Məhkəmə qərarları › İş №2-1(104)-445/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-445/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-445/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Süleymanzadə Fərid Nazim oğluna fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-477/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğluna doğuş zamanı aldığı bir çox travmalardan - nitq qüsuru, çəpgözlük, zəif görmə, onurğanın skaliozu, döş qəfəsinin deformasiyası və digər xəstəliklərdən əziyyət çəkdiyinə görə 2014-cü ildə müayinə olunaraq müavinət təyin edilmişdir. Bu günə qədər S.Fərid gözündəki problemlərə görə eynəklərdən, onurğa və döş qəfəsinin çökməsi probleminə görə korsetdən istifadə edir. Bir korsetin hazırlanması üçün 500 manat civarında pul xərclənir. Onurğada skalioz, döş qəfəsinin çökməsi ilə əlaqədar hər il mütəmadi, ən azı 4 dəfə müayinə və müalicəyə ehtiyacı var. Həkimlər bu xəstəliyin müalicəsi üçün uyğun sanatoriyalarda müalicə almağını məsləhət görürlər. Hətta S.Fəriddə olan qüsurların aradan qaldırılması üçün hər gün korsetdən istifadə etməsini, güclü qidalanmasını, dərmanlardan istifadə etməsini, hər il mövsümi olaraq dəniz çimərliyindən istifadə etməsini həkimlər valideyn olaraq məndən tələb edir, məsləhət görürlər. S.Fəridin müalicəsi üçün həkimlərin tövsiyyə etdikləri müalicə və müalicə üçün dərman və digər vasitələr, müalicə üçün lazımı şəraitin yaradılması onun imkanın xaricindədir. Maddi imkanları övladının sağalmasına yetmir. xx.xx.2022-ci il tarixində TSEK-in fiziki qüsurlu uşaqlara, övladı olaraq S.Fəridə növbəti dəfə müayinədən keçməsi ilə əlaqədar dayandırılmışdır. Həmin vaxtdan müvafiq tibb müəssisələrindən S.Fərid barədə tələb olunan, aldığı arayışları, ekiprizləri, labarator - rentgen və digər müayinələrlə bağlı sənədləri müvafiq quruma təqdim etmişdir. Tələb edilən səndələri dərhal tibb müəssisəsinə təqdim etmişdir. Hər dəfə Gəncə şəhər BUX-nın poliklinika şöbəsi tərəfindən TSEK-ə göndərilmiş məlumatların cavabı olaraq natamam doldurulma kimi qiymətləndirilərək rədd cavabı verilib. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Süleymanzadə Fərid Nazim oğluna fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-477/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı X6 fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-477/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı X11in sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı Gəncə İnzibati Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2-1(114)-1855/2024 saylı qərardad qəbul edilmişdir. Qərardadda qeyd olunur ki, mübahisə ilə bağlı məhkəminin qərarı qəbul edilənədək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı X4 müraciəti ilə bağlı xx.xx.2010-cu il təvvəllüdlü Süleymanzadə Fərid Nazim oğlu əyani müayinə olunaraq forma 88 arayışında qeyd edilən xəstəliklərin öz əksini tapıb-tapmaması bu xəstəliklərin sağlamlıq imkanlarının məhdudluğuna imkan verib verməməsi ilə bağlı 1 ay müddətində qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. xx.xx.2024-cü il tarixində X8 Tibbi-Sosial Eksperitiza və Reablitasiya Agentiliyinə əyani müayinəyə dəvət etdilər. xx.xx.2024-cü il Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qiymətlədirməsinə görə Süleymanzadə Fərid Nazim oğlu sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yəni 1il pensiya və müavinət təyin olunmuşdur. Sözügedən müavinətlə bağlı fiziki qüsurlu Süleymanzadə Fəridin epikrizlərini labarator müayinə sənədlərini 2022-ci il iyul ayında yəni komisya vaxtı həkim komissiyasına təqdim etmişdir. Süleymanzadə Fərid sənədlərdəndə göründüyü kimi 2022-2023-cü illərdə sağlamlıq imkanları məhdud olmuşdur. Fiziki qusurlu uşaqlara müavinət təyin olunarkən mövcud qanunvericiliyə görə ödəniş 3 il üçün nəzərdə tutulur. X11 fiziki qüsurlu hesab olunsa da, ona 1 il müdətinə müavinət ödənilmişdir. İddiası ilə bağlı Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-477/2025 saylı qərardadının fiziki qüsurlu uşaqların müavinətlə təmin olunmasına dair Azərbaycan Respublikasının mövcud qanunlarına zidd olmasını nəzərə alaraq ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Gəncə İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və əlavə olaraq sədrlik edənin sualına cavabında bildirdi ki, məhkəmənin qərardadına əsasən onun övladına təyin edilmiş əlillik 3 il müddətinə təyin edilməli və ödənilməli idi, hazırki tələbi ona ödənilməyən 2 il müddətə görə ödənişin verilməsidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının övladının hazırda qüvvədə olan əlilliyi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konsitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konsitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konsitusiyanın 71-cı maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi aydın olmamaqla bərabər, qeyd etdiyi tələbinə dair cavabdeh orqana müraciət etməmiş, eyni zamanda iddiaçının iddia tələbində qeyd etdiyi dövrlər üzrə övladının adına göndəriş rəsmiləşdirilməmişdir. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq iddia tələbində qeyd edilən tələblə bağlı hazırkı iş üzrə cavabdehə və ya digər hər hansı aidiyyəti quruma müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Süleymanzadə Fərid Nazim oğlunun əlillik vəziyyəti ilk dəfə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 2 (iki) il müddətinə “ilkin” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 3 (üç) il müddətinə uzadılaraq “təkrar” SİMU; xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, valideynin müraciəti əsasında Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli R00033191ZVH nömrəli, xx.xx.2022-ci il tarixli K00048855BYB nömrəli, xx.xx.2023-cü il tarixli T00097610YDQ nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan valideyn - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Süleymanzadə Fərid Nazim oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, həmin qərardad əsasında, övladı F.Süleymanzadə DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli qərarla qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması barədə qərar qəbul edilsin. Bundan sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Süleymanzadə Fərid Nazim oğluna fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəni inzibati məhkəmə icraatına qəbul etmiş və həmin tələb üzrə iddianı mümkün saymamışdır. Beləliklə məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, inzibati məhkəmə icraatına qəbul edilmiş dəqiqləşdirmə ərizəsində qeyd edilən (müavinətin 3 il üzrə ödənilməsi) tələb üzrə cavabdeh qismində “Dövlət Sosial Müdafiə Fondu” göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh qismində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”ni saxlamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hər ikisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində fəaliyyət göstərməklə Nazirliyin 2 fərqli fəaliyyət istiqaməti üzrə funksiyalarını icra edirlər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə görə Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir (Nizamnamənin 1.1 və 1.2-ci bəndləri). Həmçinin, həmin Fərmanla təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir (Nizamnamənin 1.1 və 1.2-ci bəndləri). Beləliklə məhkəmə kollegiyası hazırki işin faktiki hallarına nəzərən qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi ilə müəyyən olunmuş məhkəmənin “yardım etmək vəzifəsi”ni icra etməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində yardım etmək əvəzinə, iddia tələbinə olduğu kimi baxaraq onu mümkün saymamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil. Bu zaman həm də birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlamalı, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində və yanlış iddia növünün münasibləri ilə əvəz olunmasında ona hüquqi yardım göstərməlidir. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçı məhkəmənin qərardadına əsasən onun övladına təyin edilmiş əlilliyin 3 il müddətinə təyin edilməli və ödənilməli olduğunu, hazırki tələbinin ona ödənilməyən 2 il müddətə görə ödənişin verilməsi olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı övladının sağlamlıq imkanlarının məhdudluğuna görə müavinətin 3 il üzrə ödənilməsini tələb etsə də, nəzərə alınmalıdır ki, sözügedən müavinətin ödənilməsi əgər şəxsin həmin dövr üzrə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişsə, yəni bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq qərarının mövcud olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialı tərəfindən həyata keçirilə bilər. Əks halda, yəni iddiaçının övladının qüvvədə olan əlilliyi olmadığı halda müavinətin ödənilməsi tələbi ilə bağlı iddianın uğurluluq ehtimalı şüphə altına düşür. İş materiallarından da göründüyü kimi məhkəmənin qərardadına əsasən F.Süleymanzadə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə 1 (bir) il müddətinə (xx.xx.2024cü il tarixinədək) orqanizmin funksiyalarının 35 faiz pozulması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi hazırda iddiaçı dolayısı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından narazıdır, yəni hesab edir ki, həmin qərarla onun övladına 1 il müddətinə deyil, 3 il müddətinə təyin edilməli və həmin 3 il üzrə ona müavinət ödənilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Odur ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ilk əvvəl iddiaçının hazırki mübahisə üzrə hüquqi marağının nədən ibarət olmasını dəqiqləşdirməli, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlamalı, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növünün münasibləri ilə əvəz olunmasında və tələbi üzrə aidiyyəti cavabdehin müəyyən edilməsində ona hüquqi yardım göstərməli, yalnız bundan sonra işə baxaraq qərar verməlidir. Belə ki, əgər hazırki iş üzrə iddiaçının hüquqi marağı övladının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi tələbindən ibarətdirsə və ya övladının sağlamlıq imkanları ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərarı mübahisələndirirsə həmin tələb üzrə cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi saxlanılmaqla işə baxılmalı, yox əgər iddiaçının hüquqi marağı övladına fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi tələbindən ibarətdirsə iş üzrə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumu qeyd edilməklə məhkəmə icraatına cəlb edilərək işə baxılmalı, ehtiyac olarsa şəxsin həmin orqana müraciət etməsi və müraciətə cavab verilməsi üçün cavabdeh orqana müəyyən vaxt verilməklə icraat davam etdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə ətraflı araşdırma aparmadan və iddiaçıya lazımi hüquqi yardım göstərmədən iddianı mümkün hesab etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-477/2025 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar