Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-469/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-568/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********2601 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı dövlət sosial yardım işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-3778/2023 nömrəli arayışına əsasən İddiaçı adında və istifadəsində DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən hal-hazırda heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumatda göstərilmişdir ki, monitorinq üçün Ə/B-də qeyd olunan ünvanda olduq. Monitorinq təmsilçinin həyat yoldaşı ilə aparıldı. Mənzilin qaynanasına məxsus olduğunu və qaynanasının, qaynatasının Bakı şəhərində yaşadığını bildirdi. Ailə tərkibi 5 nəfərdən ibarətdir. Təmsilçinin həyat yoldaşı Ramiz Musayev adına internat məktəbində tərbiyəçi olaraq çalışır və aylıq 470 AZN əmək haqqı alır. Hasil bəyin heç bir yerdə çalışmadığını bildirdi. Monitorinq zamanı həyətdə avtomobilə məxsus ehtiyat təkərləri mövcud idi. Təmsilçinin avtomobil istifadə etməyi ilə bağlı sual verilən zaman həyat yoldaşı ailənin 1 ildən çoxdur ki, qaynı X5 məxsus olan VAZ2107 markalı **-DR-*** nömrəli nəqliyyat vasitəsi olduğunu bildirdi. Bildirdiyinə görə Hasil bəy hal-hazırda həmin həmin nəqliyyat vasitəsi ilə yas mərasiminə idarə edərək gedib. Qaynı Ramin bəyin Füzuli rayonunda çalışdığı üçün avtomobili qardaşı Hasil bəy idarə edir. Bildirdiyinə görə həmin nəqliyyat vasitəsi ailənin şəxsi işləri üçün daima istifadə olunur. Ailəyə Aylıq 600 AZN ÜDSY təyin olunub. Övladlarının qismən internat məktəbində təhsil aldığını bildirdi. Ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə baxış zamanı müəyyən olunur ki, təmsilçinin avtomobil istifadə etməyi ilə bağlı verilən suallara cavab verərək, bildirmişdir ki, həyat yoldaşı 3-4 il əvvəl avtomobil idarə edirdi, əvvəllər avtomobili taksi kimi istifadə edirdi, indi isə yox. Həmin avtomobil onun qardaşına məxsusdur, hazırda hər hansı avtomobil idarə etmir. Daha sonra isə yoldaşının qardaşı cəbhə bölgəsində işlədiyinə görə ona məxsus avtomobili idarə etdiyini, hazırda yoldaşının yas yerinə avtomobillə getdiyini bildirmişdir. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair aa3e1861f3f64188b459d0aa0131831 nömrəli bildirişdən məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********92601 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbi ilə imtina edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-136129/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1984-cü il təvəllüdlü X2 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Həmçinin, sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X4 adında qeydiyyatdadır. Cavabdeh orqanın təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-148496/2023 nömrəli məktubunda bildirilmişdir ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X4 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sərəncam hüququna dair), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (istifadə hüququna dair), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sərəncam hüququna dair) İddiaçı etibarnaməsi olmuşdur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-15109/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İdarənin mərkəzi informasiya sistemində İddiaçı yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmasına dair məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın dayandırılaraq imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Bərdə rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Ailə təmsilçisi olduğu ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardım” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq 2023-cü ilin fevral ayında Vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə nömrəsi **********926). Ailələrinin maddi məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2023-cü il tarixindən ailələrinə aylıq 596,50 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Nazirlik tərəfindən 2023-cü ilin iyul ayında təkrarən ailənin maddi məişət şəraitinin müayinəsi aparılan zaman ailələrinin istifadəsində nəqliyyat vasitəsi olmadığı halda düzgün olmayaraq ailənin istifadəsində nəqliyyat vasitəsi olduğu qeyd edilərək təyin edilmiş sosial yardımın ödənişinin dayandırılması barədə imtina qərarı verilmiş və bu barədə onlara heç bir məlumat verilməmişdir. Yalnız sosial yardımın növbəti ödənişi zamanı bilmişlər ki, ailələrinə təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. Qeyd etmək istəyir ki, nədənsə (VEMTAS) Vahid elektron müraciət və təyinat alt sistemində sosial yardımın hansı səbəbdən dayandırılması haqqında məlumata baxış edilməsi nazirlik tərəfindən bağlanılmışdır. Məlumat üçün bildirir ki, onun mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur, heç bir nəqliyyat vasitəsindən istifadə etmir. Bu Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəsmi arayışı ilə təsdiq olunur. “Ünvanlı dövlət sosial yardım” haqqqında Azərbaycan Respublikasının Qanununa əsasən sosial yardım hüququna orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Nədənsə ailənin maddi məişət şəraitinin monitorinqini aparan şəxslər bütün vasitələrdən istifadə edərək bu yardımın ödənişinin dayandırılmasına çalışırlar. Necə ki, ailələrinin sosial yardım almaq hüququna imtina qərarı verərək ailələrinin yaşayış səviyyəsini hədsiz dərəcədə pisləşdirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3-cü maddəsində hansı halların sosial yardımın dayandırılmasına səbəb olması barədə ətraflı qeyd edilmişdir. Nazirlik tərəfindən həmin qaydaların tələbi pozularaq sosial yardımın dayandırılmasına səbəb olacaq heç bir hal olmadan qanunsuz olaraq aztəminatlı ailələrinə təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-568/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilsi, İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə bildirmişdir ki, nəqliyyat vasitəsinin hər hansı şəxsin istifadəsində olması ona nəqliyyat vasitəsindən istifadə edilməsi hüquqları ilə bağlı verilmiş etibarnamə əsasında müəyyən edilir. Əldə edilmiş sorğular əsasında məhkəmə müəyyən etmişdir ki, iddiaçının və onun həyat yoldaşının adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X4 adında qeydiyyatdadır. Məhkəmə onu da qeyd edir ki, həmin nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sərəncam hüququna dair), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (istifadə hüququna dair), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sərəncam hüququna dair) İddiaçı etibarnaməsi olsa da, bu hal cavabdeh inzibati orqana ailəyə ünvanlı dövlət sosial yardımı təyin edərkən məlum olmuş və həmin hal (ünvanlı dövlət sosial yardım təyin edilənədək ailəni təmsil edən şəxsin nəqliyyat vasitəsinə istifadə hüququna dair etibarnaməsinin olması) ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina səbəbi olmamış və ailəyə 1 il müddətinə 596,50 manat məbləğində ÜDSY təyin edilmişdir. Məhkəmə cavabdeh orqanın ünvanlı dövlət sosial yardımın dayandırmasına əsas kimi təqdim etdiyi ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə baxış keçirmiş və müəyyən etmişdir ki, təmsilçinin həyat yoldaşı onun avtomobil istifadə etməyi ilə bağlı verilən suallara cavab verərək, bildirmişdir ki, həyat yoldaşı 3-4 il əvvəl avtomobil idarə edirdi, əvvəllər avtomobili taksi kimi istifadə edirdi, indi isə yox. Həmin avtomobil onun qardaşına məxsusdur, hazırda hər hansı avtomobil idarə etmir. Daha sonra isə yoldaşının qardaşı cəbhə bölgəsində işlədiyinə görə ona məxsus avtomobili idarə etdiyini, hazırda yoldaşının yas yerinə avtomobillə getdiyini bildirmişdir. Həyətdəki təkərləri yoldaşı başqa məqsədlər üçün istifadə edirdi. Məhkəmə bununla bağlı qeyd edir ki, həyətdə təkərlərin mövcud olması (hansı ki, çoxsaylı təkərlərin mövcudluğu diskdən görünür) onların məhz avtomobilin ehtiyat hissəsi kimi istifadə edilməsi mənasına gəlmir. İddiaçı da iclas zamanı bildirmişdir ki, onun evinin həyətində həqiqətən də təkərlər mövcuddur, hətta həmin təkərlər onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunan zaman həyata keçirilən məişət şəraitinin müayinəsi zamanı həyətdə olmuşdur. Orada yalnız minik avtomobilinə deyil, hətta traktor avtomobilinə aid olan təkərlər də var. Bunun səbəbi isə onun əvvəllər mal-qara saxlaması və mal-qara yemi üçün istifadə etdiyi otun torpaqdan nəm çəkərək xarab olmaması üçündür ki, həmin təkərləri otun altından torpağın üzərinə yerləşdirmişdir. Həmin təkərlərin hamısı köhnə və istifadəyə yararsız təkərlər olmuşdur. Onun nə istifadəsində, nə mülkiyyətində avtomobil yoxdur. O, bəzən ona lazım olan hallarda taksi tapmyan zaman qardaşına məxsus maşından istifadə edib, gedəcəyi yerə gedib-gəlmişdir. Lakin bu onun istifadəsində avtomobilin olmasınə göstərmir. Habelə, VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən istifadə ediləcəyi təqdirdə, hansı ki, ona nəqliyyat vasitəsinə istifadə hüququnun verilməsi barədə etibarnamə mövcud olmadığı üçün yol hərəkəti qaydasının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilməsi mümkün, hətta qaçınılmaz olacağından bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə sorğu verilmiş və cavab məktubunda İdarənin mərkəzi informasiya sistemində İddiaçı yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmasına dair məlumatın mövcud olmadığı bildirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********92601 nömrəli müraciətinə əsasən, "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Belə ki, keçirilmiş monitorinq zamanı təmsilçinin arvadı X6 əri İddiaçı istifadəsində X5 məxsus "Vaz-2107" markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. Bildirilir ki, həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı verilən məlumatlar akta qeyd edildikdən sonra X2 şəxsi imzası ilə təsdiqlənmişdir. Bu səbəblə "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na uyğun olaraq ÜDSY işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı məhkəmə iclası zamanı qeyd olunan nəqliyyat vasitəsindən bəzən istifadə etdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "ünvanlı dövlət sosial yardımının bərpa edilməsi" barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiət etdiyini bildirmiş, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; ... 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); Bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Bənd 4.6. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. Bənd 4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********2601 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 596,50 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı dövlət sosial yardım işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən ÜDSY ödənişinin dayandırılmasına əsas kimi keçirilmiş monitorinq zamanı iddiaçının arvadı X2 iddiaçının istifadəsində X5 məxsus “Vaz-2107” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması barədə verdiyi izahatı olmuşdur, lakin məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində bu hal mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh ailənin istifadəsində nəqliyyat vasitəsinin olması bildirilsə də, iş materiallarında olan sənədlərlə bu hal öz təsdiqini tapmamış, əksinə təkzib edilmişdir. Həmçinin cavabdeh ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə görə dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılmasına əsas olan nəzərdə tutulmuşdur. Ona görədə ilk növbədə cavabdehin ailənin istifadəsində olduğunu bildirdiyi “VAZ 2107” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddiaçının və onun ailə üzvlərinin istifadə hüququnun olub-olmaması müyyənləşdirilməlidir. Belə ki, nəqliyyat vasitəsinə istifadə hüququ buna dair verilmiş etibarnamə ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-3778/2023 nömrəli arayışına əsasən İddiaçı adında və istifadəsində DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən halhazırda heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-136129/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və xx.xx.1984-cü il təvəllüdlü X2 adlarında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Həmçinin, sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X4 adında qeydiyyatdadır. Bundan başqa cavabdeh orqanın təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-148496/2023 nömrəli məktubundan görünür ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Sorğu edilmiş “VAZ 21074” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X4 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sərəncam hüququna dair), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (istifadə hüququna dair), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (sərəncam hüququna dair) İddiaçı etibarnaməsi olmuşdur. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-15109/2023 nömrəli məktubundan görünür ki, İdarənin mərkəzi informasiya sistemində İddiaçı yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmasına dair məlumat mövcud deyildir. Göründüyü kimi sözügedən nəqliyyat vasitəsinə dair iddiaçının istifadə hüququnu təsdiq edən etibarnamə mövcud deyil, həmçinin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində iddiaçının inzibati məsuliyyətə cəlb edilməsi barədə məlumat mövcud deyildir. Bu isə artıq cavabdehin mövqeyinin ifadə edən arqumetin bir daha öz təsdiqini tapmamasına dəlalət edən hallardan birisidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-568/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-469/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-469/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver