Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-446/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasın katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-M-176924/2023 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-713/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1963-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçıya xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-76066/2023 saylı qərarın qeyd hissəsinə əsasən vətəndaşın əlilliyi Əlillik altsistemində xx.xx.2015-ci il tarixdə bitdiyi və hal-hazırda pensiyaçı hesab olunmadığı üçün Qanunun 39.1-ci maddəsi tətbiq edilmir.
4. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxsin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyanın məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixidəkə artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələblərinə əsasən, hal-hazırda aktiv əmək pensiyaçısı olmadığı üçün Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 6495,15 manat artıq vermə müəyyən edilmişdir.
6. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 8493,72 manat artıq vermə müəyyən edilmişdir.
7. İddiaçının nümayəndəsinin cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş artıqödəmə Qanunun 39.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2018-ci il tarixindən (pensiya ödənişin dayandırıldığı xx.xx.2021-ci il tarixindən 3 il əvvələ) xx.xx.2021-ci il tarixinədək nəzərə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ürəyində olan gərginlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, aorta və tac damarların aterosklerozu, qan dövranı çatmamazlığı və.s. xəstəliklərdən əziyyət çəkmişdir. Xəstəliyi 2015-ci ildə daha da şiddətləndiyinə görə müalicə üçün respublikadan kənara getməli olmuş, Belarusiyada, Rusiya Federasiyasında müalicə almışdır, hazırda da xəstədir. TSEK-in səhlənkarlığından təkrar müayinədən keçməsi haqqında məlumatlar əlillik alt sisteminə daxil edilməmişdir. Özündə olan və DSMF-ə təqdim olunan hissələrdə 1-ci qrup müddətsiz əlilliyinin olduğu qeyd olunmuşdur. 2020-ci ilin əvvəllərində əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş vəsaitin geriyə qaytarılması haqqında bildiriş verilmişdir. Əlilliyi dayandığından pensiyanın ödənişi də dayandırılmışdır. İddiaçı respublikadan kənarda müalicədə olduğu üçün bunları biləndə artıq 5 il müddət ötürülmüşdür. 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytara bilmişdir. Bu yaxınlarda məlumatı olmuşdur ki, artıq ödənilmiş əmək pensiyalarının 3 ildən əvvələ olan dövrü “amnistiya”ya düşür. Belə ki, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən pensiyaçılara artıq ödənmiş vəsait son üç il üçün tutulur. Qanunda edilmiş dəyişiklikdən yararlanmaq məqsədi ilə iddiaçı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.
11. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını və ona ödənilmiş vəsaitin xx.xx.2023-cü il tarixdən geriyə son 3 il müddəti əhatə edən dövr üçün tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-285/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 nömrəli qərarının ləğv edilməsi və iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
13. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-713/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M- 176924/2023 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-713/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlilliyinin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Nəticədə iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən məsələ ilə bağlı məhkəmənin diqqətinə çatdırılır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)- 713/2025 nömrəli qərarında artıqödəmənin müəyyən edilməsi və tutulması ilə bağlı qərarın qəbul edilmədiyini bildirsə də, bununla bağlı inzibati orqan tərəfindən xx.xx.2023cü il tarixdə 3-17-1/1-M-1-176924/2023 nömrəli qərar qəbul edilmişdir. Hazırda məhkəmə tərəfindən artıqödəmənin və tutulmanın dayandırılması ilə bağlı ləğv olunan qərar, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixdə 3-17-1/1-M-1-176924/2023 nömrəli qərar olsa da, məhkəmə inzibati orqan tərəfindən qərarın qəbul edilmədiyini bildirmişdir. Bu isə öz növbəsində məhkəmədə işin mahiyyəti üzrə düzgün araşdırmadığı əsasına gətirib çıxarır. Bundan əlavə, qeyd edilir ki, iddiaçı öz iddia ərizəsində tutulmaların son üç il üzrə nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı qeyd edilir ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məhkəmənin diqqətinə çatdırılır ki, sözügedən maddənin yeni redaksiyası 30 dekabr 2022-ci il tarixli, 793-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və xx.xx.2023-cü tarixdən qüvvəyə minmişdir. Sözügedən xüsusatlara əsasən bildirilir ki, sözügedən qanun norması İddiaçı münasibətdə də tətbiq edilmiş, yəni ona münasibətdə artıq ödəmə 01 07.2021-ci il tarixdən (əlilliyə görə pensiyanın dayandırıldığı tarix) son üç il üzrə nəzərə alınmışdır. Həmçinin bildirilir ki, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə sözügedən şəxslərə Prezident təqüdü təsis edilmişdir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə İ qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi olması ilə bağlı Tibbi- Sosial Ekspertiza və X3 məlumatın aşkar olunmaması səbəbindən xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2020-ci il tarixli, **********9 nömrəli qərarlarla İddiaçı 1400,00 manat məbləğində, ona qulluq etmiş X4 isə 650,00 manat məbləğində artıqödəmə müəyyən edilmişdir. İddiaçı və ona qulluq edən şəxs tərəfindən məhkəməyə təqdim edilən qəbzlərin məhz sözügedən təqaüdlə bağlı olması və sözügedən ödənişlərin pensiyaya aid artıqödəmə olmaması faktı isə məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Qeyd edilir ki, yuxarıda qeyd olunan məbləğlərin M.Ulduz tərəfindən könüllü olaraq ödənilməsi barədə ərizə mövcuddur. Bir daha məhkəmənin diqqətinə çatdırılır ki, sözügedən ödənişlər pensiya ilə bağlı artıqödəmə ilə deyil, təqaüdlə bağlı artıqödəmə ilə bağlı olmuşdur. Yəni, iddiaçının iddia ərizəsində qeyd etdiyi ödənişlər təqaüdə münasibətdə ödənilən ödənişlərdir. Hazırda qeyd edilən fakt da Gəncə inzibati Məhkəməsi tərəfindən araşdırılmamış və yekunda qiymət verilməmişdir. Qeyd olunanlardan bir daha müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsi qərar qəbul edərkən mahiyyəti üzrə düzgün araşdırma aparmamış, işin faktiki hallarını natamam araşdırmış və formal mülahizələrə əsaslanmışdır. Göründüyü kimi, Gəncə İnzibati Məhkəməsinin hazırki qərarı maddi və prosessual hüquq normalara əməl edilmədən qəbul olunmuşdur. Bu səbəbdən hesab edilir ki, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, apellyasiya şikayətini qəbul etmir, etiraz edir və cavabdehin apellyasiya şikayətində qeyd etdikləri aşağıdakı səhvlikləri məhkəmənin diqqətinə çatdırır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir və bu “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsiilə tənzimlənir. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Tutulma ilə bağlı onun razılıq ərizəsi olmayıb, tutulma barədə məhkəmə qərarı da yoxdur. Qeyd edir ki, cavabdeh barəsində ədalətsiz qərar çıxartmış, aldığı əmək pensiyasının ödənişini dayandırmış, bu səbəbdən də maddi imkanı azalmış, müayinə və müalicəsini davam etdirə bilmir. Onu da bildirir ki, cavabdeh 1ci qrup müddətsiz əlilliyə görə əmək pensiyasını xx.xx.2014-cü il tarixindən təyin etmiş, pensiyanın ödənişini xx.xx.2021-ci il tarixindən dayandırmış, inzibati aktı isə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. İnzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyini və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığını, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, ondan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi ondan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə (Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz) istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı tələbi də pozmaqla 8 ildən sonra ona münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi (1-ci qrup müddətsiz əlilliyə görə əmək pensiyasını xx.xx.2014-cü il tarixindən təyin etmiş, pensiyanın ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmış, inzibati akt isə xx.xx.2023-cü il tarixdə qəbul olunub). Odur ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” barədə faktiki hərəkətləri qanuna ziddir, onun sosial və maddi durumunu çıxılmaz vəziyyətə salaraq sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də apellyasiya şikayətini təmin etmədən Gəncə İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
25. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
26. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
42. İşin hallarından məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmiş, nəticədə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İddiaçı 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytarmış, sonradan iddiaçı cavabdeh orqana pensiya ödənişində yaranmış artıq ödəmənin tutulması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin ona münasibətdə tətbiq edilməsini xahiş etsə də, cavabdeh orqan onun əlilliyinin xx.xx.2015-ci il tarixdə bitdiyi və hal-hazırda aktiv əmək pensiyaçısı olmadığı üçün həmin maddənin ona tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M- 76066/2/2023 nömrəli qərar qəbul etmiş, həmçinin bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir.
43. Bundan sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı DOST Mərkəzi vasitəsi ilə cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ona təqdim olunan rəsmi cavabın yeni tarixlə yaşadığı ünvana göndərilməsini xahiş etmiş, həmin müraciətdən sonra cavabdehin Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarına əsasən artıqverməyə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq edilərək (pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıqvermə xx.xx.2018-ci il tarixdən hesablanaraq) 6495,15 manat (eyni tarixli və nömrəli digər qərarda 8493,72 manat) artıq vermə müəyyən edilmiş, bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir.
44. Həmin sırada, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin məhkəmə icraatının sonrakı gedişində iddiaçı tələbində dəqiqləşmə apararaq ən sonda cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-M-176924/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş və həmin tələb üzrə işə mahiyyəti üzrə baxılaraq hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.
45. Göründüyü kimi, hazırkı mübahisə cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M- 176924/2023 nömrəli qərarının ləğvi ilə bağlıdır.
46. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
47. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.
48. Qeyd edilməlidir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmiş, lakin şəxsin altsistemdə əlilliyinin olmaması faktı aşkar edildikdən sonra bununla bağlı hər hansı icraat aparılmamış, iddiaçı icraata cəlb edilməmiş, ödəmənin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilmədən ödəniş dayandırılmış, həmçinin hazırda mübahisələndirilən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 nömrəli qərarla iddiaçıya 6495,15 manat artıqödəmə müəyyən etmişdir.
49. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.
50. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.
51. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
52. Məhkəmə kollegiyası vurğulayır ki, pensiyanın təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, əlverişsiz inzibati akt qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.
53. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
54. Digər tərəfdən qeyd edilməlidir ki, inzibati orqan şəxsə pensiya ödənişini davam etdirməklə onda əlilliyinin müddətsiz olması qənaətini formalaşdırmışdır. Yəni, şəxs inzibati orqanın faktiki xarakterli hərəkətlərindən irəli gələrək onun qərarına etimad göstərərək həmin vəsaitləri qəbul etmiş və hesab etmişdir ki həmin vəsaiti qüvvədə olan əlilliyinə münasibətdə alır. Belə ki, əgər inzibati orqan şəxsə pensiya təyini ilə bağlı qərarının əsaslılığına şübhə doğuran halları vaxtında aşkar etsə, bununla bağlı icraat aparmaqla iddiaçını icraata cəlb etsə və iddiaçını onun əlilliyinin müddətinin başa çatması ilə bağlı məlumatlandırsa idi, bu zaman şəxs həmin müddətdə təkrar əlilliyinin müəyyən edilməsi üçün TSEK-ə müraciət edə və əlilliyi təkrar müəyyən edildiyi halda yenidən əlilliyə görə pensiya ala bilərdi.
55. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya pensiya təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır.
56. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin mübahisələndirilən qərarının ləğvinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-713/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.