Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-466/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əmrin ləğvi və işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1346/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi mayor İddiaçı xx.xx.2022-ci il tarixli raport təqdim edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli, 0120 ş/h nömrəli Əmrinə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
İşdə olan sənədlər:
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (1 il 8 ay 4 gün) 006 saylı Artilleriya Briqadasında həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli əmri ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış, xx.xx.2008ci il tarixdən xx.xx.2013-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Salyan rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Qazax rayon şöbəsində Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şabran rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Samux rayon şöbəsində bölmə rəisinin müavini vəzifəsində xidmət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan qeyd edilmişdir ki, ehtiyatda olan mayor İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin xx.xx.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə, əmrdən çıxarış İddiaçı təqdim edilməmiş, lakin özünə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmişdir.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində xidmət etmiş İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli əmrinin İddiaçı təqdim edilməsi və elan edilməsi barədə onun Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən İddiaçı ehtiyatda olan zabit hərbi biletində xx.xx.2022-ci il tarixli qeydə alınma aparılmış və onun hərbi bileti özünə təqdim olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində olan mövcud sənədlərə əsasən İddiaçı aid təyinat vərəqəsi yazılması barədə heç bir rəsmi məlumat yoxdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsinə işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəis vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış və qanun pozuntusuna yol verməmiş, öz vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlmiş, əmək fəaliyyətini layiqincə icra etmiş, dəfələrlə yaxşı işinə görə fərqlənmiş və pul mükafatlarına layiq görülmüşdür. Buna baxmayaraq cavabdeh orqanın xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanun”unun 41.0.6-cı maddəsinə əsasən, (xidməti uyğunsuzluğa görə) işdən azad edilmişdir, ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. Belə ki, xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif bölgələrdə rəis vəzifəsində işləmiş və dəfələrlə medallara layiq görülmüşdür. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Ailədə yeganə qazanc gətirən odur və himayəsində yetkinlik yaşına çatmayan iki uşağı var.
7. İddiaçı məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, işdən çıxarılma barədə əmri aldıqdan sonra, xəstələnmiş və uzun müddət xəstəxanalarda müalicə və müayinə olunmuş, həmçinin yas mərasimləri olmuş, bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür.
8. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, Xidmət rəisinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdən ehtiyata buraxılma əmrindən görünür ki, o hazırkı tələb üzrə iddia müddətini ötürmüş və bu səbəbdən onun iddia tələbi mümkün sayılmamalıdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1346/2025 nömrəli qərardadı (hakim R.Tağıyeva) ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının raportu əsasında sonuncu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 0120 ş/h nömrəli əmri ilə ehtiyata buraxılmış, əmr barədə ona şifahi formada məlumat verilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ehtiyatda olan zabit kimi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia və prosessual müddətin bərpasına dair ərizələrin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, mübahisələndirilən əmrin ona təqdim və elan edilməsi barədə onun Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumat yoxdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən əmr qəbul edilən zaman qardaşı rəis vəzifəsində işlədiyindən həmin əmri mübahisələndirməmiş, bu halın qardaşının işi üçün mənfi nəticələr doğuracağını hesab etmişdir.
15. İş üzrə tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
24. Hazırki halda iddiaçı tərəf cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, 0120 ş/h nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və hesab edir ki, xəstəxanada müalicə və müayinə olunduğundan, həmçinin yas mərasimləri olduğundan iddia ərizəsi ilə müraciət etmək üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür və bu əsasla müddət bərpa edilməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməyərək iddia tələbinin mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 0120 ş/h nömrəli əmri xx.xx.2022-ci il tarixində qəbul edilmiş, iddiaçı həmin əmr əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, lakin iddia ərizəsini poçt vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə göndərmişdir. İşdə olan sənədlərə əsasən iddiaçının barəsində qəbul edilmiş əmr əsasında ehtiyata buraxılması ona əmrin qəbul edildiyi - xx.xx.2022-ci il tarixində məlum olmuşdur.
26. Mübahisələndirilən əmrdən şikayət verilməsi üçün İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrinə əsasən 30 günlük müddət nəzərdə tutulmuşdur. İddiaçının sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
27. Belə ki, şəxsi işə əlavə olunan İddiaçı xx.xx.2022-ci il tarixli raportunda qeyd edilir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmiş, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları ona izah edilmiş və həmin Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa razı olmuşdur.
28. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı əmrdən məlumatlı olduğunu, müəyyən səbəblərdən əmri mübahisələndirmədiyini bildirmiş, müayinə və müalicə olunduğundan ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
29. Başqa sözlə iddiaçı özü də müddəti ötürdüyünü dərk edərək iddia ərizəsinə müddətin bərpasına dair ərizə və tibbi sənədlər əlavə edərək ehtiyata buraxıldıqdan (xx.xx.2022-ci il) 4-5 ay sonra tibbi müayinə olduğunu, yas mərasimləri düşdüyünü qeyd etmişdir.
30. Məhkəmə kollegiyası iddiaçının əsas gətirdiyi halları müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
31. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
32. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna istinadən qeyd edilmiş “mübahisələndirilən əmrin təqdim və elan edilməsi barədə iddiaçının Kəlbəcər rayon şöbəsində olan mövcud şəxsi işində heç bir rəsmi məlumatın olmaması” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, ehtiyatda olan mayor İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin xx.xx.2022-ci il tarixli məxfi əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Qeyd olunan əmr məxfi qriflə rəsmiləşdirildiyinə görə, əmrdən çıxarış İddiaçı təqdim edilməmiş, lakin özünə şifahi formada məlumat verilmiş, həmçinin məxfi əmrdən çıxarış məxfi poçt vasitəsilə İddiaçı sonuncu xidmət yeri olan Kəlbəcər rayon şöbəsinə göndərilmişdir.
33. Göründüyü kimi mübahisələndirilən əmr məxfi qrifli olduğundan iddiaçıya bu barədə əmrdən çıxarış təqdim edilməyərək şifahi formada məlumat verilmiş, əmrin qəbul edildiyi - xx.xx.2022-ci il tarixindən sonra iddiaçı xidməti fəaliyyəti yerinə yetirməmişdir.
34. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
35. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
36. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1346/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov