Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-433/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-2983/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) vergi ödəyicisi kimi 16 iyun 2022-ci il tarixdə fəaliyyət növü "Almanın, Armudun, Heyvanın Becərilməsi” olmaqla uçota alınmışdır.
2. "MEGA FRUİT AZ” MMC xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə vergi ödəyicisi tərəfindən alış aktları (5.809.589,30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5.809.589,30 manat) məbləğdən 5.809.589,30 manat fərqli olduğu üçün kənarlaşma yarandığı müəyyən edilmişdir.
3. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-1499/2025 nömrəli məktub göndərilərək, həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktubun təqdim edilməsi tələb olunmuşdur.
4. 14 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-20/2-11915/2025 nömrəli qərarı ilə "xxxx" MMC-yə 2024-cü ilin mənfəət vergisi üzrə 579958,75 manat əlavə vergi məbləği hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2- 11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ilin Mənfəət vergisi üzrə 3-21-2- 20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ilə 579958.75 manat əlavə vergi hesablanmışdır. Daha öncə cavabdeh vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2025 tarixli, **********676000 nömrəli uyğunsuzluq məktubunda göstərilmişdir: “Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 0.00 manat) və alış aktları ( 5809589.30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5809589.30 manat) məbləğdən 5809589.30 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.” Həmin uyğunsuzluq məktubunda göstərilən məsələ iddiaçı tərəfindən araşdırılmış, gəlirin və xərcin az göstərilməsi halı müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh vergi orqanına müraciət edilsə də, nəzərə alınmamış və 579958.75 manat əlavə vergi hesablanmışdır.
7. İddiaçı tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə etirazda və etiraza əlavədə qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi 16 iyun 2022-cu il tarixdə fəaliyyət növü "Almanın, Armudun, Heyvanın Becərilməsi” olmaqla uçota alınmışdır. "MEGA FRUİT AZ” MMC xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə vergi ödəyicisi tərəfindən alış aktları (5.809.589,30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5.809.589,30 manat) məbləğdən 5.809.589,30 manat fərqli olduğu üçün kənarlaşma yarandığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "xxxx" MMC-yə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-1499/2025 nömrəli uyğunsuzluq məktubunun göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin mənfəət vergisi üzrə 579958,75 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 28 yanvar 2025-ci il tarixli 3-21-2- 20/2-11915 /2025 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, "MEGA FRUİT AZ” MMC tərəfindən il ərzində elektron alış aktları əsasında 5.809.589,30 manat dəyərində mallar əldə edilməsinə baxmayaraq əldə edilmiş mallar bəyannamənin 1 nömrəli əlavəsində nə daxilolma kimi, nə hesabat dövrünün sonuna mal qalığı kimi, nədə dövriyyə kimi əks etdirilməmişdir. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Odur ki, vergi ödəyicisinin il ərzində gəlirləri barədə rəsmi məlumat olmadığı, lakin gəlirdən çıxılan xərclərlə bağlı rəsmi məlumat olduğu üçün vergi ödəyicisinin xərcinə 50 faiz rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanılmışdır. "MEGA FRUİT AZ” MMC ******* kiloqram, 5.809.589,30 manat məbləğində kənd təsərrüfatı mallarını əldə etsədə, vergi orqanında qeydiyyata alınmış cəmi 50 kvadrat metr təsərrüfat subyektinin (obyektinin) olduğu onu deməyə əsas verir ki, vergi ödəyicisi vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıyır. İddiaçı, tərtib edilmiş alış aktlarının faktiki olaraq cari hesabat dövründə alınmasını deyil, keçmiş dövrlərdə alınmış malların ödənişinin rəsmiləşdirilməsini əks etdirdiyini iddia edir. Lakin bununla bağlı bildirilir ki, Cəmiyyət tərəfindən 408070 kg “Nektarin” alındığı öz əksini tapsada, 2023-cü ilin ixrac məlumatlarında İddiaçı MMC tərəfindən 263072 kg "Nektarinin” ixrac olunduğu müəyyən edilmişdir. Həmçinin, "MEGA FRUİT AZ” MMC-nin 2024-cü ilin alış aktlarında ******* kg ’'Çiyələk” və 901875 kg "Gilas” məhsullarının alındığı qeyd olunsada, həmin məhsullarında 2023-cü ildə ixrac olunmadığı öz əksini tapmışdır. İddiaçı MMC-nin iddia ərizəsinə münasibətdə bildirilir ki, vergi orqanında qeydiyyatda olmayan vətəndaşlardan əldə edilmiş mallara dair elektron alış aktlarının xx.xx.2024-cü il tarixində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.1 -ci bəndinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib etməlidir. Odur ki, vergi ödəyicisi tərəfindən keçmiş dövrlərdə alınmış mallara görə xx.xx.2024-cü il tarixlərində elektron alış aktlarının tərtib edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisinin bank məlumatları araşdırılarkən 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olduğu və həmin il ərzində 10.634.776,32 manat məxaric əməliyyatlarının aparıldığı müəyyən edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-2983/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bəyannamə və hesabat dövrü üzrə qərar qəbul edilən zaman VM-nin 67.14 və 83.9-cu maddələri artıq ləğv edildiyindən sözügedən normaların cavabdeh tərəfindən tətbiqi yolverilməzdir. Həmçinin, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bundan əlavə, alış aktları elektron qaydada tərtib edildiyi üçün bank hesabına daxil olan pul vəsaitinin hansı fermer alıcıya təqdim edildiyini təsdiq edən elektron alış aktı təqdim edildikdə, sistem tərəfindən yeni tərtib edilmiş alış aktı tələb olunur. Bununla əlaqədar olaraq, elektron alış aktlarının tərtibi məsələsi ilə əlaqədar hallar da inzibati orqan tərəfindən araşdırılmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin bank məlumatları üzrə 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olması qeyd edilmiş, lakin həmin vəsaitin gəlirə aid olubolmaması məsələsi inzibati orqan tərəfindən araşdırılmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında dəlil olaraq ifadə edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, bu dəyişiklik üzrə qanun isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi mübahisələndirilən bəyannamə və hesabat dövrü üzrə qərar qəbul edildikdə VM-nin 67.14 və 83.9-cu maddələri artıq ləğv edildiyindən sözügedən normaların cavabdeh tərəfindən tətbiqi yolverilməzdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildiririk ki, İddiaçı MMC tərəfindən il ərzində elektron alış aktları əsasında 5.809.589,30 manat dəyərində mallar əldə edilməsinə baxmayaraq əldə edilmiş mallar bəyannamənin 1 nömrəli əlavəsində nə daxilolma kimi, nə hesabat dövrünün sonuna mal qalığı kimi, nədə dövriyyə kimi əks etdirilməmişdir. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Odur ki, vergi ödəyicisinin il ərzində gəlirləri barədə rəsmi məlumat olmadığı, lakin gəlirdən çıxılan xərclərlə bağlı rəsmi məlumat olduğu üçün vergi ödəyicisinin xərcinə Vergi Məcəlləsinin 67.3-1 -ci maddəsinə əsasən 50 faiz rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan yalnız özünün subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Bununlada, məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4 cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan dəlillə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqində hər hansı imperativ ardıcıllıq müəyyən edilməmiş, həmin maddənin əvvəl gələn müddəalarının sonra gələn müddəalardan sıra ardıcıllığı ilə tətbiq edilməsini tənzimləyən hər hansı göstəriş müəyyən olunmamışdır. Həmin Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə mövqeyə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Həmçinin, Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Məhkəmənin işin faktiki hallarını bu şəkildə təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsalandırılmasına xidmət etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan qəbul etmiş olduğu qərarı müəssisənin satışının olması ilə əsaslandırmışdır, halbuki iddiaçı tərəfindən təqdim edilmiş təsdiqedici sənədlər iddiaçının satışı olmadığını təsdiq edir. İddiaçının həmin bəyannamə və hesabat dövrü üzrə satışının mövcud olmaması bank hesabı və elektron AVİS uçot bazası məlumatlarından da görünür. Mübahisələndirilən qərarla hesablanmış 5.809.589,30 manat məbləğ 2023-cü ildə iddiaçı tərəfindən ixrac edilmiş mallar üzrə fermerlərdən alınmış malların alış aktı ilə rəsmiləşdirilərək pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, hazırki kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Hazırki kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitinin gəlirə aid olmamasını təsdiq edən portaldan çıxarışlara təqdim edilmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildiririk ki, Vergi ödəyici tərəfindən vergi orqanında qeydiyyatda olmayan vətəndaşlardan əldə edilmiş mallara dair elektron alış aktlarının xx.xx.2024-cü il tarixində rəsmləşdirildiyi müəyyən edilmişdir. Bildirik ki, Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi qaydalarının 3.1-ci bəndinə əsasən Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib etməlidir. Odur ki, vergi ödəyicisi tərəfindən keçmiş dövrlərdə alınmış mallara görə xx.xx.2024-cü il tarixlərində elektron alış aktlarının tərtib edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən 5809589,3 manat məbləğində, ******* kq miqdarında kənd təsərrüfatı malları əldə edilsədə vergi orqanında qeydiyyata alınmış cəmi 50 m kv təsərrüfat subyekti(obyekti) qeydiyyatının olduğu müəyyən edilmişdir. Beləliklə il ərzində 5809589,3 manat məbləğində gəlirdən çıxılan rəsmi xərc məbləğlərinin mövcud olduğu üçün VM-nin 67.3-1 -ci maddəsinə əsasən 50 faiz rentabellik nəzərə alınmaqla mənfəət vergisi hesabanılmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, YGB-lər üzrə elektron portalda qeyd olunduğu kimi, 2023-cü ildə ixrac edilmiş malların ödənişləri 2024-cü ildə daxil olmuşdur. Qeyd edilən 10.634.051,41 manat məbləğin YGB-lər üzrə bağlandığı iddiaçı tərəfindən təqdim edilmiş elektron portaldan çıxarış ilə təsdiq edilir. Məhkəmənin qeyd olunan bu dəlili ilə bağlı bildiririk ki, yük gömrük bəyannaməsinə əsasən hüquqi şəxsin ixracı və gəliri əldə etməsi təsdiqini tapmasına baxmayaraq hüquqi şəxsin gəliri dəlil sayılmır. Məhkəmə qərarında dəlil olaraq ifadə edir ki, iş üzrə materiallardan görünür ki, iddiaçı 2024-cü il mənfəət vergisi üzrə bəyannamə və hesabat dövründə sahibkarlıq fəaliyyəti çərçivəsində hər hansı bir mal satışı həyata keçirməmiş, yəni heç bir gəlir əldə etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış& Hesabat” informasiya sistemindən alınmış məlumata əsən İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarının bağlandığı müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisi tərəfindən keçmiş dövrlərdə alınmış mallara görə xx.xx.2024-cü il tarixlərində elektron alış aktlarının tərtib edilməsi qanunvericiliklə müəyyən edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfin etirazında qeyd edilmişdir ki, cavabdeh orqan qəbul etmiş olduğu qərarı müəssisənin satışının olmasına istinad etmiş, halbuki müvafiq təsdiqedici sənədlər iddiaçının satışı olmadığını təsdiq etmişdir. Bununla belə, rentabellik tətbiq edilmələ iddiaçıya gəlir vergisi hesablanmışdır. Müəssisə həmin bəyannamə və hesabat dövrü üzrə satışının mövcud olmaması həmçinin bank hesabı və elektron AVİS uçot bazası məlumatlarından da görünür. Mübahisələndirilən qərarla hesablanmış 5.809.589,30 manat məbləğ 2023-cü ildə iddiaçı tərəfindən ixrac edilmiş mallar üzrə fermerlərdən alınmış malların alış aktı ilə rəsmiləşdirilərək pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Hazırkı kameral hesablama isə dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, hazırkı kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitinin gəlirə aid olmamasını təsdiq edən portaldan çıxarışlar təqdim edilmişdir. Həmçinin alış aktları elektron qaydada tərtib edildiyi üçün bank hesabına daxil olan pul vəsaitinin hansı fermer alıcıya təqdim edildiyini təsdiq edən elektron alış aktı təqdim edildikdə, sistem tərəfindən yeni tərtib edilmiş alış aktı tələb olunur. Bununla əlaqədar olaraq, elektron alış aktlarının tərtibi məsələsi ilə əlaqədar hallar da inzibati orqan tərəfindən araşdırılmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində vergi ödəyicisinin bank məlumatları üzrə 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olması qeyd edilmiş, lakin həmin vəsaitin gəlirə aid olubolmaması məsələsi cavabdeh inzibati orqan tərəfindən araşdırılmamışdır. Bundan əlavə, YGB-lər üzrə elektron portalda qeyd olunduğu kimi, 2023-cü ildə ixrac edilmiş malların ödənişləri 2024-cü ildə daxil olmuşdur. Bu məbləğ debitor vəsait olmuş, malların ixracına görə bank hesabına daxil olmuş, həmin vəsait isə 2023-cü il gəlirə aid edildiyindən iki dəfə vergiyə cəlb edilə bilməz. Bir daha qeyd edilir ki, cari iş üzrə mübahisələndilən qərar 2024cü il mənfəət vergisi üzrə hesablanmış məbləğ barədəsindədir. Qeyd edilən 10.634.051,41 manat məbləğin YGB-lər üzrə bağlandığı təqdim edilmiş elektron portaldan çıxarış ilə təsdiq edilmiş, bunu birinci instansiya məhkəməsi də təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsinin əsaslılığını sübut etmək vəzifəsi cavabdeh vergi orqanının üzərinə düşür. Vergi orqanı mübahisələndirilən kameral qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır. Vergi orqanı Vergi Məcəlləsinin 23-cü maddəsinə, eləcə də son 3 il üzrə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirə, dövriyyənin gizlədilməsini və kassa dövriyyəsinin yayındırılmasını isə operativ nəzarət qaydasında Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq araşdıra və ya xronometraj müşahidəsi apara bilərdi. Lakin vergi orqanı bu hüquqlardan istifadə etməmiş, mübahisəli hesab etdiyi halları hərtərəfli və obyektiv araşdırmadan, diskresion səlahiyyətlərindən süni şəkildə istifadə etmiş və əsasız olaraq 28 yanvar 2025-ci il tarixli, 3-21-2-20/2-11915/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” kameral qərarlarla həm vergi, həm də inzibati icraat qanunvericiliyinin tələblərini pozaraq, əsassız və düzgün araşdırılmamış mübahisəli qərar qəbul etmişdir. c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
15. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüququdur. 24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçun vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindəki əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə gostərilmişdirsə. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023- cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, bu dəyişiklik üzrə qanun isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin əvvəlki redaksiyasında qeyd edilirdi: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 369 nömrəli qərarı ilə ləğv edilmişdir): 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından müəyyən edilmişdir ki, "MEGA FRUİT AZ” MMC xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə vergi ödəyicisi tərəfindən alış aktları (5.809.589,30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5.809.589,30 manat) məbləğdən 5.809.589,30 manat fərqli olduğu üçün kənarlaşma yarandığı müəyyən edilmişdir. Bundan sonra qeyd edilən kənarlaşma ilə əlaqədar 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-1499/2025 nömrəli məktub göndərilərək, həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktubun təqdim edilməsi tələb olunmuş, daha sonra Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mənfəət vergisi üzrə 579958,75 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 28 yanvar 2025-ci il tarixli 3-21-2- 20/2-11915/2025 nömrəli qərar qəbul edilmişdir.
23. İddiaçı tələbində "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 28 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-11915/2025 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf hesab edir ki, vergi orqanı tərəfindən sözügedən qərarla əlavə vergi məbləğinin hesablanması qanunsuz və əsassız olmuşdur.
24. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 16 iyun 2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır və əsas fəaliyyət növü "Almanın, Armudun, Heyvanın Becərilməsi”dir. Mübahisənin mahiyyəti iddiaçı tərəfindən 2024-cü il ərzində elektron alış aktları əsasında 5.809.589,30 manat dəyərində mallar əldə edilməsinə baxmayaraq əldə edilmiş malların bəyannamənin 1 nömrəli əlavəsində nə daxilolma kimi, nə hesabat dövrünün sonuna mal qalığı kimi, nə də dövriyyə kimi əks etdirilməməsi ilə əlaqədardır.
25. Belə ki, cavabdeh orqan əlavə vergilərin hesablanması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının vergi orqanında qeydiyyatda olmayan vətəndaşlardan əldə edilmiş mallara dair elektron alış aktlarını xx.xx.2024-cü il tarixində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib etməlidir. "MEGA FRUİT AZ” MMC tərəfindən il ərzində elektron alış aktları əsasında 5.809.589,30 manat dəyərində mallar əldə edilməsinə baxmayaraq əldə edilmiş mallar bəyannamənin 1 nömrəli əlavəsində nə daxilolma, nə hesabat dövrünün sonuna mal qalığı, nədə dövriyyə kimi əks etdirilməmişdir. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Odur ki, vergi ödəyicisinin il ərzində gəlirləri barədə rəsmi məlumat olmadığı, lakin gəlirdən çıxılan xərclərlə bağlı rəsmi məlumat olduğu üçün vergi ödəyicisinin xərcinə 50 faiz rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanmasına əsas verir.
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskression səlahiyyətə malikdir.
27. Mübahisələndirilən qərar qəbul edilən zaman cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə təsdiq olunmur.
28. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023- cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, bu dəyişiklik üzrə qanun isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
29. Buna baxmayaraq hazırki işdə mübahisəli hesabat dövrü üzrə qərar qəbul edilərkən cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri tətbiq edilmişdir. Halbuki həmin normalar ləğv edildiyindən cavabdeh tərəfindən tətbiqi yolverilməzdir.
30. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməli idi. Yəni həmin yanaşmaya əsasən, vergi öhdəliyi barədə 2024-cü il yanvarın 1-dən sonra qəbul olunan qərarlar vergi ödəyicisinin həmin tarixdən əvvəlki fəaliyyətinə aid olsa belə, qərarın qəbulu zamanı həmin norma artıq qüvvədə olmadığından, şərti rentabellik norması birbaşa tətbiq edilə bilməzdi. Bununla bağlı nəzərə almaq lazımdır ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir.
31. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
32. Beləliklə qeyd edilməlidir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Belə vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiqi əsassız sayılmalı, bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
33. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdeh orqan qəbul etmiş olduğu qərarı müəssisənin satışının olması ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin müddəalarına görə vergi orqanı işin hərtərəfli araşdırılması üçün Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlar çərçivəsində dövriyyə yayınmasının mövcud olmasını, kassa dövriyyəsini yayındırmasını operativ nəzarət qaydasında Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən yoxlaya və ya xronometraj müşahidə keçirə, eyni zamanda son 3 il üzrə Vergi Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması keçirə bilərdi. Buna baxmayaraq vergi orqanı elektron alış aktlarına əsaslanaraq iddiaçının 2024-cü il üzrə satışla məşğul olması qənaətinə gələrək, başqa sözlə ona verilmiş diskresion səlahiyyətlərdən sui-istifadə edərək əsassız qərar qəbul etmişdir.
34. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçı 2024-cü il mənfəət vergisi üzrə bəyannamə və hesabat dövründə sahibkarlıq fəaliyyəti çərçivəsində hər hansı bir mal satışı həyata keçirməmiş, yəni heç bir gəlir əldə etməmişdir. Belə ki, hazırki işdə iddiaçı tərəfindən alış aktı tərtib edilməsi həmin malların faktiki olaraq cari hesabat dövründə alınmasını göstərmir, həmin alış aktları iddiaçının da dediyi kimi keçmiş dövrlərdə alınmış malların ödənişinin rəsmiləşdirilməsini əks etdirir.
35. İddiaçının həmin bəyannamə və hesabat dövrü üzrə satışının mövcud olmaması bank hesabı və elektron AVİS uçot bazası məlumatlarından da görünür. Mübahisələndirilən qərarla hesablanmış 5.809.589,30 manat məbləğ 2023-cü ildə iddiaçı tərəfindən ixrac edilmiş mallar üzrə fermerlərdən alınmış malların alış aktı ilə rəsmiləşdirilərək pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, iş materiallarına hazırki kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitinin gəlirə aid olmamasını təsdiq edən portaldan çıxarışlar əlavə edilmişdir.
36. Əlavə olaraq kollegiya qeyd edir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin bank məlumatları üzrə 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olması qeyd edilmiş, lakin həmin vəsaitin gəlirə aid olub-olmaması məsələsi inzibati orqan tərəfindən araşdırılmamışdır.
37. İş materiallarından görünür ki, YGB-lər üzrə elektron portalda qeyd olunduğu kimi, 2023-cü ildə ixrac edilmiş malların ödənişləri 2024-cü ildə daxil olmuşdur. Qeyd edilən 10.634.051,41 manat məbləğin YGB-lər üzrə bağlandığı iddiaçı tərəfindən təqdim edilmiş elektron portaldan çıxarış ilə təsdiq edilir.
38. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).
39. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
40. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. İnzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır.
42. Beləliklə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi hüquqi nəticə düzgündür, bu səbəbdən də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-2983/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov