Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-465/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarı üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər kollegiyası Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Qərardan narazı qalan cavabdehin apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-741/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1617/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-755/2024 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)- 741/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarı üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, onunla əsaslandırmışdır ki, 14 aprel 2022-ci il tarixli, №615-c-21 nömrəli Gəncə şəhər Prokuroru cənab Azad Qarayevin Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri cənab Elçin Məmmədova ünvanlandığı məktubdan onun indi xəbəri olmuşdur. Həmin məktub ona rəsmi qaydada verilmədiyindən orada yazılanları indi bilmişdir. Məktubun axırıncı vərəqində yazılıb: Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi Şahin Şıxəliyevin, eləcə də vaxtında zəruri təşkilati tədbirlər görmədiyi üçün həmin İdarənin rəisi Samir Məcidovun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti yoxlama aparıb Gəncə şəhər prokurorluğuna göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında müvafiq vəsatət qaldırılması xahiş edirəm. X1 rəis müavini, Samir Məcidovu isə rəis vəzifəsinə təyin ediblər. Onun barəsində heçnə yazılmadığı halda isə xx.xx.2022-ci il tarixdən indiyə kimi vəkillik fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) ərizə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür. Hazırkı halda iş üzrə icraatın təzələnməsinə əsas ola biləcək yeni açılmış hal mövcud olmadığından və buna dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən Cavabdeh iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərardadından narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin məzmunu yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin məzmunu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, yeni açılmış hallar üzrə icraat inzibati məhkəmə icraatının xüsusi mərhələsidir və bu zaman qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilərkən məlum olmayan, iş üçün əhəmiyyət kəsb edən halın (sübutun) sonradan ortaya çıxması ilə işə baxılmanın təzələnməsi nəzərdə tutulur. Belə ki, İnzibati-Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Normanın məzmunundan da göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması məcmu halda birgə mövcudluğu zamanı təzələnməsi mümkündür. Lakin bu qəbildən olan işlərə baxılarkən nəzərə alınmalı olan məqam məhkəmə qərarının sabitliyinin qorunmasıdır. Belə ki, demokratik cəmiyyətdə fundamental prinsiplərdən hesab olunan qanunun aliliyi prinsipində ehtiva olunan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmənin qanunauyğun qaydada qəbul etdiyi və müəyyən edilmiş prosessual müddət ərzində mübahisələndirilə bilməyən qərarı yekun xarakter daşımalıdır. Hüquqi sabitliyi təmin etmək məqsədilə şikayət etmə müddəti ötürülmüş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı həqiqi hallara və ya sübutlara uyğun olmasa belə, hüquqi həqiqət hesab edilir. Bu prinsipə görə, eyni tərəflər arasında, eyni predmet barəsində yeni məhkəmə araşdırılması aparılmamalı, yekun məhkəmə qərarı məcburi və mütləq qaydada icra olunmalıdır. Yəni həqiqi hallarla ziddiyyət təşkil edən məhkəmə qərarı mütləq xarakter daşıyır və bu da hüquqazidd nəticələrin yaranmasına şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli qərarında qeyd edildiyi kimi, hüquqi müəyyənlik prinsipinin əsas meyarı olan son məhkəmə instansiyası qərarının mübahisələndirilməsi imkanının aradan qaldırılması və yaxud ümumiyyətlə bu halın baş verməsinə şərait yaradılmaması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə baxılan zaman diqqət yetirilməli olan məsələlərdən biridə İPMin 103-cü maddəsində nəzərdə tutulan müddətlərə riayət edilməsidir. Belə ki, inzibatiprosessual qanunvericilikdə icraatın təzələnməsi üçün müddət məhdudiyyəti nəzərdə tutulmuşdur və məqsəd hüquqi sabitliyin təmin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin istinad etdiyi Gəncə Şəhər Prokurorluğunun 14 aprel 2022-ci il tarixli, №615-c-21 nömrəli məktubu məhkəmə araşdırmasının predmeti olmuş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə aparılan tədqiqat zamanı araşdırılmış, eləcə də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarının 6-cı bəndində həmin məktuba istinad edilmiş, məzmunu aşkar göstərilmiş və qərar cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur (cild İİ, səh. 71). Məhkəmə tərkibi qeyd edir ki, yeni açılmış hallara dair ərizənin mümkünlüyünün yoxlanılması inzibati prosessual qanunvericiliyin ümumi müddəaları ilə müəyyən edilir. Yoxlanılan hallara- ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; İcraatın təzələnməsi üçün əsaslar, yəni ortaya çıxmış yeni sübutlar və ya hallar; ilkin məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat, yəni ərizəçinin konkret tələbləri; ərizənin verilməsi müddətlərinə riayət edilməsini (3 ay və ya 3 il daxilində verilməsi) sübut edən məlumat daxildir. Həmçinin ərizənin həmin məhkəməyə aid olubolmaması da yoxlanılmalı, ərizəçi tərəfindən təqdim edilən ərizədə göstərilən məlumatlar qeyd edilmsəyibsə və ərizə həmin məhkəməyə aid deyildirsə məhkəmə ərizənin mümkün sayılmaması barədə qərardad qəbul etməlidir. Hazırki halda cavabdeh təqdim etdiyi ərizədə istinad etdiyi məktubdan ilkin icraat zamanından məlumatlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 103.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, cavabdeh ərizəsində istinad etdiyi məktub haqqında ən gec birinci instansiya məhkəməsinin qərarını rəsmi formada aldığı xx.xx.2023-cü il tarixdən məlumatlı olmuş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarı üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Halbuki, belə ərizə ilə istinad edilən məktub ona bəlli olduğu tarixdən ən geci 3 ay müddətində müraciət edə bilərdi. Bundan başqa ilkin icraat zamanı məlum olan sübutların sonradan yeni açılmış hal kimi nəzərə alınması mümkün deyildir. Çünki yeni açılmış hallar üzrə icraatın başlanması barədə ərizəyə əlavə olunan sübut və ya hal dedikdə, ilk növbədə ilkin qərar qanuni qüvvəyə minənə qədər yaranmış, lakin qərar qanuni qüvvəyə mindikdən sonradan ortaya çıxmış sübutlar və ya hallar nəzərdə tutulur. Beləliklə cavabdeh müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən birinci instansiya məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin rədd edilməsinə dair qəbul etdiyi qərardad ləğv edilməli, ərizənin mümkün sayılmamasına dair yeni qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100 və 103-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 nömrəli qərarı üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair Cavabdeh ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov
Məhkəmə qərarları › İş №2-1(104)-465/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-465/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver