Məhkəmə qərarları › İş №2-1(104)-47/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-47/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-47/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 782/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 365897 nömrəli, xx.xx.1979-cu diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə 27 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1979- cu ildə tam kursu bitirərək gil-torpaq istehsalı üzrə aparatçı peşəsi üzrə ümumi orta təhsil almışdır. НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. ИТ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Dövlət X6 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1 aprel 1982-ci il tarixli No.127 K, §2 saylı əmrlə xx.xx.1982-ci il tarixdən «Azərəlvanmetaltəmirtikinti» tresti Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin texniki avadanlıq təmiri və montajı üzrə No.5 sahəyə 2-ci dərəcəli çilingər təyin edilmiş və xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13-2022-0100 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçiçilingər vəzifəsində güzəştli şərtlərlə işləmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043 nömrəli arayışında bildirilir ki, "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində təmirçi-çilingər peşəsində çalışan işçilərə xx.xx.2007-ci il tarixədək 21 iyun 1993-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarının 2 nömrəli əlavəsində olan 2091100a-18559 koda əsasən, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 7-ci bölməsinin 29-cu yarımbölməsinə əsasən iş stajı zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verilir. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının 01 iyul 2022-ci il tarixə qədər ümumi əmək stajı 40 il 7aydan artıqdır, güzəştli şərtlərlə zərərli stajı isə 17 il 1 ay 12 gün təşkil edir. Belə ki, iddiaçı Gəncə şəhər ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində, həmçinin 01 Aprel 1982-ci ildən 18 Aprel 1988-ci ilə kimi X3 ("xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində) Texnologiya avadanlığın təmiri və quraşdırılması üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət X6 10 Fevral 2017-ci il 71/5 saylı arxiv arayışında da onun X4 zərərli sahələrində təmirçi-çilingər işləməyi əmrlərdə qeyd olunub. Bundan başqa, 03 Yanvar 1997-ci ildən 02 Avqust 1999cu ilə kimi Azərbaycan Dəmiryolları Nazirliyinin X10 müəssisəsinin qazanxanasında çilingər vəzifəsində işləmişdir. Ona görə də hesab edir ki, onun güzəştli zərərli iş stajı 17 il 1 ay 12 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtinanın əsaslarını göstərməklə qeyd etmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022-ci il tarixli 36 nömrəli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X7 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri üzrə 8 il 5 ay 26 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Dövlət X6 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər işləmişdir və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043/2023 nömrəli məktubuna əsasən həmin peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan 2091100a-18559 koda əsasən zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 6 il 17 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilkdə 25 ildən çoxdur, eyni zamanda tələb olunan güzəştli sığorta stajı da mövcuddur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində hüququn 29 iyun 2022-ci il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yarandığını qeyd etmiş və həmin maddəyə (9.1) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarına əsasən iddiaçıya "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bildiririk ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizə təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 9 sentyabr 2022ci il tarixli 36 nomreli arayışında xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə əmək haqqı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay 26 gün (xx.xx.2000- xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Göründüyü kimi, iddiaçı xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə işləməsi ilə bağlı arayış təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi konkret olaraq hansı tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya şikayətinə dair İddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, əmək kitabçası üzrə 01 aprel 1982-ci il tarixə kimi Gəncə şəhər ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində Təmirçi-Çilingər vəzifəsində işləmişdir. 01 aprel 1982-ci ildən 18 aprel 1988-ci ilə kimi keçmiş Kirovabad Alüminium zavodunda indiki Azərbaycan "xxxx" ASC-nin Gəncə 66 Gil-Torpaq" İstehsalat sahəsində Texnoloji avadanlığın təmiri və quraşdırılması üzrə Təmirçi-Çilingər vəzifəsində işləmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2 saylı, bölmə İX, yarımbölmə 9 A "Gil-Torpaq” İstehsalatı 2091100A-18559 kodu, Təmirçi-Çilingər vəzifəsinə tam uyğundur. Azərbaycan Respublikası Dövlət X6 10 fevral 2017-ci il 71/5 saylı arxiv arayışında da onun Kirovabad Alüminium zavodunun zərərli sahələrində Təmirçi-Çilingər işləməyi əmrlərində qeyd olunub. Bundan başqa 03 yanvar 1997-ci ildən 02 avqust 1999-cü ilə kimi Azərbaycan Dəmiryolları Nazirliyinin Gəncə vaqon deposu müəssisəsinin qazanxanasında çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2ci siyahının Xİİİ bəndindəki kodu 2140000A-18455 qazanxanalarda Təmirçi-Çilingər vəzifəsinə tam uyğundur. Ona görə hesab edir ki, onun zərərli stajı 17 il 1 ay 12 gün təşkil edir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı bunların heç birinə baxmayıb və nəzərə almayıb. Gəncə İnzibati Məhkəmə haqlı olaraq araşdırma nəticəsində onun 01 yanvar 2006-cı il tarixə kimi iş stajını 25 ildən çox, eyni zamanda tələb olunan güzəştli stajını 12 il 6 aydan artıq olduğunu müəyyən edib. Beləliklə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 23 dekabr 2017-ci ildə yaranıb. O, 16 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. "Əmək pensiyaları haqqında" qanunun 32.1-1 maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki, ən çoxu 3 il ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Deməli 16 sentyabr 2019-cu il tarixdən pensiya təyin edilməlidir. Cavabdeh tərəf isə məhkəmə qərarında müəmmalı şəkildə qərarın hansı tarixdən verilməsini guya bilmirlər. Bütün bunlardan görünür ki, verilən apellyasiya şikayətinin tam əssasız olduğu cavabdehə çox yaxşı aydındır. Şikayət verməkdə məqsəd işin gedişini qanunsuz uzatmaq icra sənədinin icrasına mane olmaq və əlavə vaxt udmaqdır. Yuxarıda göstərilənləri nəzərə çatdırmaqla, Gəncə İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2-1(114)-782/2023 saylı qərarının qanuni, əsaslı və obyektiv olmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüququi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının həmin qərardan verdiyi apellyasiya şikayəti əssasız olduğu üçün apellyasiya şikayətinin təmin olunmaması və iş üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh orqan olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə əlavədə qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) 20911000 9. Giltorpaq istehsalatı 2091100a a) fəhlələr ... 2091100a—18559 təmirçi çilingərlər

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. O, müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və pensiya yaşına çatdığına üçün cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə tələb etsə də, cavabdeh insibati orqan iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (8 il 5 ay 26 gün (xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) olduğuna və "güzəştli arayış" təqdim etmədiyinə görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə həll olunarkən yuxarıda qeyd olunan normaların müddəlarına istinad edilməlidir. Cavabdehin imtinasının əsası kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (8 il 5 ay 26 gün (xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) olduğuna və "güzəştli arayış" təqdim edilməməsi olmuşdur. Göründüyü kimi iddiaçının 8 il 5 ay 26 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər işləməsi barədə güzəştli arayış təqdim edilmədiyindən həmin illər onun güzəştli sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin arqumentinə tənqidi yanaşaraq bildirir ki, iddiaçının işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr üzrə qanunvericiliklə güzəştli arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan Dövlət X6 xx.xx.2017-ci il tarixli, 71/5 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. Bununla yanaşı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-5-3/2-0043/2023 nömrəli məktubu ilə aydın olur ki, qeyd olunan peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olan 2091100a-18559 koda əsasən zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Göründüyü kimi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər İxtisaslaşdırılmış Təmir-tikinti idarəsində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı ilə təsdiq edildiyindən həmin dövr onun güzəştli sığorta stajına daxil edilməlidir. Bununla da iddiaçının 6 il 17 gün güzəştli sığorta stajının olması təsdiq edilmiş olur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəlüdlü olmaqla xx.xx.2020-ci ildə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə çatmış olsa da, həmin dövrdə onun pensiya kapitalın tələb olunan kapitaldan az olması səbəbində ona güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi yolverilməzdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (əvvəlki redaksiyada) 9.1. maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh orqan olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Həmçinin iş materiallrında olan, "xxxx" QSC-nin Yük daşımaları departamentinin Qərb vaqonları təmiri xidməti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1997ci il tarixindən – xx.xx.1999-cu il tarixinə kimi Qərb vaqon təmiri deposunda Qazanxana sexində çilingər vəzifəsində işləmişdir. Bundan başqa "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilən iddiaçının ADY-də olan əmək fəaliyyəti barədə arxiv sənədlərindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.1999cu il tarixdə 216/k nömrəli əmrə əsasən qazanxana sexinə 5-ci dərəcəli çilingər təyin edilmiş və xx.xx.1999-cu il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. Odur ki, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeydedilən səbəblərdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-782/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar