Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-443/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz rayon Qovlar bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-199/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-556/2024 nömrəli qərarı ilə (hakimlər N.Rəsulbəyova (məruzəçi), İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-199/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən verilmiş 0.10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2003-cü il tarixli, 2-230-2003 saylı qətnaməsinə əsasən ona sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmişdir. Həmin qətnamə icra olunmadığına görə 2021-ci ilin oktyabr ayında rəsmi ərizə ilə müraciət edərək, həmin qətnaməni icraya yönəldiləməsini xahiş etmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Tovuz rayon Qovlar bələdiyyəsinə göndərilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli iclas protokolu və qərarına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. O, həmin sahəyə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Tovuz rayon Qovlar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini Tovuz rayon Qovlar bələdiyyəsindən əldə etdiyini bildirsə də, hüquqlarının qeydiyyatı üçün vacib olan alqı-satqı müqaviləsi və torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyətinin rəyini ərizəyə əlavə etməmişdir. Bundan əlavə bələdiyyə qərarında 0.10 ha torpaq sahəsinin ayrılması qeyd edilsə də, hansı təyinatlı torpaq sahəsinin ayrılması qeyd edilməmiş, eyni zamanda qərara torpaq sahəsini plan və ölçü sənədi, ayrıc aktı, yerləşmə sxemi və məsafələr qeyd edilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Məhkəmə qərarının təsviri hissəsində reyestr xidmətinin imtinasının konkret halda X2 15-ci madəsinə istinad edilmədiyini qeyd etmiş, lakin nəzrə almamışdır ki, reyestr xidməti konkret imtina etməmişdir. Belə ki, vətəndaşın müraciəti hansı qaydada çıxarış almasını bildirmiş və qanunverciliyin tələbləri vətəndaşa izah edilmişdir. İnzibati orqan konkret imtina etməmişdir. Bələdiyyə tərəfindən prosesual qaydalara riayet etdikdən sonra dövlət reyestrində qeydiyyatın aparılmasına baxıla bilər kimi vətəndaşa izah edilmişdir. Bundan əlavə məhkəmə qərarının təsviri hissəsində göstərmişdir ki, bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırkı halda alqı-satqı müqaviləsi tərtib etmədən) satılması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeynə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina edilə bilməz. Başqa sözlə, bələdiyyə fəaliyətinə nəzarəti hazırki iş üzrə cavabdehin səlahiyyətinə aid olmadığından bu məsələ cavabdehin məsuliyyət sferasına aid olmadığından bələdiyyə müəyyən prosedur qaydalara riayət etməməsi əsası ilə satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz fikirinə münasibətdə bildirirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyənin fəaliyyətinə nəzarət edən qurum olmasa da dövlət reyestrini aparan və reyestrin aparılmasına cavabdeh orqandır. 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.00000 Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı və üçüncü şəxs Tovuz rayonu Qovlar bələdiyyəsinin məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alğı-satqı müqaviləsi tərtib etmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından və bu məsələ cavabdehin məsuliyyət sferasına aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, bələdiyyə müvafiq məhkəmə qərarının icrası istiqamətində qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-230- 2003 nömrəli qətnaməsindən görünür ki, İddiaçı sahibkarlıq məqsədi ilə Qovlar bələdiyyəsinin 03 mart 2003-cü il tarixli 08 saylı qərarı ilə 30 kv.m torpaq sahəsi satılmış, İddiaçı həmin torpaq sahəsində sahibkarlıq məqsədi ilə mağaza üçün tikili inşa etdirməyə başlamış, lakin məhkəmənin qeyd olunan qətnaməsi ilə Qovlar bələdiyyəsinin 03 mart 2003-cü il tarixli 08 saylı qərarının ləğv edilməsi və həmin tikilinin sökülməsi, İddiaçı sahibkarlıq məqsədi ilə başqa yerdə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan 2(062)-230/2003 nömrəli, xx.xx.2021-ci il tarixli Tovuz Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, xx.xx.2003-cü il tarixli qətnamə icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 10 nömrəli iclas protokolundan görünür ki, Qovlar şəhər sakini İddiaçı müraciəti, Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsi və xx.xx.2021-ci il tarixli icra vərəqəsi, həmçinin Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu nəzərə alınaraq İddiaçı razılığı ilə sahibkarlıq məqsədi üçün Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ona görə ki, satılacaq torpaq sahəsi satıcının adında qeydiyyata alınmamış, hüquqların qeydiyyatı üçün notariat qaydasında təsdiq olunmuş müqavilə təqdim olunmamışdır. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçıya məhkəmə qərarı ilə sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1.); torpaq sahəsinin planı və ölçüsü (10.2.2.); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi (10.2.3.); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4.). Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından göründüyü kimi Qovlar bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı sahibkarlıqla məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi satılmışdır. Tovuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2003-cü il tarixli, 2-230-2003 saylı qətnaməsinə əsasən iddiaçıya sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmişdir. Həmin qətnamə icra olunmadığına görə 2021-ci ilin oktyabr ayında rəsmi ərizə ilə müraciət edərək, həmin qətnaməni icraya yönəldiləməsini xahiş etmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Tovuz rayon Qovlar bələdiyyəsinə göndərilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli iclas protokolu və qərarına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 30 kv.m yox, 0,10 ha (1000 kv.m) torpaq sahəsi ayrılması qərara alınmış, satılmış torpaq sahəsinin koordinatları müəyyən olunmamış, bələdiyyə satılacaq torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almamışdır. Bununla belə iddiaçı həmin torpaq sahəsini dövlət reyestrində qeydə alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müarciət etmiş və ona imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qovlar bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli qərarı tələb edilmiş və müəyyən olunmuşdur ki, Qovlar bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı sahibkarlıqla məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi satılmışdır. Eyni zamanda Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsində “iddiaçı iddiasını müdafiə edərək Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarına əsasən 30 kv.m. torpaq sahəsi almış, bir otaqlı tikili inşa etmişdir.” qeyd edilməsinə baxmayaraq Qovlar bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarında “Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçıya sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsi satılmış, bununla belə həmin torpaq sahəsi üzərində bələdiyyənin sərəncam vermə hüququnu təsdiq edən sənəd, satılmış torpaq sahəsinin koordinarlarını özündə əks etdirən plan-ölçü sənədi təqdim olunmamışdır. Cavabdeh orqan dövlət reyestrini aparan və reyestrin aparılmasına cavabdeh olduğundan əsaslı olaraq torpaq sahəsini dövlət reyestrində qeydə almaqdan imtina etmişdir. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək şikayətlə mübahisələndirilən qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz rayon Qovlar bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-443/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-443/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver