Məhkəmə qərarları › İş №2-1(104)-472/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-472/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-472/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Hüseynzadə Afiq Hüseyn oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5, üçüncü şəxs X7 vəkili X10 iştirakları ilə, “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-493/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərardad qəbul etdi: İşin halları:

1. Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 08 fevral 2019-cu il tarixli, 03 saylı iclas protokolunun çıxarışından görünür ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 16 və 17-ci bəndinə əsasən bələdiyyə mülkiyyətindəki alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinın ayrılması qərara alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 30 may 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi Şəmkir rayonu Yeni Göycə bələdiyyəsinin mülkiyyəti olaraq qeydə alınmışdır.

3. Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 03 iyun 2019-cu il tarixli, 06 nömrəli protokolunun çıxarışından görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən DƏDRX-də Yeni Göyçə bələdiyyəsinin mülkiyyəti kimi 30 may 2019-cu il tarixdə **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1200 kv metr torpaq sahəsi həyətyanı məqsəd ilə satılması üçün ilkin satış qiyməti 900 manata Aşağı Çaykənd sakini X2 qərara alınmışdır.

4. AN-İ ******* nömrəli, 10 iyun 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X1.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 14 iyun 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X7 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

6. Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1599/2019 nömrəli qərarı ilə Şəmkir rayon Yeni Göyçə bələdiyyəsinin X8 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)- 10/2022 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 1599/2019 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1219/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.

8. Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsi iclasının 15 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Şəmkir rayon Yeni Göyçə bələdiyyəsinin X8 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, 0,12 ha torpaq sahəsinə dair X7 adına 14 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Şəmkir rayonu, Yeni Göycə bələdiyyəsinin 08 fevral 2019-cu il tarixli, 03 saylı qərarı Gəncə İnziabti-İqtisadi Məhkəməsinin 09 fevral 2019-cu il tarixli 2-1(83)1599/2019 nömrəli qərarı ilə ləğv olunsa da həmin qərarda çıxarışın ləğvi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır, odur ki, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3560/2022 nömrəli qərarından görünür ki, iddiaçı İsgəndərov Əlixan Məhəmməd oğlunun hüquqi varisi İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(104)-3461/2021 nömrəli qətnaməsi qismən “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına yaradılan maneənin aradan qaldırılmaqla mülkdə ölçmə işlərinin aparılmasının təmin edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin hissədə yeni qərar qəbul edilməklə ilk iddianın təmin edilməsi, İsgəndərov Əlixan Məhəmməd oğlunun 02 dekabr 1988-ci il tarixli dəyişmə müqaviləsinə əsasən sahib olduğu Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,18 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək fəaliyyətə X12 tərəfindən yaradılan maneə aradan qaldırılması qərara alınmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 245 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu ildə ölmüş İsgəndərov Əlixan Məhəmməd oğlunun adına vərəsəlik işi açılmışdır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndis inventarlaşdırıcısı tərəfindən verilmiş rəyin surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 08 fevral 2019-cu il tarixli 03 saylı qərarı ilə Ş.Tağıyevaya verilmiş 0,12 ha torpaq sahəsi İddiaçı iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli, 4574 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Tovuz LTİ-nin mütəxəssis rəyinə, Dövlət arxivinin Şəmkir filialının 13 noyabr 2018-ci il tarixdə verilmiş KL-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 iyun 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən X7 xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

14. “Alternativ Ekspertiza” Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 126 nömrəli ekspert rəyində İddiaçı mübahisələndirdiyi və naturada çəpər daxili sahəsi 0,25 ha olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edilən zaman həmin torpaq sahəsinin 0,12 ha hissəsinin iş üzrə üçüncü şəxs X7 mülkiyyətində olan Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 08 fevral 2019-cu il tarixli 03 saylı qərarı ilə verilmiş torpaq sahəsinin sənəd üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Şəmkir rayonu Yeni Günəşli bələdiyyəsinə və X8 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Göycə Bələdiyyəsi ilə Şəmkir rayonunun Aşağı Çaykənd kənd sakini X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə Şəmkir rayonu Aşağı Çaykənd kəndi X7 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı planın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildən başlayaraq erməni millətçiləri tərəfindən Ermənistan Respublikasının ərazisində yaşayan azərbaycanlılar məcburi olaraq doğma yurdlarından qovulmağa başlanmışdır. Onlardan biri də ailəsi ilə birlikdə Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kənd sakini olan İsgəndərov Əlixan Məhəmməd oğlu, yəni mərhum atası olmuşdur. Həmin dövrdə bəzi vətəndaşlar tərəfindən Ermənistan SSR ərazisində yerləşən evləri, Azərbaycan Respublikasında yaşayan erməni millətindən olan vətəndaşlara məxsus evlərlə dəyişdirilmişdir. Bu kimi hallar kütləvi olduğundan dəyişdirmə müqavilələrinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamış, müvafiq İcraiyyə Komitələri və onların yerli qurumları tərəfindən bağlanmış müqavilələr, təsdiq olunmaqla yazılı dəyişdirmə müqavilələri bağlanmışdır. Göstərilənləri nəzərə alaraq Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kənd sakini olan İsgəndərov Əlixan Məhəmməd oğlu və Şamxor (indiki Şəmkir) rayonu Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini X4 tərəfindən imzalanmış, Ermənistan SSR Gölkənd kənd İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş dəyişdirmə müqaviləsi bağlanmış, həmçinin başqa şəxslərlə müqavilə bağlamayacaqlarına zəmanət vermişlər. Müqavilə bağlandığı müddətdə milli münaqişə kəskin xarakter almış, rayon mərkəzlərində yerləşən notariat kontorlarına getmək mümkün olmamış, ona görə də müqavilələr kənd sovetlərində təsdiqlənmişdir. Müqavilə bağlanarkən Çaykənd kənd sovetinin sədri işdən çıxarılmış, yeni sədr olmamış, onun səlahiyyətləri müvəqqəti olaraq Gölkənd kənd sovetinin sədrinə həvalə edildiyindən sadə yazılı formada tərtib olunmuş dəyişdirmə müqaviləsi də Gölkənd kənd soveti tərəfindən təsdiqlənmişdir. Bir sözlə Əlixan İsgəndərov tərəfindən öz əmlakı üç otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə qarşı tərəfə verilmiş və həmin əsasla da faktiki mübahisəli iki otaqlı evə və 0,18 ha torpaq sahəsinə sahib olmuşdur. Mərhum Əlixan İsgəndərov dəyişdirdiyi evə köçdükdən sonra evini təmir etdirmiş, orada yaşayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 2002-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, istifadəsində olan yaşayış evinə baxmağı və nəzarət etməyi qonşusu Ədalət Əsədova tapşırmışdır. Bakı şəhərinə köçdükdən sonra səhhətində olan problemlərlə bağlı olaraq Əlixan İsgəndərov kəndə qayıda bilməmiş, 2018-ci ildə evi və torpaq sahəsini adına sənədləşdirmək məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin evə nəzarət etməyi tapşırdığı Ədalət Əsədov tərəfindən əməkdaşlar evə buraxılmamış, mübahisəli evin heç bir sənədə əsaslanmadan ona məxsus olmasını bildirərək ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Göstərilənlərə əsasən İsgəndərov Əlixan Məhəmməd oğlu tərəfindən 2019-cu ildə “dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsində ölçmə işlərinin aparılmasına X12 tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbi ilə iddia qaldırmış, Ədalət Əsədov tərəfindən də heç bir hüququ əsası olmadığı halda “dəyişmə müqaviləsinin ləğv edilməsinə dair” qarşılıqlı iddia verilmişdir. Məhkəmə baxışı müddətində Əlixan İsgəndərov öldüyündən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-542/2019 saylı qərardadı ilə o, mərhum atası İsgəndərov Əlixan Məhəmməd oğlunun hüquqi varisi kimi tanınmışdır. Maraqlı hal ondan ibarətdir ki, qaldırılmış iddiaya Şəmkir Rayon Məhkəməsində X9 iştirakı ilə baxılaraq xx.xx.1988-ci il tarixdə Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini İsgəndərov Əlixan Məhəmməd oğlu ilə Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini olmuş X4 arasında bağlanmış, “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində onun adına olan, Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndində 0,18 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə İsgəndərov Əlixan Məhəmməd oğlunun adına olmuş Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin dəyişdirilməsi müqaviləsinin” bağlanmış hesab edilməsi və “mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdeh X12 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına” dair xx.xx.2019-cu il tarixdə 2(076)-542/2019 saylı qətnamə qəbul edilsə də, bunu bilə-bilə X12 bələdiyyə sədri X13 ilə əlaqəyə girərək, qətnamə qəbul edildikdən 16 gün sonra, xx.xx.2019-cu il tarixdə onun həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsini başqa kənddə yaşayan Ədalət Əsədovun qudası olan X3 dair AN-İ N ******* saylı müqavilə bağlamışdır. Məhkəmə mübahisəsi getməsinə baxmayaraq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan verilmişdir. Bununla bağlı olaraq tərəfindən Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X8 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli 03 saylı qərarın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 saylı qərarına əsasən Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X8 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Gəncə İnzibat-İqtisadi Məhkəməsinin qərarından cavabdeh Şəmkir rayon Yeni Göycə bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(104)-10- 2022/2022 saylı qərarına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(104)-10-2022/2022 saylı qərarından Şəmkir rayon Yeni Göycə bələdiyyəsi və X11 tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1219/2022 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X8 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli 03 saylı qərarın ləğv edildiyindən bu barədə olan xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və həmin alqı-satqı müqaviləsinə əsasən X7 adına DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan da ləğv edilməlidir. Həyətyanı torpaq sahəsinin üzərində yerləşən onlara məxsus fərdi yaşayış evi və tikililər olmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

17. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayonu Yeni Günəşli bələdiyyəsi və X7 cavabdehlər siyahısından çıxarılmasını, Şəmkir rayon 1 saylı notariat ofisinin maraqlı tərəf siyahısından çıxarılmasını, X7 üçüncü şəxs kimi qeyd edilməsini, həmçinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

18. Cavadeh inzibati orqan tərəfindən iddia tələbinə dair 14 dekabr 2022-ci il tarixli, **********70 nömrəli etiraz ərizəsi ünvanlayaraq bildirilmişdir ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsinə dair X7 adına verilmiş çıxarışın ləğv olunması səlahiyyətləri xaricində olduğundan mümkün olmamışdır.

19. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-493/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qeydin aparılmasının əsasını Şəmkir rayon Yeni Göyçə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı təşkil etmişdir. Hazırda isə bələdiyyənin həmin qərarı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarı ilə ləğv edilmiş, sözügedən məhkəmə qərarı isə qanuni qüvvəsini almışdır. Odur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarı ilə ləğv edilmiş bələdiyyə qərarı əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-493/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları X7 faktiki istifadəsində olan 0,12 ha hissəsi ilə eynilik təşkil edir. Dövlət arxivinin Şəmkir filialı tərəfindən 13 noyabr 2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,18 ha həyətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün onun naturada yerini, habelə, Şəfiqə Tağıyevanın xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli, 4574 saylı rəyindən görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,18 ha həyətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün onun naturada yerini, habelə, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə iddiaçı tərəfin etiraz ərizəsində qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı “X6” MMC-nin 29 iyul 2021-ci il tarixli, 126 saylı mütəxəssis rəyindən və DƏDRX-nin 11 saylı Ərazi idarəsinin 02 fevral 2022-ci il tarixli rəyindən üçüncü şəxsə verilmiş torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İcra nümayəndəliyinin 18 iyun 2020-ci il tarixli 88 nömrəli arayışından X7 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsində olan fərdi yaşayış evinin mərhum İsgəndərov Əlixan Məhəmməd oğlunun yaşadığı tikili olması müəyyən olunur. İddiaçının arvadı Mehparə İsgəndərova həmin ünvanda pasport qeydiyyatındadır. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İllərdir bələdiyyə tərəfindən ona məxsus torpaq sahəsində inşa olunmuş evdə yaşayır. Odur ki, şikayətin təmin olunmasını xahiş edir.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş, təmin olunmamasını xahiş etmişdir.

28. Cavabdeh inzibati orqana hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...

31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

33. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

34. Hazırki işin faktiki hallarına əsasən iddiaçı üçüncü şəxsin xeyrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 14 iyun 2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş, iddianın əsası kimi hüquqların dövlət qeydiyyatının aparılmasına əsas olmuş bələdiyyə qərarının Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1599/2019 nömrəli qərarı ilə ləğv olunmasını qeyd etmişdir.

35. İş materiallarında olan Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarından görünür ki, Şəmkir rayon Yeni Göyçə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarı, apellyasiya instansiya məhkəməsinin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1219/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

36. Bundan sonra, Yeni Göyçə bələdiyyəsi iclasının 15 nömrəli xx.xx.2022-ci il tarixli protokol-qərarına əsasən xx.xx.2019-cu il tarixli, 03 saylı qərar ləğv edilmişdir.

37. Birinci instansiya məhkəməsi iddia tələbi ilə razılaşaraq bələdiyyə qərarının artıq mövcud olmaması səbəbindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X7 xeyrinə olan qeydiyyatın və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini qərara almışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırda mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 03 iyun 2019-cu il tarixli, 06 nömrəli protokol-qərarıdır. Məhkəmənin qanuni qüvvəsini almış aktları ilə yalnız Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 08 fevral 2019cu il tarixli, 03 saylı protokol-qərarı ləğv edilmişdir.

39. Hansı ki həmin qərarla «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 16 və 17-ci bəndinə əsasən bələdiyyə mülkiyyətindəki alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinın ayrılması qərara alınmışdır.

40. Müvafiq rəylər alındıqdan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 30 may 2019-cu il tarixli çıxarışa əsasən Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi Şəmkir rayonu Yeni Göycə bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 224 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış, Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 03 iyun 2019-cu il tarixli, 06 nömrəli protokol-qərarına əsasən Yeni Göyçə bələdiyyəsinin mülkiyyəti kimi 30 may 2019-cu il tarixdə **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1200 kv metr torpaq sahəsi Aşağı Çaykənd sakini X1.

41. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə ləğv edilən xx.xx.2019-cu il tarixli qərarla torpaq sahəsinin ayrılması və bir sıra prosedur hərəkətlərin aparılması qərara alınmış, 03 iyun 2019-cu il tarixli, 06 nömrəli protokol-qərarı ilə torpaq sahəsi üçüncü şəxsə satılmışdır.

42. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.10. maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.

43. 64.1. maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

44. 64.2. maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

45. 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

46. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

47. 67.4. maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir rayonu Yeni Göyçə bələdiyyəsinin 0,12 ha torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair 03 iyun 2019-cu il tarixli, 06 nömrəli qərarı əlverişli inzibati aktdır və həmin aktın ləğvinə və ya etibarsızlığına dair hər hansı bir qərar qəbul edilməmişdir.

49. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

50. Beləliklə inzibati icraat zamanı bələdiyyə tərəfindən iki ayrı müstəqil inzibati akt qəbul edilmiş, iddiaçının tələbinin əsası kimi qeyd etdiyi Şəmkir rayon Yeni Göyçə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı üçüncü şəxsin xeyrinə müvafiq çıxarışın verilməsinə əsas olmamış və həmin qərarla torpaq sahəsi üçüncü şəxsə satılmamışdır.

51. Odur ki, hüquqların qeydə alınmasına əsas olan inzibati akt hazırda qüvvədə olduğundan iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

52. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1. maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

53. Həmin qərarın 5.2. maddəsinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

54. Həmin qərarın 5.3. maddəsinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.

55. Həmin qərarın 5.4. maddəsinə əsasən bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər.

56. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-493/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Afiq Hüseynzadə, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar