Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-451/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxslər "A+CO" ASC, Tovuz rayonu X10, X3 və X12) “0.4032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-358/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tovuz rayon Dondar Quşçu kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi və X18 Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş “02 avqust 1996-cı ilədək kənd icra hakimiyyəti nümayəndəliyində Dondar Quşçu kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 2772-2774-cü sırada İddiaçı, X3 və X6 adları qeyd olunmuşdur.
2. Tovuz rayon Dondar Quşçu kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi və X18 Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci il tarixdə təsdiq edilmiş “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”nda 83-cü sırada İddiaçı adı qeyd edilmiş, siyahı nömrəsi 2772, subyekt sayı 3, hər nəfərə düşən torpaq payı 0.203, özəlləşdirilən sahədən torpaq payı 0.6075 ha olaraq qeyd olunmuşdur.
3. JN-0083 Kod 50300128 nömrəli, noyabr 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 nömrəli qərarı ilə Tovuz rayon Dondar Quşçu kənd sakinləri İddiaçı, X3 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.16 ha torpaq sahəsi verilmiş, dövlət aktı qeydiyyat kitabında 83 nömrə ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş imtina məktubunda qeyd edilmişdir ki, “Tovuz rayonu, Dondar Quşçu kəndində 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinizə (DƏQKİS **********) Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.1633 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin adına torpağa mülkiyyət hüququna dair JN-0083 nömrəli dövlət aktı tərtib edilmişdir. Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) ona və ailə üzvlərinə 0.1633 ha pay torpaq sahəsi olması gösdərilmiş, digər əlavə torpaq sahəsi haqqında məlumat yoxdur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.”
5. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-44RA/2-17/2024 nömrəli məktubuna əlavə edilmiş Dondar Quşçu kənd İcra Nümayəndəliyinin 1996-2000-ci il tarixli təsərrüfatbaşına kitabından İddiaçı aid hissəsinin təsdiq edilmiş surətindən görünür ki, təsərrüfat üzvlərinin siyahısında X3, X12 və X7 adları qeyd olunmuşdur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-5108/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsi kimi təqdim edilmiş 0.70 ha torpaq sahəsinin 6557 kv.m hissəsi AZCAD və TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına aiddir. Baza məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan 0.70 ha torpaq sahəsinin 443 kv.m hissəsi başqa mülkiyyəçilərin torpaqları ilə üst-üstə düşür və yerdə qalan istifadəsində olan torpaq sahəsinin 6557 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-7873/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işin araşdırılması üçün xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində 0.70 ha torpaq sahəsinin 6557 kv.m hissəsinin mülkiyyətində olduğu qeyd edilən bələdiyyənin hansı bələdiyyə olması barədə məlumatın, 0.70 ha torpaq sahəsinin 443 kv.m hissəsinin kimin mülkiyyətində olması barədə məlumatın və mülkiyyətində olan şəxslərin çıxarışlarının təsdiq edilmiş surətlərinin verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən 0.70 ha torpaq sahəsinin 6557 kv.m hissəsi Tovuz rayonu, X5 mülkiyyətindədir.”
8. Həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.0824 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.206 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.1948 ha və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.1648 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə “A+CO” ASC-nin mülkiyyətindədir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə kollegiyasına ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-21-3-60/-3001/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Mərkəzin arxivində saxlanılan “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə Torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”nda qeyd olunan “Qurum” sözü kəndli fermer təsərrüfatı deməkdir. Məlumat üçün bildiririk ki, “Bərəkət” Qurumu (“Bərəkət” KFT) siyahının ilk səhifəsində (əsas qrafalarda) olduğundan, dəyişilməz olaraq saxlanılmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, İddiaçı adı qeyd edilmiş hissə “Sərbəst” Quruma (“Sərbəst” KFT) aiddir.”
10. Tovuz Rayon İcra Hakimiyyəti Dondar Quşçu kənd İ.Ə.D-si üzrə nümayəndəliyinin məhkəmə kollegiyasına ünvanlanan xx.xx.2025-ci il tarixli, 5-79-18/-xxxx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə aqrar islahat aparılan zaman hər bir ailə üzvünə nə qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsi barədə məlumatın verilməsi RİH başçısının Dondar Quşçu kənd İ.Ə.D-si üzrə nümayəndəliyinin imkanları daxilində deyildir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 №-li qərarına əsasən ona və ailə üzvlərinə verilmiş Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0,6075 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 №-li qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu, Dondar Quşçu kəndində 0,6075 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsi bu günə qədər onların faktiki sahibliyində və istifadəsindədir. ona və ailə üzvlərinə 0,6075 ha pay torpaq sahəsinin verilməsi Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısında da qeyd edilib. Həmin siyahını iddia ərizəsin əlavə edir. İddiaçı cavabdehə həmin torpaq sahəsinə dair çıxarış verilməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona göndərilmiş 22 noyabr 2023-cü il tarixli məktubda Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 №-li qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.1633 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN-0083 nömrəli Dövlət Aktı tərtib edildiyi, Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) ona və ailə üzvlərinə 0,1633 ha pay torpaq sahəsi olması göstərildiyi, digər əlavə torpaq sahəsi haqqında məlumat olmadığına görə ərizəsinin icrasının mümkün olmadığı qeyd edilmişdir. Halbuki, cavabdeh tərəfindən 18 oktyabr 2023-cü il tarixli məktubla ona göndərmiş onun və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN-0083 nömrəli Dövlət Aktı tərtib edilməsinə əsas olmuş ilkin torpaq ayırma sənəd kimi Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 №-li qərarından çıxarış, eləcə də ona və ailə üzvlərinə 0,6075 ha pay torpaq sahəsinin verilməsi Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə Torpaq payı alacaq ailələrin ardıcıllıq siyahısı göndərilmişdir. Əgər həmin sənəd Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində mövcuddursa ona həmin torpaq sahəinə dair çıxarış verilməlidir. Belə ki, həmin torpaq sahəsi həmin vaxt ölçülüb ona və ailə üzvlərinə verilib. Bu günə kimi onların faktiki sahibliyində və istifadəsindədir. Hər hansı texniki səhvə görə onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur.
13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə “A+CO” ASC və Tovuz rayonu X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş və Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 №-li qərarına əsasən ona və ailə üzvlərinə verilmiş Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0,6075 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh orqanın nümayəndəsi X13 tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-358/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “A+CO” ASC və Tovuz rayonu X10) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 6557 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, 443 kv.m hissəsi isə üçüncü şəxs “A+CO” ASC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Odur ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və üçüncü şəxsin mülkiyyətində olan torpaq olduğundan cavabdehin imtinası əsaslı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-358/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(114)-358/2025 saylı qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, işə baxan məhkəmə maddi hüquq normalarını pozmuş, hüquq normalarını işin hallarına uyğun olaraq düzgün tətbiq etməmişdir. Məhkəmə sübutları qiymətləndirərkən cavabdeh inzibati orqanın və mütəxəssis rəyini əsas götürmüş, onun isə təqdim etdiyi sübutları, o cümlədən Tovuz rayonunun X10 tərəfindən 29 sentyabr 2023-cü il tarixdə ona verilmiş arayışı və Dondar Quşçu kəndinin torpaq sahələrini əks etdirən sxematik planı olan xəritəni iş materiallarına əlavə etməkdən imtina etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi "xxxx" MMC-nin arxivindən 18 oktyabr 2023-cü il tarixdə aldığı sənədlərin surətini qəbul etsə də, bu sənədlərə heç bir münasibət bildirməmişdir. Belə ki, Tovuz rayonunun X10 tərəfindən 29 sentyabr 2023-cü il tarixdə ona verilmiş arayışda qeyd edilir ki, “verilir mərhum kənd sakini X4 barəsində ona görə ki, oğlu İddiaçı ilə birlikdə pay torpaqları aşağıdakı kimidir: X9 JN-82 nömrəli 0,22 ha, İddiaçı JN-83 nömrəli 0,47 ha. Həmin torpaq sahəsindən İddiaçı istifadə edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsində olan Tovuz rayonunun torpaq sahələrinin Dondar Quşçu kəndinə aid xəritəsində də mərhum atası X4 adına verilmiş JN 0082 dövlət aktında 0.22 ha, İddiaçı adına verilmiş JN 0083 dövlət aktında 0.47 ha torpaq sahəsi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi "xxxx" MMC-nin arxivindən 18 oktyabr 2023-cü il tarixdə aldığı sənədlərin Tovuz rayon Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısının ümumi sıra nömrəsi 83-də İddiaçı 3 nəfərdən ibarət ailə üzvü olmaqla hər nəfərə düşən torpaq payı 0.203 ha, özəlləşdirilən sahədən torpaq payı 0.6075 ha kimi göstərilmişdir. Qeyd edir ki, 1998-ci ildə ona ailə üzvləri lə birlikdə ayrılan 0.6075 ha torpaq sahəsinin 0.1633 ha hissəsi qeyri-münbit torpaq sahəsi kimi, 0.47 ha hissəsi isə hazırda 27 ildir ki, istifadəsində olan münbit torpaq sahəsindən göstərilmişdir. Onun adına verilmiş JN-0083 (kod ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində ailə üzvlərinə verilmiş pay torpağı 0.6075 ha göstərilsə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tovuz rayonu, Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) 3 nəfərdən ibarət ailə üzvlərinin adına yalnız 0.1633 ha pay torpaq sahəsi olması göstərilmişdir. Göründüyü kimi, onun adına verilmiş JN-0083 (kod ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair “Dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində ailə üzvlərinə verilmiş 0.6075 ha pay torpağının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yalnız 0.1633 ha hissəsi Dövlət aktına salınmış, qalan 0.47 ha hissəsi isə onların səhlənkarlığı ucbatından onun adına tərtib olunmuş JN-0083 (kod ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilməmişdir. Halbuki onunla qonşuluqda olan Abdıyev Qəmbər və Abdıyev Tahirin ailə üzvlərinə verilən torpaqlar elektron bazada var və onlara torpağın mülkiyyətə verilməsinə dair Çıxarış verilmişdir. Necə ola bilər ki, onunla qonşuluqda olan sakinlərin hər birinə ailə üzvlərinin sayına uyğun pay torpağı verilir və onların məlumatları elektron baza məlumatlarına daxil edilir, bizə verilmiş pay torpağı elektron baza məlumatlarına daxil edilmir? Beləliklə məhkəmə təqdim etdiyi sənədləri diqqətlə və hərtərəfli araşdırmadan həmin sənədlərə hüquqi qiymət vermədən səhv və qanunsuz qərar çıxarmışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, istinad etdiyi normativ hüquqi aktların tələblərini pozmuş, eləcə də əsaslandığı qanun normalarının tələblərini səhv təfsir etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə X3 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
23. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 0.4032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2- 1(114)-358/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
26. Azərbaycan Respublikası Konstitusiyası Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir.
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 21. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
34. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
38. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
39. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
40. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
42. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
45. İşin məhkəmə kollegiyası tərəfindən araşdırılan hallarından bəlli olur ki, iddiaçı müvafiq siyahıya istinad etməklə Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 23 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.6075 ha torpaq sahəsi verildiyini iddia edərək, Tovuz rayonu, Dondar Quşçu kəndində 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə öz növbəsində onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, iddiaçı hazırki iddianı qaldırmaqla məhkəmə müdafiəsindən istifadə etmişdir.
46. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, araşdırma zamanı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.1633 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN-0083 nömrəli dövlət aktının tərtib edildiyi, Dondar Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) onun və ailə üzvlərinin 0.1633 ha pay torpaq sahəsindən başqa, digər əlavə torpaq sahəsi haqqında məlumat olmadığı müəyyən edilmiş və bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
47. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.
48. Belə ki, işin faktiki hallarına görə müəyyən edilir ki, Tovuz rayon Dondar Quşçu kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi və X18 Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş “02 avqust 1996-cı ilədək kənd icra hakimiyyəti nümayəndəliyində Dondar Quşçu kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 2772-2774-cü sırada İddiaçı və onun ailə üzvləri X3 və X6 adları qeyd olunmuşdur.
49. Həmçinin, Tovuz rayon Dondar Quşçu kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi və X18 Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci il tarixdə təsdiq edilmiş “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”nda 83-cü sırada İddiaçı adı qeyd edilmiş, siyahı nömrəsi 2772, subyekt sayı 3, hər nəfərə düşən torpaq payı 0.203, özəlləşdirilən sahədən torpaq payı 0.6075 ha olaraq qeyd olunmuşdur.
50. Buna baxmayaraq, iddiaçı və onun ailə üzvlərinə verilən torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-0083 Kod 50300128 nömrəli, noyabr 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998ci il tarixli, 23 nömrəli qərarına əsasən Tovuz rayon Dondar Quşçu kənd sakinləri İddiaçı, X3 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.16 ha torpaq sahəsinin verildiyi qeyd olunmuşdur.
51. Göründüyü kimi, islahata əsasən torpaq payı almaq hüququ olan şəxslərin siyahısında iddiaçıya və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçüsü “0.6075 ha” qeyd olunmasına baxmayaraq, onlara verilmiş Dövlət aktında torpağın ölçüsü “0.16 ha” qeyd olunmuşdur.
52. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində öz əksini tapmışdır.
53. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
54. Doğrudur ki, iddiaçı ona və ailə üzvlərinə dair verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”na istinad etsə də, buna dair əlavə dövlət aktı təqdim edə bilmir. Lakin qeyd edilməlidir ki, dövlət aktları ilkin sənəd sayılan “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”na uyğun tərtib edilməli olduğu halda buna əməl edilməmiş, iddiaçıya və ailə üzvlərinə yalnız 0.16 ha torpaq sahəsi ilə bağlı dövlət aktı verilmişdir. Qeyd olunan hal isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
55. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, “Tovuz rayonu, Dondar Quşçu kəndi üzrə torpaq payı alacaq ailələrin ardıcıllıq Siyahısı”na uyğun olaraq iddiaçı və ailə üzvlərinin adına dövlət aktının işlənməməsi və onlara təqdim edilməməsi müvafiq orqanın (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin) səhvi ucbatından baş verdiyindən, bu hal iddiaçının ziyanına şərh edilməməlidir.
56. Digər tərəfdən qeyd edilməlidir ki, işin birinci instansiya məhkəməsindəki icraatı zamanı məhkəmənin müvafiq qərardadına əsasən mütəxəssis rəyi əldə edilmiş və həmin rəydə İddiaçı istifadəsi kimi təqdim edilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına aid olması, torpaq sahəsinin 6557 kv.m hissəsinin AZCAD və TEKUİS məlumat bazasına əsasən Tovuz rayonu, X5 mülkiyyətində olan torpaq sahəsi olması, həmçinin 443 kv.m hissəsinin isə başqa mülkiyyəçilərin torpaqları ilə üst-üstə düşməsi müəyyən edilmişdir.
57. Həmçinin, müvafiq məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2- 7873/2024 nömrəli məktub və ona əlavə edilmiş müvafiq çıxarışlarla müəyyən edilmişdir ki, üst-üstə düşməsi müəyyən edilən 443 kv.m torpaq sahəsinin mülkiyyətçisi "xxxx" ASCdir. Belə ki, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.0824 ha, 0.206 ha, 0.1948 ha və 0.1648 ha torpaq sahələri müvafiq tarixlərdə “A+CO” ASC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
58. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçı tələbində dəqiqləşmə edərək, 0.4032 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
59. Deməli iddiaçı, JN-0083 Kod 50300128 nömrəli, noyabr 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə adlarına işlənmiş 0.16 ha torpaq sahəsini, eləcə də “A+CO” ASC-nin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 443 kv.m torpaq sahəsini çıxmaqla yerdə qalan torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasını tələb etmişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin “A+CO” ASC-nin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı da aradan qalxmış olur.
60. Digər tərəfdən, mübahisələndirilən əmlakın aqrar islahatın keçirildiyi vaxtdan əvvəl də iddiaçının istifadəsində və sahibliyində olması, eləcə də həmin əmlaka dair üçüncü şəxslərin pretenziyasının olmaması, müvafiq bələdiyyənin isə həmin torpaq sahəsinin iddiaçıya aid olmasına dair etirazının olmaması müəyyən edilmişdir.
61. Beləliklə, apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə birgə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarı ləğv edilməli və 0.4032 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-358/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.4032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.