Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-435/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının Cavabdehnə (üçüncü şəxlər X18 və X27) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeydiyyatdan çıxarılma Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2191/2022 saylı qərarından üçüncü şəxslər X18 və X27 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2125 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, lakin X27 və X18 həmin ünvanda yaşamırlar.
2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X10 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır.
3. AZEMİS vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, X5 şəhəri, Yeni Gəncə massivi, ev 39, mənzil 9 ünvanında qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Dövlət X20 xx.xx.2021-ci il tarixli, 832(559)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X22 da daxil olmaqla 6 nəfərə sözügedən yaşayış sahəsi istifadəyə verilmişdir.
5. AZ-İ 662847 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X23 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
6. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)- 619/2022 nömrəli qətnaməsinin məzmunundan görünür ki, üçüncü şəxslərin ünvan 2-dan istifadə hüquqlarının olmaması müəyyən edilmişdir.
7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1215/2021 saylı qətnaməsindən görünür ki, Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının iddiası təmin edilmiş, cavabdehlər X1, X2 və X3 ünvan 4 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir.
8. Cavabdeh xx.xx.2022-ci il tarixli, 120-17460Q-3222 nömrəli məktubunun məzmunundan görünür ki, X18 və X21 ünvan 2 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X18 və X21 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən mənzil Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderlə 6 nəfər ailə üzvü ilə birlikdə anası X19 verilmişdir. Həmin vaxtdan mənzildə o, anası X22, X4 və qardaşı X6 birlikdə yaşamışdır. X4 xx.xx.2006-ci il tarixdə, anası X22 isə xx.xx.2014-cü il tarixdə vəlat etmişdir. Hazırda həmin evdə o və qardaşı X6 ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər bacısı X1 uşaqları X18 və X27 formal olaraq həmin ünvanda olan mənzildə qeydiyyatdadırlar, lakin onlar heç vaxt həmin ünvanda yaşamamışlar. Belə ki, bacısı X7 da mübahisəli mənzildə heç bir vaxt yaşamamışdır. Sonuncu ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, hazırda üçüncü şəxslər də Bakı şəhərində yaşayırlar. Üçüncü şəxslər doğulan gündən hal-hazıra kimi bir gündə olsun həmin ünvanda yaşamamışlar, onlar formal olaraq həmin ünvanda qeydiyyatdadılar. Onların mübahisəli mənzildə yaşamadıqlarını qonşuları da təsdiq edirlər. Bu barədə akt tərtib edilmişdir. Məhkəməyə müraciət edərək X9 və X21 ünvan 4 ünvandakı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi (hakim Gündüz Şirinov) xx.xx.2022-ci il tarixli e-2(044)-619/2022 saylı qətnaməsində cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmadığı qeyd edilmişdir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2191/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, X18 və X21 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
13. Üçüncü şəxslər X18 və X27 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2(044)-619/2022 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəyə mindiyi halda Gəncə İnzibati Məhkəməsi qətnamənin nəticə hissəsinə yox, təsviri hissəsində göstərilən qeydlərə istinad edib. Mübahisəli mənzil Dövlət Mənzil Fonduna aid olduğu halda İnzibati Məhkəmə Konstitusiyanın mülkiyyət hüququna dair 29-cu maddəsinə əsassız olaraq istinad etmişdir. Halbuki, məhkəmə ilk öncə iddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığını müəyyən etməli idi. Lakin, məhkəmə işin hallarını araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmin mənzildə anadan olmuşlar və qardaşı əlil olduğu üçün onun və anasının himayəsindədir və onlar Bakı şəhərində işlə əlaqədar kirayə ev tutub yaşayırlar. İddiaçı mübahisəli mənzildə yaşamır və pasport qeydiyyatında da deyil. Evdə qeydiyyatsız dayıları X8 ailəsi ilə birlikdə yaşayır. Onun 7 yaşı olanda onu və qardaşını mübahisəli evin icarədarı olan nənəsi qeydiyyata götüzdürüb və anası Kifayətlə birlikdə həmin evdə yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1215/2021 saylı qətnaməsi ilə Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının iddiası təmin edilmiş və anası X1, X2 və X3 ünvan 4 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Cavabdehlərdən heç birinin yaşadıqları ünvanı göstərilməmiş və işə adları çəkilən cavabdehlərin iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir.
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və Cavabdeh isə məhkəməyə məktub göndərərək onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
20. İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
22. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
25. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
26. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
27. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
28. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
30. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinə münasibət bildirməyi zəruri hesab edir.
36. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X22 və onun ailə üzvlərinə (iddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızına) istifadəyə verilmişdir. İddiaçı həmin mənzildə formal qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxslərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.
37. Apellyatorlar şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının belə bir iddanı qaldırmağa subyektiv hüququnun olub olmamasını araşdırmamışdır.
38. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət X20 xx.xx.2021-ci il tarixli, 832(559)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər Kəpəz rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə Yeni Gəncə massivi, ev 39, mənzil 9 X22 da daxil olmaqla 6 nəfərə sözügedən yaşayış sahəsi istifadəyə verilmişdir. Orderdə göstərilmiş ailə üzvlərindən biri də Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızıdır. Bu hal isə onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasına dəlalət edir. Digər tərəfdən iş materiallarında olan məhkəmə qətnamələri ilə də iddiaçının bu tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olması müəyyən edilir.
39. Bundan başqa üçüncü şəxslər apellyasiya şikayətində göstərmişlər ki, İddiaçı mübahisəli mənzildə yaşamır və pasport qeydiyyatında da deyil. Evdə qeydiyyatsız dayıları X8 ailəsi ilə birlikdə yaşayır.
40. Apellyatorun dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2125 nömrəli arayışdan da görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, lakin X27 və X18 həmin ünvanda yaşamırlar.
41. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
42. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-619/2022 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, həmin iş üzrə məhkəmə araşdırması zamanı hazırki cavabdehlərin mübahisəli mənzillə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mübahisə predmeti olan mənzildən istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Həmçinin işin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehlərin heç biri hazırda həmin mənzildə yaşamırlar və onların həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Belə ki, üçüncü şəxslərin iddiaçının sahibliyində və istifadəsində olan mənzildə qeydiyyatda olmasi iddiaçının hüquqlarını məhdudlaşdırır, həmçinin həmin şəxslərin mənzildə qeydiyyatda qalması məsələn iddiaçının əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab etmir.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2191/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.