Məhkəmə qərarları › İş №2-1(104)-442/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-442/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-442/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğvi, işə bərpa və s. tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, “sərəncamın ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-635/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh xx.xx.2016-cı il tarixli 116 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh başçısının köməkçisi X6, Kəlbəcər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi - məsləhətçi X7, Kəlbəcər RİHB aparatının baş mütəxəssisi X5, Kəlbəcər RİHB aparatında mühafizə xidməti aparan, Göygöl Rayonlararası Mühafizə Bölməsinin əməkdaşı-mühafizəçi X1 və Kəlbəcər RİHB aparatı, baş mühasib X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmununda qeyd olunur ki, Bağlıpəyə İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı xx.xx.2023-ci il tarixdə RİH binasında cədvəl üzrə gecə növbətçisi olduğu, lakin növbətçi yerinə gəlmədiyi üçün başçının köməkçisi M.Həsənov ona zəng edərək gəlməsini bildirmişdir. O, səhər saat 09:00 radələrində RİH-nin inzibati binasına gəlmiş və köməkçi ilə söhbət etmişdir. Sohbət əsasında sözləri üst-üstə düşmədiyi üçün aralarında mübahisə yaranmış və anlaşılmazlığa aydınlıq gətirmək uçün RİH başçısının qəbuluna gəlmişlər. Aktda adları qeyd olunan əməkdaşların yanında Kəlbəcər RİH başçısının gözləmə otağında yenidən mübahisə etmiş və başçının köməkçisi Murov Həsənova fiziki güc tətbiq edərək döymüşdür. Kəlbəcər RİH başçısı X2 İsmayılovu öz xidməti otağına dəvət etmiş, ona dövlət qulluqçusunun etik davranış qaydalarını kobud surətdə pozduğunu bildirmiş və onun M.Həsənovdən üzr istəməsini qeyd etmişdir. Ancaq İddiaçı üzr istəməyəcəyını bildirmişdir. İddiaçı yazılı izahat verməsi bildirilsə də o izahat verməkdən imtina etmiş və RİH-nin inzibati binasını tərk etmişdir.

3. Cavabdeh başçısının 22 avqust 2023- cü il tarixli, 165 nömrəli əmrinə əsasən Kəlbəcər RİHB-nın Bağlıpəyə kənd İƏD üzrə nümayəndəsi İddiaçı xx.xx.2023-cü il tarixdə Kəlbəcər RİHB-nın inzibati binasında növbətçi olan zaman heç bir üzrlü səbəb olmadan iş yerinə gəlmədiyinə görə ona töhmət verilməsi əmr edilmişdir.

4. Cavabdeh başçısının 23 avqust 2023- cü il tarixli, 79 nömrəli sərəncamına əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddəsinə uyğun olaraq həmin tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

5. Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-55/2-274/2024 saylı məktubunda qeyd edilmişdir ki, iddia tələbinin tam hissədə təmin olunmasına və İddiaçı işə bərpa edilməsinə etirazı yoxdur.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, itirilmiş əmək stajının hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh Başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş,həmin tarixdən 23 avqust 2023-cü il tarixə qədər icra nümayəndəsi vəzifəsində şəhid oğluna yaraşan qaydada qüsursuz işləmişdir. Ona görə də Cavabdeh başçısı Azər Qocayevin 20 iyun 2023-cü il tarixli sərəncamı ilə "fəxri fərman" ilə təltif edilmişdir. Buna baxmayaraq ona məlum olmayan səbəbdən Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamı ilə əsasız yerə vəzifəsindən azad edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-635/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş və hazırda mübahisələndirilən sərəncam qanuni və əsaslıdır, ləğv edilməsi üçün hüquqi əsas yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, işəgötürən onun işdən çıxarılmağı ilə bağlı həmkarlar təşkilatına təqdimat yazmalı, həmkarlar təşkilatı on gün müddətinə araşdırma aparmalı idi. Ancaq Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri pozulmuşdur.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin ərizəsində qeyd olunmuşdur ki, İddiaçı Kəlbəcər RİNH-nın Bağlıpəyə KİƏD üzrə nümayəndəsi vəzifəsində işləməsinə etiraz edilməmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun işdən çıxarılması zamanı izahatı alınmamış, barəsində hər hansı bir araşdırılma işi açılmamışdır.

14. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək iddiaçının işə bərpa olunmasına etiraz etmədiklərini bildirdi, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

15. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi; 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə: 1.6. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. 2.10. Yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 70.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

71. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.

21. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Cavabdeh başçısının 23 avqust 2023cü il tarixli, 79 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddəsinə uyğun olaraq həmin tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

22. İddiaçı həmin sərəncamı mübahisələndirmiş, onun əsassız olmasını irəli sürərək ləğv edilməsini, habelə, işə bərpa olunmasının təmin olunmasını cavabdeh orqandan tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsassız hesab edilərək təmin olunmamışdır.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

24. İş materiallarında olan Cavabdeh xx.xx.2016-cı il tarixli 116 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

25. Kəlbəcər RİHB-nın köməkçisi X6, Kəlbəcər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi - məsləhətçi X7, Kəlbəcər RİHB aparatının baş mütəxəssisi X5, Kəlbəcər RİHB aparatında mühafizə xidməti aparan, Göygöl Rayonlararası Mühafizə Bölməsinin əməkdaşı-mühafizəçi X1 və Kəlbəcər RİHB aparatı, baş mühasib X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmununda qeyd olunur ki, Bağlıpəyə İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı xx.xx.2023-ci il tarixdə RİH binasında cədvəl üzrə gecə növbətçisi olduğu, lakin növbətçi yerinə gəlmədiyi üçün başçının köməkçisi M.Həsənov ona zəng edərək gəlməsini bildirmişdir. O, səhər saat 09:00 radələrində RİH-nin inzibati binasına gəlmiş və köməkçi ilə söhbət etmişdir. Sohbət əsasında sözləri üst-üstə düşmədiyi üçün aralarında mübahisə yaranmış və anlaşılmazlığa aydınlıq gətirmək uçün RİH başçısının qəbuluna gəlmişlər. Aktda adları qeyd olunan əməkdaşların yanında Kəlbəcər RİH başçısının gözləmə otağında yenidən mübahisə etmiş və başçının köməkçisi Murov Həsənova fiziki güc tətbiq edərək döymüşdür. Kəlbəcər RİH başçısı X2 İsmayılovu öz xidməti otağına dəvət etmiş, ona dövlət qulluqçusunun etik davranış qaydalarını kobud surətdə pozduğunu bildirmiş və onun M.Həsənovdən üzr istəməsini qeyd etmişdir. Ancaq İddiaçı üzr istəməyəcəyını bildirmişdir. İddiaçı yazılı izahat verməsi bildirilsə də o izahat verməkdən imtina etmiş və RİH-nin inzibati binasını tərk etmişdir.

26. Cavabdeh başçısının 23 avqust 2023- cü il tarixli, 79 nömrəli sərəncamına əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddəsinə uyğun olaraq həmin tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

27. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddəsinə uyğun olaraq işdən azad edilən zaman “Dövlət qulluğu haqqında” Qanunun tələbləri, eləcə də Əmək Məcəlləsinin müddəaları pozulmuşdur. 28.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.10-cu maddəsinə əsasən dövlət qulluqçusu həmkarlar ittifaqlarında birləşmək hüququna malikdir. 29.Təqdim olunmuş inzibati icraat materiallarında iddiaçının işdən azad edilməsinə dair inzibati aktın qəbulu zamanı iddiaçının üzv olduğu həmkarlar ittifaqının iclasının keçirilməsi, şəxsin həmin iclasda iştirakı və qərarın qəbul edilməsi müəyyən edilməmişdir. Halbuki həmkarlar ittifaqına üzv olan iddiaçının işdən azad olunmasına dair qərarın qəbulu zamanı bu cür icraat aparılmalı idi.

30. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

31. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı, onun izahatı alınmalı və müvafiq olaraq qərar qəbul edilməli idi.

32. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir.

33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən sərəncam qəbul edilən zamanı istər “İnzibati icraat haqqında” və “Dövlət qulluğu haqqında” qanunların, istərsə də əmək münasibətlərinə xitam verilməsinə dair əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

34. Bundan başqa iş materiallarında olan Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-55/2-274/2024 saylı məktubunda qeyd edilmişdir ki, iddia tələbinin tam hissədə təmin olunmasına və İddiaçı işə bərpa olunmasına etirazı yoxdur.

35. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, iddia tələbi təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-635/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh başçısının 23 avqust 2023-cü il tarixli, 79 nömrəli sərəncamı ləğv edilsin. İddiaçı Cavabdeh başçısının Bağlıpəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar