Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-473/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-365/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının Psixiatriya bölməsinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5775 saylı xəstəlik tarixindən çıxarışda diaqnoz “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər” kimi qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 462 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Çənəaltı nahiyyənin yumşaq toxumalarının güllə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Xroniki vazomator rinit" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 3730 nömrəli travma haqqında arayışında göstərilmişdir ki, MAHHXHQ Əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində “zərbə dalğası, sağ dirsəyin yumşaq toxumalarının əzilməsi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 174 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində yaranmış) dissosativ pozuntu F06.5, funksional tutmalarla. Uzun gedişli posttravmatik stress pozuntusu F43.1” kimi müəyyənləşdirilmişdir.
5. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 818 nömrəli göndərişində diaqnoz “Üzvi mənşəli dissosativ pozuntu F06.4” kimi müəyyənləşdirilmişdir.
6. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin 0217003AAM3E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
7. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
8. İddiaçı əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00067638PHE nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.5 – Üzvi dissosativ pozuntu, Üzvi dissosativ pozuntu; Ağırlaşma - F43.1 – Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu.
9. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
10. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1667/2023 nömrəli qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Hərbi əməliyyatlar nəticəsində partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, çənəaltı nahiyyənin yumşaq toxumalarının güllə yaralanmasından sonrakı bərkidilmiş dəri çapıqları” diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində çoxsaylı qəlpə yaraları almışdır. Hal-hazırda həmin yaralara görə müalicə olunur. Yaralara görə səhhətində ciddi formada çətinliklər yaranıb. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Exspert Komissiyasına müraciət etmişdir. Ancaq müraciətlərinə hər dəfəsində imtina cavabları gəlir. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Exspert Komissiyasının sonuncu xx.xx.2023-cü il tarixli qərarı ilə əlillik dərəcəsi təyin olunması üçün müraciətindən imtina edilib. Həmin ərizəyə əlavə edilmiş imtina qərarında göstərildiyi kimi, bu barədə qərarın çap surətini xx.xx.2023-cü il tarixdə almışdır. Həmin ərizəyə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasına etdiyi müraciətinə imtina verilib. İmtinaya səbəb kimi “diaqnoz əlillik əlamətləri təyin etməməsi” göstərilmişdir. Həmin ərizəyə əlavə edilmiş xəstəlik haqqında şəhadətnamədən görünür ki, aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Həmin ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin qərarından görünür ki, ikinci Qarabağ müharibəsi zamanı alınmış “qapalı kəllə-beyin travması nəticəsində dissosiativ pozuntu, uzungedişli posttrsvmatik stress pozuntusu F43.1” diaqnozu göstərilmişdir. Yuxarıda qeyd edilənlər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli ona əlillik dərəcəsinin verilməsinə dair imtinasını tamamilə əsassız hesab edir.
13. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
14. Cavabdeh inzibati orqanın etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Xocavənd rayon sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0217003AAM3E nömrəli göndərişi ilkin olaraq DTSERA əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (ESDAS **********7). Həmin qərardan narazı qalan İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş R00007325İEL nömrəli yeni göndəriş, xx.xx.2022-ci il tarixdə DTSERA əyani müayinəsi əsasında qiymətləndirilmiş və yenidən Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (ESDAS **********1). Hazırda vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün növbəti dəfə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın şikayəti əsasında xx.xx.2023-cü il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 462 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı vepetativ damar davamsızlığı. Cənəaltı nahiyyənin yumşaq toxumalarının güllə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimis dəri çapıqları’’ diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı- alınmışdır” kimi və “Xroniki vazomator rinif' diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, xəstənin xx.xx.2022-ci il tarixli obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ətraflarının, bədənin əsməsindən, konfliktə meyilli olmasından şikayətlənmiş, özünə xəsarət yetirmək istəməsini bildirmişdir. Psixi vəziyyəti “Üzvi labil pozuntu” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, qeyd olunmamışdır. Xəstənin xx.xx.2022ci il tarixli obyektiv vəziyyətinin müayinəsi zamanı yuxu və yaddaşın pozulmasından, əsəbilikdən, baş ağrısından, fikrini çatdıra bilməməkdən, tez qıcıqlanmaqdan şikayətlənmiş, klinik olaraq Posttravmatik stress və emosional-vegetativ labillik əlamətləri izlənmişdir. Həmin tarixdə psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmiş, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı vətəndaş komissiyaya daxil olduğu andan özünü aqressiv, demonstrativ aparmış, qışqıraraq danışmış, ona müraciət edən həkimləri təhqir etməyə başlamışdır. Müayinənin gedişatını pozmuş, dəfələrlə müraciət olunmasına baxmayaraq, hər hansı bir xəstəliyə aid konkret şikayətlər bildirməmiş, sadəcə uzun çəkən “bədən keyimələrini” ifadə etmişdir. Nevroloji statusda patoloji əlamətlər izlənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022- ci il tarixli 6249 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (kəllə beyin travması nəticəsində yaranmış) dissosativ pozuntu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 12.01,2023-cü il tarixli 6249 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (kəllə beyin travması nəticəsində yaranmış) dissosativ pozuntu, funksional tutmalarla. Üzun gedişli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş, MN Baş Klinik Hospitalının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 285 saylı xəstəlik tarixindən çıxarışda qeyd olunmuş Kranial MRT müayinəsinin nəticəsi “Sfenoid sinusun sağ yarısında 5-6 mm ölçüdə retension kista mövcuddur” kimi qeyd olunmuş, baş travmasına dair intrakranial patologiya aşkarlanmamışdır. Xəstə müayinə əsnasında həkimə qarşı fiziki aqressiya göstərmək istədiyindən mühafizəçilər tərəfindən əyani baxışdan uzaqlaşdırılmışdır. Hazırkı psixi vəziyyəti həkim mütəxəssis tərəfindən (Xankişiyevə Məhluqə) "Şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin aksentləşməsi kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-365/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı “Yanaq və gicgah-çənə nahiyyəsinin açıq yarası” diaqnozu ilə Mingəçevir Mərkəzi rayon Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Üzvi dissosativ pozuntu” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Poliklinikasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, “Üzvi dissosativ pozuntu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə Gəncə şəhər Psixiatrik Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicələrdə olmuşdur. 36. Həmin diaqnozlardan Əsas diaqnoz – F06.5 – Üzvi dissosativ pozuntu və Ağırlaşma - F43.1 – Posttravmatik stress pozuntusu iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs nzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək qüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) tərəflərin izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.5.1. Posttravmatik stres pozuntusu-F43.1 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60; 2 il. 7.6.2. Üzvi dissosiativ pozuntu-F06.5 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60; 2 il.
24. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
29. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 462 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Çənəaltı nahiyyənin yumşaq toxumalarının güllə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Xroniki vazomator rinit" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
30. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin 0217003AAM3E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
31. İddiaçı əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00067638PHE nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.5 – Üzvi dissosativ pozuntu, Üzvi dissosativ pozuntu; Ağırlaşma - F43.1 – Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
32. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1667/2023 nömrəli qərar qəbul edilmişdir.
33. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının diaqnozunun əlilliyin təyini üçün əsas olmaması qeyd edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
35. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı “Yanaq və gicgah-çənə nahiyyəsinin açıq yarası” diaqnozu ilə Mingəçevir Mərkəzi rayon Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Üzvi dissosativ pozuntu” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Poliklinikasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, “Üzvi dissosativ pozuntu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə Gəncə şəhər Psixiatrik Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicələrdə olmuşdur. Əsas diaqnoz – F06.5 – Üzvi dissosativ pozuntu və Ağırlaşma - F43.1 – Posttravmatik stress pozuntusu iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2. Üzvi dissosiativ pozuntu- F06.5 kod ilə qeyd edilmiş, qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 faiz, 2 il əks olunmuşdur.
37. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
38. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri əlilliyin qiymətləndirilməsinin inzibati orqanın diskresion səlahiyyətinə aid olması və məhkəmə qərarının buna müdaxiləsi olmasıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
40. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
41. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
42. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-365/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov