Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-436/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4111/2022 nömrəli qərarı ilə İddiaçı xx.xx.2001-ci il təvəllüdlü X1 üçün (əmək qabiliyyətinin bərpa edilənə və ya maddi yardıma ehtiyacı aradan qalxana qədər) 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır.
2. Tibbi Sosial Ekspert Komissiaysının xx.xx.2024-cü il tarixli, №6GC5ZUS0009 nömrəli qərarına əsasən, X4 orqanizmin funksiyasının pozulması 80 faiz müəyyən olunmaqla, ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdən müddətsiz əllik müəyyən edilmişdir (Əlillik meyarı: 11.4.2.3. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Sümük sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və deformasiyaları => Elers-Danlo sindromu => Sınıq müşahidə olunmadan, təzahür edən statodinamik pozuntularla => 11.4.10.2.11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Piylənmə və izafi qidalanmanın digər nəticələri => Piylənmə => orqanizmin sistem və orqanlarının təzahür edən pozuntusu).
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin X6 barəsində qəbul etdiyi müddətsiz əlilliklə bağlı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Gülxanım Yusibovanın əmək qabiliyyəti bərpa edilmiş, yüksək balla ilə “ADA” Universitetini bitirmiş və hazırda X5 yaşayır. Belə olan halda, Gülxanım Yusibovanın əmək qabiliyyəti bərpa olunduğuna görə ona aliment ödənilməsi qeyri-qanunidir və bu hal onun himayəsində olan uşaqların aşağı səviyyədə yaşamaları ilə nəticələnir.
5. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh orqanın üçüncü şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda üçüncü şəxsə təyin edilmiş əlilliyin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, üçüncü şəxs onun qızıdır və ona birinci qrup əlillik təyin edilsə də, əmək qabiliyyəti tam bərpa edilmişdir. Ona görə də əlilliyin təyin olunmasına dair qərar ləğv edilməlidir.
13. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi qərarın ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
19. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxs X4 ikinci dərəcə əlil olmaqla, uşaqlıqdan nevroloji (astenonevritik vəziyyət), göz xəstəliyi (OD-zəif dərəcəli miopiya, OSorta dərəcəli miopiya), dəri-zöhrəvi xəstəlik (seboreyalı dermatit), xroniki allergik xəstəlikləri (allergik rinit, xroniki qinofarenqit), burunboğaz-qulaq xəstəliyi, xroniki damar çatışmazlığı, kardioloji-revmatoloji xəstəlik (vegetativdamar distoniyası, apatiya), anadangəlmə ortopedik xəstəlik (hər iki diz oynaqlarının varus deformasiyası, ikitərəfli yastıpəncəlilik 1-ci, 2-ci dərəcə), hipermobil sindromu diaqnozları qoyulmuş və həmin xəstəliklərə müvafiq olaraq müayinələr aparılmış və müalicələr təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4111/2022 nömrəli qərarı ilə İddiaçı onun saxlanılması üçün (əmək qabiliyyətinin bərpa edilənə və ya maddi yardıma ehtiyacı aradan qalxana qədər) 400 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qərara alınmışdır.
20. Bundan sonra, TSEK-in xx.xx.2024-cü il tarixli, №6GC5ZUS0009 nömrəli qərarına əsasən, üçüncü şəxs X4 orqanizmin funksiyasının pozulması 80 faiz müəyyən olunmaqla, ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdən müddətsiz əllik müəyyən edilmişdir (Əlillik meyarı: 11.4.2.3. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Sümük sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və deformasiyaları => Elers-Danlo sindromu => Sınıq müşahidə olunmadan, təzahür edən statodinamik pozuntularla => ----------- 11.4.10.2.11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Piylənmə və izafi qidalanmanın digər nəticələri => Piylənmə => orqanizmin sistem və orqanlarının təzahür edən pozuntusu).
21. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, TSEK-in xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, tələbini üçüncü şəxsin əmək qabiliyyətinin bərpa olması və maddi yardıma ehtiyacının ödənilməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır.
22. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddia ərizəsi, apellyasiya şikayəti və iddiaçının məhkəmə iclasında verdiyi izahatın məzmununa əsasən, onun TSEK-in xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsində hüquqi marağı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4111/2022 nömrəli qərarı ilə təyin edilmiş və tərəfindən ödənilən 400 manat sabit pul məbləğində alimentin ödənilməsinin dayandırılmasına nail olmaqdır. Belə ki, o hesab edir ki, sözügedən məhkəmə qərarı ilə təyin edilmiş aliment məbləğinin ödənilməsi X2 əmək qabiliyyəti bərpa edilənə və ya maddi yardıma ehtiyacı aradan qalxana qədər nəzərdə tutulduğundan, hazırda şəxsin əmək qabiliyyəti bərpa olunduğundan şəxsə əlilliyn təyin olunmasına dair qərar ləğv edilməlidir.
23. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə ödənişindən azad olmaq istədiyi 400 manat sabit pul məbləğində aliment Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının nəticəsi olaraq ödənilir və kassasiya instansiyası məhkəməsi həmin ödənişi hazırda TSEK-in mübahisələndirilən qərarı əsasında təyin etməmişdir. Belə ki, sözügedən məhkəmə qərarının məzmunundan görünür ki, qeyd olunan aliment məbləği həmin dövrdə X3 olan xəstəliklərin və əlilliyinin nəticəsi olaraq təyin olunmuşdur. Başqa sözlə hazırda mübahisələndirilən qərar şəxsin aliment öhdəliyinin yaranması ilə bağlı məhkəmə qərarından sonra qəbul edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. Bundan başqa iddiaçı tərəfindən mübahisələndirilən TSEK-in xx.xx.2024-cü il tarixli, №6GC5ZUS0009 nömrəli qərarı yalnız barələrində hüquqi nəticələr yaradan üçüncü şəxs X6 və cavabdeh orqan tərəfindən mübahisələndirilə bilər. Cavabdehin sözügedən qərarı hazırki halda iddiaçı barəsində heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, mübahisələndirilən qərarın ləğvi üzrə iddiaçının subyektiv hüququ istisna olunur.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
29. Digər tərəfdən iddiaçı üçüncü şəxsin əmək qabiliyyətinin bərpa edildiyi qənaətinə gəlmişdirsə, bunu təsdiq edən sənədlərlə aliment öhdəliyinə xitam verilməsinə dair müvafiq məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.3-cü maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda xitam verilir. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4111/2022 nömrəli qərarından görünür ki, aliment öhdəliyi üçüncü şəxsin əmək qabiliyyəti bərpa edilənə və ya maddi yardıma ehtiyac aradan qalxana qədər ödənilməsi qərara alınmışdır.
30. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3124/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov