Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-439/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-188/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 18 nömrəli rəyindən görünür ki, 26 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 1.99 ha olmaqla Hacıməlik bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd perspektik inkişaf olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
2. Göygöl rayonu Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 1.99 hektar ayrılıb 26 nəfər vətəndaşa, 21 nəfərə 0.08 ha, 1 nəfərə 0.03 ha, 2 nəfərə 0.06 ha, 1 nəfərə 0.04 ha, 1 nəfərə isə 0.12 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır.
3. xx.xx.2010-cu il tarixli aktan görünür ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 1.99 hektar ayrılıb 26 nəfər vətəndaşa, 21 nəfərə 0.08 ha, 1 nəfərə 0.03 ha, 2 nəfərə 0.06 ha, 1 nəfərə 0.04 ha, 1 nəfərə isə 0.12 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəmüvafiq hesab edilmişdir.
4. xx.xx.2010-cu tarixli «Torpaqların alqı-satqısına dair» aktına əsasən Göygöl rayon Hacıməlik kəndi ərazisində olan 0.12 ha torpaq sahəsinin satılmasına görə İddiaçı tərəfindən 762 manat pul ödənilmişdir.
5. Yerquruluşu planından çıxarışda Göygöl rayon Hacıməlik Bələdiyyəsinin qərarı ilə İddiaçı satılmış 0.12 ha torpaq sahəsinin yeri qeyd edilmişdir.
6. Göygöl rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 150 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Göygöl (keçmiş Xanlar) rayon Hacıməlik Bələdiyyəsinin 03 sentyabr 2010-ci il tarixli 01 saylı qərari əsasında bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən 0.12 ha ayrılıb vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satıldığı göstərilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubuna əsasən İddiaçı müraciətinin təmin edilməsindən bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan torpaq sahəsinə dair birbaşa sənədlər tərtib olunması əsası ilə imtina edilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8782/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, daxil olmuş iş materiallarında 0,12 ha torpaq sahəsinin məkan göstəriciləri (kordinatları və yerləşmə mövqeyi) əks olunmuş hər hansı cizgi planı mövcud deyildir. Aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi 0,12 ha torpaq sahəsinə istinad olunmuşdur. İddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi Göygöl rayonu Hacıməlik kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazisinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Ehtiyyat fondu torpaqları ksteqoriyasına aiddir, kəndin perspektif inkişafında olan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə idarədə məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Göygöl rayon Hacıməlik bələdiyyəsi perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün 26 nəfər qəsəbə sakininə 1.99 ha torpaq sahəsi ayrılaraq satılmışdır. Qeyd olunan siyahı üzrə ona 0.12 ha həuətuanı torpaq sahəsi satılmışdır və həmin torpaq sahəsi 12 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Vələdiuuənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
11. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2521/2022 saylı qərardadı ilə iş üzrə Göygöl rayon Hacıməlik bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********01 nömrəli, xx.xx.2022-ci il tarixli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi həmçinin, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan, qanunvericiliyin tələblərinə əməl olunmadan satıldığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-188/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-188/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı tərəfindən Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə ona ayrıİmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədi ilə ərizəyə əlavə olunan sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak Məsəlləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 sayli Gəncə Ərazi darəsinə müraciət oİunmuşdur. Aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi həmçinin, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan, qanunvericiliyin tələblərinə əməl olunmadan satıldığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.
19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
24. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materialları ilə müəyyən olunur ki, Göygöl rayonu Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 nömrəli qərarı ilə həyətyanı məqsədilə İddiaçı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin müvafiq rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı və alqı-satqı aktı əldə edilmişdir.
28. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan maddi normalara əsasən bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
30. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər.
31. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
32. Bununla yanaşı, apellyasiya icraatı zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, iş materiallarında 0,12 ha torpaq sahəsinin məkan göstəriciləri (kordinatları və yerləşmə mövqeyi) əks olunmuş hər hansı cizgi planı mövcud deyildir. Aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi 0,12 ha torpaq sahəsinə istinad olunmuşdur. İddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi Göygöl rayonu Hacıməlik kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazisinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Ehtiyyat fondu torpaqları ksteqoriyasına aiddir, kəndin perspektif inkişafında olan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə idarədə məlumat aşkar edilməmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı əsasında satılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-188/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov