Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-456/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1454/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(114)-1454/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş 6 ha torpaq sahəsi üzərində onun icarə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərardadı Bərdə rayonu, Çələbilər bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-440/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-440/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-554/2024 nömrəli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova (məruzəçi), və K.N.Bədəlov, K.İ.Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)- 440/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli, 03 saylı iclas protokulundan çıxarışa əsasən iddiaçıya Bərdə rayonu Nifçi bələdiyyəsinin fondunda olan əkinə yararlı sahədən 6 ha torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə uzunmüddətli (25 il müddətində) icarəyə verilmişdir. Həmçinin, Bərdə rayonu Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. 19 ildir ki, həmin torpaq sahəsi iddiaçının icarəsindədədir və manesiz olaraq istifadə edir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Bərdə rayonu, Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, İddiaçı tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 saylı qərarı ilə ona ayrılmış 6.0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizə və ərizəyə əlavə olunan sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuşdur. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Göründüyü kimi icarə müqaviləsi mövcud olmadığı halda Məhkəmə tərəfindən icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Yəni Bələdiyyə ilə vətəndaş arasında icarə müqaviləsi bağlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmiş iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən iddiaçı, cavabdehin və üçüncü şəxsin müvafiq şəkildə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir. Beləlikə müəyyən olunur ki, hazırki iş üzrə imtinaya səbəb olan sənədlərin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi) tərtib edilməsi bələdiyyə və müvafiq icra hakimiyyəti orqanının vəzifəsi olmuşdur. Bu baxımdan da məhkəmə qeyd edir ki, müvafiq orqanların qanunla onlara həvalə edilmiş vəzifələrini qanunauyğun yerinə yetirməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq rəyin və torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmaması) icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə iddiaçının uzunmüddətli - 25 il müddətinə icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Sahəseçmə aktından görünür ki, Nifçi Bələdiyyəsinin xx.xx.2004. tarixli 03 saylı qərarına və DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı xx.xx.2004. tarixli 03 saylı məktubuna əsasən bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Nifçi kənd sakini İddiaçı uzunmüddətli - 25 il müddətinə icarəsinə verilmişdir. İş materiallarında olan cavabdeh təşkilatın 21 dekabr 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Məhkəmə sorğusuna əsasən Azətrvaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, arxivdə araşdırma zamanı Bərdə rayonu Nifçi bələdiyyəsi və İddiaçı arasında bağlanmış icarə müqaviləsi aşkar edilməmişdir. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, Bərdə rayon Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli, 03 saylı iclas protokulundan çıxarışa əsasən iddiaçıya Bərdə rayonu Nifçi bələdiyyəsinin fondunda olan əkinə yararlı sahədən 6 ha torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə uzunmüddətli (25 il müddətində) icarəyə verilməsi qərara alınmış olsa da, iddiaçı həmin icarə müqaviləsini, həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəməyə təqdim etməmiş, iddiaçının istinad etdiyi icarə müqaviləsinin mövcudluğu məhkəmə araşdırması nəticəsində də müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, mövcud olmayan (hər bir halda cavabdehə təqdim olunmamış) icarə müqaviləsinin cavabdeh tərəfindən qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (xx.xx.2008-ci il tarixədək qüvvədə olan): Maddə 16.3. bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4 ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər. Maddə 50.
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Maddə 51.
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hazırda qüvvədə olan): Maddə 51.
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından göründüyü kimi cavabdehin iddiaçıya çıxarışın verilməsinə imtina kimi iddiaçı ilə Bərdə rayonu Nifçi bələdiyyəsi arasında bağlanmış 02 mart 2004-cü il tarixli icarə müqaviləsinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədinin təqdim edilməməsi olmuşdur. Məhkəmə kollegiyası tərəfindən müxtəlif orqanlara İddiaçı ilə Bərdə rayon Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli icarə müqaviləsinin mövcud olub-olmaması barədə sorğu edilmiş, lakin həmin müqaviləni mövcudluğunu müəyyən etmək mümkün olmamış, iddiaçının özü tərəfindən də həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış və onun tərəfindən istifadə olunmuş 6 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və torpaq sahəsinin iddiaçıya ayrılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50 və 51-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinin icarə müqaviləsi olmadan iddiaçının istifadəsinə verilməsi qanunvericiliyə zidd olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək şikayətlə mübahisələndirilən qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1454/2023 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.