Məhkəmə qərarları › İş №2-1(104)-450/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-450/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-450/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-729/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Darğalar kəndində yerləşən 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və onun 4 ailə üzvü - X4, X8, X5, X3 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair b774963fd6de49ec872bee0658c45b94 nömrəli bildirişə əsasən, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən mdss ödənişləri olmadığı səbəbinə görə ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir.

3. İddiaçı xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** VÖEN ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır.

4. X4, X9, X6 ailə üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün iddiaçının ailəni təmsil edən şəxs kimi qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində ərizə vermişlər.

5. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, İddiaçı ailə üzvlərinin siyahısında nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X11, iddiaçının oğulları xx.xx.1994-cü il təvəllüdlü X9, xx.xx.1990-cı il təvəllüdlü X8; gəlini xx.xx.1997-ci il təvəllülü X6 və digər şəxs xx.xx.1970-ci il təvəllüdlü X4 qeyd olunmuşdur. Əlavə məlumat kimi göstərilmişdir ki, iddiaçı, həyat yoldaşı və gəlini işləmir, 2 oğlu günəmuzd çalışır, əlavə olaraq ailənin gəliri pay torpağınan əldə etdikləri gəlirdən ibarətdir.

6. İnzibati icraat aparılan zaman 7 ailə üzvü nəzərə alınmış; ailə üzvünün orta aylıq gəliri 91,34 manat; ailənin ümumi telefon xərci 271 manat, adambaşına düşən telefon xərci 38,71 manat hesablanmışdır.

7. İddiaçı və ailəsinə xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardım təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənişlər həyata keçirilmişdir.Daha sonra “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksinin tapmaması səbəbi ilə iddiaçının “Ünvanlı yardım” (VEMTAS) altsisteminə girişi məhdudlaşdırılmışdır. Mədaxil qəbzlərinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə 7,00 və 28 manat, xx.xx.2023-cü il tarixdə 35,00 manat, xx.xx.2023-cü il tarixdə 70,00 manat və xx.xx.2023- cü il tarixdə 140,00 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətlərinə imtina qərarı verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi və sosial yardımla bağlı sistemə (VEMTAS-a) girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 və X15nə (VEMTAS) müraciət etmişdir. Ailənin maddi məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən aylıq 876.0 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən, heç bir xəbərdarlıq edilmədən 2023-cü ilin sentyabr ayında sosial yardımın ödənişi dayandırılmışdır. Dayandırma səbəbini öyrənmək istədikdə “elektron sistemdə (VEMTAS) daxil olmaq mümkün olmadığı sözlərinin qeyd edildiyi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqı son 12 ay ərzində ödənilmədiyi üçün, məşğulluğun öz əksini tapmaması səbəbi ilə sistemə girişiniz məhdudlaşdırılmışdır” sözləri yazıldığını görülmüşdür. Sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə arayış almaq üçün müraciət etdikdə iddiaçıya hansı səbəbdən imtina olunması qərarı barədə bildiriş təqdim etdilər. İddiaçı aztəminatlı ailə olaraq Bərdə rayonu Darğalar kəndində yaşayırlar, ailə 7 nəfərdən, iddiaçı, həyat yoldaşı, iki oğlu, gəlini, iki azyaşlı nəvəsindən (biri sağlamlıq imkanı məhdud əlil uşaqdır) ibarətdir. Ailə üzvləri ilə birlikdə 0,99 hektar 2-ci dərəcəli pay torpağı vardır ki, məşğulluğu və dolanışığı həmin pay torpağında çalışmaqla həyata keçirirlər. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanununun 4.1.3-cü maddəsinə əsasən pay torpağı olan şəxslər məşğul şəxs sayılırlar. "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların"da hansı hallar sosial yardımın dayandırılmasına səbəb olması haqqında aydın yazılmışdır və həmin qanunvericilik sənədlərində belə bir maddə yoxdur. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının dayandırılmasını qanunsuz hesab edir. Çünki bu barədə iddiaçıya nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. Təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişinin dayandırılması iddiaçının ailəsinin yaşayış səviyyəsinin həddindən artıq pisləşməsinə səbəb olmuşdur.

10. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi və sosial yardımla bağlı sistemə - VEMTAS-a girişin məhdudlaşdırılması məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-29670/2024 nömrəli etirazında bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********69803 nömrəli müraciəti əsasında, ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 876,30 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənişi təyin olunmuşdur. Ailəyə təyin edilmiş ÜDSY işinə muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə imtina edilmişdir. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X7 və X15 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Beləliklə, iddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: - ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması. Ailənin mülkiyyətində Bərdə rayonu Darğalar kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,99 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən müraciətinə baxış keçirdikdə, "Ailə üzvləri barədə məlumatlar" qrafasında onun və ailə üzvlərinin kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyiciləri olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları qeyd edilir (VÖEN: **********). "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 5.14.-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə"yə uyğun olaraq hesablanır. Qaydaların 5.17.-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. Beləliklə, İddiaçı ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı 0,99 ha ölçüdə pay torpağının olmasına baxmayaraq, həmin torpaq sahəsinin əkilibbecərilərək və ya icarəyə verilərək gəlirin əldə edilməməsi səbəbindən ailənin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3.-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının başa düşülür. Məcmusundan aşağı olan ailə Qanunun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: ailə üzvlərinin əmək qabiliyyətsiz olması; ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə vəfat etməsi; alınması; məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbələrdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan maddələrin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Bu isə, o deməkdir ki, ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması səbəbi "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanununun 3-cü maddəsində qeyd edilən heç bir səbəblə uyğunluq təşkil etmədiyindən, həmin ailə sosial yardım almaq hüququna malik olan ailələrin sırasına daxil edilə bilməz. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AzərbaycanRespublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir. Konstitusiyanın 16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək müraciət edən mümkündür ki, sosial yardımın təyin olunması üçün ailənin: əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Bu səbəbdən, iddiaçıya VEMTAS tərəfindən verilmiş "ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması" imtinası, ailənin orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğundan, qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-729/2024 nömrəli qərarı (hakim Z.Quliyev) iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati akt - qərar qəbul edilməsi müəyyən olunmur, ona yalnız bildirişlə cavab verilmişdir. Həmçinin, qeyd edilən bildiriş “İnzibati icraat haqqında” Qanunun 59 və 61-ci maddələrinə zidd olaraq formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın məzmumu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10. Sosial yardım almaq hüququna yenidən baxılması: 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

20. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa görə: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

25. İşin hallarından görünür ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Aparılan araşdırma zamanı ailənin maddi-məişət şəraiti müayinə edilmiş, məlumatları yoxlanılmış, iddiaçı və ailə üzvlərinin pay – kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması da müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən 1 il müddətinə iddiaçı və ailə üzvlərinə 876,30 manat məbləğində ünvanlı sosial yardım təyin edilsə də, həmin məbləğ xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığı əsası ilə ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır.

26. Cavabdehin imtinasının əsasları odur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ödənişlərin həyata keçirilməsi dayandırılmışdır.

27. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir.

28. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.

29. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

30. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla əvvəllər təyin edilmiş ünvanlı dövlət sosial yardım ödənişini dayandırması qanuni sayıla bilməz. Digər tərəfdən, həmin əsas adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir.

31. Belə ki, adıçəkilən Qaydalara görə:

32. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

33. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

34. 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;

35. 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə;

36. 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

37. 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;

38. 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təmsil etdyi ailənin sosial yardım almaq hüququna yenidən baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və inzibati icraatı düzgün həyata keçirməmiş, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.

40. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi.

41. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

42. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

43. Beləliklə, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə əsaslı və qanuni olduğundan, apellyasiya şikayəti təmin olunmamalı, məhkəmə qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-729/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar