Məhkəmə qərarları › İş №2-1(104)-461/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-461/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-461/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-58/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-891/2023 saylı bildirişdə qeyd olunur ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 121 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair aparılan araşdırılma zamanı, əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin əmlakın bir hissəsinin söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.

2. Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən verilmiş 000315 nömrəli Texniki pasportdan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti (28 May) prospekti 121də yerləşən Gəncə “Cihaz” İstehsalat birliyinin ümumi sahəsi 28983.7 kv.m olmaqla faktiki torpaq sahəsi 62754.9 kv.m-dir.

3. Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş 46 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncama əsasən ləğv edilmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuş Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən Gəncə “Cihaz” İstehsalat birliyi İddiaçı ASC-yə çevrilmiş, İddiaçı ASC-nin özəlləşdirilmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir (Sərəncamın 1 və 4-cü bəndləri).

4. Gəncə «Cihaz» istehsalat birliyinin özəlləşdirmə planından (emissiya prospekti) görünür ki, İddiaçı ASC-nin hüquqi ünvanı Gəncə şəhəri, H.Əliyev pr.121, fəaliyyət növü müxtəlif növ sayğacların istehsalı və satışı, servis xidmətidir. xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamla yaradılmışdır. Cəmiyyətin torpaq sahəsi 84744,2 kv.m, o cümlədən tikili altında olan torpaq sahəsi 27892,1 kv.m-dir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Əmlak Məslələri Dövlət Xidməti 22 iyul 2024-cü il tarixli 3-21-3/2-12290/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 24 fevral 2006-cı il tarixli, 46 nömrəli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Gəncə "Cihaz" istehsalat birliyinin bazasında yaradılmış "X4" Açıq Səhmdar Cəmiyyəti 30 iyul 2008-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Cəmiyyət özəlləşdirilən zaman özəlləşdirilmə planı (emissiya prospekti) Cəmiyyətin icra orqanlarına təqdim olunmuşdur.

6. xx.xx.2023-ci il tarixli, 3-21-3-33/2-6394/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, əraziyə keçirilən baxış zamanı, iddiaçı tərəfindən naturada təqdim olunan Gəncə şəhəri, X5 prospekti 121 ünvanında "X4" ASC-nin faktiki yerləşdiyi torpaq sahəsi 6.1 ha təşkil edir. İdarənin istifadəsində olan elektron baza materiallarına istinadən həmin torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla, sənayeistehsalat məqsədləri üçün nəzərdə tutulan sahədir. Qeyd edək ki, elektron baza materiallarında mövcud olan, Gəncə şəhər Kəpəz bələdiyyəsinin ərazi xəritəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, AzCad məlumatlarında, "X4" Açıq Səhimdar Cəmiyyətinin faktiki olaraq yerləşdiyi 6.1 ha torpaq sahəsinin 0.22 ha hissəsi, infrastruktur (yol) ərazisi olaraq göstərilmişdir. Elektron baza materiallarına istinadən, "X4" ASC-nin faktiki olaraq yerləşdiyi 6.1 ha torpaq sahəsinin, hər-hansı başqa subyektin qanuni mülkiyyətində, qanuni icarəsində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3971 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, X5 prospekti 121 ünvanında "X4" Açıq Səhmdar Cəmiyyətin yerləşdiyi torpaq sahəsində ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati binanın, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati binanın, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binasının, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binasının, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti binanın, ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının olduğu, sözügedən tikililərin təmirli vəziyyətdə və icarəyə verilərək istifadə olunduğunu nəzərə alaraq, həmin tikililərin istismara yararlı olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X5 prospekti 121 ünvanda yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 1942-ci ildən fəaliyyət göstərir. SSRİ X2 7 fevral 1942-ci il tarixli 2049 saylı qərarına əsasən Simferopol mühərrik təmiri zavodu Gəncə şəhərinə köçürülmüşdür. Həmin vaxtdan indiyə kimi 80 il ərzində xarici divarlar daxilində müəssisənin ərazisi dəyişməmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı ildə müəssisənin eyni hüdudlarını əhatə edən 000315 №-li texniki pasportu hazırlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının - "X4" ASC-nin satılmasına dair xx.xx.2008-ci il tarixli 000015 №-li şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci ildə dövlət reyestrindən **********589500 №-li çıxarış verilmişdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2008-ci il tarixdə hazırladığı "Qiymətli kağız sahiblərinin reyestrindən" göründüyü kimi "X4" ASC-nin 2006-cı ildə başlamış özəlləşdirilməsi 2008-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2015-ci il tarixdə hazırladığı "Qiymətli kağız sahiblərinin reyestrindən" və 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2017-ci il tarixli **********161700 №-li məktubundan göründüyü kimi "X4" ASC-nin İdarə heyətinin sədri 2015- ci ildən A.B.Zeynalovdur. Cavabdehə müəssisənin çıxarışının hazırlanması üçün xx.xx.2022-ci il tarixli 11/2 saylı məktubla müraciət edilmiş, tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 479 №-li və xx.xx.2022-ci 478 il tarixli, №-li hesab-fakturalar əsasında onun bank hesabına müvafiq olaraq 15949,67 manat və 2870,94 manat vəsait köçürülmüşdür. Cavabdeh təsdiqetmə bildirişi verərək ********** saylı ərizəni qeydə almış və çıxarışın verilmə tarixinin xx.xx.2022ci il olduğunu göstərmişdir. Lakin, bu günə kimi çıxarışı əldə etmək mümkün olmamışdır.

10. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, X5 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmin tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı ASC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-58/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, Gəncə şəhəri, X5 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin, yəni ümumi sahəsi 1775,6 kv.m olan iki mərtəbəli inzibati bina, ümumi sahəsi 2972,3 kv.m dörd mərtəbəli inzibati bina, ümumi sahəsi 2332,2 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 6272,8 kv.m olan bir mərtəbəli sex binası, ümumi sahəsi 109,5 kv.m bir mərtəbəli xidməti bina və ümumi sahəsi 3502,5 kv.m olan iki mərtəbəli sex binasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, iddiaçı Gəncə şəhəri, X5 prospekti 121 ünvanında yerləşən, ümumi sahəsi 16964,9 kv.m olan tikililərin və həmin tikililərin yerləşdiyi 59476,5 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq bu barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına çıxarışın və texniki pasportun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin icrası ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmənin müvafiq sərəncamından sonra məhkəməyə göndərilmiş etiraz ərizəsinin məzmunu ilə müəyyən olunur ki, cavabdehin imtinasının əsasını iddia olunan əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilməməsi, həmçinin hal-hazırda sözügedən əmlakın bir hissəsinin sökülməsi təşkil etmişdir. Təqdim edilmiş sübutlarla, eləcə də iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi özəlləşmənin predmeti olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi əsaslı hesab edilə bilməz. Beləliklə müəyyən olunur ki, cavabdehin mübahisəli əmlakla bağlı istinad etdiyi arqument (yəni, hal-hazırda sözügedən əmlakın bir hissəsinin sökülməsi) əsassızdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-58/2024 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol verərərək nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri müraciətə əlavə edilməmişidir. Əmlak kompleksinə dair Gəncə “Cihaz” İstehsalat Birliyinin adına Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən texniki pasport tərtib edilmişdir. Həmin texniki psportda əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və ölçüləri barədə məlumat öz əksıni tapmamışdır. Belə olan halda isə, Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. İddiaçı hazırda mübahisəli əmlak komleksi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını iddia etsə də, bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, tikililərin texniki gösdəricilərini əks etdirən texniki sənədlərin təqdim olunmadığı və daşınmaz əmlakın bir hissəsinin söküldüyü müəyyən edilmişdir. Belə olan halda isə daşınmaz əmlaka hüquqların qeydiyatını aparmaq mümkün deyildir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri pozulur. Məhkəmə göstərilən prosessual hüquq normasının pozuntusuna da yol vermişdir. Belə ki, işə baxmış məhkəmə şəxsin qanunla qorunan maraqlarına toxunduğu halları nəzərə almadan xidməti vəzifəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanını üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir. Həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxmış və iş üzrə heç bir ekspertiza təyin edilmədiyindən hazırki işə toplanılmış sübutlar əsasında qiymət verilməsi mümkün deyildir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçının apellyasiya şikayətinə etirazında qeyd olunmuşdur ki, işlə əlaqədar iki dəfə ekspertiza aparılmışdır. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizası rəyi işin materiallarında mövcuddur. Rəylərdə tikililərin təmirli və istismara yararlı olduğu, başqa subyektin torpaq sahəsi ilə üst-üstə düşmə hallarının olmadığı göstərilmişdir. Cavabdeh iddia edir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilməmişdir. Halbuki, təkcə bilavasitə əmlak və torpaq məsələləri ilə məşğul olan dövlət orqanının - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (müxtəlif illərdə bir qədər fərqli adlanmışdır) verdiyi 7 (yeddi) sənəd - texniki pasport, özəlləşdirmə planı (emissiya prospekti), Komitənin sərəncamı, Komitə ilə İM37S saylı müqavilə, Komitənin Şəhadətnaməsi, Komitənin Əmlak haqqında məlumatı, Komitənin əmri cavabdehlə yanaşı məhkəməyə də təqdim olunmuşdur. Bu sənədlər işin materiallarına daxildir. Cavabdeh onlarla həmişə tanış ola bilər. Torpaq sahəsi 82 ildir iddiaçının istifadəsindədir. Cavabdeh göstərir ki, daşınmaz əmlakın bir hissəsi sökülmüşdür. Həqiqətən də tikilinin 82 il ərzində köhnəlib istifadəyə yararsız hala düşmüş bəzi xırda tikililər sökülmüşdür. Lakin bütün digər tikililər yüksək səviyyədə təmir olunmuşdur və hazırda müvafiq müqavilələr bağlanmaqla şəffaf şəkildə istifadə olunur. Müəssisənin tikililərinin fotoşəkilləri məhkəməyə təqdim olunmuşdur. Cavabdeh qeyd edir ki, müvafiq İcra Hakimiyyətinin nümayəndəsi üçüncü şəxs kimi işə cəlb olunmamışdır. Cavabdehə heç kim mane olmurdu ki, birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırsın. İndi, məhkəmə qərarı qəbul olunduqdan sonra, belə məsələ qabartması cavabdehin çətin duruma düşdüyündən, eyni Nazirliyin tərkibində olan digər şəxsi də məsələni uzatmaq üçün cəlb etməyə çalışmasından xəbər verir. Apellyasiya şikayəti göstərir ki, cavabdehin iddiaçıya çıxarış verməmək üçün qanuni əsası yoxdur. Torpaq dövlət mülkiyyətində olduqda, çıxarışın müvafiq bəndində sadəcə göstərilir ki, onun mülkiyyət növü dövlət mülkiyyətidir və çıxarışı alanın istifadəsindədir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, sözügedən müəssisə Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il tarixli Fərmanına uyğun olaraq 2006-cı ildə özəlləşdirilmiş, bununla yanaşı əlavə tikililər tikilmədən yalnız təmir olunmuşdur.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tatbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 24 fevral 2006-cı il tarixli 46 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Heydər Əliyev pospekti 121 ünvanında yerləşən Gəncə “Cihaz” İstehsalat birliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və səhmləri 30 iyul 2008-ci il tarixinə tam özəlləşdirilmişdir. İddiaçı bundan sonra tərəfindən özəlləşdirilmiş əmlak kompleksi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir.

25. İddia tələbinə dair etiraz qeydləri və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilməmiş, Gəncə “Cihaz” İstehsalat Birliyinin adına Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş texniki pasport əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və ölçüləri barədə məlumat öz əksini tapmamış, iddiaçı məhkəməyə mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün müraciət etmişdir.

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən müraciətinə hüquqmüəyyənedici sənədlər (texniki pasport, özəlləşdirmə planı (emissiya prospekti), Komitənin sərəncamı, Komitə ilə İM37S saylı müqavilə, Komitənin Şəhadətnaməsi, Komitənin Əmlak haqqında məlumatı, Komitənin əmri) əlavə olunmuş, qeyd olunan sənədlər əmlak kompleksi üzərində mülkiyyət hüqununun dövlət reyestrində qeydə alınmasına əsas olan sənədlərdir.

27. Torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınmasına dair tələb olsa da, məhkəmə tərəfindən həmin tələb rədd edilmiş, tələbin rədd edilən hissəsi mübahisələndirilməmişdir. Belə olan halda hazırda torpaq sahəsi üzərində hüquqların qeydə alınmasına dair tələb məhkəmə araşdırılmasının predmeti deyildir. Əmlak kompleksi üzərində hüquq qeydə alınan zaman yerləşdiyi torpaq sahəsinə dair əlavə sənədlərin təqdim olunması isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

28. İşdə olan Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən verilmiş 000315 nömrəli Texniki pasportdan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti (28 May) prospekti 121-də yerləşən Gəncə “Cihaz” İstehsalat birliyinin ümumi sahəsi 28983.7 kv.m olmaqla faktiki torpaq sahəsi 62754.9 kv.m-dir.

29. Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş 46 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncama əsasən ləğv edilmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuş Gəncə şəhəri, H.Əliyev pr., 121 ünvanında yerləşən Gəncə “Cihaz” İstehsalat birliyi İddiaçı ASC-yə çevrilmiş, İddiaçı ASC-nin özəlləşdirilmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilmişdir (Sərəncamın 1 və 4-cü bəndləri).

30. Gəncə «Cihaz» istehsalat birliyinin özəlləşdirmə planından (emissiya prospekti) görünür ki, İddiaçı ASC-nin hüquqi ünvanı Gəncə şəhəri, H.Əliyev pr.121, fəaliyyət növü müxtəlif növ sayğacların istehsalı və satışı, servis xidmətidir. xx.xx.2006-cı il tarixli, 46 nömrəli sərəncamla yaradılmışdır. Cəmiyyətin torpaq sahəsi 84744,2 kv.m, o cümlədən tikili altında olan torpaq sahəsi 27892,1 kv.m-dir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Əmlak Məslələri Dövlət Xidməti 22 iyul 2024-cü il tarixli 3-21-3/2-12290/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 24 fevral 2006-cı il tarixli, 46 nömrəli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Gəncə "Cihaz" istehsalat birliyinin bazasında yaradılmış "X4" Açıq Səhmdar Cəmiyyəti 30 iyul 2008-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Cəmiyyət özəlləşdirilən zaman özəlləşdirilmə planı (emissiya prospekti) Cəmiyyətin icra orqanlarına təqdim olunmuşdur.

32. Göründüyü kimi iddiaçı məhz əmlak kompleksinin özəlləşdirilməsinə dair sənədləri təqdim etmiş, həmin sənədlər və hazırki texniki göstəricilərə uyğun hüquqların qeydiyyata alınması cavabdehə həvalə edilmişdir.

33. Apellyasiya şikayətinin dəlili olan Gəncə “Cihaz” İstehsalat Birliyinin adına Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş texniki pasportda əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və ölçüləri barədə məlumatın öz əksini tapmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə mülkiyyət hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

34. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlakın texniki pasportu və digər sənədləri təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması və ya texniki pasportda əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və ölçüləri barədə məlumatın öz əksini tapmaması imtina üçün əsas ola bilməz.

35. Bundan başqa, birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsi özəlləşmənin predmeti olmadığından haqlı şəkildə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hissəsində iddia tələbini əsaslı hesab etməmişdir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).

37. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər.

38. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir.

39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

40. İddia tələbinin predmetini və tələbin hədlərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz texniki pasportda olan götəricilərlə bağlı əmlak kompleksi üzərində hüquqlarının qeydiyyatına dair çıxarışın verilməsini tələb etmişdir.

41. Təqdim olunan texniki pasportda da qeyri-yaşayış binasının sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş, həmçinin məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyi ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir.

42. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

44. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərindən biri kimi birinci instansiya məhkəməsinin xidməti vəzifəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanını üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməməsini göstərmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qurum sözügedən torpaqlara münasibətdə sərəncam vermək (mülkiyyətə, icarəyə, istifadəyə) səlahiyyətlərinə malikdir. Torpaq dövlət mülkiyyətində olduqda isə çıxarışın müvafiq qrafasında daşınmaz əmlakın mülkiyyət növü kimi “dövlət” qeydi aparılır. Birinci instansiya məhkəməsi isə müvafiq icra hakimiyyəti orqanını üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməyə gərək duymamış, həmçinin nə sözügedən orqan, nə də ki, cavabdeh orqan belə bir vəsatətlə məhkəməyə müraciət etməmişdir.

45. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1. maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

46. Həmin Məcəllənin 28.2. maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

47. Göründüyü kimi qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.

48. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə:

50. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-58/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar