Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-459/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədova Günel Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-313/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlillik vəziyyəti qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə ona qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması. Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə. Arterial hipertenziya; Ağırlaşma – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə; Yanaşı xəstəliklər – İ10.0 – Essensial [birincili] hipertenziya, Arterial hipertenziya;
2. İddiaçı əlillik vəziyyəti Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması (Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və qeyd edilsin)” səbəbi ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir.
İşdə olan sənədlər:
3. İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, daha sonra həmin əlillik təyinatı ləğv edilmişdir.
4. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə həyata keçirilmiş, “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 13903/2024 nömrəli və xx.xx.2024cü il tarixli, 3-17-4/3-1- 794/2025 nömrəli qərarlar qəbul edilmişdir.
5. 4.08.2023-cü il tarixli göndərişdən və xəstəlik tarixçələrindən çıxarışlardan görünür ki, İddiaçı “İ61 Beyindaxili qansızma” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci 8 il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşdur.
6. X2 xx.xx.2024-cü il tarixli Kranioserebral MRİ müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, Sol gicgah nahiyəsində geniş sahəni əhatə edən metal artefakt səbəbi ilə dəyərləndirilmə suboptimaldır. İzlənə bildiyi qədəri ilə: Sol MCA hövzəsində metal artefaktlar mövcud olub, əməliyyat hekayəsi var isə əməliyyata bağlı dəyişikliklər və klips materialları olaraq dəyərləndirilə bilər. Pasientin göz almalarının morfologiyası və forması adidir. Optik sinirlərin trayektoriyasında və strukturunda pozulma izlənilmir. Retrobulbar sahədə qeyri-adi siqnalı olan strukturlar müşahidə edilmir. Paranazal sinuslarda selikli qişa qalınlaşmaları qeyd olunur. Ən böyüyü sağ tərəfdə 24 mm ölçüsündə olmaqla, hər iki maksillar sinusda retenziya kistaları mövcuddur. Subtentorial sahə: Beyincik parenximin morfologiya və siqnal intensivliyi təbiidir. Varoli körpüsünün siqnal intensivliyi təbiidir. İV mədəciyin ölçüləri və subtentorial likvor sahələrinin həcmi yaşa müvafiqdir. Kranial sinirlərin vizualizasiya edilən komplekslərində dəyişikliklər aşkarlanmır. Supratentorial sahə: Hippokampların koronar görüntüsü və siqnal intensivliyi simmetrikdir. Mezensefal strukturların anatomik görüntüsü təbiidir. Sol bazal qanqlionlar nahiyəsində ətrafinda T2 hipointens RİMİ olan 20x6 mm ölçüsündə xroniki ensefolomalaziya sahəsi mövcuddur. Ayrıca hər iki bazal qanqlionlar nahiyəsində dağınıq yerləşimli tək-tək millimetrik ölçülü qliotik ocaqlar izlənilməkdədir. Orta xətt strukturların lateral deviasiyası təyin edilmir. İİİ və yan mədəciklər yaşa bağlı mülayim geniş olaraq izlənilir. Periventrikulyar dərin ağ maddədə və semioval mərkəzlərdə monomorf siqnal mövcuddur. Hər iki hemisferanın dərin ağ maddəsində tək-tək millimetrik ölçülü bir neçə ədəd T2\FLAİR hiperintens qliotik ocaqlar qeyd edilir. Döyənək cisimdə patoloji dəyişikliklər müşahidə edilmir. Beyin şırımları yaşa bağlı mülayim geniş olaraq izlənilir. Beyin parenximasında diffuziyanı restriksiya edən sahə izlənilmədi.
7. X1 xx.xx.2024-cü il tarixli Beyin komputer tomoqrafiyası müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, Ekstrakranial sahə: Göz almaları simmetrikdirlər. Görmə sinirlərin trayektoriyaları deviasiyasızdır, eni normaldır. Retrobulbar toxumalarda və orbital əzələlərdə qeyri adilik təyin edilmir. Paranazal sinuslarda minimal divaryanı selikli qişa qalınlaşmaları qeyd edilir. Hər iki maksillar sinusda müxtəlif ölçülü retrenziya kistaları qeyd edilir. İntrakranial sahə : Subtentorial strukturlar: Uzunsov beyin. Varoli körpüsü konfiqurasiyaları dəyişməmişdir. Beyincik hemisferlərin lokal ocaqları izlənilmir. İV mədəciyin həcmi adidir. Supratentorial strukturlar: Mezensefal strukturların anatomik görüntüsü qaydasındadır. Orta xətt strukturların lateral deviasiyası təyin edilmir. Hər iki bazal qanqlionlar nahiyyəsində solda daha çox olmaqla hipodens qliotik ocaqlar və sol tərəfdə xroniki lakunar işemiya sahələri qeyd edilir. İİİ və lateral mədəciklər yaşa uyğundur. Periventrikulyar sahələrdə və semioval mərkəzlərdə abnormal ocaqlar aşkarlanmır. Beyin şırımların həcmi yaşa uyğundur. İntrakranial qanama qeyd olunmadı. Nativ KT olaraq beyin parenximasında solid və ya kistik lezyon izlənilmədi. Sol gicgah sümüyündə kraniotomiya deffekti qeyd edilir. Bu deffektdən sol temporal ACOM hövzəsinə qədər uzanan hipodens postop əməliyyat traktı qeyd edilir. pay ilə ACOM hövzəsində anevrizmanın metalik klips materialları müşahidə edilir.
8. X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli RP Rentgen nəticəsində qeyd edilmişdir ki, “Sol alın və gicgah sümüyündə 5x3.6 sm sümük defekti qeyd edilir. Türk yəhəri qonşuluğunda keçirilmiş əməliyyata müvafiq tikiş materialları qeyd edilir. Müayinə sahəsinə daxil olan hər iki haymor cibində retension kista qeyd edilir.
9. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 10400 nömrəli tibbi rəyində İddiaçı barəsində diaqnoz “Damar mənşəli demensiya F01 MMSE=16” kimi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə Rusiya Federasiyasının Moskva şəhərində 52 saylı Kliniki şəhər xəstəxanasında insult-infarktı diaqnozu üzrə başından müalicə almış, sağlamlığı get-gedə ağırlaşdığından Moskva şəhərində “Neyrocərrahi ağrı, ultrasəs və lazer neyrocərrahiyə” Federal Reabilitasiya müalicə mərkəzində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə beynində ağır cərrahiyə əməliyyatı olunmuş, bu əməliyyatdan sonra 2 il yataq xəstəsi olmuş, nəticədə yaddaşını itirmiş, yeriməyi və hərəkət etməyində problemlər yaranmış və 7 ildən artıqdır ki, həmin problemlər qalmaqdadır. O, Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlərdə 3 (üç) dəfə yuxarıda qeyd edilmiş vaxtlarda stasionar müalicədə olmuş, lakin səhhətindəki problemlər müalicəyə tabe olmadığından ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Lakin DSMF-nin Gəncə şöbəsinin əməkdaşlarının səhlənkarlığı ucbatından məlumatlar düzgün daxil edilmədiyindən xx.xx.2017-ci il tarixdən təyin olunmuş İİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən əlillik ləğv edilmişdir. Bundan sonra 2019-cu ildə əlilliyin yenidən təyin olunması üçün qeydiyyat üzrə poliklinikaya və göndərişlə Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına müraciət olunmuşdur. Həmin vaxtdan indiyədək (4 il) bir neçə dəfə stasionar müalicə təyin edilib, lakin heç bir nəticəsi olmamışdır. Bu müddətdə bir neçə epikrizin olmasına baxmayaraq forma 88 sistemə daxil edilməmiş və həkimlər səhlənkarlığı ucbatından uzun müddət heç bir nəticə olmamışdır. Tibb müəssisəsinin əməkdaşları tərəfindən süründürməçiliyə və kobud qanun pozuntularına yol verilmişdir. Nəhayət, 142 qaynar xəttinə və Gəncə şəhəri səhiyyə idarəsinə edilmiş şikayətlərdən sonra xx.xx.2023-cü il tarixdə forma-88 sistemə daxil edilmiş, xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. Səbəb kimi forma 88-in “Yanlış və ya natamam doldurulmuşdur” qeyd edilmiş, həmin qərar barədə də heç bir məlumat verilməmişdir. Müəyyən müddət sonra qərarın rəsmi təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə AR ƏƏSMN-nə və ərazi üzrə 8 saylı TSEK-ə yazılı müraciət olunmuş, lakin nəticə əldə olunmadığından xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinə yaxınlaşaraq qərardan çıxarışı əldə etmək mümkün olmuşdur. Tibb müəssisəsinin əməkdaşları xəstəliyin müalicə olunmadığını bilə-bilə vətəndaşı 4 ildir ki, süründürür və nəticədə inzibati orqanın özünün formal səhvi ucbatından pensiya almaq hüququndan məhrum edir. Halbuki, iddiaçı 2016-cı ildə beynində aparılmış əməliyyatdan sonra yeni informasiyanı qavraya bilmir, gün ərzində baş vermiş hadisələri, getdiyi yerləri xatırlamır. Bu proses artıq 7 ildir ki, davam edir və müalicəyə tabe olmur.
12. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etirazın məzmununda qeyd edilmişdir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq....... diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-313/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz– “İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insultparenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə.Arterial hipertenziya” xəstəliyinin ağırlaşması – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə” xəstəlikləri orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024cü il tarixli qüvvədə olan qərarlar olmasına baxmayaraq məhkəmənin xx.xx.2023-cü il tarixindən əlillik təyin etməsi prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan başqa, göndəriş natamam qərar sayılmaya-sayılmaya məhkəmə iddianı təmin etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə dair təqdim olunmuş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin imtina qərarında qeyd edilən əsasın aradan qaldırılması, yəni əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün iddiaçının əyani müayinəsinin həyata keçirilməsi barədə iki dəfə qərardad qəbul etməklə cavabdehin üzərinə öhdəlik qoymuş, sonuncu “Diaqnozun öz təsdiqini tapmaması barədə” qərarlar qəbul etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında idiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Əlavənin:
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Serebrovaskulyar xəstəliklər - İ60-İ69 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin hallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə ona qoyulmuş diaqnozlar – “Əsas diaqnoz – İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması. Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə. Arterial hipertenziya; Ağırlaşma – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə; Yanaşı xəstəliklər – İ10.0 – Essensial [birincili] hipertenziya, Arterial hipertenziya” kimi olmuş, həmin göndəriş əsasında əlillik vəziyyəti cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması (Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və qeyd edilsin)” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz – “İ67.1 – Beynin cırılma baş vermədən anevrizması, Keçirilmiş hemorragik insult-parenximatoz atravmatik qansızmadan sonrakı (anevrizma partlaması nəticəsində) cərrahi əməliyyatdan sonrakı vəziyyət-klip qoyulması.Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə.Arterial hipertenziya” xəstəliyinin ağırlaşması – İ67.4 – Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya kəskin yaddaş zəifliyi ilə” iddiaçının sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 2.1. Serebrovaskulyar xəstəliklər - İ60-İ69 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il.
30. Göründüyü kimi, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndində Serebrovaskulyar xəstəliklər adı altında öz əksini tapmış, həmin bəndin altyarımbəndlərində (qiymətləndirmə haqqında) sözügedən xəstəliyin hədəf orqanların pozuntusuna (mülayim, ciddi, ağır) səbəb olacağı halda, əlillik təyinatına əsas verdiyi təsbit edilmişdir.
31. Bununla bağlı qeyd olunmalıdır ki, “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 10400 nömrəli tibbi rəyində iddiaçı barəsində diaqnoz “Damar mənşəli demensiya F01 MMSE=16” kimi qeyd edilmişdir.
32. Həmçinin, X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli RP Rentgen nəticəsində iddiaçı barəsində qeyd edilmişdir ki, “Sol alın və gicgah sümüyündə 5x3.6 sm sümük defekti qeyd edilir. Türk yəhəri qonşuluğunda keçirilmiş əməliyyata müvafiq tikiş materialları qeyd edilir. Müayinə sahəsinə daxil olan hər iki haymor cibində retension kista qeyd edilir”.
33. Apellyasiya şikayətinin əlilliyin təyin edilməsi tarixi və orqan tərəfindən imtinaya dair qərarın qəbul edilməməsi dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsindən imtinanın səbəbi “Göndərişin natamam doldurulması” olmuşdur. Halbuki, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (“Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndi). Normanın məzmunundan aydın olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatı sonlandıra bilməz. Buna baxmayaraq, hazırki iş üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməmiş, icraatı yekunlaşdıraraq iddiaçıya əlillik təyinatından imtina etmişdir.
34. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərardadları ilə iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi qərara alınmış, cavabdeh inzibati orqan heç bir əsaslandırılma qeyd edilmədən və ya əlavə araşdırılma (müayinə) aparılmadan xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-1-13903/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 794/2025 nömrəli “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərarlar qəbul etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. Belə ki, inzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər.
36. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Şikayətin əlillik təyinatından imtinaya dair qüvvədə olan - xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarların olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixindən əlillik təyin edilməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, göstərilən iki - xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlar birinci instansiya məhkəməsinin qərardadlarının icrası qaydasında rəsmiləşdirilməklə, tibb müəssisəsinin göndərişi əsasında qəbul edilməmişdir. Belə olan halda qiymətləndirilmə məhz xx.xx.2023-cü il tarixli göndəriş əsasında həyata keçirilməlidir.
40. Beləliklə, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-313/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov