Məhkəmə qərarları › İş №2-1(104)-436/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-436/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-436/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-195/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. xx.xx.2013-cü il tarixli, EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1989-1991-ci il tarixlərdə erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Tərtər rayon ərazisində döyüşlərdə iştirak etmişdir.

2. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 184-9694-1221 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 062934 nömrəli veteran vəsiqəsini naməlum şəraitdə itməsi barədə şöbəyə müraciət etmiş, tapılması üçün kömək göstərilməsini xahiş etmiş, lakin ona məxsus vəsiqənin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır.

3. Tərtər rayon Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli, 17 nömrəli Protokol əsasında 062934 nömrəli vəsiqə verilmişdir.

4. Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1140 nömrəli məktubundan görünür ki, İddiaçı verilmiş 062934 nömrəli vəsiqə geri alınan və ya ləğv edilənlərin siyahısında adı keçmir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-7743 nömrəli məktubundan görünür ki, İddiaçı “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasda baxılmış və 790 nömrəli protokol ilə müsbət qərar qəbul edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2001-ci il tarixdə 17 nömrəli protokol əsasında verilmiş 062934 nömrəli “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il tarixdən 1991-ci il tarixədək Tərtər rayon özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmiş, buna görə də ona xx.xx.2001-ci il tarixdə 17 nömrəli protokol əsasında 062934 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. 2002-ci ildə iddiaçının evində oğurluq olan zaman həmin vəsiqə də oğurlanmışdır. Veteran vəsiqəsini itirdiyi üçün iddiaçı ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-195/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adı Tərtər rayon Hərbi Komissarlığı üzrə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında olmuşdur, eyni zamanda onun müharibə veteranı statusu və bununla əlaqədar təqdim edilmiş 062934 nömrəli “müharibə veteranı” vəsiqəsinin ləğv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməmiş və nəticə etibarilə müharibə veteranı statusu qüvvədədir. Belə olan halda həmin vəsiqəsinin dublikatının verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-195/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 NQ-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışİar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasinın ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqia), keçmiş DQMV ərazisində, habələ Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayıİov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birİəşməİərinin tərkibində iştirak etmiş şəxsİərə müharibə veteranı adı və müvafiq veteran vesiqəsi (o cümlədən, onun dublikati) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Mərkəzi Arxivin 18 aprel 2023-cü il tarixli 4/2-1914 nömrəli arayışına əsasən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan Tərtər ƏÖMB komandirinin 12 noyabr 1991-ci il tarixdən 30 sentyabr 1993-cü il tarixədək olan nizami hissə üzrə emrlərində İddiaçı oğİu barəsində məlumat aşkar ediİməmişdir. Beləliklə də, İddiaçı 1989-1991-ci il tarixlərdə X1 tərkibində döyüşlərdə iştirak etsə də, Azərbaycan Respublikasi Silahlı Qüvvələrində xidmət keçməmişdir. Digər tərəfdən sürəti Gəncə İnzibati Məhkəməsinə təqdim edilən Tərtər rayon Hərbi komissarİiğı üzrə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsİərin adlı sıyahısında İddiaçı adı qeyd ediİmişdir. Beləliklə də iddiaçıya "müharibə veteranı" adı və vəsiqəsi Tərtər rayon Hərbi komissarİığı tərəfindən verildiyindən, həmçinin əsasnamənin 2-ci bəndinə əsasən özünümüdafiə dəstələrinin və birİəşmələrinin tərkibində iştirak etmiş şəxslərə “müharibə veteranı" adı və vəsiqəsi (o cümlədən, onun dublikati) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verildiyindən birinci instaniya məhkəməsi tərəfindən iddia tələbi əsassız olaraq təmin ediİmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o, özünümüdafiə batalyonunda xidmət etmiş, ona hərbi komissarlıq tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin sonradan vəsiqəsi itdiyindən dublikatın əldə olunması üçün yalnız Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu tələbini təmin etməmişdir. Hazırki tələblə Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməmişdir.

14. İddiaçı və cavabdeh inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”

16. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

18. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

19. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

21. Hazırki tələb üzrə iddiaçı ona əvvəllər verilmiş müharibə veteranı vəsiqəsini naməlum şəraitdə itirməsi səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu tələbin təmin olunmasından imtina etmişdir.

22. Birinci instansiya məhkəməsi iş materiallarında olan maddi sübutlara əsaslanaraq iddiaçının tələbini əsaslı hesab etmişdir.

23. Cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilərək qeyd olunmuşdur ki, hazırki tələb üzrə cavabdeh orqan düzgün qeyd edilməmiş, iddiaçı özünümüdafiə batalyonlarında döyüşdüyündən müvafiq vəsiqə Müdafiə Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilməlidir.

24. İş materiallarında olan Tərtər rayon Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli, 17 nömrəli protokol əsasında 062934 nömrəli vəsiqə verilmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

26. Göründüyü kimi qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin, habelə, dublikatının verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir.

27. Belə olan halda hazırki iş üzrə iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəlmiş və birinci instansiya məhkəməsi qeyd olunan halı araşdırmadan iddianın əsaslılığına hüquqi qiymət vermişdir.

28. Halbuki bu iddianın mümkünlük şərtlərinə aid olan məsələdir və cavabdehin həmin iddiaya cavab verməli olmaması iddianın mümkün sayılmaması əsaslarından biridir.

29. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi xahiş olunsa da, dəyişdirilməsi tələb edilən cavabdehə ilkin müraciət olunmasını təsdiq edən hər hansı bir sübut ərizəyə əlavə edilməmiş, məhkəmə iclasında da iddiaçı izahatında müraciətinin olmadığını bildirmişdir.

31. Bu isə yenidən iş üzrə mümkünlük şərtlərinin mövcud olmamasına dəlalət edir.

32. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

33. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

34. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun.

35. Belə ki, apellyasiya icraatı zamanı cavabehin dəyişdirilməsi proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər.

36. Odur ki, hazırki halda cavabdehin əsl cavabdehlə əvəzlənməsi qanünmüvafiq hesab edilə bilməz.

37. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçı düzgün olmayan cavabdehə qarşı iddia tələbi irəli sürdüyündən və əsl cavabdehə ilkin müraciət olmadığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunması iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-195/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar