Məhkəmə qərarları › İş №2-1(104)-448/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-448/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-448/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-511/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 oktyabr 1981-ci ildə Kirovabad X2 elektrik montajçısı vəzifəsində işə qəbul olunmuşdur. Həmin işdə 15 fevral 1983-cü il tarixədək isləmişdir. 25 fevral 1983-cü ildən 01. Fevral 1989-cu ilədək həmin zavodda izolyasiyaçı işləmişdir. 06 fevral 1989-21 may 1996-cı ilədək həmin zavodda mühasib işləmişdir. 18 fevral 2001-ci ildə Gəncə Gil-torpaq istehsalat sahəsi X4 makinaçı-kargüzar vəzifəsinə işə qəbul edilmişdir. 07 yanvar 2002-ci ildən Gəncə Gil torpaq sahəsi X2 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul olunaraq 02 may 2016-cı il tarixədək həmin vəzifədə işləmişdir. 07 yanvar 2002-ci ildən Gəncə Gil-torpaq istehsalat sahəsi X2 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul olunaraq 02 may 2016-cı il tarixdən həmin vəzifədə işləmişdir. 02 may 2016-cı il tarixdən bu günədək "xxxx" MMC-nin nəqliyyat və inzibati işlər departamentinin təsərrüfat administransiyasında işləyir. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də imtina cavabı almışdır. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilən iddia ərizəsinə etiraz ərizəsində qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3517/2021 nömrəli qərarına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışını təqdim etsə belə iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edəcəkdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-511/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-511/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində iddia tələbi üzrə işə baxılarkən iddiaçı tərəf güzəştli şərtlərlə arayış təqdim etməmişdir, yenidən iddiaçı işlədiyi müəssisəyə müraciət edərək arayış əldə etmiş və bundan sonra Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, iddia tələbinin mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3517/2021 nömrəli qərarından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası rədd edilmiş, sözügedən qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İddiaçıda şikayətində eyni iddia tələbi ilə müraciət etsə də tərəfindən iş yerindən yeni və daha dəqiq arayış təqdim olunduğunu bildirmiş və bu əsasla iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılan zaman mövcud olmuş sübut üzrə natamam təqdim edilmiş arayışın daha dəqiq arayışla əvəz olunması iddia tələbi üzrə yeni əsas hesab oluna bilməz və hazırki mübahisə ilə eynilik təşkil edən tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmaqla qüvvədədir. Belə olan halda eyni iddia tələbi üzrə eyni tərəflər arasında yenidən iddia qaldırılaraq məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərkibi qeyd edir ki, qanuni qüvvə hüquqi sülhün bərqərar olmasına xidmət edir və müəyyən bir andan etibarən məhkəmə qərarlarının mübahisələndirilməsini artıq mümkünsüz edir. İPM-də qanuni qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2) maddi-hüquqi qanuni qüvvə. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın məzmun baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci maddəsində əksini tapmışdır. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir. Göründüyü kimi İPM-in 78-ci maddəsində maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə yalnız proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi nəzərdə tutulsa da, faktiki olaraq, bu məcburilik məhkəməyə də şamil olunur. Çünki o, tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyət üzrə yeni qərar qəbul edə bilməz. Əksinə, o, artıq bir qərarın mövcud olması və buna görə də yeni bir qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Bu kimi hallarda yeni iddia yalnız o halda mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni mübahisə predmeti yaranmış olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərində də göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə kollegiyası işdə olan sənədləri və qüvvədə olan məhkəmə aktını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 78 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-511/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar