Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-440/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1454/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Nifçi kənd sakini İddiaçı uzunmüddətli - 25 il müddətinə icarəsinə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli Sahəseçmə aktından görünür ki, Nifçi Bələdiyyəsinin xx.xx.2004. tarixli 03 saylı qərarına və DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı xx.xx.2004. tarixli 03 saylı məktubuna əsasən bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Nifçi kənd sakini İddiaçı uzunmüddətli-25 il müddətinə icarəsinə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli, 03 saylı iclas protokulundan çıxarışa əsasən iddiaçıya Bərdə rayonu Nifçi bələdiyyəsinin fondunda olan əkinə yararlı sahədən 6 ha torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə uzunmüddətli (25 il müddətində) icarəyə verilmişdir. Həmçinin, Bərdə rayonu Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. 19 ildir ki, həmin torpaq sahəsi iddiaçının icarəsindədədir və manesiz olaraq istifadə edir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Bərdə rayonu, Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1454/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş 6 ha torpaq sahəsi üzərində onun icarə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğısatqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir. Beləlikə müəyyən olunur ki, hazırki iş üzrə imtinaya səbəb olan sənədlərin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi) tərtib edilməsi bələdiyyə və müvafiq icra hakimiyyəti orqanının vəzifəsi olmuşdur. Bu baxımdan da məhkəmə qeyd edir ki, müvafiq orqanların qanunla onlara həvalə edilmiş vəzifələrini qanunauyğun yerinə yetirməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq rəyin və torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmaması) icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, İddiaçı tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 saylı qərarı ilə ona ayrılmış 6.0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizə və ərizəyə əlavə olunan sənədlərlə Azərbaycan Respublikasının lqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuşdur. Bununla əlaqədar bildirilir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır.Göründüyü kimi icarə müqaviləsi mövcud olmadığı halda Məhkəmə tərəfindən icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Yəni Bələdiyyə ilə vətəndaş arasında icarə müqaviləsi bağlanmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərardadı Bərdə rayonu, Nifçi bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyə nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24- cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. 15 mart 2000-ci il tarixli, 42 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
2. Yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikasılqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmazəmlak və Torpaq Məsələlər iüzrə Dövlət Xidmətinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir.
4. Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.
18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi səxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumistifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq 25 il müddətinə iddiaçının icarəsinə verilmiş və qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Cavabdeh imtinasına əsas torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin plan və ölçü sənədinin təqdim olunmaması olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki olaraq 7.50 ha torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin koordinatları ilə İddiaçı icarəyə verilmiş 6.0 ha torpaq sahəsinə tərtib edilmiş cizgiyə və torpaq islahatı zamanı tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən (eyni konturda, məkanda) üst-üstə düşsədə, sahə ölçüsü ilə üst-üstə düşmür. İddiaçı faktiki olaraq 7.50 ha torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 6.62 hektarı bələdiyyə mülkiyyətinə, 0.88 hektarı isə Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən olunan və sahəsi 0.18 ha olmaqla su arxı keçir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 6.62 hektarı kənd təsərrüfatı təyinatlı örüş sahəsidir, 0.88 hektarı isə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. Qeyd olunan torpaq sahəsi üzərində hal-hazırda mühəndis kommunikasiya xəttləri mövcud olmadığından mühafizə zolağına və sürüşmə zonasına düşmür. İşin faktiki hallarından da müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçının uzunmüddətli icarəsinə sonuncu tərəfindən həmin torpaq sahəsi istifadə edilir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda icarə müqaviləsi olmadan) icarəyə verməyi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu Çələbilər bələdiyyəsi ərazisində 127.51 hektar təmiz örüş, 53.83 hektar şoranlıq və şoran örüş, 42.56 hektar isə qamışlıq və qamışlı örüş sahəsi mövcuddur. TEKUlS məlumat bazasında elektron daşıyıcılarda saxlanılır. Həmin məlumatlara aid xəritə materialları bələdiyyələrə kağız formatda təhvil verilmişdir. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər şəxslərin icarəsinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə olan halda qanunvericliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1454/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.