Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-469/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vulqar oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-553/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2017-ci il tarixli, AZ-İ 854895 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə “baş və döş qəfəsin.odlu silah.güllə ilə yarala.” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Hp02/6963 nömrəli məktubundan qeyd edilmişdir ki, X6 Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. İbtidai istintaq zamanı alınmış şahid ifadələri, məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik və s. ekspertizaların rəyləri, eləcə də toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, əsgər Elvin Namazov hərbi hissədəki xidmət müddətlərində dəfələrlə əsgər X5 döyüb-incidərək təhqir etmiş, xx.xx.2017-ci il tarixdə onlar birgə sərhəd gözətçisi xidmətində olarkən saat 08 radələrində Eltun Bayramov qisas almaq niyyəti ilə ona təhkim olunmuş avtomat silahdan Elvin Namazovun baş və bədən nahiyələrinə atəş açaraq sonuncunu öldürmüş, ardınca həmin silahdan özünə atəş açaraq intihar etmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılaraq E.Bayramovun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci, E.Namazovun əməli isə CM-nin 332.3-cü maddələrinə tövsif edilmiş və xx.xx.2017-ci il tarixdə hər ikisinin barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin üzrə xx.xx.2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə mərhum X6 barəsində Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə aparılan cinayət təqibinə, baraətverici əsaslar olmadan, cinayət törədildikdən sonra öldüyünə görə, yəni CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-57/2-76/2023 nömrəli məktubundan görünür ki, iddiaçının oğlu X8 şəhid statusunun verilməsi tələbinin sonuncunun əsgər yoldaşı ilə aralarında baş vermiş mübahisə səbəbindən qəsdən öldürüldüyündən təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon şöbəsinə təqdim etmək üçün xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, xx.xx.1997-ci ildə Şəmkir rayonunda doğulmuş oğlu X6 Azərbaycan Respublikası uğrunda xidmət apararkən həlak olmasına dair arayışın verməsi vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzrərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X10 2015-ci il 20 oktyabr tarixdən Şəmkir rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 10 noyabr 2015-ci ildən Füzuli rayonun ərazisində yerləşən N saylı hərbi hissədə qulluq etməyə başlamış, az bir müddət ərzində özünü bacarıqlı vətənsevər əsgər kimi göstərmişdir. Oğlu xx.xx.2017-сi il tarixdə Dövlət Sərhəd Xidmətinin Füzuli rayonun ərazisində N saylı hərbi hissəsinin N nömrəli sərhəd zastavasının müşahidə qülləsində xidmət apararkən həmin zastavanın əsgəri X9 tərəfindən güllənələnərək öldürülmüşdür. Bu barədə cinayət iş başlanılmış və müvafiq araşdırılma aparılmışdır. Oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda vətən qarşısında xidməti vəzifəsini icra edərkən həlak olsa da müvafiq dövlət orqanlarından bu barədə arayış ala bilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq oğlu X8 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-553/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarının tədqiqindən göründüyü kimi mərhum X10 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən avtomat silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etmişdir. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-553/2023 saylı qərarının ləğv edilməsi və oğlu X6 Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarda cavabdehin nümayəndəsi X4, X8 şəhid statusunun verilməsinin qanunvericiliyin tələbinə zidd olunduğunu bildirirək iddia tələbinin rədd olunması barədə qərar qəbul ediməsini xahiş etməsi qeyd olunsa da, məhkəmə prosesində cavabdehin nümayəndəsi Məhəmməd Vəliyevin iddiaçının oğlu Elvin Namazova şəhid statusunun verilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin iddiaçının oğlu X2 Sərhəd Xidmətinin Füzuli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2017-ci il tarixdə sərhəd gözətçisi xidmətində olan zaman əsgər yoldaşı tərəfindən odlu silahdan atılmış atəş nəticəsində öldürülmüş, lakin hadisənin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı və ya dövlət sərhəddinin mühafizəsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olması dəqiqləşdirilməmişdir. Bundan əlavə, X6 Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2017-ci il tarixdə güllə yarasından həlak olan zaman təyin olunduğu sərhəd gözətçisi xidmətinin təyinatı, həmin xidmətin döyüş təminatı ilə əlaqəsinin olub-olmaması aydınlaşdırılmamışdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»na əsasən, hərbi hissələrdə atəşkəs dövründə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olunmuş, həmçinin dövlət sərhəddinin mühafizəsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş hərbi qulluqçular şəhid hesab olunurlar. Ona görə də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-553/2023 nömrəli qərarının ləğv edilməsini və oğlum X6 Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2017-ci il tarixdə sərhəd gözətçisi xidmətində olan zaman almış olduğu güllə yarasından ölməsi ilə bağlı şəhidlik statusunun verilməsi öhdəliyinin SHXÇDX-nin Şəmkir RŞ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi zəruridir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: - Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: -
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:- - 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının oğlu X2 Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasında xidmət keçən zaman onunla tabelik münasibətində olmayan hərbi qulluqçu X9 ilə birlikdə xx.xx.2017-ci il tarixdə, saat 06:00-dan 09:00-dək hərbi hissənin ərazisində olan müşahidə qülləsində, silah-sursatla sərhəd gözətçisi xidmətində olarkən, saat 08-09 radələrində E.Bayramov ona təhkim olunmuş AK 74 markalı “907077900” nömrəli avtomat silahdan avtomatik rejimdə E.Namazovun baş və bədən nahiyəsinə 7 (yeddi) dəfə atəş açaraq onu qəsdən öldürmüş, daha sonra isə özünü öldürmüşdür. Qeyd olunan hadisəyə səbəb E.Namazovla E.Bayramov arasında daha öncədən müəyyən səbəblərə görə münasibətlərin pisləşməsi olmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğu ilə əldə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin üzrə xx.xx.2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə mərhum X6 barəsində Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə aparılan cinayət təqibinə, baraətverici əsaslar olmadan, cinayət törədildikdən sonra öldüyünə görə, yəni CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, iddiaçının oğlunun həlak olduğu yer və şərait “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır (itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Məhkəmələr tərəfindən şəhid statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Hazırkı konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının oğlu E.Namazovun sərhəd gözətçisi xidməti vəzifəsini yerinə yetirərkən onunla birgə həmin xidməti vəzifəni yerinə yetirən əsgər E.Bayramovun avtomatik silahla atəş açması nəticəsində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələb etdiyi “oğlu X8 şəhid statusu vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-553/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.