Məhkəmə qərarları › İş №2-1(104)-435/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-435/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-435/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1868/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-25-2/2-Ə-1054120/2024 nömrəli məktub ilə imtina edilmiş və onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1336 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1992-ci və yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərdə xidməti barədə məlumat olmadığına və Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

İşdə olan sənədlər:

2. Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdam rayon sakini İddiaçı barəsində Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmur və heç bir təqsirləndirici material araşdırılmır.

3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(13)-1654/2015 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi N və N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak edərək Ağdərə rayonu Canyataq, Gülyataq, Drambon, Qazancı, Sırxavənd, Fərrux, kəndləri, Ağdam rayonu Abdal, Gülablı, Şelli, Cinli, Əliağalı, Mərzili, Yusifcanlı, Novruzlu kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməsi faktı müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 11009 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalınında stasionar müayinə və müalicədə olmuşdur.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli, 267 nömrəli arayışında qeyd edilmişdir ki, 1955-ci il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən 1xx.xx.1993-cü il tarixə kimi 836/N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli 16/1701 saylı məktubuna əsasən barəsində cinayət işi istintaq olunmur və heç bir təqsirləndirici material araşdırılmır.

6. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 78 nömrəli qərarında qeyd olunmuşdur ki, Ağdam RHK tərəfindən 1982-ci ildə hərbi xidmətə çağırımış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə kəskinləşmiş, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Müdafə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: "Revmatik poliartrit", xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Müdafə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: "Hər iki əlin revmatik artriti" və xx.xx.1992-ci ildə Hərbi Dəniz Qüvvələri Hərbi Hospitalın hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik- diaqnoz: "Brusellyoz, birincilixronik nietastatik forma, residiv gedişli, oynaqların zədələnmə ustünlüyü və oynaqlarda mülayim dərəcəli ağrı sindromu ilə. Somatogen menşəli asteno-nevrotik sindrom. Mülayim dərəcəli, uzunmüddətli xəstəlik təzahürləri zamanı şəraitlə əlaqəli nevrotik reaksiyalar" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1563 nömrəli göndərişi. xx.xx.2015-ci il tarixli 267 nömrəli arayışı, Ağdam rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi. xx.xx.1992-ci il tarixli 46 nömrəli xəstəlik haqqında şəhadətnamə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2015-ci il tarixli 11008 nömrəli araryış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".

7. Dövlət Sosial Müdafiə Fondunun Ağcəbədi rayon şöbəsinin 053743/230730 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı ilk dəfə xx.xx.1993-cü il tarixində İİ qrup əlillik təyin edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazieliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir (TSEK-in diaqnozu: Brusellyoz, birincili-xronik metastatik forma, residiv gedişli. Seropozitiv revmatoid artrid, oynaqların zədələnmə üstünlüyü və oynaqlarda mülayim dərəcəli ağrı sindromu ilə. Somatogen menşəli asteno-nevrotik sindrom”; Əlilliyin müəyyən olunması meyarı: 2.1. İkinci dərəcəli əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33).

9. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRSİİ şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 16/4135 nömrəli qərarına əsasən İddiaçı İİ qrup əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər 448,52 manat pensiya təyin edilmişdir.

10. xx.xx.2016-ci il tarixli, 000403 nömrəli vəsiqədən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlilidir.

11. 11488 nömrəli hərbi bilet əvəzi arayışda qeyd edilmişdir ki, həmin arayış İddiaçı hərbi bileti işğal zonasında qaldığı üçün SHXÇDX-nin Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmişdir (Hərbi xidmət keçməsi – xx.xx.1992-xx.xx.1993, hərbi rütbəsi – gizir, qeydiyyat qrupu – AO, xüsusi qeydlər – N və N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak edərək Ağdərə rayonu və Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və xəstələnməsi faktı müəyyən edilmişdir (Əsas: Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(13)- 1654/2015 nömrəli qətnaməsi)).

12. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 1336 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1992- xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin iyul-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

13. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3369 nömrəli məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

14. Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-596/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

15. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-92/2- 351/2025 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1992-xx.xx.1992-ci il tarixli 5 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 28 və 70-ci səhifələrində olan 4092 və 4521-ci saylı qeydlərdən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş əlillik vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə bağlı İİ qrup əllillik təyin edilmişdir. Hərbi bilet əvəz edən arayışının surətindən görünür ki, xx.xx.1992-xx.xx.1993-cü ildə Ağdam RHK tərəfindən gizir kimi birinci Qarabağ müharibəsi zamanı əvvəlcə N və N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xidmət vəzifəsini yerinə yetirərkən yaralanmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)- 1654/2015 saylı 18 iyun 2015-ci il tarixli qətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi N və N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak edərək Ağdərə rayonu Canyataq, Gülyataq, Drambon, Qazancı, Sırxavənd, Fərrux, kəndləri, Ağdam rayonu Abdal, Gülablı, Şelli, Cinli. Əliağalı. Mərzili. Yusifcanlı, Novruzlu kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və xidməti vəzifəsini yerinə yetirərkən yaranma faktı müəyyən olunmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Ekspert Komissiyasının rəyi əsasən ona əlillik təyin olunmasından imtina olunub. Səbəb kimi: Diaqnoz əlillik əlaməti təyin edilməməsi. Ətraflı "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. O, 5 il xidmət vəzifəsini yerinə yetirərkən xəstələnmiş və pensiya almışdır. 05 mart 2021-ci ildə pensiyanın verilməsi dayandırılmışdır. Ona görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliynin xx.xx.2024-cü il tarixli 32xx/xx-10541-20/2024 nömrəli məktubu ilə ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir.

18. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7754/2024 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-25-2/2-Ə- 1054120/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1868/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1868/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, 2016-cı ildən İİ dərəcə Qarabağ əlilidir və buna görə 2021-ci ilədək pensiya almışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

25. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası işin hallarına dair tərəflin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.

30. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hazırki tələbi cavabdeh tərəfindən təmin edilməmiş, onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1336 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1992-ci və yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumat yoxdur və Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.

31. İddiaçı imtina dəlilləri ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, cavabdehin imtinası əsaslı hesab edilərək tələb təmin olunmamışdır.

32. Məhkənmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

33. Əsasnamənin həmin bəndinin Qeyd hissəsinə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

34. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Ağcəbədi rayon şöbəsinin 053743/230730 nömrəli pensiyaçının uçot vərəqinə əsasən, İddiaçı ilk dəfə xx.xx.1993-cü il tarixində İİ qrup əlillik təyin edilmişdir.

35. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 78 nömrəli qərarında qeyd olunmuşdur ki, Ağdam RHK tərəfindən 1982-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə kəskinləşmiş, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Müdafə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: "Revmatik poliartrit", xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Müdafə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: "Hər iki əlin revmatik artriti" və xx.xx.1992-ci ildə Hərbi Dəniz Qüvvələri Hərbi Hospitalın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik- diaqnoz: "Brusellyoz, birincilixronik metastatik forma, residiv gedişli, oynaqların zədələnmə ustünlüyü və oynaqlarda mülayim dərəcəli ağrı sindromu ilə. Somatogen menşəli asteno-nevrotik sindrom. Mülayim dərəcəli, uzunmüddətli xəstəlik təzahürləri zamanı şəraitlə əlaqəli nevrotik reaksiyalar" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1563 nömrəli göndərişi. xx.xx.2015-ci il tarixli 267 nömrəli arayışı, Ağdam rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi. xx.xx.1992-ci il tarixli 46 nömrəli xəstəlik haqqında şəhadətnamə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2015-ci il tarixli 11008 nömrəli araryış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazieliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir (TSEK-in diaqnozu: Brusellyoz, birincili-xronik metastatik forma, residiv gedişli. Seropozitiv revmatoid artrid, oynaqların zədələnmə üstünlüyü və oynaqlarda mülayim dərəcəli ağrı sindromu ilə. Somatogen menşəli asteno-nevrotik sindrom”; Əlilliyin müəyyən olunması meyarı: 2.1. İkinci dərəcəli əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33).

37. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRSİİ şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 16/4135 nömrəli qərarına əsasən İddiaçı İİ qrup əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər 448,52 manat pensiya təyin edilmişdir.

38. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 11009 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalınında stasionar müayinə və müalicədə olmuşdur.

39. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-92/2- 351/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.1992-xx.xx.1992-ci il tarixli 5 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 28 və 70-ci səhifələrində olan 4092 və 4521-ci saylı qeydlərdən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur.

40. xx.xx.2016-ci il tarixli, 000403 nömrəli vəsiqədən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-184565/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş X2 pensiya işinə dair sənədlərdən görünür ki, sonuncu İİ qrup Qarabağ əlilidir və buna görə pensiya almışdır.

41. Bununla yanaşı iddiaçının xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməsi faktı Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(13)-1654/2015 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən qətnaməyə əsasən, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi N və N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak edərək Ağdərə rayonu Canyataq, Gülyataq, Drambon, Qazancı, Sırxavənd, Fərrux, kəndləri, Ağdam rayonu Abdal, Gülablı, Şelli, Cinli, Əliağalı, Mərzili, Yusifcanlı, Novruzlu kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməsi faktı müəyyən olunmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası arxivdə olan sənədlərdə iddiaçının iyul-dekabr 1992-ci və yanvar-dekabr 1993-cü il tarixlərindəki xidməti barədə məlumatın mövcud olmaması ilə əsaslandırılsa da, nə cavabdeh inzibati orqan, nə də birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir və bu təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsinə əsasən şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır.

43. Məhkəmə kollegiyası iddiaçı barəsində əlillik təyinatının aparılmasına dair qərarın hazırda qüvvədə olmamasına (xx.xx.2021-ci il tarixində müddəti bitmişdir) münasibətdə qeyd edir ki, şəxsə əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

44. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

45. Beləliklə, iddiaçı N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, arxivdə olan sənədlərdə onun iyul-dekabr 1992-ci və yanvar-dekabr 1993-cü il tarixlərindəki xidməti barədə məlumat mövcud olmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1868/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar