Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-471/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-155/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 nömrəli protokol-qərarının çıxarışından görünür ki, Samux rayon Qarayeri qəsəbə sakini İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır.
2. «Torpaqların alqı-satqısına dair» aktın surətindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsi ərazisində olan 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006cı il tarixli, 18 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına əvvəlcədən 86 manat haqq ödənilmişdir.
3. xx.xx.2009-cu il tarixdə, 490 nömrəli ilə uçota alınmış AN 181907 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı qərarına əsasən İddiaçı verilmişdir. Bundan əlavə həmin sənəddə sözügedən torpaq sahəsinin kadastr göstəriciləri qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubuna əsasən iddiaçının müraciətindən bələdiyyə sənədlərinin Ərazi İdarəsinin arxiv məlumatlarında olmaması, “Torpaqların alqı-satqısına dair” aktın tərtib edilmə və qeydiyyata alınma tarixlərinin qeyd edilməməsi, habelə, torpaq sahəsinin faktiki yeri ilə eyni olmaması və bir hissədə başqa şəxsin istifadəsində olması səbəbindən təmin edilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayon Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı iclas protokolu ilə İddiaçı verilməsi nəzərdə tutulmuş Samux rayonu, Qarayeri kəndində yerləşən 0.08 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, ehtiyat fond torpaqları kateqoriyasına aid, həyətyanı məqsədləri üçün nəzərdə tutulmuş, kəndin perspektiv inkişaf sahəsində yerləşir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Samux rayon Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı iclas protokolu ilə İddiaçı verilməsi nəzərdə tutulmuş Samux rayonu, Qarayeri kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları ilə, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatlarının üst-üstə düşmə halı müəyyən olunmamışdır.
6. Milli Arxiv İdarəsinin Samux filialının 2 iyun 2023-cü il tarixli, 3-48-39RA/2-İ- 153/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Samux rayon Qarayeri bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli 18 saylı iclas protokolu və ona aid sənədlər mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, mərkəzin arxivində AN-181907 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi aşkar edilməmişdir. Sözügedən AN-181907 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Samux rayonu, Qarayeri bələdiyyəsinin ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri bələdiyyəsinin ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 0.08 ha həyətyanı torpaq sahəsi həmin bələdiyyənin xx.xx.2006-ci il tarixli 18 saylı qərarı ilə ona ayrılaraq alqı-satqı aktına əsasən mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsi istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-155/2023 saylı qərardadı ilə iş üzrə Samux rayon Qarayeri bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə dair təqdim edilmiş bələdiyyə sənədlərinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı və ərizənizə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktının tərtib edilmə və qeydiyyata alınma tarixlərinin qeyd edilmədiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin fərqli olduğu, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-155/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi “Torpaqların alqı-satqısına dair” aktının tərtib edilmə və qeydiyyata alınma tarixlərinin qeyd edilməməsi imtinaya əsas verə bilməz. Belə ki, sözügedən sənədin tərtib edilməsi bələdiyyənin səlahiyyətlərinə aid edilmişdir.
14. Məhkəmə gəldiyi hüquqi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1,6.2 və 6.5-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə dair təqdim edilmiş bələdiyyə sənədlərinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı və ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktının tərtib edilmə və qeydiyyata alınma tarixlərinin qeyd edilmədiyi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 iyul 2009-cu il tarixi, 490 nömrəli plan və ölçü sənədində İddiaçı satılmış Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 800 kv metr torpaq sahəsinə dair bələdiyyənin 06 noyabr 2006-cı il tarixli, 18 saylı qərarı qeyd olunmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi.
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;... 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.
25. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası.
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
19. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
20. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İşin halları ilə müəyyən olunur ki, Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.08 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin torpaq sahəsinin planı və ölçüsü sənədi, alqı-satqı aktı əldə edilmişdir.
29. Təqdim edilmiş «Torpaqların alqı-satqısına dair» aktın surətindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsi ərazisində olan 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 18 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına əvvəlcədən 86 manat haqq ödənilmişdir.
30. AN 181907 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı qərarına əsasən İddiaçı verilmişdir. Bundan əlavə həmin sənəddə sözügedən torpaq sahəsinin kadastr göstəriciləri qeyd edilmişdir.
31. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən bələdiyyə sənədlərinin Ərazi İdarəsinin arxiv məlumatlarında olmaması və “Torpaqların alqı-satqısına dair” aktın tərtib edilmə və qeydiyyata alınma tarixlərinin qeyd edilməməsi, habelə, torpaq sahəsinin faktiki yeri ilə eyni olmaması və bir hissədə başqa şəxsin istifadəsində olması səbəbindən imtina etmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir.
33. Belə ki, yuxarıda qeyd edilən və cavabdeh inzibati orqana təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.08 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmiş, həmçinin torpaq sahəsinin yeri və koordinantlarının dəqiq qeyd olunduğu AN 181907 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda mərkəzin arxivində AN-181907 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi aşkar edilməməsi bildirilsə də, sözügedən AN-181907 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmiş və həmin sənədlər cavabdehə təqdim olunan sənədlərlə eynilik təşkil etmişdir.
35. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayon Qarayeri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı iclas protokolu ilə İddiaçı verilməsi nəzərdə tutulmuş Samux rayonu, Qarayeri kəndində yerləşən 0.08 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, ehtiyat fond torpaqları kateqoriyasına aid, həyətyanı məqsədləri üçün nəzərdə tutulmuş, kəndin perspektiv inkişaf sahəsində yerləşir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Samux rayon Qarayeri Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 18 saylı iclas protokolu ilə İddiaçı verilməsi nəzərdə tutulmuş Samux rayonu, Qarayeri kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları ilə, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatlarının üst-üstə düşmə halı müəyyən olunmamışdır.
36. Digər tərəfdən iddiaçı torpaq sahəsinin onun satılmasına dair sənədləri təqdim etmişdir və nəzərə almaq lazımdır ki, həmin sənədlərin ərazi idarəsinin arxivində olmaması və tərtibatında səhvlərə yol verilməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə mülkiyyət hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
37. Digər şəxslərlə torpaq sahəsinin üst-üstə düşməsi halı da yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə tam təkzib olunmuş və İddiaçı verilməsi nəzərdə tutulmuş Samux rayonu, Qarayeri kəndində yerləşən 0.08 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olması, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir.
38. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
42. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Samux rayon Qarayeri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 18 saylı qərar əsasında alınmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-155/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov