Məhkəmə qərarları › İş №2-1(104)-453/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-453/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-453/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2009/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

2. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 94/223 nömrəli və xx.xx.2025-ci il tarixli, 94/752 nömrəli məktublarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Qastroenterologiya bölməsinin rəisi tibb xidməti mayoru İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. Tibb xidməti mayoru İddiaçı raportu “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 162-ci maddəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq qərar və əmrlərinin tələblərinə əsasən icra edilmiş, belə ki, xx.xx.2023cü il tarixdə birinci söhbət aparılmış və söhbət zamanı Azərbaycan Ordusunda 10 ildən artıq xidmət etdiyini, özünü mənəvi cəhətdən yorğun hiss etdiyini və tibbi müayinəyə ehtiyacı olduğunu bildirmişdir. Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar hərbi xidmətə yararlılığının təyini üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyasına göndərilmiş və xx.xx.2024-cü il tarixli 141 nömrəli arayışa əsasən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 02 fevral 2024-cü il tarixdə ikinci söhbət aparılmış, fiziki və mənəvi cəhətdən yorğun olduğu üçün ordu sıralarından ehtiyata buraxılmağını bir daha xahiş etmişdir. Tibb xidməti mayoru İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq müvafiq qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmişdir, 21 fevral 2024-cü il tarixdə Azərbaycan Ordusunda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları barədə müraciətlərin sayının artması səbəbi ilə tibbi təminatın keyfiyyətli təşkilində və kadrların karyera inkişafının planlaşdırılmasında ciddi çətinliklər yarandığı üçün təqdimat icra edilmədən geri qaytarılmışdır.

İşdə olan sənədlər:

3. xx.xx.2011-ci il tarixli, BB-İ №017224 (Qeydiyyat №1267) diplomdan görünür ki, İddiaçı 2005-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2011-ci ildə Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” fakültəsinin “Hərbi həkim işi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona “Hərbi həkim” ixtisası verilmişdir.

4. xx.xx.2017-ci il tarixli, AR №000493 (Qeydiyyat №481) diplomdan görünür ki, İddiaçı 2012-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” fakültəsində “Qastroenterologiya” ixtisası üzrə rezidentura təhsili almışdır.

5. MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin: - xx.xx.2021-ci il tarixli, 0237nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölmə rəisi vəzifəsinə təyin edilib; - xx.xx.2022-ci il tarixli 032r nömrəli əmri ilə tibb xidməti mayoru hərbi rütbəsi verilib.

6. xx.xx.2023-cü il tarixli İ söhbət vərəqəsindən görünür ki, tibb xidməti mayoru İddiaçı Azərbaycan Ordusunda 10 ildən artıq xidmət etdiyi, özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə raportla müraciət etmişdir. Öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

7. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, 141 nömrəli arayışına əsasən, İddiaçı hərbi həkim komssiyası tərəfindən şəhadətlədirilmiş, “Hərbi xidmətə yararlıdır” barədə qərar qəbul edilmişdir.

8. xx.xx.2024-cü il tarixli İİ söhbət vərəqəsindən görünür ki, tibb xidməti mayoru İddiaçı 10 ildən artıq Azərbaycan Ordusunda, 7 ildən artıq N nömrəli hərbi hissədə xidmət edir. Birinci söhbət zamanı qeyd etdiyi kimi özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün ehtiyata buraxılmağı istəmiş, öz arzusu ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə bir daha mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

9. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən, tibb xidməti mayoru İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır.

10. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 82 nömrəli arayışında qeyd edilmişdir ki, tibb xidməti mayoru İddiaçı həqiqətən xx.xx.2009-cu il tarixdən həqiqi hərbi xidmətdədir, xx.xx.2011-ci il tarixdən, xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci tarixədək N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah bölüyünün tibb məntəqəsinin rəisi, xx.xx.2012-ci il tarixdən, xx.xx.2016-cı il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rezidenti, xx.xx.2016-cı il tarixdən, xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin həkim-terapevti, xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin poliklinika bölməsinin rəisi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifələrində xidmət etmiş, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin qastroenterologiya bölməsinin rəisi vəzifəsində xidmət edir.

11. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli arayışında qeyd edilmişdir ki, tibb xidməti mayoru İddiaçı xx.xx.2011-ci il tarixdə tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin 25 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3969/2023 nömrəli qərarı ilə X1 «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmış, qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixdə icra olunması üçün cavabdeh quruma göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli, 1H1508 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli, 0138 nömrəli ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılma) Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ilin iyun ayından zabit kimi milli ordu sıralarında xidmət edir və hazırda N nömrəli Hərbi Hissənin Qastroenterologiya bölməsinin rəisi vəzifəsindədir. Zabit vəzifəsində 10 il xidmət etdiyi və onunla bağlanılmış müqavilənin müddətinin bitdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı müraciət etsə də, cavabdeh orqan tərəfindən müvafiq əmr verilməmişdir. Belə ki, iddiaçı raportla müraciət edərək 10 il zabit kimi xidmətinin tamam olması ilə əlaqədar özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün və ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından tərxis olunmağına köməklik göstərilməsini xahiş etsə də, 2021-ci ilin iyun ayında 10 il xidmətinin tamam olmasına baxmayaraq, onun raportu aidiyyəti şəxslər tərəfindən qeydiyyata alınmamış və ordu sıralarından tərxis olunmağı barədə müvafiq əmr verilməmişdir. Məhz bu səbəbdən vəkili cavabdeh orqana müraciət edərək onun ordu sıralarından təxris olunmağı barədə əmrin verilməsinə köməklik göstərilməsini xahiş etsə də, cavabdeh orqan həmin müraciəti poçt vasitəsi xx.xx.2024-cü il tarixdə qəbul etsə də, müraciətə cavab verilməmiş və onun ordu sıralarından təxris olunmağı barədə əmr verilməmişdir.

15. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2009/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Qanunvericilik normalarına əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Göründüyü kimi iddiaçının hazırda ehtiyata buraxılmasını tələb etməsi onun hüququdur, qanunvericilikdə hərbi qulluqçuların qeyd olunan hüququnu məhdudlaşdıran hər hansı norma nəzərdə tutulmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir. Belə ki, həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “İT” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir” göstərilmişdir. Yəni İddiaçı 24 sentyabr 2012-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 17 noyabr 2016-ci il tarixdə təhsilini bitirmişdir. Bu da onu göstərir ki, iddiaçı 4 il 2 ay müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 9 il 10 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

22. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. 22.2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

24. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

25. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: - öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir (01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir).

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən tələbi təmin edilməmiş və hazırki mübahisəyə yaranmışdır.

29. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlilində mövqeyini “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə maqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş dəyişiklik ilə əsaslandırmışdır.

30. Belə ki, sözügedən dəyişikliyə əsasən “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “İT” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilməməsi nəzərdə tutulmuşdur.

31. Cavabdeh hesab edir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə rezidentura təhsilinə qəbul edilərək, 17 noyabr 2016-ci il tarixdə təhsilini bitirdiyindən, başqa sözlə, 4 il 2 ay müddətində rezidentura təhsilində olduğundan onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 9 il 10 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır.

32. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdehin istinad etdiyi Qanunda dəyişiklik xx.xx.2023-cü il tarixdə edilməklə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Bu isə onu deməyə əsas verir ki, sözügedən dəyişiklik yalnız qüvvəyə mindikdən – xx.xx.2024-cü il tarixdən sonra yaranmış münasibətləri nizamlayıcı təsirə malikdir.

33. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir və tərəflər arasında yaranmış mübahisəyə həmin tarixdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir.

34. İş materialları ilə müəyyən olunur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq N nömrəli hərbi hissə tərəfindən iddiaçı ilə iki dəfə - xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində söhbət aparılmış, hərbi həkim komissiyası tərəfindən şəhadətlədirilmiş, hərbi hissə tərəfindən Müdafiə Nazirliyi qarşısında onun öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmış, Müdafiə Nazirliyi tərəfindən təqdimat icra edilmədən geri qaytarılmışdır.

35. Göründüyü kimi iddiaçının xx.xx.2011-ci il tarixdən Azərbaycan Ordusu sıralarında zabit kimi xidmət etməsi işin mübahisəsiz halıdır. Dəyişiklikdə nəzərdə tutulan norma hazırki hüquq münasibətlərinə tətbiq edilə bilməz və iddiaçının hazırki tarixədək Azərbaycan Ordusu sıralarında zabit kimi 14 il 2 ay 3 gün xidməti stajı mövcuddur.

36. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh mövqeyində haqlı olsaydı, yəni iddiaçının rezidentura təhsili aldığı 4 il 1 ay 23 gün müddət (xx.xx.2012-xx.xx.2016) staj müddətinə hesablanmasaydı belə, onun hazırki tarixdə Azərbaycan Ordusunda 10 il 10 gün zabit kimi xidməti tamamdır və bu halda da o tələbində haqlıdır.

37. Belə ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli arayışında qeyd edilmişdir ki, tibb xidməti mayoru İddiaçı xx.xx.2011-ci il tarixdə tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir.

38. xx.xx.2011-ci il tarixli, BB-İ №017224 (Qeydiyyat №1267) diplomdan görünür ki, İddiaçı 2005-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2011-ci ildə Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” fakültəsinin “Hərbi həkim işi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona “Hərbi həkim” ixtisası verilmişdir.

39. xx.xx.2017-ci il tarixli, AR №000493 (Qeydiyyat №481) diplomdan görünür ki, İddiaçı 2012-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetinin “Hərbi tibb” fakültəsində “Qastroenterologiya” ixtisası üzrə rezidentura təhsili almışdır.

40. Göründüyü kimi rezidentura təhsili aldığı müddət hesablanmadan iddiaçının zabit kimi xidməti stajı 10 il 10 gün (leytenant rütbəsini aldığı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (1 il 3 ay) və rezidentura təhsilini bitirdiyi xx.xx.2016-cı il tarixdən hazırki tarixədək (8 il 9 ay 10 gün)), rezidentura təhsili aldığı müddət hesablandıqda isə 14 il 2 ay 3 gün (leytenant rütbəsini aldığı xx.xx.2011-ci il tarixdən hazırki tarixədək) təşkil edir.

41. Bundan bağqa iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məktubların məzmunundan görünür ki, Azərbaycan Ordusunda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j”bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları barədə müraciətlərin sayının artması səbəbi ilə tibbi təminatın keyfiyyətli təşkilində və kadrların karyera inkişafının planlaşdırılmasında ciddi çətinliklər yarandığı üçün təqdimat icra edilmədən geri qaytarılmışdır.

42. Məhkəmə tərkibi qeyd edir ki, həmin əsaslarla iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququ məhdudlaşdıra bilməz. Çünki hərbi qulluqçunun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyinin imperativ göstərişləri ilə müəyyən edilmişdir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

43. «Hərbi xidmətkeçmə haqqında” Qanunun 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

44. Qanunvericiliyin qeyd olunan normalarından aydın görünür ki, azı 10 il xidmət etmiş zabit öz arzusu ilə Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair müvafiq müraciəti mövcud olduğu təqdirdə ehtiyata buraxılmalıdır.

45. Göründüyü kimi, konkret halda iddiaçının öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər mövcuddur. Belə olan halda, onun zabit olaraq öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə cavabdeh orqan tərəfindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi qanunaziddir. Cavabdeh inzibati orqanın mövqeyini əsaslandırdığı hallar isə iddiaçının tələbinin təmin edilməsini aradan qaldırmır.

46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2009/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar