə edir və 1983-2016-cı illər üzrə mövcud əmr kitabları yoxlanılmış vətəndaş İddiaçı işə qəbul və işdən azad olunma əmrləri aşkar olunmadığı üçün həmin əmrlər arayışda göstərilməmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, iddiaçının faktiki sığorta stajı 19 il 5 ay olmaqla qanunla tələb edilən 25 ildən az olması səbəbi ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən ona əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Cavabdehə müraciət edərək əmək pensiyasının bərpa edilməsini xahiş etmiş, lakin müraciətinin müsbət həll edilməsindən imtina edilmiş və ona hesablanmış əmək pensiyası ilə əlaqədar xidməti yoxlama aparıldığı, əmək stajının, hesabında olan sosial pensiya kapitalının əmək pensiyası təyin etmək üçün yetərli olmadığı müəyyən edilməsi bildirilmişdir. İddiaçı cavabdehin imtinasını tam olaraq əsassız olduğunu hesab edir. Belə ki, cavabdehin əsaslandırmasından asılı olmayaraq onun iş stajı 29 il 6 ay 10 gün müəyyən edilmişdir. Belə olan halda onun əmək pensiyasının dayandırılması üçün heç bir əsas yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-271/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələb olunan 25 il iş stajının tamamlanmadığı əsas gətirilərək, xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləməsi iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır və cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əsasən iddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının bərpa edilməsini tələb etmişdir. Filialın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubu onunla əsaslandırılmışdır ki, xidməti yoxlama zamanı iddiaçının faktiki sığorta stajı 19 il 5 ay olmaqla qanunla tələb edilən 25 ildən az olduğu üçün pensiya hüququnun yaranmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə şəhər Avtonəqliyyat ASC-də adına 5 ay əmək haqqının hesablandığı müəyyən edilmiş və yalnız əməkhaqqı hesablanan (ödənilən) dövrlər sığorta stajınına daxil edilmişdir. Bu səbəbdən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmış, pensiya işi etibarsız (ləğv) edilmişdir və iddiaçıya yaşa görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 06 aprel 2022-ci il tarixli, **********3 nömrəli əmrinə uyğun olaraq Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası araşdırılmış, araşdırma nəticəsində bir sıra nöqsanlara yol verildiyi aşkarlanmışdır. Belə ki, həmin xidməti yoxlama zamanı iddiaçının faktiki sığorta stajının 19 il 5 ay olmaqla qanunla tələb edilən 25 ildən az olduğu müəyyən edilmiş və iddiaçıya təyin edilən yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmış və pensiya işi etibarsız (ləğv) hesab edilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək 9144,25 manat pensiya məbləğinin artıq ödənildiyi müəyyən edilmişdir. qeyd olunmalıdır ki, iddiaçının cəmi 19 il 5 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Fondun X1 arayışına əsasən xx.xx.1996-ci il tarixindən xx.xx.2002ci il tarixinədək "Gəncə Avtonəqliyyat ASC"-də işlədiyi dövrdə 5 ay əmək haqqı aldığı dövr olmaqla onun ümumi 19 il 5 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 19 il 5 ay sığorta stajı mövcuddur. Xidməti araşdırmaya əsasən Fondun X1 pensiya işləri seçmə üsulla araşdırılarkən qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda vətəndaşlara pensiya təyinatı aparıldığı aşkar edilmişdir. Sözügedən araşdırma zamanı adıçəkilən şəxsin xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək "Gəncə Avtonəqliyyat ASC"-də işlədiyi dövr üzrə cəmi 5 ay əmək haqqı alması faktı aşkarlanmışdır. Bu səsəbdən həmin dövr üzrə 6 il 1 ay 15 gün mübahisələndirilən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əməkhaqqı almadığı dövrlər nəzərə alınmamışdır. Hesab edirik ki, Gəncə İnzibati Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, iş üzrə yekun məhkəmə aktının əsaslandırma hissəsinə əsasən məhkəmə iddiaçının xx.xx.1996cı il tarixdən xx.xx.2002-ci il tarixədək "Gəncə Avtonəqliyyat ASC"-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut saymış və həmin dövrləri iddiaçının sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoymuşdur. İş materiallarına əlavə edilmiş Dövlət X5 19 yanvar 2023-cü il tarixli 3-48-DA-4F/2-139/2023 nömrəli arayışına əsasən "xxxx" ASC-nin arxiv fondunun filialda mühafizə olunan əmr kitabları 1980-2016-cı illəri əhatə edir və 1983- 2016-cı illər üzrə mövcud əmr kitabları yoxlanılmış və İddiaçı işə qəbul və işdən azad olunma əmrləri aşkar olunmamış. həmçinin 1988,1993,1995-1997,1999-2016-cı illər üzrə mövcud əməkhaqqı cədvəllərində İddiaçı adı aşkar olunmamışdır. Belə ki, iddiaçının əməkhaqqı cədvəllərində adının olmaması onun həmin müəssisədə işləməsinə əsaslı şübhələr doğursa da məhkəmə tərəfindən bu hal araşdırılmamış, qərarda bu məsələyə münasibət bildirilməmişdir. Odur ki, məhkəmə iş üzrə 16 fevral 2023-cü il tarixli 2-1(114)- 271/2023 nömrəli qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 12 il təşkil etdiyini, daha sonra məhkəməyə təqdim edilmiş xidməti məktubda isə 13 il 7 ay 16 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İşdə olan xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləmişdir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Apellyator şikayətində göstərmişdir ki, iş materiallarına əlavə edilmiş Dövlət X5 19 yanvar 2023-cü il tarixli 3-48-DA-4F/2-139/2023 nömrəli arayışına əsasən "xxxx" ASC-nin arxiv fondunun filialda mühafizə olunan əmr kitabları 1980-2016-cı illəri əhatə edir və 1983-2016-cı illər üzrə mövcud əmr kitabları yoxlanılmış və İddiaçı işə qəbul və işdən azad olunma əmrləri aşkar olunmamış, həmçinin 1988, 1993, 1995-1997, 1999-2016-cı illər üzrə mövcud əməkhaqqı cədvəllərində İddiaçı adı aşkar olunmamışdır. Belə ki, iddiaçının əməkhaqqı cədvəllərində adının olmaması onun həmin müəssisədə işləməsinə əsaslı şübhələr doğursa da məhkəmə tərəfindən bu hal araşdırılmamış, qərarda bu məsələyə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1993-cü il tarixdə aylıq maaşı miqdarında maddi yardım verilməsi, tibbi müayinədən keçmək üçün göndərilməsi, 1995-ci il tarixdə boş dayanmaya görə fevralmart-aprel aylarında orta aylıq əmək haqqının verilməsi, 25 fevral 1998-ci il tarixli, 09 saylı əmrlə İkarus-255; 20AS004 dövlət qeydiyyat nişanlı avtobusa sürücü təyin edilməsi müəyyən edilir, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti arxiv fondunun filialda mühafizə olunan əmr kitabları 1980-2016-cı illəri əhatə edir və 1983-2016-cı illər üzrə mövcud əmr kitabları yoxlanılmış vətəndaş İddiaçı işə qəbul və işdən azad olunma əmrləri aşkar olunmadığı üçün həmin əmrlər arayışda göstərilməmişdir. Apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, arxiv arayışlarında da iddiaçının “Gəncə Avtonəqliyyat ASC”-də işləməsi və həmin müsəssisədə əmək haqqı alması öz təsdiqini tapmışdır. Başqa sözlə əmək haqqı cədvəlləri, işə qəbul və işdən azad olunma əmrlərinin müəyyən edilməməsi və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə iş materiallarında olan sənədlərə əsasən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləməsi iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı və “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyi 6 il 6 ay 15 gün müddət birlikdə nəzərə alındıqda iddiaçının pensiya hüququ yaranmış olur. Bundan başqa əmək pensiyasının dayandırılması ilə bağlı inzibati orqan tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-271/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.