Məhkəmə qərarları › İş №2-1(104)-44/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-44/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-44/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-350/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Nizami rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 77 nömrəli qərarı əsasında qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 4 saylı fərdi yaşayış evi 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Mülkün arxiv işində qeydiyyat vəsiqəsinin surəti aşkar edilməmişdir.

3. xx.xx.1996-ci il tarixli müqavilədən görünür ki, 1996-cı il tarixdə X3 TİB-in xx.xx.1996-cı il tarixli, 519 nömrəli arayışına, 25/y.1987-ci il tarixli 77-9412 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 3 ünvanda, 382-ci kvartalda 18-ci sahədə,179,3 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır.

4. 382-18a saylı, 9412 (reyestr kitabı) nömrəli Qeydiyyat Vəsiqəsinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Nizami rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1987ci il tarixli, 77 nömrəli Qərarı əsasında İddiaçı adına qeydə alınmışdır.

5. Azərbaycan SSR X5 İcraiyyə Komitəsi Memarlıq işləri Şöbəsinin P-7-88 807/z nömrəli icazəsindən görünür ki, XDS İK X7 xx.xx.1987-ci il tarixə X2 ünvan 4 ünvanında 8kv.m hamam, 20 kv.m saray (açıq eyvan) tikməsinə icazə vermişdir.

6. Gəncə şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanlandığı N-4-152 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq dağıdılmış mənzilin əvəzinə onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə yeni mənzilin verilməsi və ya bazar qiymətlərinə uyğun kompensasiyanın, habelə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-106/2016 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17660 saylı ekspert rəyində qeyd olunur ki, ünvan 6 ünvanda yerləşən İddiaçı adına mart 1996-cı il tarixdə tərtib olunmuş texniki pasportda göstərilən 3 saylı tikilinin qarşısında 2,2x4,3 m. ölçüdə olan hissəsi, 4 saylı tikili, hamam, ayaqyolu və evin qarşısında olan hasar tamamilə söküldüyü müəyyən olunmuşdur. Tədqiq olunan fərdi yaşayış evi yerində mövcud olmadığından, yəni tamamilə söküldüyündən evin konstruktiv elementlərini, evin tikintisində istifadə olunmuş materialların növünü, həcmini, həyətyanı sahədə olan tikililərin dəqiq ölçülərini, sahəsini, təmirliliyini və digər texniki xüsusiyyətlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də fərdi yaşayış evinin sökülməsi nəticəsində tikinti üzrə dəymiş ziyanın məbləğini dəqiqliklə müəyyən etmək mümkün deyildir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli, 3-21-3-33/2-1092/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşmiş fərdi yaşayış evi sökülmüş olduğu üçün inzibati orqan tərəfindən əmlakın bazar dəyərinin hesablanması və qiymətləndirilməsi mümkün olmamışdır

9. "xxxx" MMC-nin ƏEM/İ 91-647/21 nömrəli, xx.xx.2021-ci il tarixli ekspet rəyində qeyd olunur ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yerləşmiş və sökülmüş - 2,2x4,3 m. ölçüdə olan hissəsi, 4 saylı tikili, hamam, ayaqyolu və evin qarşısında olan hasarın (sökülən hissənin bazar qiyməti) 2012-ci il tarixə real bazar dəyəri 52 000 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə eyni tələb üzrə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qanunsuz olaraq, məhkəmə qərarı olmadan zorakılıqla sökülməsinin, söküntü ilə evdəki əşyaların məhv edilməsi və iddiaçının öz mənzilindən istifadə edə bilməməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat, mənəvi zərərə görə 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(114)-350/2022 və 2- 1(114)-1424/2022 nömrəli işlər bir icraatda birləşdirilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə şəhəri Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 382-18a saylı, 9412 (reyestr kitabı) nömrəli Qeydiyyat Vəsiqəsi əsasında Gəncə şəhəri, Nizami küçəsi, ev 183A üzərində mülkiyyət hüququna malikdir. İddiaçı ailəsi ilə birlikdə həmin ünvanda yaşayıb. İddiaçı bu evi 1996-cı ildə alıb. Ev kürsülü ev olub. Ailədə 6 nəfər ailə üzvü var. İddiaçının 3 övladı var. Evin sahəsi 180 kv.metrdir. İddiaçı 1-ci Qarabağ müharibəsi iştirakçısı olub. İddiaçı ailə üzvləri ilə birlikdə göstərilən ünvanda 2012-ci ilin yazına – fərdi yaşayış evinin Gəncə şəhərində Nizami küçəsində hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülməsinə qədər yaşayıb. İddiaçıya məxsus olan ev məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülüb. İddiaçı dəfələrlə Gəncə şəhər İcra hakimiyyətinə müraciət etsə də, ona kompensasiya ödənilməyib və nəticədə iddiaçı indiyə qədər ailəsi ilə birlikdə kirayə evlərdə qalmağa məcbur olub. 2012-ci ilin aprel ayında iddiaçının tanımadığı şəxslər qapını döyərək heç bir sənəd təqdim etmədən evə giriblər. Həmin şəxslər iddiaçıya və onun ailə üzvlərinə bildirib ki, axşam saat 8-dək evin sökülməsinə razılıq versinlər. Onlar qeyd edib ki, mülkiyyətçi istəsə də, istəməsə də ev söküləcək, əvəzində iddiaçıya şəhərdən kənarda 4 sot torpaq sahəsi təklif ediblər. Növbəti gün həmin şəxslər yenidən iddiaçının evinə gələrək evin sənədini ondan tələb ediblər. Həmin şəxslər iddiaçıya özlərini təqdim etməyiblər. Onlar iddiaçı ilə kobud formada danışıblar. Növbəti gün iddiaçının həyat yoldaşı icra başçısının qəbuluna gedib və qəbula yazılıb. Lakin icra hakimiyyətinin əməkdaşları icra başçısı ilə onun görüşməsinə kömək etməyib və evin sökülməsi qarşılığında onlara təklif olunan torpaq sahəsi ilə razılaşmağı tövsiyə ediblər. Bundan sonra Gəncə şəhər, Nizami küçəsindəki söküntülər Gəncə şəhərinin baş planına uyğun olaraq şəhərin Nizami küçəsinin mərkəzdən keçən hissəsindən hava limanına qədər olan yolun iki tərəfli olması üçün aparılıb. Bu barədə mətbuatda müxtəlif məlumatlar verilib. İddiaçının yaşadığı ünvan 9 ünvanında yerləşən binanın ətrafında yaşayış binaları dağıdılıb. Bina söküntüsü sakinlərin orada yaşamasına baxmayaraq davam edib. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri hər gün iddiaçını narahat edib, evdə yaşayış olmasına baxmayaraq onların mənzilini dağıtmağa cəhd edib. Söküntü aparan şəxslər binanın istilik, elektrik və qaz sisteminə qəsdən müdaxilə edərək vətəndaşların mənzil şəraitini pisləşdirərək onların öz mənzillərindən çıxmasına süni şərait yaradıblar. Və nəhayət fərdi yaşayış evi zorla sökülüb və iddiaçı ailəsi ilə birlikdə məcburiyyət qarşısında qalıb evi tərk etməli olub. Evin əhəmiyyətli hissəsi yolun genişləndirilməsi məqsədi ilə zəbt edilib, evin həyətində olan hamam və tualet, o cümlədən, evin eyvanı tamamilə sökülüb və evin önünə divar hörülüb. Nəticədə evə əhəmiyyətli dərəcədə zərər dəyib, ev yaşamaq üçün yararsız hala düşüb. Onun evinin söküntüsü məhkəmə qərarı olmadan aparılıb və ona Gəncə şəhər İcra hakimiyyəti tərəfindən kompensasiya verilməyib. İddiaçı Gəncə şəhər İcra hakimiyyətinə müraciət edərək ona məxsus olan fərdi yaşayış evinin söküntünün qanunsuz hesab edilməsini, ona dəyən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 30.000 manatın ödənilməsini xahiş edib. İndiyə qədər həmin ərizəyə cavab verilməyib.Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-350/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia qismən təmin edilmiş, 52.000 (əlli iki min) manat məbləğində maddi ziyan, 1.000 (min) manat məbləğində mənəvi ziyan, cəmi 53.000 (əlli üç min) manat cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilməsi, tələb qalan hissədə rədd edilməsi qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, sözügedən tikintinin qismən sökülməsinə dair qanunamüvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin həmin əmlakın sökülməsinə dair qanunla müəyyən edilmiş əsasları olmamışdır. Cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat:

15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Qərarın təsviri hissəsində iddiaçı irəli sürdüyü tələbində qeyd edir ki, "2012-ci ilin aprel ayında onun tanımadığı şəxslər heç bir sənəd təqdim etmədən evə daxil olaraq ona və ailə üzvlərinə bildirmişlər ki, axşam saat 8-dək evin sökülməsinə razılıq versinlər". Göründüyü kimi iddiaçı evini sökmək istədiyi şəxsləri tanımadığı özü bildirdiyi təqdirdə məhkəmə əsas olmadan bu addımı Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlmişdir. Cavabdeh qismində Gəncə şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulansa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunla izahat verdi şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmənin sorğusuna əsasən söküntü ilə evdəki əşyaların mövcud olmasına və ya məhv edilməsinə dair sübutun olmadığını bildirdi.

18. Hazırki məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 19.13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 20.29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 21.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 22.89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 23.89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 27.246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 28.246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 29.246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 30.1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 31.1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 32.1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 33.1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 34.1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 35.1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 36.1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 37.3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 38.4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 39.4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 40.23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 41.23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 42.23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 43.58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 44.58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 45.58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 46.58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

“Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: 47.7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 48.8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 49.2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 50.14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 51.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 52.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 53.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 54.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 55.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

57. İşin halları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 4 saylı fərdi yaşayış evi 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır.

58. İddiaçı 2012-2013-cü illərdə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus evin sökülməsi nəticəsində hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla ümumilikdə 100000 manat maddi, 30 000 manat mənəvi ziyan ödənilməsini tələb etmişdir.

59. Cavabdeh orqan isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

60. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, tələb üzrə mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması və sökülməsi işin mübahisəsiz halıdır.

61. Belə ki, 382-18a saylı, 9412 (reyestr kitabı) nömrəli Qeydiyyat vəsiqəsinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Nizami rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 77 nömrəli Qərarı əsasında İddiaçı adına qeydə alınmışdır.

62. 2019-cu il tarixli elektron çıxarışda qeyd olunur ki, ötən ildən başlayaraq Gəncənin Nizami küçəsində bütün evlərin bir neçə kvadrat metrinin sökülməsi ilə yol genişləndirilməkdədir. Lakin sakinlərdən biri İddiaçı kompensasiya tələbini bildirərək evinin sökülməsinə mane olub.

63. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli, 3-21-3-33/2-1092/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşmiş fərdi yaşayış evi sökülmüş olduğu üçün inzibati orqan tərəfindən əmlakın bazar dəyərinin hesablanması və qiymətləndirilməsi mümkün olmamışdır.

64. Göründüyü kimi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hazırki vəziyyətinin sökülmüş tikili olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.

65. Bununla yanaşı apellyasiya kollegiyası onu da qeyd edir ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin olduğu yerdən avtomobil yolunun genişlənməsi hər hansı fərdin maraqlarına xidmət etməməmiş və fiziki şəxsin mülkiyyətində olmamışdır. Kompleks dövlətin mülkiyyətindədir və tikintisinə dair birbaşa nəzarət və digər məsələlər yerli icra hakimiyyətinin səlahiyyətinə aid edilmişdir.

66. “Avtomobil Yolları” Dövlət Agentliyinin ********** nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 10 ünvanında avtomobil yolunun genişləndirilməsi işləri onlar tərəfindən həyata keçirilməmişdir.

67. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:

68. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

69. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

70. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

71. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.

72. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

73. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

74. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

75. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

76. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

77. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

78. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).

79. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

80. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə qiymətləndirilmə ilə bağlı mütəxəssis təyin edilmiş, lakin rəy verilməsində imtina olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli, 3- 21-3-33/2-1092/2023 nömrəli məktubu).

81. Bundan başqa, məhkəmə tərəfindən notariat kontorlarına da müvafiq sorğular göndərilmişdir.

82. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin qismən sökülməsinə görə iddiaçıya mütəxəssis rəyində göstərilən (alınma dövrü üzrə) 52.000 manat ödənilməli, söküntü zamanı əşyalara vurulmuş ziyanla bağlı sübut təqdim edilmədiyindən iddianın qeyd olunan hissəsi təmin edilməməlidir.

83. İddiaçı mənəvi zərərə görə 30.000 manat tələb etmiş, birinci instansiya məhkəməsi iddia edilən məbləğin həddən artıq olduğu bu başlıq altında iddiaçıya 1.000 manat ödənilməsi qətnaətinə gəlmişdir. Qeyd olunan hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

84. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (qərarın 1 və 10-cu bəndi).

85. İddiaçı ərizəsində mənəvi zərərə hüquqlarının pozulması, onun mülkiyyətiylə bağlı qanunsuz hərəkətlərə yol verilməsi ilə əsaslandırmışdır.

86. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin olunması üçün heç bir qanuni əsas yoxdur.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-350/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar