Məhkəmə qərarları › İş №2-1(104)-434/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-434/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-434/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və işdə olan sübutlar: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, Göygöl bələdiyyəsi tərəfindən alğı-satqı yolu ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə satışa çıxarılan 21600 kv.m torpaq sahəsinin satış və icarə məqsədilə çıxarılması qanunamüvafiq hesab edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 226 nömrəli arayışından görünür ki, Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarı əsasında perespektiv inkişaf fond torpağından adambaşına 0.06 ha olmaqla 36 nəfərə cəmi 2.16 ha torpaq sahəsinin alğı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur. Göygöl bələdiyyəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Göygöl bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılması məqsədə uyğun hesab edilmişdir. Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarından çıxarışdan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perespektiv inkişaf fond torpağından 0.06 ha torpaq sahəsinin alğı-satqı yolu ilə İddiaçı satılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixli, 833 nömrəli “Torpaqların alğı-satqısına dair” aktdan görünür ki, Göygöl bələdiyyəsinin xx.xx.2013-ci il tarixli, 04 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 0.06 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir. Göygöl bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 435 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********30 nömrəli bildirişi ilə ərizənin icrasından imtina edilmiş və onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadığı, ərizəyə əlavə edilmiş torpaqların alqı-satqısına dair aktın qanunvericliyin tələbinə uyğun olmadığı və Ərazi idarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi ha torpaq sahəsi 0.06 ha təşkil edir. Daxil olmuş mülki iş materiallarında, Göygöl bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı həyətyanı məqsədlər üçün ayrılmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini və koordinatlarını əks etdirən cizgi plan aşkarlanmadı. Bu səbəbdən də, sualın cavablandırılması mümkün deyildir. İddiaçının naturada təqdim etdiyi 0.06 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətinə aiddir. İddiaçının naturada təqdim etdiyi 0.06 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, ehtiyyat fond torpaqları kateqoriyasına aiddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına istinadən əkin məqsədləri üçün nəzərdə tutulmuşdur və üzərində tikili mövcud deyildir. İddiaçının naturada təqdim etdiyi 0.06 ha torpaq sahəsi üzərində, elektrik, qaz və digər koommunikasiya xətləri müşahidə olunmadı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl şəhəri, Hüseyn Arif küçəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 542.0 kv.m hissəsi, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd olunan, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 58.0 kv.m hissəsi isə, RX seriyalı, ******* nömrəli Çıxarışın A 179348 nömrəli plan və ölçü sənədində göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarı ilə Göygöl bələdiyyəsinin perespektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtan iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********86 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı, ərizəyə əlavə edilmiş torpaqların alğı-satqısına dair aktın qanunvericiliyin tələblərinə uyğun olmadığı və Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmiş, bu səbəbdən də iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da qanunamüvafiq deyildir. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Məhkəmə gəldiyi hüquqi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 6.2 və 6.5-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı ilə razılaşmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl bələdiyyəsi torpaq sahəsini iddiaçıya sərəncam hüququ olmadan bilavasitə satmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-cı maddəsinə 23 oktyabr 2007-ci il tarixli, 466-İİİ QD nömrəli dəyişiklik edilmişdir və akt sözü müqavif olaraq müqavilə sözü ilə əvəz edilmişdir. Həmin dəyişiklik 30 noyabr tarixdə qüvvəyə minmişdir. Belə ki, hal-hazırda bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqaviləyə əsasən rəsmiləşdirilir. Göstərilənlərə əsasən 01 dekabr 2007-ci ildn sonra bələdiyyə torpaqlarının ayrılmasına dair notariat qaydasında bağlanmış müqavilə təqdim edilməlidir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(104)-309/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim X1, X2 və X3 ibarət tərkibdə) apelyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-703/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(104)-309/2022 saylı qərarından narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Kassasiya instansiyasında icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(102)- 292/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2-1(104)- 309/2022 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin göstərişi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(102)- 292/2023 saylı qərarında qeyd etmişdir ki, Göygöl Bələdiyyəsinin 4 nömrəli qərarı ilə iddiaçıya 0,06 ha torpaq sahəsinin ayrıldığı göstərilsə də iş materiallarına əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda ayrılmış torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı dəqiq sərhədlər göstərilməmişdir. Məhkəmələr isə ayrılmış sahənin naturada yerləşməsi və koordinatları ilə bağlı məsələni dəqiq müəyyənləşdirmədən iddianın təmin edilməsi ilə bağlı nəticəyə gəlmişlər. Bu hal həm başqa şəxslərin hüquqlarına toxunma ehtimalı doğura, həm daşınmaz əmlakın dövlət qeydiyyatının qeyridəqiqliyinə gətirib çıxara, həm də məhkəmə qərarının gələcəkdə icrasında problemlər yarada bilər. Belə ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan sahənin naturada konkret olaraq harada yerləşdiyi məsələsi qeyri-müəyyən qalmışdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi ayrılmış sahənin yeri ilə bağlı Göygöl Bələdiyyəsinin yerquruluş planından çıxarışı və onunla əlaqəli digər mötəbər sübutları tədqiq etməklə iddiaçıya ayrılmış sahənin naturada yerləşmə vəziyyətini dəqiq müəyyən etməli, üzərində mülkiyyət hüquqlarının qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxsin (şəxslərin) hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmalı, əldə edilən nəticəyə əsasən qanuna müvafiq qərar qəbul etməlidir. Apellyasiya instansiyasında ikinci icraat: İddia tələbinin həcminin azaldılması: Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin həcmini azaldaraq, Göygöl Bələdiyyəsindən xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarı əsasında ona satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 542.0 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, mütəxəssis rəyini nəzərə alaraq, Göygöl Bələdiyyəsindən xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarı əsasında ona satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 542.0 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istəyir. Buna görə də qeyd olunan hissədə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarına əsasən, xx.xx.2013-cü il tarixli, 833 nömrəli “Torpaqların alğı-satqısına dair” aktla perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inziabti orqana müraciət etsə də, inzibati orqan bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair qəbul edilmiş xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan maddi normalardan göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Bununla yanaşı birindi apellyasiya icraatı zamanı əldə edilmiş edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi ərazinin kompleks yerquruluşu layihəsinə istinadən bələdiyyə mülkiyyətinə aiddir. İddiaçının naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi ehtiyat fond torpaqları kateqoriyasına aiddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair yerquruluşu planına istinadən əkin məqsədləri üçün nəzərdə tutulmuş, üzərində tikili mövcud deyildir. İddiaçının naturada təqdim etdiyi 0,06 ha torpaq sahəsi üzərində elektrik, qaz, digər koommunikasiya xətləri müşahidə olunmamışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(102)-292/2023 saylı qərarında qeyd olunan göstərişlərə müvafiq olaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan sahənin naturada konkret olaraq harada yerləşməsi, iddiaçıya ayrılmış sahənin naturada yerləşmə vəziyyətini dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinin hər hansı digər şəxsin (şəxslərin) hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırması üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qonşu torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirndən çıxarışa müvafiq olaraq, mütəxəssis rəyi əldə edilmişdir. Əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 iyul 2023-cü il tarixli mütəxəssis rəyi ilə isə Göygöl şəhəri, Hüseyn Arif küçəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 542.0 kv.m hissəsinin, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd olunan, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması və İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 58.0 kv.m hissəsinin isə, RX seriyalı, ******* nömrəli Çıxarışın A 179348 nömrəli plan və ölçü sənədində göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qonşu torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirndən çıxarışa əsasən isə həmin torpaq sahəsinin yaşayış məntəqəsi torpaq sahələri kateqoriyasına aid olması göstərilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin həcmini azaltması nəzərə alınmaqla, iddiaçının iddiası əsaslı hesab olunur. Buna görə də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı dəyişdirilərək, Göygöl Bələdiyyəsindən xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərar əsasında İddiaçı satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 542.0 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,məhkmə kollegiyası QƏRARA ALDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(114)-703/2022 nömrəli qərarı dəyişdirilsin. Göygöl Bələdiyyəsindən xx.xx.2013-cü il tarixli, 04 nömrəli qərar əsasında İddiaçı satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin 542.0 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar