Məhkəmə qərarları › İş №2-1(104)-467/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-467/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-467/2025 05.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması” tələbinə dair iş Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, “üçüncü şəxsin qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-774/2025 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdehnə müraciət edərək X7, X11 və X5 ona məxsus Qazax şəhəri, Ş.Çobanov küçəsi, ev 8 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixli, 3-13-88/2-Ə-60xx/xx/2024 nömrəli məktubla müraciətinin müsbət həllindən imtina edilərək qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.

İşdə olan sənədlər:

2. Mənzil ilə təmin olmaq üçün 14 iyul 1978-ci il tarixli, 12 nömrəli orderə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı verilmişdir.

3. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-333/2023 nömrəli arayışına əsasən, Qazax şəhəri, Ş.Çobanov küçəsi, 6 saylı ev Qazax şəhər ZDS İcraiyyə Komitəsi tərəfindən 14 iyul 1978-ci il tarixli, 12 nömrəli orderə əsasən İddiaçı məxsusdur. Həmin mənzilin yaşayış sahəsi 13.2 kv.m olmaqla 1 otaqdan ibarətdir.

4. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-661/2023 nömrəli arayışına əsasən, xx.xx.1978-ci il təvəllüdlü X7 və övladları - X9 və X2 şəhəri, Ş.Çobanov küçəsi, ev 6 ünvanında qeydiyyatda olmalarına baxmayaraq tərtib edilmiş akta əsasən 2017-ci il tarixdən hal-hazıradək həmin ünvanda yaşamırlar.

5. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 5-58-13-17/2-207/2024 nömrəli arayışına əsasən, Qazax XDS tərəfindən verilmiş 12 saylı orderdə qeyd olunan Ş.Çobanov küçəsi 6 nömrəli bina hal-hazırda 8 nömrəli bina olaraq qeydiyyata alınmışdır.

6. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 5-58-13-17/2-215/2024 nömrəli arayışına əsasən, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 3 ünvanda yaşayır.

7. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 5-58-13-17/2-216/2024 nömrəli arayışına əsasən, xx.xx.1978-ci il təvəllüdlü X1 şəhəri, Ş.Çobanov küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamır.

8. Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-331/2017 nömrəli qətnaməsi (hakim Qurban Abbasov) ilə X7 və X11 arasında Qazax rayon VVADQ şöbəsində bağlanmış və 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 oktyabr 2007-ci ildə anadan olmuş X10 və 18 fevral 2013-cü ildə anadan olmuş X8 X3 himayəsində qalması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X6 30 may 2017-ci ildən başlayaraq hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X3, X8 və X5 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X7 onun mərhum oğlu Əkbərov Rafiq Əkbər oğlunun sabiq həyat yoldaşıdır. Onun oğlu Validə ilə 2006-ci ilin oktyabr ayında faktiki olaraq evlənmişlər, belə ki, rəsmi nigaha 15 yanvar 2008-ci i tarixdə daxil olmuşlar və birgə nigahlarından iki uşaqları anadan olmuşdur. Qazax Rayon Məhkəməsinin 2(023)-331/017 saylı, 30 may 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh X11 ilə nigahı pozulmuş, boşanandan sonra X7 uşaqlarını da götürüb valideynlərinin yanına getmiş, bir daha geri qayıtmamışdır. Azərbaycan Respublikası Qazax rayonu cra Hakimiyyəti Başçısının Qazax Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən Qazax şəhəri Ş.Çobanov küçəsi,6 saylı ev, Qazax şəhəri ZDS Komitəsi tərəfindən 14 iyul 1978-ci il tarixdən 12 nömrəli orderə əsasən, həmin mənzil ona məxsusdur. Həmin mənzilin yaşayış sahəsi 13.2 kv.m olmaqla 1 otaqdan ibarətdir. Hazırda üçüncü şəxslər onun darısqal mənzilində yaşamadıqlarına baxmayaraq, onun evindən qeydiyyatdan çıxmırlar. X7, onun uşaqları X12 və X2 rayonunun Böyük Kəsik kəndində yaşayırlar.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-774/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Üçüncü şəxs X7 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun və uşaqlarının gələcək taleyinin necə olmasını nəzərə almamışdır. İddiaçı həmin mənzilin mülkiyyətçisi deyil və onun uşaqları mübahisəli mənzildə nənələri ilə birlikdə yaşayırlar.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, nə apellyasiya şikayəti verən üçüncü şəxs, nə də onun uşaqları mübahisəli yaşayış evində yaşamırlar və bunu iş materiallarına əlavə edilmiş Qazax Mənzil İstismar Sahəsinin arayışı təsdiq edir. Bundan başqa, həmin evin iddiaçıya məxsus olması iş materialları ilə sübut olunur.

17. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və ərizə ünvanlayaraq Laçın şəhərində işləməsi ilə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. İşdə olan “Mənzil ilə təmin olmaq üçün 14 iyul 1978-ci il tarixli, 12 nömrəli order”ə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı verilmişdir. Bundan başqa, Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-333/2023 nömrəli arayışına əsasən, Qazax şəhəri, Ş.Çobanov küçəsi, 6 saylı ev Qazax şəhər ZDS İcraiyyə Komitəsi tərəfindən 14 iyul 1978-ci il tarixli, 12 nömrəli orderə əsasən İddiaçı məxsusdur. Həmin mənzilin yaşayış sahəsi 13.2 kv.m olmaqla 1 otaqdan ibarətdir. 27.Apellyasiya şikayətinin dəlillərində iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması qeyd edilmişdir.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası hesab olunur.

30. Qeyd edilən normalardan məlum olur ki, qanunvericiliyə əsasən, order yaşayış sahəsi üzrə qeydiyyata alınma ilə yanaşı həm də daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması əsası kimi nəzərdə tutulmuşdur.

31. Belə olan halda, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış olmasa da, işdə olan sənədlər həmin mənzilin iddiaçının mülkiyyətində olmasını təsdiq edir. Bu isə onun məhkəmə müdafiəsi hüququnu təmin edir.

32. Apellyasiya şikayətinin digər - “üçüncü şəxsin uşaqlarının mübahisəli mənzildə nənələri ilə birlikdə yaşaması” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-661/2023 nömrəli arayışına əsasən, xx.xx.1978-ci il təvəllüdlü X7 və övladları - X9 və X2 şəhəri, Ş.Çobanov küçəsi, ev 6 ünvanında qeydiyyatda olmalarına baxmayaraq tərtib edilmiş akta əsasən 2017-ci il tarixdən hal-hazıradək həmin ünvanda yaşamırlar.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

35. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

36. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

37. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

38. Beləliklə mübahisəli evin iddiaçıya məxsus olması təqdim edilən sənədlərlə öz təsdiqini tapmışdır və hazırki tələb üzrə qeydiyyatdan çıxarılmaları tələb olunan üçüncü şəxslər iddiaçının keçmiş gəlini və nəvələridir. Onlar 2017-ci ildən hal-hazıradək iddiaçının evində yaşamırlar, məhkəmənin qətnaməsi ilə də uşaqlar analarının himayəsinə verilmişlər. Üçüncü şəxs apellyasiya şikayətində uşaqlarının mübahisəli evdə yaşadıqlarını qeyd etsə də buna dair hər hansı sübut təqdim olunmamış, işdə olan icra nümayəndəliyinin arayışında isə dəlilin əksi təsdiq edilmişdir.

39. Belə olan halda məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-774/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar