Məhkəmə qərarları › İş №2-1(104)-450/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-450/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-450/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1561/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli 0232003AASCW nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Ümumi xəstəlik ilə əlaqədar” səbəbli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1561/2023 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı X1 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsi və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materialları ilə müəyyən olunur ki, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 0232003AASCW nömrəli göndərişi əsasında “a) Əsas diaqnoz-Qeyri-stabil stenokardiya. Şiddətlənən stenokardiya. ÜİX: Qeyri-stabil stenokardiya. AKŞ x3 əməliyyatından sonrakı vəziyyət; b) Ağırlaşma – Durğunluq, ürək çatışmamazlığı. Qan dövranı çatışmamazlığı İİ FS; c) Yanaşı xəstəliklər – Durğunluq, ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya xəstəliyi İİİ St. Kardio serebral forma. Hipertonik krizlərlə müşyiət olunan. Hipertenziv ensefalopatiya. Xolesistitin digər fomaları. Xroniki hepatoxoelsistit. Xroniki prostatit. Presbiopiya OU: Presbiopiya” diaqnozuna cavabdeh orqan tərəfindən baxılmış, eyni zamanda iddiaçı TSEK-də xx.xx.2021-ci il tarixdə əyani müayinəyə cəlb olunmuş və nəticədə “Əlavə müalicəyə ehtiyacın olması. Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Stasionar müalicə yetərli deyil.” səbəbi ilə ona əlillik təyin olunmasından imtina edilmişdir. İddia tələbinin mümkünsüz hesab edən birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia ərizəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin 0232003AASCW nömrəli göndərişinə əsasən ona əlillik təyinatı aparılmalı oldğunu, belə ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac olmadığını, çünki onun əvvəl qiymətləndirildiyini və əyani müayinədə olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli tibbi göndərişin üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı halda iddiaçının qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur. İddiaçı barəsində 0232003AASCW nömrəli tibbi göndəriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas veribverməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2021-ci il tarixli imtinasının əsaslı olub-olmamasının 2023-cü ildə hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göründüyü kimi iddiaçı barəsində 0232003AASCW nömrəli tibbi göndəriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Beləliklə də, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1561/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar