Məhkəmə qərarları › İş №2-1(104)-446/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-446/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-446/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1373/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 22 nömrəli arayış verilmişdir. Həmin arayışda “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz qapağının yuxan qütbündə femoral oynaq səthlərində ossifikat. Diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromları. Yeriş funksiyasının pozulması.” diaqnozu əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2021-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2021-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********7 nömrəli qərar qəbul etmişdir. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993); Ağırlaşma - G40 – Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə; Ağırlaşma - G93.2 – Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya İİ mərhələ; Yanakı xəstəliklər – L91.0 – Hipertrofik çapıq, posttravmatik kobud kolloid çapıqları; Yanakı xəstəliklər – M16 – Kokartroz (bud-çanaq oynağının artrozu), diz oynağının yuxarı qütbündə femoral oynaq sahələrində aksifikal; Yanakı xəstəliklər – M17 – Birincili ikitərəfli qonartroz, diz oynağının artrozu, sinoviti, potollofemoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu; Yanakı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, diz oynağıınn kəskin kontrakturası, daimi ağrı sindromu. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********8 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Baldırın yuxarı 1/3-də bir neçə metal qəlpə. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti-üçüncü (İİİ) mərhələ, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz oynağında oretofit, oynağın rigid kontrakturası açma 180 dərəcə, bükmə 170 dərəcə. Daimi ağrılar, axsama və yeriş funksiyasının pozulması” kimi müəyyənləşdirilmişdir. Yevlax şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Baş beyinin mülayim atrofik dəyişikliyi” kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə "Genetika Klinikasında" EEQ müayinəsi zamanı C4, P4, O2 aparmalarda spayk ləng dalğa tipli FS zamanı artan epiaktivlik müəyyən edilmiş və belə yekun nəticəyə gəlinmişdir ki, epileptik aktiv ocaq sağ yarımkürənin oksipitopariyetosentral bölgəsində qeyd edilir. EEQ anormaldır. İddiaçı xx.xx.2022-ci il tarixdə "Genetika Klinikasında" EEQ müayinəsi zamanı müəyyən edilmişdir ki, fon aktivliyi zəifdir. Qabıq ritminin dezorqanizasiyası ilə gedən əsasən fokal olaraq hər iki yarımkürənin ön-alın və təpə nahiyəsində sıxlaşan ritmik spayk tipli paroksizmal dalğalar qeyd olunur. HV ya vaxtı paroksizmlərin yayılma tezliyi artır. Qeyri-spesifik tənzimləyici sistemlərin disfunksiyası inkar edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2800/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin iş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T513/2023 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. 2. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən "Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993)?" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarının "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamənin meyarlarını aid etməyə əsas vermədi. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-12127/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən xx.xx.2021-ci il tarixdən adı çəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün xx.xx.2021-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 15 ildən artıq müddətdir ki, əlilliklə bağlı pensiya almağını nəzərə alıb, pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən İİ qrup müharibə əlillik dərəcəsinin bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı ayların pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Samux rayonunun Hacallı kəndində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. O, 2006-cı ildən 2012-ci il tarixə kimi İİİ qrup Qarabağ müharibəsi əlili kimi, 2012-ci ildən 07 iyul 2021-ci il tarixə kimi isə İİ qrup Qarabağ müharibəsi əlili kimi pensiya almışdır. İddia ərizəsinə əlavə etdiyi VTEK-in verdiyi 12 qararla da göstərdikləri tam təsdiq olunur. 2006-cı il tarixdən 2021-ci ilə kimi əlil kimi pensiya alan müharibə əlililin, cavabdeh orqan tərəfindən heç bir əsas və səbəb olmadan 2021-ci ilin iyul ayının 21-dən pensiyasının dayandırılması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, o, Birinci Qarabağ müharibəsi zamanı, 05 fevral 1993cü il tarixdə Ağdərə rayonunun Çıldıran kəndu uğrunda gedən ağır döyüşlər zamanı yaxınlığında mərmi partlayışı nəticəsində sağ diz nahiyyəsindən çoxsaylı qəlpə xəsarəti, eləcə də baş beyin silkələnməsi ilə bağlı travma almışdır. Həmin gün Ağdərə hospitalında diz nahiyyəsində olan qəlpələrin 5-i cərrahiyyə əməliyyatı zamanı həkimlər tərəfindən çıxarılmış, 3 qəlpə isə hələ də diz nahiyyəsində qalmaqla onu hazırda da ağrılar incidir. Aldığı həmin travma ilə bağlı müalicə bir nəticə vermədiyinə görə bir gün sonra, yəni 06 fevral 1993-cü il tarixdə o, Gəncə şəhər X4 Xəstəxanasına gətirilmiş və 23 mart 1993-cü il tarixə kimi həmin xəstəxanada stasionar müalicə olunmuşdur. Sonra xx.xx.1993-cü il tarixdə 230 saylı hərbi hospitala aparılıb, travmatologiya şöbəsində müalicə olunmuş və 07 aprel 1993-cü il tarixdə hospitaldan çıxarılaraq ona bir aylıq məzuniyyət verilmişdir. 13 iyul 1993-cü il darixdən 22 sentyabr 1993-cü il tarixə kimi 230 nömrəli hərbi hospitalda stasionar müalicə olunmuşdur. Bundan sonra dəfələlə ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstutundan müayinədən keçirilmiş, X1 keçmiş, xəstəliyi də tibbi sənədlərlə tam təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı əlilliyi dayandlırılmışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə növbəti müayinə vaxtı əlilliyi bərpa edilməmiş və ona imtina verilmişdir. Cavabdeh orqan vətəni uğrunda canını qoymuş, döyüşlər zananı travma almış, 15 il əlil kimi pensiya alan şəxslərin, o cümlədən onun da əlilliyə görə pensiyasını iki ilə yaxındır ki, qanunsuz və əsas olmadan dayandırmışdır. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılarkən onun hazırda da müalicəsini davam etdirdiyini, döyüşlər zamanı travma aldığını nəzərə almadan, ona İİ qrup əlillik təyin edilməli olduğu halda, ona heç bir əsas və səbəb olmadan imtina verilmişdir. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcak, İl qrup əlilliyi bərpa ediləcəkdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1373/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlardan yalnız Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz – T90.5), Epilepsiya, teztez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. İddiaçıya qoyulmuş digər diaqnozlar üzrə xəstəliklər isə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlməmiş, yəni həmin meyarlarda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olması müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində ona ikinci dərəcə əlilliyin təyin olunmasını xahiş edir. Lakin İddiaçı əlillik təyinatına əsas verən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. İddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. İddiaçının göndərişdə əks olunmuş Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz – T90.5), Epilepsiya, teztez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 50-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli arayışına əsasən İddiaçı “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçının diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyətə bağlı xəsətlikləri onun əlillik təyinatına əsas vermədiyindən və əlillik təyinatına əsas verən xəstəliklərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması müəyyən edilmədiyindən onun əlilliyinin səbəb əlaqəsi “Ümumi xəstəlik” olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyihəmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3" publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T513/2023 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında goyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən "Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993)?" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarının "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamənin meyarlarını aid etməyə əsas vermədi. Diaqnozlardan yalnız kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz - T90.5), Epilepsiya, tez tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Bildirilir ki, "kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz - T90.5), Epilepsiya, tez tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmasını məhkəmə hansı formada müəyyən etməsi müəmmalıdır. Belə ki, ekspert rəyinin bunun tam əksi qeyd edilmişdir. Sırf kodların olması şəxsə əlillik təyinatı verməyə əsas deyil, ağırlaşmalar mövcud deyildirsə şəxsə əlillik də təyin edilmir. Birinci instansiya məhkəməsi ekspert rəyinə zidd qərar qəbul edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Daha sonra iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən ona İİ qrup müharibə əlilliyi təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmə araşdırması zamanı işə baxan məhkəmə onun İ Vətən müharibəsində döyüşlər zamanı 05 fevral 1993-cü il tarixdə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən ağır döyüşlərdə düşmənin atdığı mərminin partlaması nəticəsində sağ diz nahiyyəmdən çoxsaylı qəlpə xəsarətləri və baş beyin silkələnməsi ilə bağlı aldığı taravmalarını, həmin gün Ağdərə hospitalında diz nahiyyəsindən cərrahiyyə olunaraq dizindən 5 qəlpənin çıxarılmasını, 3 qəlpənin isə hələ də çıxarılmadığını, hazırda da səhhətində problemlər olduğunu, xx.xx.1993-cü il tarixindən, xx.xx.1993-cü il tarixinə kimi Gəncə şəhəri A.Səhhət adına xəstəxanasında, xx.xx.1993-cü il tarixdən, xx.xx.1993-cü il tarixinə kimi Gəncə şəhəri 230 saylı hərbi hospitalda stasionar müalicə olunduğunu, döyüşlər zamanı travmaları hərbi vəzifəni yerinə yetirərkən aldığını nəzərə alınıb, məhkəmə onun İİ qrup müharibə əlilliyini bərpa etməli olduğu halda, xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyaslarının 50-60 faiz pozulmasi ile bağlı 2 il müddətinə üçüncü qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbui etməsi işin faktiki hallarına uyğun deyildir. Bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən ona verilmiş xx.xx.2005-ci il tarixli, 22 nömrəli arayışda aldığı travmaların hərbi travma olduğu və Respublikamızın müdafiəsi zamanı döyüşlərdə yaralandığı müəyyənləşdirilmişdir. Həmçinin xx.xx.2005-ci il tarixindən, xx.xx.2012-ci il tarixinə kimi İİİ qrup müharibə əlili xx.xx.2012-ci il tarixindən, xx.xx.2021-ci il tarixinə kimi isə İl qrup Qarabağ müraribəsi əlili kimi pensiya almışdır. Bu qeyd etdikləri TSEK-in ona verdiyi, iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən tam təsdiq olunsa da, məhkəmə qanunvericiliyin bu tələblərini kobud şəkildə pozmuş və ona xx.xx.2022-ci il tarixdən iki il müddətinə qrup mülki əlillik təyin edilməsinə dair yanlış qərar vermişdir. İ Vətən müharibəsində döyüşlər zamanı 05 fevral 1993-cü il tarıxdə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən ağır döyüşlərdə düşmənin atdığı mərminin partlaması nəticəsində sağ diz nahiyyəsindən çoxsaylı qəlpə xəsarətləri və baş beyin silkələnməsi ilə bağlı taravmalar almışdır. Həmin tarixdə Ağdərə səhra hospitalında diz nahiyyəsindən cərrahiyyə əməliyyatı olunaraq diz nahiyyəsindəki 5 qəlpənin çıxarılmış, 3 qəlpə isə hələ də çıxarılmamışdır. Gəncə Hospitalında yaralı çox olduğundan xx.xx.1993-cü il tarixindən, xx.xx.1993-cü il tarixinə kimi Gəncə şəhəri A.Səhhət adına xəstəxanada, xx.xx.1993-cü il tarixindən, xx.xx.1993-cü il tarixə kimi Gəncə şəhərində 230 saylı hərbi hospitalda stasionar müalicə olunmuşdur. Qeyd etdikləri iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərlə təsdiq olunur. O, 2005-2021-ci illərdə hərbi əlil kimi pensiya almışdır. Onun 2005-2012-ci illərdə İİİ qrup müharibə əlili kimi, 2012-2021-ci ilərdə ilə İİ qrup müharibə əlili kimi pensiya almışdır. Hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə 10 ildən artıq əlil kimi pensiya almış şəxslərə TSEK müddətsiz əlillik təyin etməlidir. Lakin istər cavabdeh orqan, istərsə də birinci instansiya məhkəməsi işə baxarkən Qanunvericiliyin bu göstərişini kobud şəkildə pozmuş. döyüşlər zamanı hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı 16 il pensiya aldığı nəzərə alınmaqla ona müddətsiz İl qrup müharibə əlilliyi təyin edilməli olduğu halda, iddiası qismən təmin edilərək xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyaslarının 50-60 faiq pozulması ilə bağlı 2 il müddətinə üçüncü qrup əlillik təyin edilməsi barədə işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız qərar qəbul etmişdir. Daha sonra iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək şikayətinə dəqiqləşmə edərək şikayətin xahiş etdi hissəsinin “xx.xx.2022-ci il tarixdən ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 6.1.6. bəndinə əsasən, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə orqanizmin funksiyalarının pozulması 50-60 faiz aralığında olmaqla 2 il müddətinə müəyyən edilmişdir. – XTB-10 (T- 90) Həmin əlavənin 6.7.2. bəndinə əsasən, gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları orqanizmin funksiyalarının pozulması 50-60 faiz aralığında olmaqla 2 il müddətinə müəyyən edilmişdir. – XTB-10 (G40) 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 22 nömrəli arayışa əsasən, onun “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2010- cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddəti bitdikdən sonra İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz qapağının yuxan qütbündə femoral oynaq səthlərində ossifikat. Diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromları. Yeriş funksiyasının pozulması.” diaqnozu əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən şikayət verilmiş və cavabdeh tərəfindən orqan şikayətə xx.xx.2021-ci il tarixdə baxılmış, iddiaçının əyani müayinəsini həyata keçirilmiş və xx.xx.2021-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********7 nömrəli qərar qəbul edilmişdir. Sonradan iddiaçının əlilliyi növbəti dəfə xx.xx.2022-ci il tarixdə “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********8 nömrəli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati oqranın imtinası ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edilən hallardan da müəyyən edildiyi kimi, xx.xx.2005-ci il tarixdən – xx.xx.2021-ci il tarixə kimi, yəni ümumilikdə 15 illik dövr ərzində iddiaçıya 7 il müddətdə 3 dərəcə, 8 il müddətdə isə 2 dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin səbəb kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması iş materialları ilə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, iddiaçıya təyin edilmiş 5 illik əlillik müddəti bitdikdən sonra cavabdeh orqana müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi 3-cü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin edildiyi halda əlilliyin müddətsiz təyin edilməsi müəyyən edilmişdir. Bununla bağlı kollegiya hesab edir ki, iddiaçıya təyin edilmiş 8 illik müddəti əhatə edən 2 dərəcəli əlillik 3 dərəcəli əlillikdən daha ağır dərəcə kimi təsnif edildiyindən həmin dövr və iddiaçıya təyin edilmiş 3 dərəcə əlillik müddətini əhatə edən 7 illik dövr ümumilikdə birgə nəzərə alınmaqla şəxsin 15 il fasiləsiz 3-cü dərəcə əlillikdən əziyyət çəkdiyi müddət kimi qiymətləndirilməli olduğu halda cavabdeh tərəfindən bu hala düzgün qiymət verilməmişdir. Bu səbəbdən kollegiya xüsusi olaraq bildirir ki, iddiaçıya 15 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi atrıq onun əlilliyinin əsas səbəb əlaqəsini təsdiq etmiş olur. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz –– “Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993); - (T90.5 XBT)” olmuşdur. Ağırlaşma kimi isə – “Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə - G40 XTB” olmuşdur. Göstərilən diaqnozlar, iddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1 Başın travmalarının nəticələri (T-90): 6.1.6. bəndinə əsasən vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə orqanizmin funksiyalarının pozulması faizi 50-60 faiz aralığında 2 il müddətinə müəyyən edilmişdir. Həmin Əlavənin 6.7. bəndi - Epilepsiya (G40) - 6.7.2. bəndinə əsasən gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları orqanizmin funksiyalarının pozulması faizi 50-60 faiz aralığında 2 il müddətinə müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının göndərişdə qeyd edilmiş Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz – T90.5), Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 50-60 faiz aralığında müəyyən edilir. Bu hal isə İddiaçı üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin olunması üçün əsasən kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1373/2024 saylı qərarı qismən - İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar