Məhkəmə qərarları › İş №2-1(104)-444/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-444/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-444/2025 04.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, “müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1834/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xxxxxxx0003 nömrəli göndərişinə əsasən “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və TSEK-in xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-15031/2024 nömrəli qərarı ilə “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

2. Tibbi Sosial Ekspert Komissiyasının əsas qiymətləndirmə nəticəsinə dair çıxarışdan görünür ki, İddiaçı təyin edilmiş diaqnozun mətni “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” (XBT: İX sinif – Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 – Serebrovaskulyar xəstəliklər => İ67 – Digər serebrovaskulyar xəstəliklər => İ67.4 – Hipertenziv ensefalopatiya) kimi qeyd edilmiş və “Tam reabilitasiya olması (Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

İşdə olan sənədlər:

3. Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticəsinə əsasən, İddiaçı xx.xx.2004-cü il tarixdə ilkin olaraq 1 il müddətinə “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” doqnozu əsasında ümumi xəstəlik səbəbi ilə, xx.xx.2014-cü il tarixdə “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu əsasında müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Ak. Z.Məmmədov adına Gəncə şəhər TTTYX-nın Radiologiya bölməsinin xx.xx.2023-cü il tarixli baş beynin MR görüntülənməsi vərəqində İddiaçı barəsində nəticə “Minimal beyin atrofiyası, Hər iki sentrum semiovalidə və periventrikulyar nahiyədə dərin ağ maddədə tək-tək mikroangiopatik ocaqlar (Fazekas1)” kimi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli Histopatoloji müayinə nəticəsində İddiaçı barəsində klinik diaqnoz – “Postbulbar hissə submukozal törəmə”, makroskopiya – “iki ədəd – 0.2 sm ölçüdə qaramtıl tikə”, mikroskopiya – “müayinə olunan tikələrdə iltihabi infiltrasiya və vəzi strukturlar aşkar olunur”, Histopatoloji diaqnoz – “iltihabi mikoza, bulbar biopsiya” kimi qeyd edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-172120/2025 nömrəli məktubuna əlavə edilmiş pensiya ödənişinə dair sənədlərdən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, həmin tarixdən 363,87 manat məbləğində pensiya ödənilməsinə başlanmış, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla pensiya ödənişi dayandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü ildən etibarən onun ikinci dərəcəli əlilliyinin dayandırılması barədə qərarın ləğv edilərək, həmin tarixdən əlilliyinin bərpa edilməsinin cavabdeh orqana həvalə edilməsi və bu günə qədər ödənilməmiş pensiyanın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli müddətsiz əlillik statusuna malik olmuş, 2024-cü ilin avqust ayınadək əlillik pensiyası almış, lakin həmin tarixdən ona pensiya verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyasının ona göndərdiyi imtina məktubunda göstərilmişdir ki, imtinanın səbəbi tam reabilitasiya olması və bu barədə qərarın qəbul edilməsidir. Cavabdeh orqanın ona göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olarkən təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verən məhdudiyyətlər olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bundan sonra Tibbi Sosial Ekspert Komissiyasında da qəbulda olarkən eyni nəticəyə gəlinmişdir. Ona iyun ayında müraciət edilib ki, komissiyadan keçməlidir. 2024-cü ilin iyul ayında o, tibbi komissiyada olmuşdur. Orada olarkən sadəcə başdansovdu tibbi sənədləri vərəqlənmiş, ümumiyyətlə heç bir müayinədən keçirilməmişdir. O, imtina qərarında göstərilən diaqnozdan daha ağır xəstədir. Belə ki, beş dəfə əməliyyat olunmuşdur. Gəncə 2 saylı Şəhər Xəstəxanasından verilən epilqrizdən çıxarışda MRT-nin cavabı “beyin atrofiyası kompensator ventrikulomeqaliya.ocaqlar aşkarlanır, vel im inteıpozitum kist. Onurğanın MR Müayinəsində qeyd edilmişdir ki, “sola meyilli yırtığı aşkar edilmişdir. Bundan başqa hər il X4 müayinədən keçərkən ona “kardia məngənəsinin çatmamazlığı (İ dərəcəli), panqastrit, duodenit, postbulbar hissənin submukozal törəməsi” kimi ağır diaqnozlar qoyulmuşdur. O, bu xəstəliklərlə demək olar ki, iş qabiliyyəti xeyli azalmışdır və ağrıkəsici dərmanlardan istifadə etməklə hərəkət edir. Əməliyyat olmağına baxmayaraq submukozal törəmələr yenidən əmələ gəlmişdir, ona görə də, həkim nəzarətindədir.

9. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş ikinci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Cavabdeh orqanın iddia tələbinə dair xx.xx.2025-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhəri Müharibə və X3 xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir. Gəncə şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında, əyani müayinəyə dəvət edilərək, həkim-ekspertlər tərəfindən müayinə edilmişdir. ƏAS-də olan məlumatlardan məlum olmuşdur ki, İddiaçı barəsində əmək zəmanəti “Əmək qabiliyyətsizdir” olmaqla, xx.xx.2014-cü il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Müayinə zamanı şikayətlərinin yalnız baş ağrılarından və arabir baş gicəllənməsindən olduğunu, anamnestik olaraq aldığı müalicələr nəticəsində səhhətində müsbət dinamika izlənildiyini bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 nömrəli Şəhər Xəstəxanasının “Nevrologiya” şöbəsinin xx.xx.2019-xx.xx.2019-cu il tarixli epikrizində diaqnoz “Vertebro bazilyar sistemində qan dövranın pozğunluğu kortikal atrofiya” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının “Radiologiya” şobəsində aparılmış MRT müayinəsinin nəticəsinə əsasən əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Obyektiv müayinə zamanı, sümüküstü və vətər reflekslər D=S orta canlı, əzələ gücü yuxarı və aşağı ətraflarda 5 bal, əzələ tonusu isə normal olmuş, “Hoffman”, “Babinski” refleksləri mənfi qeyd edilmiş, koordinator sınaqları düzgün icra etmiş, “Romberq” vəziyyətində cüzi səndələmiş, yerişi sərbəst izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit müəyyən edilməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələrinə əsasən TSEK tərəfindən xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1834/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunmuş, əyani müayinədə olmuş, “Tam reabiltasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçının daha əvvəl müddətsiz əlilliyi olmasına baxmayaraq cavabdeh orqan iddiaçının əlilliyinin növbəti dəfə müayinəyə çağırmış, lakin bu müayinə üçün əsaslı şübhənin nədən ibarət olmasını əsaslandırmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixində qərar mövcud olmasına baxmayaraq o, müvafiq qərarı 30 gün ərzində mübahisələndirmədiyindən iddia mümkünsüz hesab olunmalıdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçı isə etiraz edərək təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, illərdir xəstəlikdən əziyyət çəkir, ona köməklik olunmasını xahiş edir.

Tətbiq edilən hüquq:

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır- 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “Xr baş beyin araxnoidit kəskinləşməsinin kəllə daxili hipertenziya. Diensefal sindrom tez tez müşahidə olunan vegetativ damar paraksizmaları. Ensefalopatiya 4 mərhələ xr3-lü siniurin nevrolgiyası” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

24. İddiaçı əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, bundan sonra əyani müayinəyə dəvət edilərək həkim-ekspertlər tərəfindən müayinə edilmiş və nəticədə barəsində TSEK-in xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-15031/2024 nömrəli qərarı ilə “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.

26. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.

27. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü ilə əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir.

28. Hazırki işdən görünən odur ki, cavabdeh inzibati orqan özünün əvvəlki əlverişli inzibati aktının qanuni olaraq qəbul edildiyini hesab etməklə, sonradan iddiaçının sağlamlıq vəziyyətinin tam reabilitasiya olunması səbəbindən hazırda mübahisələndirilən – xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-15031/2024 nömrəli qərarı qəbul etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əlverişli inzibati aktın ləğvi halında inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.

30. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.

31. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir.

32. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

33. Məhkəmə tərkibi qeyd edir ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.

34. Hazırki qərarın 18-ci bəndindən göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.

35. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Belə ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

36. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əyani müayinəsi onun əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh orqana etdiyi müraciət əsasında aparılmış, nəticədə “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 15031/2024 nömrəli qərar qəbul olunmuşdur. Cavabdeh inzibati orqan isə iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qəbul etdiyi qərarın əsaslılığına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Bu hal isə cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir.

37. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

38. Belə olan halda, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, “Tam reabilitasiya olunma” barədə qərar qəbul edilmişdir ki, o da yuxarıda sadalanan hallara və əsaslara görə qanunsuz inzibati akt olmuşdur.

39. Kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə düzgündür. Qanunvericiliyin tələblərinə görə əlillik bu barədə qərarın (inzibati aktın) qəbul edilməsi ilə əldə edilən statusdur. Başqa sözlə, həlledici olan baxılan məsələyə dair (hazırkı halda əlilliyin bərpası məsələsinə münasibətdə) inzibati orqanın hakimiyyət tədbirinin həyata keçirilməsinə yönəlmiş iradə ifadəsinin mövcudluğudur.

40. Eyni zamanda, nəzərə alınmalıdır ki, işdəki materiallarla təsdiq olunur ki, müddətsiz əlilliklə bağlı uzun müddət iddiaçıya pensiya ödənişləri aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-172120/2025 nömrəli məktubuna əlavə edilmiş pensiya ödənişinə dair sənədlərdən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, həmin tarixdən 363,87 manat məbləğində pensiya ödənilməsinə başlanmış, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla pensiya ödənişi dayandırılmışdır.

41. Göründüyü kimi, cavabdeh qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı məsələdə icraatla bağlı tələblərdən biri olan müddətsiz əlilliyin müəyyən olunmasına dair xx.xx.2014-cü il tarixli qərarın taleyi ilə bağlı məsələni də həll etməli olduğu halda, bunu etməyərək sözügedən qərarı ləğv etməmiş, cavabdeh faktiki xarakterli hərəkətlərlə iddiaçıya münasibətdə onun müddətsiz əlilliyini dayandırmışdır.

42. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi göstərmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixində qərar mövcud olmasına baxmayaraq o, müvafiq qərarı 30 gün ərində mübahisələndirmədiyindən iddia mümkünsüz hesab olunmalıdır.

43. Bununla bağlı qeyd edilir ki, mübahisələndirilən – xx.xx.2024-cü il tarixli qərarın cavabdeh tərəfindən iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər məhkəmə sorğusu ilə tələb edilsə də, buna dair heç bir sübut təqdim olunmamışdır.

44. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

45. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edib, həmin aktı iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etməmiş, hətta bunu apellyasiya şikayətinin dəlili kimi istifadə etməklə iddia tələbinin mümkünsüz hesab olunmasına dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

46. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir.

47. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıdığından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1834/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar