Məhkəmə qərarları › İş №2-1(104)-455/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-455/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-455/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-832/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tovuz rayon Dövlət arxivinin 24 may 2023-cü il tarixli, 5-79-46/2-6-8/2023 saylı arxiv arayışnıdan görünür ki, Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərdə İddiaçı xx.xx.1974-cü il tarixdə 139№-li əmrlə «Kirov» adına sovxoza slesar təyin edilmiş, xx.xx.1975-ci il tarixdə, 147 №-li əmrlə növbəti hərbi çağırışa getdiyi üçün slesar işindən azad edilmiş, xx.xx.1978-i il tarixdə, 116№-li əmrlə «Kirov» adına sovxozda əmək normalaşdırıcı vəzifəsinə təyin edilmiş, əmək haqqı xx.xx.1978-ci il tarixdən hesalanması qeyd edilmiş, xx.xx.1986-cı il tarixdə 79 saylı əmrlə əmək normalaşdırıcı vəzifəsindən iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə 145№-li əmrlə «Kirov» adına sovxoz ləğv edilib, bazasında «Qaraxanlı» sovxozunun yaradılması ilə əlaqədar olaraq «Kirov» adına sovxozdan azad edilməsi qeyd edilmiş, «Qaraxanlı» sovxozunun xx.xx.1991-ci il tarixli, 01 saylı əmri ilə «Qaraxanlı» sovxozuna baş iqtisadçı təyin edilməsi göstərilmişdir. İşdən azad edilməsinə dair əmr aşkar edilməmiş, lakin 2004-cü ilin dekabr ayında əmək haqqı alması qeyd edilmişdir. 2.Tovuz rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 275 nömrəli «Kirov» və «Qaraxanlı» adına sovxozların əmək haqqının aylar üzrə məbləğinə dair arayışdan görünür ki, İddiaçı 1974-1975 və 1978-2004-cü illərdə «Kirov» adına üzümçülük və Qaraxanlı sovxozlarında işləmiş və əmək haqqı almış, 1974-1981,1983-1984,1991,1993- 1996-cı illərin əmək haqqı kitabında vətəndaşın ata adı qeyd edilməyib, qalan illərdə ata adı Rzalı kimi qeyd edilib. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətinə əsasən sığorta stajı (xx.xx.1975-xx.xx.1975-hərbi xidmətdə olduğu dövr) 2 il 18 gün təşkil edir. Fondun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən təqdim edilmiş arxiv arayışında qeyd olunmuş «Kirov» və «Qaraxanlı» sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitabları möhürlə təsdiqlənmədiyinə, həmçinin 1974-1981, 1983-1984, 1991, 1993- 1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında ata adı qeyd olunmadığına görə həmin müddətlər sığorta stajına daxil edilməmiş, eyni zamanda Aqrar İslahat Komissiyasının əmr kitabları Dövlət arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən əmək haqqı alıbalmadığını müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrdə sosial sığorta stajına daxil edilməmiş, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 4.Tovuz rayon Dövlət arxivinin 24 may 2023-cü il tarixli, 5-79-46/2-6-8/2023 saylı arxiv məktubunda qeyd edilir ki, «Kirov» adına üzümçülük sovxozunda 1974-1981 və 1983-1984-cü illərdə, «Qaraxanlı» üzümçülük-heyvandarlıq sovxozunda 1993-1996-cı illərdə İddiaçı adlı digər şəxslərin işləməsi aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il tarixli 139 saylı əmrlə Tovuz rayonu S.M.Kirov adına Üzümçülük sovxozuna çilingir vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixli 147 saylı əmrlə hərbi xidmətə çağırıldığı üçün çilingir vəzifəsindən azad edilmişdir, xx.xx.1978-ci il tarixli 116 saylı əmrlə əmək haqqı xx.xx.1978-ci il tarixdən verilməklə Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozuna əmək normallaşdırıcısı vəzifəsinə təyin olunmuş, xx.xx.1986-cı il tarixli 79 saylı əmrlə əmək normallaşdırıcısı vəzifəsindən iqtisadçı vəzifəsinə keçirilmiş, Tovuz Rayon Aqrar Kombinatının xx.xx.1991-ci il tarixli 167 nömrəli əmrinə əsasən Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozunun ləğv edilməsi ilə əlaqədar Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozun xx.xx.1991-ci il tarixli 145 saylı əmri ilə "Qaraxanlı" üzümçülük -heyvandarlıq sovxozunun sərəncamına göndərilmişdir və iddiaçı "Qaraxanlı" üzümçülük -heyvandarlıq sovxozunun müvəqqəti baş iqtisadçı vəzifəsinə təyin olunmuşdur. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı Qazax-Tovuz regional ərazi filialına müraciət etsə də, ona bildirilmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zərurəti yaranmış, təqdim etdiyi arxiv arayışında qeyd olunmuş Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əməkhaqqı kitabları heç bir möhürlə təsdiqlənməyib və 1974-cü il tarixindən 1981-ci il tarixinədək, 1983-cü il tarixindən 1984-cü il tarixinədək və 1993-cü il tarixindən 1996-cı il tarixinədək olan şəxsi hesab kitablarda ata adı qeyd edilməmişdir. Eyni zamanda, Aqrar İslahat Komissiyasının əmr kitabları Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəsissədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrlərin sığorta stajina daxil edilməsi qanunauyğun hesab edilməmişdir. 7.İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. 8.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-832/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəssisənin əmək haqqı kitablarının möhürlə təsdiqlənməməsi iddiaçının ziyanına şərh edilə bilməz, eləcə də müvafiq sənədlərin düzgün formada tərtibatı iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında, eləcə də müvafiq arxiv arayışında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 10.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Filialın iddiaçıya ünvanladığı **********5 nömrəli məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 2 il 18 gün sığorta stajı mövcuddur. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır: 2) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 2 il 18 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək "Kirov adına sovxoz"da xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi "Qaraxanlı adına sovxoz"da işlədiyini iddia etmişdir. İşin tam, hərtərəfli araşdırılması məqsədi ilə Fondun 1 saylı Qazax-Tovuz regional filialı tərəfindən Tovuz rayon Dövlət arxivində sənədlərin qarşılıqlı yoxlanması həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən akta əsasən iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında qeyd olunmuş «Kirov» və «Qaraxanlı» sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı kitabları heç bir möhürlə təsdiqlənməmişdir. Həmçinin 1974- 1981; 1983-1984; 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adı qeyd olunmamışdır. Tovuz rayon Dövlət arxivinə ünvanlanan xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla "Qaraxanlı üzümçülük-heyvandarlıq sovxozu"nun ləğv edilmə prosesinin yekunlaşma tarixi barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 245 nömrəli cavab məktubuna əsasən "Qaraxanlı üzümçülük-heyvandarlıq sovxozu"nun 18 noyabr 1992-ci il tarixdən sonrakı illərin əmr kitabları Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məktuba əlavə olunan qoşmada isə xx.xx.1997-ci il tarixli 1 nömrəli əmrlə Aqrar islahatla əlaqədar xx.xx.1997-ci il tarixdən etibarən sovxozda tutduğu vəzifədən azad edilən işçilərin siyahısı göstərilmişdir. Həmin siyahının 115-ci sırasında İddiaçı adı qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi olan dövr sənədlərlə öz təsdiqini tapmamışdır. Cavabdeh orqan tərəfindən sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair xx.xx.2005-ci ildə işdən azad olunma əmrinin olmaması və xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi olan dövr üzrə əməkhaqqı cədvəllərinin möhürlə təsdiq edilməməsi həmin sənədlərdə əsaslı sübhələr yaratması səbəbindən sözügedən dövrlərin sığorta stajı kimi nəzərə alınmasını istisna edir. İş materialların əlavə edilmiş Qaraxanlı YAİK-in iclas protokollarına nəzər yetirdikdə sonuncu protokolun xx.xx.2002-ci il tarixə aid olduğu müəyyən edilir. Həmçinin sonuncu protokola əsasən İddiaçı AlK-nın sədri kimi iclasda çıxış etmişdir. Lakin sədr kimi səlahiyyətlərinin olmasına baxmayaraq əmək kitabçasında müvafiq qeydləri aparmamışdır. Bundan əlavə komissiyanın fəaliyyət dövrləri məhkəmə tərəfindən araşdırılmamış, qərarda bu məsələyə münasibət bildirilməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 12.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi. 14.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

18. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 20.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 21.İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının işlədiyi «Kirov» və «Qaraxanlı» sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitablarının möhürlə təsdiqlənmədiyinə, həmçinin 1974-1981, 1983-1984, 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmadığına görə həmin müddətləri onun sığorta stajına daxil etməmiş və ümumi iş stajının 2 il 18 gün təşkil etdiyini bildirərək imtina etmişdir. 22.Bundan başqa apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məktuba əlavə olunan qoşmada xx.xx.1997-ci il tarixli 1 nömrəli əmrlə Aqrar islahatla əlaqədar xx.xx.1997-ci il tarixdən etibarən sovxozda tutduğu vəzifədən azad edilən işçilərin siyahısı göstərilmişdir. Həmin siyahının 115-ci sırasında İddiaçı adı qeyd olunmuşdur. 23.Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçının cəmi 2 il 18 gün sığorta staji mövcuddur, təqdim edilən arxiv arayışında qeyd olunmuş «Kirov» və «Qaraxanlı» sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı kitabları heç bir möhürlə təsdiqlənməmiş, həmçinin 1974-1981; 1983-1984; 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adı qeyd olunmamış, xx.xx.1997-ci il tarixdən etibarən sovxozda tutduğu vəzifədən azad edilən işçilərin siyahısının 115-ci sırasında İddiaçı adı göstərilmişdir. 24.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri işdə olan sübutlarla tam təqzib edilir. 25.Belə ki, Tovuz rayon Dövlət Arxivinin 24 may 2023-cü il tarixli, 5-79-46/2-6- 8/2023 saylı arxiv arayışnıdan görünür ki, Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərdə İddiaçı xx.xx.1974-cü il tarixdə 139№-li əmrlə «Kirov» adına sovxoza slesar təyin edilmiş, xx.xx.1975-ci il tarixdə, 147 №-li əmrlə növbəti hərbi çağırışa getdiyi üçün slesar işindən azad edilmiş, xx.xx.1978-i il tarixdə, 116№-li əmrlə «Kirov» adına sovxozda əmək normalaşdırıcı vəzifəsinə təyin edilmiş, əmək haqqı xx.xx.1978-ci il tarixdən hesalanması qeyd edilmiş, xx.xx.1986-cı il tarixdə 79 saylı əmrlə əmək normalaşdırıcı vəzifəsindən iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə 145№-li əmrlə «Kirov» adına sovxoz ləğv edilib, bazasında «Qaraxanlı» sovxozunun yaradılması ilə əlaqədar olaraq «Kirov» adına sovxozdan azad edilməsi qeyd edilmiş, «Qaraxanlı» sovxozunun xx.xx.1991-ci il tarixli, 01 saylı əmri ilə «Qaraxanlı» sovxozuna baş iqtisadçı təyin edilməsi göstərilmişdir. İşdən azad edilməsinə dair əmr aşkar edilməmiş, lakin 2004-cü ilin dekabr ayında əmək haqqı alması qeyd edilmişdir. 26.Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 275 nömrəli «Kirov» və «Qaraxanlı» adına sovxozların əmək haqqının aylar üzrə məbləğinə dair arayışdan görünür ki, İddiaçı 1974-1975 və 1978-2004-cü illərdə «Kirov» adına üzümçülük və Qaraxanlı sovxozlarında işləmiş və əmək haqqı almış, 1974-1981,1983-1984,1991,1993- 1996-cı illərin əmək haqqı kitabında vətəndaşın ata adı qeyd edilməyib, qalan illərdə ata adı Rzalı kimi qeyd edilib. 27.Tovuz rayon Dövlət Arxivinin 24 may 2023-cü il tarixli, 5-79-46/2-6-8/2023 saylı arxiv məktubunda qeyd edilir ki, «Kirov» adına üzümçülük sovxozunda 1974-1981 və 1983-1984-cü illərdə, «Qaraxanlı» üzümçülük-heyvandarlıq sovxozunda 1993-1996-cı illərdə İddiaçı adlı digər şəxslərin işləməsi aşkar edilməmişdir. 28.Digər tərəfdən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.1997-ci il tarixli 1 nömrəli əmrlə Aqrar islahatla əlaqədar xx.xx.1997-ci il tarixdən etibarən sovxozda tutduğu vəzifədən azad edilən işçilərin siyahısına və siyahının 115-ci sırasında İddiaçı adı qeyd olunması iddia edilən hissəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sırada kiril qrafikası ilə X2 qeyd edilmiş, cavabdeh orqan yalnış olaraq Rafiq adını Tofiq kimi şərh etmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

30. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

32. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədəməlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

33. Qeyd olunmalıdır ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Tovuz rayonDövlət arxivi tərəfindən verilmiş arxiv arayışı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməlidir.

34. Digər tərəfdən «Kirov» və «Qaraxanlı» sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əməkhaqqı kitablarının heç bir möhürlə təsdiqlənməməsi və 1974-1981; 1983-1984; 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adı qeyd olunmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, əmək haqqı kitablarının möhürlənərək arxivə təhvil verilməsi, eləcə də müvafiq sənədlərin düzgün formada tərtibatı, həmçinin şəxsi hesab kitablarında şəxsin adının, soyadının və ata adının düzgün formada qeyd edilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və məhkəməyə daxil olmuş məktubla da müəyyən edilmişdir ki, iddiaçı ilə eyni adda olan digər şəxs mübahisələndirilən illərdə adıçəkilən sovxozlarda işləməməmişdir (Tovuz rayon Dövlət Arxivinin 24 may 2023-cü il tarixli, 5-79-46/2-6-8/2023 saylı arxiv məktubu).

35. Məhkəmə tərkibi hesab edir ki, şəxsin qeyd olunan illər üzrə işləməsi əmək haqqı alması barədə arxiv arayışı ilə tam təsdiq olunur və əmək kitabçasında 1991-ci ildən sonrakı dövr ərzində qeydiyyatın aparılmaması onun ziyanına şərh oluna bilməz.

36. Bundan başqa, iddiaçı işləməsinə və əmək haqqı almasına dair arxiv arayışını təqdim etmişdir və nəzərə almaq lazımdır ki, əməkhaqqı kitablarının möhürlə təsdiqlənməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

37. Odur ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Bu da hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-832/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar