Məhkəmə qərarları › İş №2-1(104)-474/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-474/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-474/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-28/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2005-ci il tarixdə «Xroniki plelonefrit hipertonik, tez-tez kəskinləşmələrlə, XBÇ İİ dər. Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» ilə 1 il müddətinə, xx.xx.2013cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsiçapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Astenonefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddəti bitdikdən sonra, xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Boyunun ön sağ-yan səthinin yumşaq toxumasının güllə yaralanmasından sonrakı dartılmaya meylli kobud kelloid çapıq toxuması. Boyun hərəkətinin nisbi çətinləşməsi” diaqnozu ilə və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz, Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik dərəcəsi təyinatından imtina edilməsi barədə 15 yanvar 2022-ci il tarixli qərarın qəbul edildiyi gündən etibarsız hesab edilməklə ləğv edilməsi və cavabdehin üzərinə əyani müayinədən keçirilməklə sağlamlıq vəziyyətinin qiymətləndirilərək ona əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2002ci ildə həqiqi xidmətə çağırılmış və xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Hərbi xidmət dövründə N nömrəli hərbi hissənin əsgəri kimi xx.xx.2003-cü il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində yerləşən hərbi postda xidmətini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə ilə boyun nahiyyəsindən ağır yaralanmışdır. Odur ki, ağır vəziyyətdə N nömrəli hərbi hissənin (səhra hospitalının) əməliyyat şöbəsinə çatdırılmış, orada ona “boyunun yumuşaq toxumalarının dəlib keçən güllə yaralanması” diaqnozu qoyularaq cərrahi əməliyyat olunmuş və xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək orada stasionar şəraitdə müalicə olunmuş, daha sonra isə 15 gün müddətinə xidməti vəzifələrin icrasından tam azad olunmaq şərti ilə öz hərbi hissəsinə yazılmışdır. xx.xx.2003-cü ildə hərbi xidmətdən təxris olunaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra da ambulator müalicələrini davam etdirmiş, lakin aldığı güllə yarasının fəsadları səbəbi ilə səhhətində ağırlaşma olduğu üçün 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının dekabr 2003-cü il tarixli qərarı ilə ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nevrotik sindirom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi.” xx.xx.2016cı il tarixdə keçirilmiş təkrar müayinəmin nəticəsi olaraq 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyası həmin diaqnozunu və 2-ci dərəcəli əlilliyini bir daha təsdiq etmiş, növbəti müayinəmin tarixini xx.xx.2020-ci il tarixə təyin etmişdir. Lakin, xx.xx.2020-ci il tarixə təyin edilmiş növbəti müayinəsi əsassız olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” tabeliyində Dövlət Tibbi Sosial Ekspertizası və X1 Sosial Ekspert Komissiyası tərəfindən 2021-ci il ərzində əvvəlcə əsassız səbəblərlə yubadılmış, daha sonra isə xx.xx.2022-ci il tarixli qərarla ona növbəti müddətdə və ya ömürlük əlillik təyinatından əsassız olaraq imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-28/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə iş üzrə əldə edilmiş ekspert rəylərini müqayisəli şəkildə təhlil edərək bildirmişdir ki, ekspert, ekspertiza rəyində iddiaçının onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsini qeyd etsə də, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə qeyd edir ki, ekspert də öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etməyərək ona tənqidi yanaşmış və hesab etmişdir ki, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyihəmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, məhkəmə işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə ekspert rəyinin nəticə hissəsinin, vəni "iddiaçının xəstəliyin səmərəliliyi qənaətbəxşdir" anlayışının dəqiqləşdirilərək məhkəməyə şəxsin həmin xəstəlikdən əziyyət çəkib çəkmədiyi, sağalıb-sağalmadığının bildirilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4876 nömrəli məktubda T67/2023 saylı rəyin nəticəsinə istinad olunaraq, iddiaçının aparılmış nəticəsində vəziyyətinin stabilləşdiyi, xəstəliyin proqnozunun xoş olduğu və bu halın onun praktik sağlam olması qənaətinə gəlməyə əsas verdiyi qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PAB" PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli rəydə iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi qeyd olunsa da, xx.xx.2023cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyində əvvəlki rəy təkzib olunmuş və xx.xx.2022ci il tarixli, 0232003AAWS8M nömrəli göndərişində qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyinin qənaətbəxş olması qeyd olunmuşdur. Belə ki, ekspert, ekspertiza rəyində iddiaçının onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsini qeyd etsə də, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə qeyd etmək istəyir ki, ekspert də öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Cavab olaraq bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Bildirilir ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşılmır və eyni zamanda məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik tayinatına əsas verib vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, həmçinin iş üzrə məhkəmə tibbi ekspertizasında göstərilənlərə zidd olaraq qərar qəbul etmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/15060 nömrəli arayışında diaqnoz "Odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici spondilyoz. Boyunun sağ nahiyyəsinin geniş həcmli kelloid çapığı. Boyun nahiyyəsinin hərəkət məhdudluğu. Hissiyyatın pozulması. Daimi kökcük ağrı sindromu" kimi müəyyənləşdirilsə də, təqdim edilən rentgenoqrammalarda patoloji dəyişiklik aşkar edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv və instrumenal müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, əlliyin təyin (bərpa) edilməsi müddətini göstərməməklə səhvə yol verilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2005-ci il tarixdə «Xroniki plelonefrit hipertonik, tez-tez kəskinləşmələrlə, XBÇ İİ dər. Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» ilə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsiçapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Astenonefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddəti bitdikdən sonra, xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Boyunun ön sağ-yan səthinin yumşaq toxumasının güllə yaralanmasından sonrakı dartılmaya meylli kobud kelloid çapıq toxuması. Boyun hərəkətinin nisbi çətinləşməsi” diaqnozu ilə və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz, Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Kollegiya qeyd edir ki, iddiaçıya “Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı” diaqnozu ilə uzun illər müvafiq əllik dərəcəsinin təyinatı aparılmış olsa da, xx.xx.2022-ci il tarixdə sonuncu göndəriş zamanı qeyd olunan “Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz, Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozuna baxmayaraq cavabdeh tərəfindən Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək iddiaçıya əlillik dərəcəsi təyinatının aparılmasında imtina edilmişdir. Göründüyü kimi eyni diaqnozla iddiaçıya uzun illər boyunca müvafiq əlillik dərəcəsinin təyin edilməsinə baxmayaraq sonuncu göndəriş zamanı cavabdeh inzibati orqan “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası ilə razılaşmayan kollegiya yuxarıda qeyd olunan xəstəliklərdən iddiaçının əziyyət çəkməsinin iş materialları ilə tam sübuta yetirildiyini bildirir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş E.Ə.Mehdiyevin əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komis- siyası tərəfindən qiymətləndirilməsi üçün adına Bərdə rayon mərkəzi xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0232003AAW8M nömrəli göndərişdə qeyd edilən "Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici spondilyoz, boyunun sağ nahiyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı. Ağırlaşma: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici spondilyoz, boyunun sağ nahiyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı. G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, boyun nahiyəsinin hərəkət məhdudluğu, hissiyyatın pozulması Yanaşı xəstəliklər: Nevrasteniya" diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən ekspert rəyindədə iddiaçıya qoyulmuş diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında da müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan iddiaçıya əvvəllər əlillik dərəcəsi təyin edildiyindən hazırda cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-28/2024 saylı qərarı qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-28/2024 saylı qərarı qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar