Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-447/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-139/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X2 yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 1 il 1 ay 7 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.2005ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma qeydləri eyni xətlə və işdən azad olma əmri kiril əlifbası ilə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
2. xx.xx.1979-cu il tarixli İT-N=0369580 nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən X4 xx.xx.1979-cu il tarixli 65 nömrəli əmrlə Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinə sürücü qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 135 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1980-ci il tarixli 138 nömrəli əmrlə 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinə sürücü qəbul edilmiş və xx.xx.2005-ci il tarixli 152 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir.
3. X4 tərəfindən təqdim olunan əmək haqqı almasına dair arayışda qeyd olunur ki, o, 1979-cu ilin 9 və 10-cu ayları, 1980-ci ilin 10,11 və 12-ci ayları, 1981-2005-ci illərdə bütün aylar üzrə əmək haqqı almışdır.
4. xx.xx.2023-cü il tarixdə ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı Qazax-Tovuz regional filialın mütəxəssisləri İ.Ələkbərov və N.Mərdəliyev, Tovuz rayon Dövlət Arxivinin müdiri N.Ələkbərova tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, Tovuz 3 nömrəli Təmir Tikinti İdarəsinin əmr kitabları və əmək haqqına dair şəxsi hesab kitabları Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
5. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5- 79-46/2-81/2023 nömrəli məktubundan görünür ki, Tovuz 3 nömrəli Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu əsasdan X2 Tovuz 3 nömrəli Təmir-Tikinti İdarəsində xx.xx.1979 - xx.xx.2005-ci illərdə sürücü işləməsinə dair arxiv arayışı vermək mümkün olmamışdır.
6. Tovuz rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-81/2-70/2023 nömrəli məktubunda qeyd edilir ki, hüquqi şəxslərin Dövlət Reyestrində Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsi adlı müəssisə yoxdur və hüquqi varisi barədə məlumat qeyd olunmamışdır.
7. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********190800 nömrəli məktubundan görünür ki, uçot məlumat bazasında Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır.
8. Qazax rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-60/2-167/2023 nömrəli məktubundan görünür ki, Qazax Rayon Statistika İdarəsində “Qazax şəhəri 8 №-li Rayonlararası Təmir-Tikinti Tresti” barədə heç bir məlumat yoxdur.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 aprel 2024-cü il tarixli, 3-17-1/2-101109/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 1 il 1 ay 7 gün mübahisələndirilməyən sığorta staijı müəyyən edilmişdir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixindən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma qeydləri eyni xətlə və işdən çıxma əmri kiril əlifbası ilə yazıldığından) həmin dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax- Tovuz regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsinin əmr kitabları və əmək haqqına dair şəxsi hesab kitabları Tovuz Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisədə işləməsi faktını araşdırmaq mümkün olmamışdır. Qeyd edilən səbəblərdən B.İmamdquliyevin sığorta stajına onun əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixnədək olan dövr daxil edilməmişdir. X1 Sisteminin “Pensiya” 8 sistem”ində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 may 2024-cü il tarixli, 3-21-3/2-8377/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
11. Qazax rayon İcra Hakimiyyətinin 03 iyul 2024-cü il tarixli, 5-58/2-729/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsinin sənədləri Qazax rayon Dövlət Arxivində saxlanılmır.
12. Tovuz rayon İcra Hakimiyyətinin 07 avqust 2024-cü il tarixli, 5-79/2-601/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsinin fəaliyyət göstərib-göstərməməsi barədə Tovuz Rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud deyildir.
13. Tovuz rayon Dövlət Arxivinin 05 sentyabr 2024-cü il tarixli, 3-48-44RA/2- 66/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
Birinci instansiya məhkəməsində icraat.
14. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1977-ci ilin may ayından 1979-cu ilin may ayına kimi Sovet ordu sıralarında hərbi xidmətədə olmuşdur. xx.xx.1979-cu ildə 65 saylı əmrlə Tovuz 3 saylı İstehsalat Tikinti İdarəsində sürücü kimi işə qəbul olmuşdur. xx.xx.1980-ci ildə həmin vəzifədən azad olmuşdur. xx.xx.1980-ci ildə 138 saylı əmrlə 38 saylı istehsalat təmir tikinti idarəsində sürücü kimi işə qəbul olmuşdur. xx.xx.2005-ci ildə ərizəsinə əsasən işdən azad olmuşdur. İşlədiyi dövrdə əmək haqqı almışdır. Onun əmək fəaliyyəti ümumi iş stajı 26 il 1 ay 7 gündür. O, cavabdeh təşkilata yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Əmək kitabçasında qeyd olunan 1980-2005-ci illəri və hərbi xidmət illərini əmək stajına daxil etməmişdir. Göstərdiyi illər onun əmək stajına daxil edilməlidir.
16. İddiaçı xx.xx.2023-cü il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-139/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (1 il 1 ay 8 gün) və xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (25 il 7 gün) Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsində sürücü işləmişdir. İddiaçının ümumi iş stajı 26 il 1 ay 15 gün təkil edir. Əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun eyni xətlə və kiril əlifbası ilə yazılması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Digər tərəfdən isə, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək işlədiyi müəssisə ilə xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müəssisə eyni (Tovuz 3 nömrəli İstehsalat Təmir- Tikinti İdarəsi) olmuş, əmək kitabçasındakı qeydlər də hər iki dövrdə eyni şəxslər (işə daxil olma əmrləri k/ş-Əliyeva M.N., işdən çıxma əmrləri onunla yanaşı rəis Həsənov T.M) tərəfindən yazılıb imzalamışdır ki, bu da cavabdehin imtina dəlillərində göstərdiyi işə daxil olma və işdən azad olma qeydləri eyni xətlə yazılmasının səbəbini özlüyündə açıqlayır. Yəni, iddiaçının əmək kitabçasındakı qeydlər eyni müəssisədə eyni şəxs tərəfindən icra olunduğuna görə onun işə daxil olma və işdən azad olma qeydlərinin eyni xətlə yazılması təbiidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, B.E.İmamdquliyevin təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmşiş sosial sığorta staijı və ya əmək pensiyasının təyin olunmasına imkan verən minimum pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Araşdırma zamanı iddiaçının sözügedən müəssisədə işləməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçı X4 tərəfindən işlədiyi dövrdə əmək haqqı almasına dair arayış təqdim edilmişdir. Həmin arayışa nəzər yetirdikdə arayışın verilmə tarixi və müəssisənin adı aydın şəkildə öz əksini tapmamışdır. Müəssisənin möhürü isə oxunulan vəziyyətdə deyildir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsində işləməsi ilə bağlı heç bir sənədin əldə edilməməsi, iddiaçıya əməkhaqqı hesablanıb-hesablanmadığının müəyyən olunmaması sözügedən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsini istisna edir. X7 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, işlədiyi müəssisə və onunla birlikdə həmin müəsissədə işləyən şəxslər haqqında onda heç bir məlumat yoxdur. Əmək haqqı barədə arayış isə i.dən azad olunan zaman təqdim edilmişdir.
23. İddiaçıya hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
26. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 №-li Qərarı 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 3.13. Əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
29. Hazırki tələb ilə iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 1 il 1 ay 7 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.2005ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma qeydləri eyni xətlə və işdən azad olma əmri kiril əlifbası ilə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən imtina əsassız hesab olunaraq qərarda qeyd edilmişdir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun eyni xətlə və kiril əlifbası ilə yazılması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Bununla yanaşı, iddiaçının əmək kitabçasındakı qeydlər eyni müəssisədə eyni şəxs tərəfindən icra olunduğuna görə onun işə daxil olma və işdən azad olma qeydlərinin eyni xətlə yazılması təbiidir.
31. Cavabdeh tərəfindən məhkəmənin qərarı mübahisələndirilmişdir. Belə olan halda hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyüdür.
32. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi), cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi üçün sübutlar təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi).
33. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, işin digər hallarından asılı olaraq hər bir zaman sübut kimi qəbul edilə bilməz. Hazırkı işin hallarına görə iddiaçının əmək kitabçasında olan məlumatlar işdə olan digər sübutlarla təkzib olunur. Belə ki, sorğulara verilmiş cavab məktublarından görünür ki, hüquqi şəxslərin Dövlət Reyestrində Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsi adlı müəssisə yoxdur, hüquqi varisi barədə məlumat qeyd olunmamışdır, İdarənin sənədlərinə Qazax rayon Dövlət Arxivinə, nə də Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir, İdarənin fəaliyyət göstərib-göstərməməsi barədə Tovuz rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud deyildir.
34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 may 2024-cü il tarixli, 3-21-3/2-8377/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 №-li İstehsalat Təmir Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
35. Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətində aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.2005-ci il tarixdə “öz ərizəsinə əsasən işdən azad edilsin” ifadəsi həmin tarixdə Azərbaycan Respublikasının ərazisində rəsmi olaraq latın qrafikalı əlifbadan istifadə edilməsinə rəğmən, kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim olunan (hansı sənədlərə əsasən yazılması müəyyən edilməyən) işlədiyi dövrdə əmək haqqı almasına dair arayışın verilmə tarixi və müəssisənin adı aydın şəkildə qeyd olunmamış, müəssisənin möhürü isə oxunaqlı vəziyyətdə deyildir.
36. Göründüyü kimi məhkəmə araşdırılması zamanı iddiaçının sözügedən müəssisədə işləməsi, ümumiyyətlə həmin müəssisənin mövcudluğu, fəaliyyəti barədə heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilən səbəblərə görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə qiymət verməklə kifayətlənməməli, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyini iddia etdiyi müəssisənin fəaliyyəti barədə məlumatlara da münasibət bildirməli idi.
37. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Beləliklə mübahisələndirilən dövr (xx.xx.1980-xx.xx.2005-ci illər) yuxarıda qeyd olunan səbəblərə görə iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə olan halda iddiaçının əmək kitabçasına əsasən ümumi əmək fəaliyyəti dövrü 1 il 1 ay 7 gün təşkil edir ki, bu da ona əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan müddətdən (25 il) az olduğu üçün cavabdeh öz mövqeyində haqlı olmuşdur.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
41. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-139/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov