Məhkəmə qərarları › İş №2-1(104)-460/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-460/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-460/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Təhsildə X3nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarından cavabdeh Təhsildə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı X5 Tədris Univerisiteti tərəfindən verilmiş THTU 000650 nömrəli, xx.xx.2021-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə X3nin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) 28 noyabr 2024-cü il tarixli 2-1(104)-584/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2- 1(104)-100/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1101/2025 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2- 1(104)-584/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin hallari: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu S.Behbudov adına 6 saylı məktəbini 2015-ci ildə bitirib 2016-cı ildə Gürcüstan Respublikasının Tbilisi humanitar universitetinin stomatogiya fakültəsinə daxil olmuşdur. 2021-ci ildə təhsilini bitirib Azərbaycan Respublikasına qayıtmışdır. Təhsil aldığı zaman çox vaxt xarici ölkədə olmuşdur. Dərslər rus dilində keçirildiyindən və o, rus dilini bilmədiyi üçün dil öyrənmək üçün Azərbaycan Respublikasına qayıdaraq rus dilini öyrənmiş və imtahanlar zamanı qayıdıb imtahanlarını vermişdir. Hazırda təhsilinin nəticəsində aldığı diplomu ölkədə tanıtmaq istəyir, lakin cavabdeh orqan bundan imtina etmişdir. İmtinanın səbəbi kimi nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamağı qeyd edilmişdir. Halbuki o, əyani təhsil forması üzrə tədris ilinin 40 həftəsi müddəninin hər həftəsini Gürcüstan Respublikasında olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu 2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə - 3 ay 10 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - 4 ay (pandemiya dövrü) müəyyən etmişdir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası ərizəçinin müraciət etdiyi tarix dövründə qüvvədə olan normativ aktın tələblərinə və normativ aktda ona verilmiş səlahiyyət çərçivəsinə uyğundur. Belə ki, vətəndaşın təhsil aldığı ölkədə əyani təhsilalma formasında aldığı təhsilin qarşılığında həmin ölkədə olma müddətləri aşağıdakı kimidir: İ il – 3 ay 14 gün 2016/2017 İİ il – 2 ay 11 gün 2017/2018 İİİ il – 6 ay 14 gün 2018/2019 İV il – 3 ay 10 gün (pandemiya dövrü) 2019/2020 V il – 4 ay (pandemiya dövrü) 2020/2021 Belə ki, iddiaçı 2019/2020-ci və 2020/2021 tədris illərində pandemiya ilə əlaqədar distant texnologiyaların tətbiqi ilə təhsil almasını bildirsə də, 2016/2017-ci, 2017/2018-ci və 6 ay 14 gün 2018/2019 illərdə 3 tədris ili müddətində 24 ay yerinə cəmi 12 ay 9 gün təhsil aldığı ölkənin ərazisində olması ilə bağlı səbəbləri və bu səbəblərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk 3 tədris ili üzrə iddiaçının niyə dərslərdə əyani iştirak etməli olduğu halda ümumiyyətlə Gürcüstanda cəmi 12 ay 9 gün olmasını əsaslandırmamış və hesab etmişdir ki, iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması qeyri-müəyyən dəlildir və sözügedən dəlil AR NK-nin xx.xx.2003-cü il tarixli, 64 sayı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmənin öz qərarının əsaslandırma hissəsində sərhədkeçmə barədə tələbə münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2023-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə 64 nömrəli Qərarın qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Təəsüf ki, Məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin 69.4-cü bəndində əks olunmuş (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir) Məhkəmə Qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğu iddia edilmiş, lakin qisa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü yarım bəndinə əsasən “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) vurğulanmışdır. Məhkəmənin mövqeyinə əsasən cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Lakin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. Beləliklə, iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlanılması cavabdeh qurumun səlahiyyətləri xaricindədir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğuna görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya şikayətlərinin mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. İddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən, cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxmış birinci instansiya məhkəməsi lazımı araşdırma aparmadan işə baxaraq iddia tələbinin tam təsdiqini tapmamasına baxmayaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan diplomun surətindən görünür ki, iddiaçı 2016-2021-ci illərdə X5 Tədris Univerisiteti MMC-də təhsil almış, səhiyyə fakültə şurasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli qərarı ilə ona stomatoloq akademik dərəcəsi verilmiş və adına THTU 000650 nömrəli, xx.xx.2021-ci il tarixli diplom hazırlanmışdır İş materialları ilə müəyyən edilir ki, iddiaçı əyani təhsilalma formasında “stomatoloq” ixtisası üzrə aldığı təhsilə görə X5 Tədris Univerisiteti MMC tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir. İş materiallarında olan İddiaçı sərhəd keçmə məlumatları aşağıdakı kimi qeyd edilmişdir: - İ il – 3 ay 14 gün 2016/2017 - İİ il – 2 ay 11 gün 2017/2018 - İİİ il – 6 ay 14 gün 2018/2019 - İV il – 3 ay 10 gün (pandemiya dövrü) 2019/2020 - V il – 4 ay (pandemiya dövrü) 2020/2021. Qeyd olunan sərhəd keçmə məlumatlarına əsasən İddiaçı ümumilikdə 19 ay 19 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı ildə Gürcüstan Respublikasının Tbilisi humanitar universitetinin stomatologiya fakültəsinə daxil olmuş, 2021-ci ildə təhsilini bitirib Azərbaycan Respublikasına qayıtmış, hazırda aldığı diplomu ölkədə tanıtmaq istəyir, lakin cavabdeh orqan bundan imtina etmişdir. İmtinanın səbəbi kimi nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin mübahisələndirilməyən halıdır. Tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçı təhsil aldığı müddətdə təhsil aldığı ölkədə qısa müddətlərdə (2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə- 3 ay 10 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - 4 ay (pandemiya dövrü)), yəni istinad olunan Qaydaları”n 3.2.2-ci yarımbəndində müəyyən olunmuş müddətlərdən kifayət qədər az olmuşdur. Qaydaları”n 3.2.2-ci yarımbəndi ilə müddətlərin müəyyən olunması abituriyentin müəyyən ixtisas üzrə təhsili lazımi qaydada mənimsəməsi ilə bağlıdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir. Qeyd olunanlardan onu deməyə əsas verir ki, iddiaçının aldığı təhsil diplom üzrə mənimsəməli ixtisasın məzmununa uyğun deyildir. Başqa sözlə, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş “1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığa gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Göründüyü kimi, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 82, 83, 86, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub Qərara aldı: Cavabdeh Təhsildə X3nin apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar