Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-434/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədova Günel Zakir qızının katibliyi, İddiaçı və cavabdeh nümayəndəsi X2 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1769/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciəti sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-168486/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 14 il 2 ay 25 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa, xx.xx.1989-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əmək haqqı cədvəlləri və əmrlərdən çıxarışı) Fondun 1 saylı Qazax-Tovuz regional filialına təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
İşdə olan sənədlər:
2. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur.
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 279 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir.
4. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-44-RA/2-118/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayon 5 nömrəli Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
5. Tovuz Rayon Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-34-81/2-77/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 5 saylı təmir tikinti idarəsi (rəhbəri X3) xx.xx.1989-cu il tarixdə yaranmış, xx.xx.1996-cı ildə statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-11618/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayon 5 nömrəli Təmir-Tikinti İdarəsi barədə Xidmətin arxivində hər hansı məlumat yoxdur.
7. Tovuz Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-79/2-687/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayon 5 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.1993xx.xx.2007-ci il tarixlərində fəaliyyət göstərməsi barədə Tovuz rayon Dövlət Arxivində heç bir məlumat yoxdur.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon rayon 5 nömrəli təmir tikinti idarəsində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuş, ******* nömrəli əmək kitabçasından da göründüyü kimi 1980-ci ilin yanvar ayından əmək fəaliyyətinə başlamış, xx.xx.1977-xx.xx.1979-cu illərdə keçmiş SSRİ-də hərbi xidmətdə olmuş, xx.xx.1992-xx.xx.1995-ci illərdə X1 iştirak edərək hərbi xidmətdə olmuş, hərbi xidmətə yollananadək xx.xx.1977-xx.xx.1977-ci ildə təxminən 2 ay 1 nömrəli Kolxozlararası SMD-də 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. İşə qəbul edildiyi dövrdən çıxdığı vaxtadək olan dövr əmək kitabçasında qeyd olunmasına baxmayaraq cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir.
10. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-296118/2024 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H- 168486/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
11. İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1769/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitbaçasının surətindən məlum olur ki, sonuncu xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işləmiş, cavabdeh əmək kitabçasının mötəbərliyini həmin hissədə mübahisələndirməmişdir. Bundan başqa, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmaması onun təqsiri ilə bağlı olmayan hal olduğundan, həmçinin həmin dövrdə qanununvericiliyində sözügedən tələb nəzərdə tutulmadığından, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alacaq hal olmadığını müəyyən edərkən iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixindən etibarən ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının olmaması faktına düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı həqiqətən sözügedən müəssisədə qeyd edilən tarixlərdə işləmiş olsa idi, o yerinə yetirdiyi işlə bağlı əməkhaqqı almalı, xx.xx.2006-cı il tarixindən etibarən onun adına fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqqları ödənişi həyata keçirilməli idi. Göründüyü kimi məhkəmə qeyd olunan şübhəli halı nəzərə almamış, iddiaçının müvafiq əmək fəaliyyətini təsdiq edəcək hər hansı mötəbər sübut olmamasına düzgün qiymət verməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına, iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir.
20. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və xx.xx.1989-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan dövrün mötəbərliyinə şübhələrin olması ilə əsaslandırmışdır.
24. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.
25. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla mövcud olan 14 il 2 ay 25 gün sosial sığorta stajı cavabdeh tərəfindən qəbul edilmiş, yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işlədiyi dövr mübahisələndirilmiş və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və xx.xx.1989-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan dövrün mötəbərliyinə şübhələrin olması ilə əsaslandırılmışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.
27. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin illər nəzərə alınır.
29. Hazırki iş üzrə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində işləməsi İT-İ №1908897 əmək kitabçasında aparılan qeydlərlə öz təsdiqini tapır (səh. 6-10). Bundan başqa, cavabdeh mübahisələndirilən dövrlə əlaqədar əmək kitabçasının mötəbərliyini mübahisələndirməmiş, imtinasını yalnız xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və xx.xx.1989-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsində olan dövrün mötəbərliyinə şübhələrin olması ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf imtinasında şübhənin olmasını göstərsə də, bu şübhənin konkret nədən ibarət olmasını nə imtina məktubunda, nə də iddia tələbinə qarşı təqdim etdiyi etirazda əsaslandırmamış, yalnız apellyasiya şikayətində yuxarıda qeyd olunan şübhələri mübahisələndirilən dövrlər üzrə iddiaçının əmək haqqı almaması, xx.xx.2006-cı il tarixindən etibarən onun adına fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqqları ödənişinin həyata keçirilməli olması ilə əlaqələndirmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müvafiq əmək fəaliyyətini təsdiq edəcək hər hansı mötəbər sübut olmamasına düzgün qiymət verilməməsini qeyd etmişdir.
31. Məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdeh orqan xx.xx.2006-cı il tarixindən etibarən iddiaçının adına fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqqları ödənişinin həyata keçirilmədiyini qeyd etsə də, işdə olan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən məlum olur ki, iddiaçı tələbin həcmini azaltmış, xx.xx.2006-cı ildən sonrakı dövr məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir.
32. Tovuz Rayon Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-34-81/2-77/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 5 saylı təmir tikinti idarəsi (rəhbəri X3) xx.xx.1989-cu il tarixdə yaranmış, xx.xx.1996-cı ildə statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Göründüyü kimi, iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyini iddia etdiyi Tovuz rayon 5 nömrəli təmir tikinti idarəsi həmin tarix aralığında həqiqətən də mövcud olmuş, eyni zamanda iddiaçının həmin dövrdə sözügedən müəssisədə işləməsinə dair İT-İ №1908897 əmək kitabçasında qeydlər aparılmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla yanaşı, mübahisələndirilən dövrlərin əmək kitabçasında qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında aparılan qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
36. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
37. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
38. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
39. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
40. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1769/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov