Məhkəmə qərarları › İş №2-1(104)-470/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-470/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-470/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “mənzilin özəlləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-298/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi 22 noyabr 1993-cü il tarixli 684 nömrəli talon orderindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən mənzili tutmaq hüququ İddiaçı və ailə üzvlərinə verilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* arayışına əsasən İddiaçı və ailə üzvləri X5, X8, X2, X10, X3 şəhəri, DOS-7, ev 107, mənzil 29 ünvanında qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4039 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı Müdafiə Nazirliyinin balansındadır və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar hissəsinin 22 iyul 2024-cü il tarixli, 991 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşayan ünvan 1 Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna daxil olmaqla Gəncə Mənzil- İstismar hissəsinin balansındadır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, özəlləşdirmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birgə 22 noyabr 1993-cü il tarixdən bu günə qədər ünvan 1 ünvanında yaşayır. Sözügedən mənzil ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən orderlə verilmişdir. Mülki qanunvericilik sisteminə görə 20 ildən artıq bir mənzildə yaşamış şəxsin(lərin) həmin mənzilə dair mülkiyyət hüququnun tanınması barədə müvafiq icra hakimiyyətinə müraciət edə bilər(lər). Bu halda o və ailəsi həmin mənzildə 30 ilə yaxındır yaşayırlar və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş və onlarla qonşuluqda yaşayan əksəriyyət sakinlər artıq yaşadıqları evləri özəlləşdirmişlər. O, sözügedən mənzilin özəlləşdirilməsi ilə əlaqədar olaraq ərizə ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6-cı maddəsinin tələblərinə görə Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddia ərizəsinə əlavə etdiyi və onun adına yazılmış orderdən də göründüyü kimi o ailəsi ilə birgə həmin mənzildə 30 ildən artıqdır yaşayırlar. Yəni, istər Konstitusiyanın 25-ci maddəsinin, istərsə də mülki qanunvericilik sistemiminin tələblərinə uyğun şəkildə o və ailəsi yaşadıqları mənzili özəlləşdirmək hüququ əldə etmişlər.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar Hissəsi zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar Hissəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-298/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-7, ev 107 ünvanında yerləşən 29 nömrəli mənzil ona Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil kimi verilmişdir və hazırda həmin mənzil Müdafiə Nazirliyinin balansındadır. Məhkəmə onu da qeyd edir ki, mənzilin yerləşdiyi hərbi şəhərciyin açıq hərbi şəhərcik olması onun təyinatını dəyişdirmir, yəni xüsusi təyinatlı mənzilin özəlləşdirilməsinə əsas vermir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır, bu isə onun özəlləşdirilməsini istisna etmir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 23.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

19. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:

100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

20. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 noyabr 1993-cü il tarixli 684 nömrəli orderi əsasında İddiaçı (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. Həmin tarixdən hal-hazıradək həmin mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.

25. Birinci instansiya məhkəməsi inzibati orqanın imtinasını əsaslı və qanuni hesab edərək iddia tələbini təmin etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan (qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir) məhdudiyyətlər mövcud olduğundan, birinci instansiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8. bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

28. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4039 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı Müdafiə Nazirliyinin balansındadır və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır.

29. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar hissəsinin 22 iyul 2024-cü il tarixli, 991 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşayan ünvan 1 Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna daxil olmaqla Gəncə Mənzil-İstismar hissəsinin balansındadır.

30. Göründüyü kimi, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-7, ev 107 ünvanında yerləşən 29 nömrəli mənzil ona Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil kimi verilmişdir və hazırda həmin mənzil Müdafiə Nazirliyinin balansındadır.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

32. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın hərəkəti qanunamüvafiq olduğundan iddianın təmin edilməsinə dair heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-298/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar