Məhkəmə qərarları › İş №2-1(104)-441/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-441/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-441/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Ömər Taleh oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və X8, X2) “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2093/2025 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nikah haqqında АЗ 203443 nömrəli “Evlənmək haqqında” şəhadətnamədən görünür ki, X14 ilə X19 xx.xx.1970-ci ildə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.

2. SSRİ Müdafiə Nazirliyinin Kirovabad rayon hərbi dairəsinin 10 yanvar 1978-ci il tarixli, 8 nömrəli orderinin surətindən görünür ki, 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 23,75 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil X9 həmin yaşayış sahəsini tutmaq üçün verilmişdir və onun ailə tərkibində arvadı-İddiaçıS, oğlu- Ceyhun, qızları-İlhamə və Zülfiyyə qeyd edilmişdir.

3. AZ-İİ 110667 nömrəli, xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

4. AZ-İİ 177192 nömrəli, xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

5. AR DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2ında qeydiyyatdadır.

6. İddiaçı ünvan 2ında yerləşən mənzil üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-11259/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı DOS-102, ev 61 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar hissəsinin 2 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 173 nömrəli arayışından görünür ki, DOS-102 ev 61 X3nun adınadır. X3 yuxarıda göstərilən mənzildə xx.xx.1978-ci ildən xx.xx.2020-ci il tarixədək (vəfat edən günədək) ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda mənzildə İsmayılov T.E. oğlunun həyat yoldaşı İddiaçı yaşayır.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2024-cü il tarixli, 1893 nömrəli cavab məktubundan görünür ki, Gəncə rayon Mənzil İstismar hissəsinin balansında olan, ünvan 2ında yerləşən mənzil SSRİ Müdafiə Nazirliyinin Kirovabad rayon Mənzil-İstismar hissəsi tərəfindən 10 yanvar 1978-ci il tarixli 8 nömrəli orderə əsasən ailə üzvləri qeyd olunmaqla vətəndaş X7 adına verilmişdir. Vətəndaş T.E.İsmayılovun vəfatından sonra qanunla müəyyən olunmuş müvafiq qaydada müraciət olunmadığı üçün mənzilin şəxsi hesab vərəqəsi hər hansı bir ailə üzvünün adına dəyişdirilməmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2ında yerləşən daşınmaz əmlak Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır, açıq hərbi şəhərcikdə yerləşir, xüsusi təyinatlı mənzil fonduna aiddir, xüsusi təyinatlı fonddan çıxarılmayıb və yuxarıda göstərilənlərə əsasən xidməti mənzil sayılır. Mənzil xx.xx.1978-ci ildə 8 nömrəli orderə əsasən İddiaçı əri X9 verilmişdir. T.İsmayılov xx.xx.2020-ci ildə vəfat etmişdir. Mənzil hal-hazırda mərhum X7 adınadır.

10. 21.05.2025-ci il tarixində X4 tərəfindən verilmiş notarial ərizədən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlakın İddiaçı adına bütövlüklə özəlləşməsinə (rəsmiləşməsinə) razılıq vermişdir.

11. 21.05.2025-ci il tarixində X8 tərəfindən verilmiş notarial ərizədən görünür ki, ünvan 6 ünvanında yerləşən əmlakın İddiaçı adına bütövlüklə özəlləşməsinə (rəsmiləşməsinə) razılıq vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2ında yerləşən mülkün onun adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X14 ilə 30 dekabr 1970-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı Əfqanistan döyüşlərində və Çernobıl hadisələrində iştirak etmişdir və Əfqanistan müharibəsinin veteranı olub. SSRİ Müdafiə Nazirliyinin Kirovabad rayon hərbi dairəsi tərəfindən 1978-ci ildə 2 otaqdan ibarət və ümumi yaşayış sahəsi 23,75 kv.m-dən ibarət olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi pay olaraq hərbçi kimi mərhum həyat yoldaşı X9 verilmişdir. Həmin mülkə dair 10 yanvar 1978-ci il tarixdə 8 nömrəli order verilmiş və o, üç övladı ilə birlikdə həmin mülkə qeydiyyata alınmaqla yanaşı, o gündən bu günə kimi həmin ünvanda yaşayır. Onu da qeyd edir ki, mərhum həyat yoldaşı X14 07 oktyabr 2020-ci il tarixdə ürək çatışmazlığından dünyasını dəyişdikdən sonra, o və onun himayəsində olan 1-ci Qarabağ müharibəsinin 1-ci qrup əlili olan oğlu X12 ilə birlikdə həmin ünvanda yaşayır. Həmçinin, mərhum həyat yoldaşı ilə birlikdə iddiaçı həmin mülkdə ailə büdcəsinin hesabına dəfələrlə yenidən əsaslı tikinti və təmir işləri aparmışdır. İddiaçı və ailə üzvüləri 47 ilə yaxındır ki, həmin ünvanda yaşamaqla yanaşı bu günə kimi bütün kommunal xərclər (qaz, işiq və su pulu) ailə üzvlərinin adına qeydiyyata alınaq onlar tərəfindən ödənilir. Onun müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış və müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı, belə ki, ünvan 2ında yerləşən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmişdir və ərizənin icrasından imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8, X2, X6 və Azərbaycan Respublikası Müdafiə Nazirliyi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2ında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X2 iddia tələbinə etirazının olmadığını bildirmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2093/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, ünvan 2ında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyul qərara alınmışdır.

20. Məhkəmə iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2093/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil “xidməti mənzil” olduğundan, həmin mənzil üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyata alınması qanunvericiliklə nəzərdə tutulmamışdır (xüsusilə, bu vətəndaş hərbi qulluqçu deyildirsə, ümumiyyətlə həmin məsələdən söhbət gedə bilməz). Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2024-cü il tarixli 1893 nömrəli və xx.xx.2025-ci il tarixli 3- 25-114/2-555/2025 nömrəli məktublarına əsasən, ünvan 2da yerləşən mənzil Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin balansındadır, xüsusi təyinatlı mənzil fonduna aiddir və “xidməti mənzil” sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin 1-ci abzasına əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində olan mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Göründüyü kimi, iddia predmeti olan ünvan 2da yerləşən mənzil “xidməti mənzil” statusu daşımaqla, “xidməti mənzil” kateqoriyasına daxil olan mənzillərin özəlləşdirilməsi qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə uyğun deyildir. İstinad edilən normaların tələbinə uyğun üçüncü şəxs tərəfindən məhkəməyə müvafiq etiraz ərizəsi ilə bildirildikdən sonra məhkəmə iddianın dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul edərək “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması” olaraq iddianı qəbul etmişdir. Halbuki “mənzilin özəlləşdirilməsi” anlayışı da mülkiyyət hüququnun elementi olmaqla, xidməti mənzilin özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər mülkiyyət hüququnun qeydiyyata alınmasına da şamil edilir. Məhkəmə isə qanunvericiliyin yuxarıda sadalanan normalarına əhəmiyyət verməmiş, heç bir konkret əsas göstərmədən iddianı təmin etmişdir. “Mülkiyyət hüququnun qeydiyyata alınması” anlayışına səthi yanaşan məhkəmə qanunvericiliyin müddəalarını əsas götürmədiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə də nəzər salmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu, məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarı ilə formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, hətta mənzildə qeydiyyatda olmaq faktoru da həmin mənzil üzərində istifadə hüququnun və ya digər əlaqədar hüququn - mülkiyyət hüququnun yaranmasına əsas vermir. Məhkəmə isə iddiaçının mənzildə qeydiyyatda olmasını əsas götürməklə Konstitusiya Məhkəməsi Plenumunun yanaşmasına zidd olaraq iddianın təmin edilməsinə dair qanunsuz qərar çıxarmışdır. Digər tərəfdən, məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, artıq qeyd edildiyi kimi, iddiaçının həmin mənzildə qeydiyyatda olması mənzilə dair hüquq irəli sürməyi üçün əsas deyildir. Ən əsası isə məhkəmə mübahisəli mənzilə dair orderin iddiaçının mərhum əri X7 adına olduğunu qeyd etmişdir. Deməli, həmin mənzil barədə hər hansı hüquq irəli sürmək mümkünlüyü üçün iddiaçı ən azından mərhum ərinin vərəsəsi olmasına (vərəsəliyi qəbul etməsinə) dair vərəsəlik haqqında şəhadətnaməyə malik olmalıdır. Lakin iş materiallarında iddiaçının vərəsəlik haqqında şəhadətnaməsi mövcud deyildir, məhkəmə isə bu nüansa heç bir münasibət bildirməmişdir. Təəssüf ki, göstərilən xüsusatların heç biri məhkəmə tərəfindən nəzərə alınmamış və ya nəzərə alınmasından imtina edilmişdir. Eyni zamanda məhkəmənin mübahisələndirilən qərarının nəticə hissəsində “mülkiyyət hüququnun qeydə alınması” qeyd edilsə də, kimin mülkiyyət hüququnun qeydiyyata alınmalı olması göstərilməmişdir (subyektin adı, soyadı, ata adı qeyd edilməmişdir). Hesab edilir ki, bu amil “formal” olaraq qiymətləndirilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir

30. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

33. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prossesual hüquq normaları düzgün tətbiq olunmamışdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

46. İşin hallarından görünür ki, ünvan 2ında yerləşən mənzil SSRİ Müdafiə Nazirliyinin Kirovabad rayon hərbi dairəsinin 10 yanvar 1978-ci il tarixli, 8 nömrəli orderi əsasında X9 (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə həmin qurumun imtinasını mübahisələndirmişdir.

47. Birinci instansiya məhkəməsi inzibati orqanın imtinasını əsaslı və qanuni hesab etməyərək iddia tələbini təmin etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan (xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir) məhdudiyyətlər mövcud olduğundan, birinci instansiya instansiyası məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.

49. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2ında yerləşən daşınmaz əmlak Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır, açıq hərbi şəhərcikdə yerləşir, xüsusi təyinatlı mənzil fonduna aiddir, xüsusi təyinatlı fonddan çıxarılmamış və xidməti mənzildir.

50. İddiaçının mərhum ərinə mübahisəndirilən mənzilin verilməsi zamanı qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

51. Qüvvədə olan hazırkı Azərbaycan Respublikasında Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

53. Qeyd olunan normalar əsasında, eyni zamanda apellyasiya şikayətinin dəlilləri həcmində iş materiallarını araşdıran kollegiya hazırki iddianı əsaslı hesab etmir. Çünki iş materiallarından görünür ki, ünvan 2ında yerləşən yaşayış sahəsi hazırkı iddiaçının mərhum əri X9 (onun ailə üzvlərinə) xidməti vəzifəsinə görə verilmişdir. Mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil fonduna aiddir. İddiaçıya mübahisəndirilən mənzilin verilməsi zamanı qüvvədə olmuş və həmçinin hazlrda qüvvədə olan Mənzil Məcələsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi xidməti mənzildir. Mənzil qanunvericiliyinin tələbinə əsasən, xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir.

54. İddiaçının adı çəkilən hərbi şəhərcikdə bəzi mənzillərin özəlləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

55. Məhkəmə kollegiyası həmçinin apellyatorun şikayətdə göstərdiyi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, orderə əsasən İddiaçı ailə üzvü kimi mənzilə köçürülmüş şəxslərin kateqoriyasına aiddir və X14 vəfat etdiyindən hazırkı tələblə müraciət edə bilərdi.

56. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.

57. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

58. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2093/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar