Məhkəmə qərarları › İş №2-1(104)-464/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-464/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-464/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-201/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. xx.xx.1976-cı il tarixli Kolxozçunun əmək kitabçasında İddiaçı 1975-1976-cı illərdə Mirbəşir rayonu Pravda kolxozunda işləyərək əmək haqqı aldığı, 1977-1978-ci illərdə tələbə olduğu, 1979-1981-ci ilin may ayına kimi hərbi xidmətdə olduğu, 1981-ci ildən təmir mexaniki işlədiyi qeyd edilmişdir. xx.xx.1990-cı il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdə Mirbəşir rayonu Pravda kolxozuna sıravi kolxozçu işinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə ixtisasına uyğun olaraq kolxoza təmir mexaniki vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 15k nömrəli əmrlə "xxxx" ASC-nin X1 İdarəsinin R-3 sahəsi üzrə mühəndis-hidrotexnik vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli 18k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatmasına görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arxiv arayışında İddiaçı 1988-1999-cu illərdə Tərtər rayonu Pravda kolxozunda işlədiyi və əmək haqqı aldığı, 1988-ci ilədək sabiq Pravda kolxozunun əmək haqqı sənədləri idarə binasının yanması nəticəsində yandığı üçün rayon Dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun, hərbi biletinin və arxiv arayışının surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 19 il 7 ay 18 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 15482,33 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 il 11 ay sığorta stajına uyğun olaraq 4130,39 manat olmaqla, ümumilikdə 19612,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim etdiyi diplomunun və hərbi biletinin surətlərinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək olan hərbi xidmət dövrü ilə əmək fəaliyyəti üst-üstə düşdüyündən sığorta stajına təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövrlər daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Ona görə də iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək (1 il 6 ay 27 gün) Tərtər rayonunun «Pravda» adına kolxozda ictimai üzvlüklə kolxozçu işlədiyi, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək (2 il 5 ay 24 gün) X4 Texnikumunda orta ixtisas təhsili aldığı, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (2 il 1 ay 1 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1981-ci ildən 1999-cu ilin sentyabr ayınadək (18 il 2 ay) Tərtər rayonun «Pravda» adına kolxozda mexanik, baş mexanik vəzifələrində, 2000-2004-cü illərdə (5 il) Tərtər rayon Azadqaraqoyunlu Bələdiyyəsində işlədiyi, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək isə X1 Sahəsində mühəndishidrotexnik vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün ümumi iş (sığorta) stajına malik olmağı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. Belə ki, xx.xx.1975-ci ildən xx.xx.1976- cı ilədək (1 il 6 ay 27 gün ) Tərtər rayonun «Pravda» adına kolxozda ictimai üzvlüklə kolxozçu işləmiş, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək (2 il 5 ay 24 gün) X4 Texnikumunda orta ixtisas təhsili almış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (2 il 1 ay 1 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən 1999-cu ilin sentyabr ayınadək (18 il 2 ay) Tərtər rayonun «Pravda» adına kolxozda mexanik, baş mexanik vəzifələrində, 2000-2004-cü illərdə (5 il) Tərtər rayon Azadqaraqoyunlu bələdiyyəsində işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək isə X2 Sahəsində mühəndishidrotexnik vəzifəsində işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək xx.xx.2023-cü ildə 65 yaşına çatmağını, xx.xx.2006-cı ilədək 29 il 3 ay 22 gün iş (sığorta) stajına malik olduğu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-l/2-A-23984/2023№-li məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmiş və onun sosial təminat hüququ pozulmuşdur. Ona görə də cavabdehin bu məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987- ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-201/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına və Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu (1 il 4 ay 27 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik (6 il 6 ay 18 gün), 1988-1999-cu illlərdə kolxozda baş mexanik (11 il), xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 Sahəsində mühəndis-hidrotexnik vəzifəsində (3 il 15 gün) işləmişdir. Bundan əlavə, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X4 Texnikumunda əyani təhsil aldığı (2 il 7 ay 24 gün) və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət (2 il 1 ay 1 gün) müddətləri də vardır ki, o da nəzərə alınan zaman iddiaçının xx.xx.2023-cü il tarixədək sığorta stajının 26 il 8 ay 25 gün olması müəyyən edilir. Məhkəmə iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1990-cı il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən Pravda kolxozuna sıravi kolxozçu işinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.2020-ci il tarixli 15k nömrəli əmrlə "xxxx" ASC-nin X1 İdarəsinin R-3 sahəsi üzrə mühəndis-hidrotexnik vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli 18k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən (çalışmanın yaş həddinə çatmasına görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arxiv arayışında İddiaçı 1988-1999-cu illərdə Tərtər rayonu Pravda kolxozunda işlədiyi və əmək haqqı aldığı, 1988-ci ilədək sabiq Pravda kolxozunun əmək haqqı sənədləri idarə binasının yanması nəticəsində yandığı üçün rayon Dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən sığorta stajı, ümumilikdə, 19 il 7 ay 18 gün təşkil etmişdir. İddia ərizəsinə iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi dövrlər onun xx.xx.1981-ci il tarixdən 1999-cu ilin sentyabr ayınadək (18 il 2 ay) Tərtər rayonun «Pravda» adına kolxozda mexanik, baş mexanik vəzifələrində işlədiyini iddia etdiyi dövrlər olmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi verərək, xx.xx.1981ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrün və xx.xx.1975-ci il tarixdən xx.xx.1976cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı bu tələbini qeyd olunan dövrlərin əmək kitabçasında, eləcə də arxiv arayışında müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilməsi ilə əsaslandırmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan və xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən həmin dövrlər mübahisələndirilərək sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İşin faktiki hallarından məlum olduğu kimi, Gəncə İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2- 1(114)-201/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin gəldiyi hüquqi nəticə qərarda belə əsaslandırılmışdır ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 117-ci maddəsinin «a» bəndinə görə iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi müvafiq dövrlərə dair əmək kitabçası iş stajını təsdiq edən əsas sübut sayılır. Məhkəmənin mövqeyinə görə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə məhkəmə əsassız olaraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası işin mübahisəli halı və iddia tələbinin əsası olan xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan dövrlərdə iddiaçının əmək fəaliyyətini sübut edir. Buna münasibətdə bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.1990-cı il tarixdə doldurulmuşdur. Müvafiq əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Pravda kolxozuna kolxozçu işinə qəbul edilmişdir. Bununla da, müəyyən olunur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Lakin əmək kitabçasının sonradan doldurulmasının səbəbi göstərilməmiş və sonradan doldurulmasına əsas olan hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina məktubu ilə iddiaçının sosial sığorta stajının 19 il 7 ay 18 gün təşkil etdiyi, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 19 il 7 ay 18 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illər olmuş və mübahisələndirmə əsasları isə əmək kitabçasında iddiaçının həmin əmək fəaliyyəti dövləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik vəzifəsində işləmişdir. İş materiallarında olan Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arxiv arayışında İddiaçı 1988-1999-cu illərdə Tərtər rayonu Pravda kolxozunda işlədiyi və əmək haqqı aldığı, 1988-ci ilədək sabiq Pravda kolxozunun əmək haqqı sənədləri idarə binasının yanması nəticəsində yandığı üçün rayon Dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən iddiaçıya məxsus kolxozçunun əmək kitabçasından çıxarışdan görünür ki, İddiaçı 1975-ci il tarixdən 1976-cı il tarixədək kolxozçu vəzifəsində və 1981-ci il tarixdən isə Tərtər rayonu Pravda kolxozunda təmir mexanik vəzifəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh mübahisələndirilən hissəyə münasibətdə bildirmişdir ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illərin qeyd olunduğu, iddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli əmək kitabçasının xx.xx.1990-cı il tarixdə doldurulmuş olmasına baxmayaraq müvafiq əmək kitabçasında iddiaçının xx.xx.1975-ci il tarixdə Pravda kolxozuna kolxozçu işinə qəbul edilməsi qeyd olunmuş lakin sözügedən əmək kitabçası sonradan doldurulmuş, lakin əmək kitabçasının sonradan doldurulmasının səbəbi göstərilməmiş və sonradan doldurulmasına əsas olan hər hansı sənədi təqdim edilməmişdir. Bundan başqa xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tərtər rayonu Pravda adına kolxozda işlədiyi illər üzrə işə qəbul edilməsi barədə qeydin olmasına baxmayaraq, işdən azad edilməsi barədə qeydin olmaması mübahisələndirilmişdir. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi dövrdə və yaxud ondan sonra həmin müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası və digər sənədlər ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır. (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları). Hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından və digər sənədlərdən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Tərtər rayonu Pravda adına kolxozda kolxozçu və xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin kolxozda mexanik vəzifəsində iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-201/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar