Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-439/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı Dövlət Universiteti publik hüquqi şəxsi) diplomun verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-265/2024 saylı qərarından iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gürcüstan Aqrar Universitetinin xx.xx.2018-ci il tarixli, 15- 08/1069 nömrəli arxiv arayışından görünür ki, X4 həqiqətən 24 sentyabr 2001-ci il tarixli 02-38 əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X10 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin, ödənişli sektorun birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli 02-33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə, şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır. B 141891 nömrəli diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən X1 Azərbaycan dili və ədəbiyyatı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi qeyd edilmişdir. Azərbaycan Müəllimlər İnstitutunun xx.xx.2012-ci il tarixli, 01-10/42 nömrəli məktubunda bildirilir ki, X1 Azərbaycan Müəllimlər İnstitutu tərəfindən diplom verilməmiş, göstərilən BN 141891 (qeydiyyat nömrəsi 6/0437) dövlət nümunəli bakalavr diplomu isə 2009-cu ildə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 verilmişdir. Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2017-ci il tarixli, 240 nömrəli məktubunda bildirilir ki, Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının 2002-ci ildə daxili qəbul əsasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının "Fililogiya" fakultəsinin "Azərbaycan dili və ədəbiyyat" ixtisasına qəbul olunması və 2007-ci ildə həmin ixtisası bitirməsi haqqında arxivdə heç bir sənəd aşkar edilməmişdir. İddiaçı (Məmmədova) 2009-cu ildə bitirdiyi ixtisas üzrə B 141891 (qeydiyyat 6/0726) diplom aldığını qeyd etsə də Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabında onun adına diplom verilməsi haqqında qeydiyyat yoxdur. İddia olunduğu kimi onun adına verilimiş və yalnız notarial qaydada təsdiq olunmuş surətinin saxlandığı B 141891 (qeydiyyat 6/0726) diplomun araşdırma zamanı AMİ-nin Qazax filialı tərəfindən "Azərbaycan dili və ədəbiyyat" ixtisasının məzunu X3 verildiyi Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabına əsasən məlum olmuşdur. Qaraveva (Məmmədova) Pərvanə Bayram qızının adına yazılmış diplomla X2 adına qeyd edilmiş diplomun nömrələri eyni olsa da, qeydiyyat nömrələri fərqlidir. Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı - B 141891 (qevdivyat 6/0726). X6- B 141891(geydiyyat 6/0437) Filialın arxivində aparılmış araşdırmalara əsasən Qarayeva (Məmmədova) Pərvana Bayram qızının adı BDU-nun Qazax filialında (keçmiş AMİ-nin Qazax filialı) 1992-ci ildən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarının nəticələrinə görə tələbələr sırasına qəbul olunma əmrlərində, köçürülmə və bərpa olunma əmrlərində, yekun dövlət imtahanlarında iştirak etmə əmrlərində və diplom verilməsi haqqında əmrlərdə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun veriməsi öhdəliyinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının hüquqi varisi olan Bakı Dövlət Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8535/2022 nömrəli qərardadı ilə cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əvəz edilmiş, Bakı Dövlət Universiteti publik hüquqi şəxsi isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8535/2022 nömrəli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan Respublikasında Dövlət Aqrar Universitetinə daxil olmuş, sonradan köçürmə əsasında Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülmüşdür. 2007-ci il tarixdə həmin Universiteti bitirsə də, lakin rəhbərlik tərəfindən müxtəlif bəhanələr gətirildiyindən diplomun verilməsi iki ilə yaxın bir müddətdə ləngidilmişdir. Çoxsaylı şikayətlər nəticəsində iddiaçı 2009-cu il tarixdə diplomu əldə edə bilmişdir. Həmin dövrlərdə övladlarının azyaşlı olması səbəbindən işləmək mümkün olmamış, bu səbəbdən də diplomla bağlı heç bir yerə müraciət edilməmişdir. Lakin 2012-ci il tarixdə işlə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun adına verilmiş B N 141891 (qeydiyyat nömrəsi 6/0437 onda isə 6/0726) dövlət nümunəli bakalavr diplomu 2009-cu il tarixdə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 da verilmişdir. Belə olan halda o yenidən Universitetə müraciət etmiş, dəfələrlə gedib-gəldikdən sonra bildirilmişdir ki, nömrənin verilməsində yanlışlıq olmuşdur. Səhvin aradan qaldırılması və yeni diplomun verilməsi üçün diplomun əslinin təqdim edilməsi tələb edilmişdir. Diplomun əslini Universitetə təqdim etməzdən öncə xx.xx.2012-ci il tarixdə iki müxtəlif notariat kontorunda surətlərini təsdiq etdirdikdən sonra 2013-cü ilin yanvar aylarının sonlarına yaxın fakültənin dekanı Tofiq Əlihüseynova təqdim edilmişdir. Həmin vaxtdan bu günə kimi diplomun nə köhnəsini, nə də yenisini ala bilməmişdir. X5 işdən azad edildiyini və onunla bərabər digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıldığından xəbər tutmuşdur. Universitetə müraciət etdikdə isə arxiv məlumatlarının aşkar edilmədiyi barədə ona məlumat verilmiş, universitetin rəhbərliyinin cinayət əməllərinə görə həbs edildiklərini, universitetin arxiv sənədlərini də həmin şəxslərin məhv etdiyini bildirilmişdir. Həmin cinayət işinin materiallarından da məlum olur ki, həmin rəhbər şəxslərin ittiham olunduqları maddələrdən biri də Azərbaycan Respublikasının 326.1.-ci (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə--) maddəsi olmuşdur. Öz cinayətkar əməllərini gizlətmək məqsədilə günahsız insanlara aid olan sənədləri (əmrlərin qeydiyyat kitablarını, jurnallarını) yandırılmışdır. Belə olan halda diplomun dublikatının verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-265/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun verilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinin İİ bəndində qeyd edilmişdir ki, köçürmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. Göründüyü kimi, yuxarıda istinad olunan müvafiq əmrin tələblərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olduğundan iddiaçının həmin təhsil müəssisəsinə köçürülməsi yalnız Nazirliyin müvafiq razılığı olduğu halda aparıla bilərdi. Lakin təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, bu barədə müvafiq razılığın olması və həmin müəssisədə təhsil alması barədə hər-hansı sübut mövcud deyil. Həmçinin məhkəmə iclasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 2002-ci il üzrə tələbələrin köçürülməsi və 2009-cu il üzrə diplomların verilməsi ilə bağlı əmr kitablarına baxış keçirilmiş və iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, ona diplom blankının ayrılması, habelə həmin təhsil müəssisəsində təhsil alması barədə həmin qurumun arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işi araşdıran məhkəmə tərəfindən mübahisəyə baxılması zamanı prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, bu qənaətə gələn məhkəməyə iddiaçının həmin universitetlə bağlı olan tələbə bileti, iki müxtəlif tarixlərdə təqdim etmiş olduğu arayışları, diplomu və onun içliyi, eləcə də mühazirə dəftərləri (zəruri bilinərək saxlanılan) və nəhayət Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü təqdim edilmişdir. Lakin məhkəmə bu sübutlara həm bir qiymət verməmiş, iddiaçının köçürülməsində Təhsil Nazirliyinin razılığının olmamasını əsas gətirmişdir. Halbuki həmin Təhsil Nazirliyinin özünün təqdim etmiş olduğu sənədlərdən də görünür ki, iddiaçı köçürülən ərəfədə belə bir razılığın olması şərt deyilmiş və olsa da belə Universitetin vəzifəli şəxsləri həmin sənədləri məhv etmiş və buna görə də cəzaya məhkum olunmuşdular. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, guya xx.xx.2024-cü il tarixdəki məhkəmə iclasında universitetin qeydiyyat kitablarına baxış keçirilmişdir. Halbuki belə bir kitablar olmamışdır. Belə ki, həmin kitablar vəzifəli şəxslər tərəfindən məhv edilmiş və buna görə də cəzalandırılmışdır. Odur ki, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan normaların pozuntusu ilə qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndərinin iştirakın təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. 6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış "Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında" Təlimatı Həmin təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ila təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamən Həmin əsasnamənin 826-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının: -3.1. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. -3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996 cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin: 1.1. Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. 1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. 1.2.1-ci bəndində qeyd olunmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi Əsasnamənin 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, iş materiallarında olan Gürcüstan Aqrar Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 15-08\1069 saylı Arayışla müəyyən olunur ki, Məmmədova Pərvanə 24 sentyabr 2001-ci il tarixli, 02-38 saylı əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X10 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin, ödənişli sektorun birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli, 02-33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır. İddiaçının iddiasına əsasən həmin köçürmə əsasında Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülmüş və ona B 141891 nömrəli diplom verilmişdir. Lakin sonradan 2012-ci ildə o, işlə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun adına verilmiş müvafiq bakalavr diplomu başqa şəxsin də adına verilmişdir. Yaranmış yanlışlığın aradan qaldırılması və yeni diplomun verilməsi üçün diplomun əslini Universitetə təqdim etmişdir. Həmin vaxtdan bu günədək diplomun nə yenisini, nə də köhnəsini əldə edə bilməmişdir. Bu səbəbdən də müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X10 Universitetindən Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülməsini iddia etdiyi dövrdə bu qəbildən olan köçürmələr müvafiq qaydalar çərçivəsində razılığa əsasən həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinin İİ bəndində qeyd edilmişdir ki, köçürmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. Qeyd edilən əmrin tələbindən göründüyü kimi, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olduğundan X10 Universitetindən iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi yalnız Nazirliyin müvafiq razılığı olduğu halda mümkün ola bilərdi. Bu hal isə iş materiallarında olan sənədlərlə müəyyən edilmir, başqa sözlərlə iddiaçının X10 Universitetindən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, buna dair Təhsil nazirinin razılığın olması və həmin müəssisədə təhsil alması müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 2002-ci il üzrə tələbələrin köçürülməsi və 2009-cu il üzrə diplomların verilməsi ilə bağlı əmr kitablarına baxış keçirilmiş və iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, ona diplom blankının ayrılması, habelə həmin təhsil müəssisəsində təhsil alması barədə həmin qurumun arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Bu hal məhkəmə iclasının audio-video yazısı ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-265/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-439/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-439/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver