Məhkəmə qərarları › İş №2-1(104)-458/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-458/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-458/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2017/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 224 noyabr 2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ərizəsinə baxılmış, aparılan araşdırma zamanı torpaaq sahəsinin ölçüsünün və sərhədlərinin naturada müəyyən edilməsinə imkan verən yerquruluşu sxeminin təqdim olunmadığı müəyyən olunmuş, torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq sahəsi olması səbəbi ilə imtina edilmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 2-1(104)-853/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın, plan, ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Əhmədbəyli bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 26 nömrəli qərarı ilə ona 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də imtina sənədi verilmişdir, səbəb isə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması qeyd edilmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2017/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işlə 2-1(114)-853/2023 nömrəli inzibati işlər müqayisə edildikdə məlum olur ki, hər iki iddianın predmeti, yəni iddia tələbi eynidir və iddiaçının dəlilləri iddia tələbinə baxılması üçün yeni əsas kimi qəbul edilə bilməz. İddiaçı həmin inzibati işdə də, hazırkı iş üzrə də tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələb etmişdir. İPM-in 78-ci maddəsinə əsasən isə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün məcburi olan məhkəmə qərarı olduğu halda, habelə eyni mübahisəyə dair əvvəlki iş üzrə faktiki halların əhəmiyyətli dərəcədə dəyişdiyinə dair hər hansı yeni sübutlar təqdim olunmadığı halda, əvvəlki iş üzrə məhkəmə qərarının qüvvəsi həmin mübahisəyə yenidən baxılmasını qadağan edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

7. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Şikayətin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddia tələbinin mümkün sayılmamasına dair yeni qərardad qəbul edilməlidir.

13. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərək səhvə yol vermiş, iddia ərizəsi üzrə prosessual qaydalara riayyət olunubolunmamasını araşdırmamışdır.

14. Belə ki, X2 iddiaçının nümayəndəsi qismində iddia ərizəsini imzalasa da, inzibati və mülki prosessual qanunvericiliyə uyğun etibarnamə iş materiallarına əlavə edilməmişdir.

15. Başqa sözlə iş materiallarına əlavə olunan etibarnamədə səlahiyyətlər sadalansa da, ərizəni imzalayan şəxsin iddiaçı ilə yaxın qohumluq münasibəti təsdiq olunmamış, tərəflərdə məhkəmə iclas zalında qohumluq münasibətlərinin olmadığını bildirmişlər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin:

17. 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

18. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

20. 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

21. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

22. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

23. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

24. Hazırki halda iddia ərizəsini imza edən X2 ilə İddiaçı yaxın qohumluq münasibətlərini təsdiq edən sənəd mövcud olmadığından, nümayəndənin iş materiallarında olan etibarnamə əsasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını aradan qaldırır.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı:

26. 15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri).

27. 15.2. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır.

28. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

29. Odur ki, hazırki iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından mümkün sayılmamalıdır.

30. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2017/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar