Məhkəmə qərarları › İş №2-1(104)-474/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-474/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-474/2025 23.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Topalhəsənli bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-614/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli arxiv arayışına əsasən Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, olan yaşayış evi qeydə alınmışdır ( Əsas: Fond № 186, siy.№ 2, iş № 4, səh. 148,149.). Göygöl Rayonu İcra Hakimiyyəti başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı Göygöl rayonu Tülallar kəndində anadan olmuşdur və hal-hazırda Tülallar kəndində ona məxsus evdə yaşayır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli, 3-21-3-33/2-2087/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, aparılan araşdırma zamanı, elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, Yeni uçot xəritə materiallarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. O, 8 mart kolxozunda işlədiyinə görə ona 0,12 ha torpaq sahəsi verilmişdir. 50 ildən çoxdur həmin torpaq sahəsini o istifadə edir və həmin torpaq sahəsi üzərində 24 kv.m olan ev tikilib və həmin evdə yaşamışdır. Arxiv arayışından da görünür ki, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 №li təsərrüfatbaşına kitabın 62 №li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evi qeydə alınmışdır. O, cavabdeh orqana mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evin onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-614/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, olan yaşayış evinin İddiaçı adına qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının adına qeydə alınması və onun həmin evdə yaşaması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Göründüyü kimi, yuxarıda istinad olunan normalara əsasən mübahisə predmeti olan ümumi sahəsi 24 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə bağlı aparılan araşdırma zamanı elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, Yeni uçot xəritə materiallarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, qeydə alınmalı olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq **********16 reyestr nömrəli (hazırki reyestr nömrəsi **********20) çıxarış verilmişdir. Ərazi İdarəsinin qeyd etdiyi bu imtina dəlili məhkəmənin qərardadı əsasında təyin edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Mütəxəssis rəyinin birinci bəndinə əsasən, İddiaçı naturada təqdim etdiyi fərdi yaşayış evinin altında yerləşən 35.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindən 17.0 metr kənarda İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim etdiyi metal torla hasarlanmış 422.5 kv.m torpaq sahəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli **********20 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən bu hal qiymətləndirilməmiş, yalnız fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması məsələsinə baxılmışdır. Nəticədə fərdi yaşayış evi üzərində hüquqlar qeydə alınarkən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Zurnabad bələdiyyəsinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması üçün ilk öncə Zurnabad bələdiyyəsinin həmin torpaq sahəsi üzərində olan çıxarışı (reyestrdəki qeyd) mübahisələndirilməlidir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli arxiv arayışına əsasən Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, olan yaşayış evi qeydə alınmışdır. Məhkəmənin iddia tələbini təmin etməsinə səbəb Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahının 2.3-cü bəndidir. Əgər həmin sənəd fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması üçün əsas götürülürsə, onda torpaq sahəsi üzərində də hüquqların qeydə alınması üçün əsas hesab oluna bilərdi. Lakin torpaq sahəsi üzərində hüquq qeydə alındığından fərdi yaşayış evi üzərində hüquq qeydə alınmadan öncə həmin çıxarış məhkəmə qaydasında mübahisələndirilməlidir. Qeyd olunan hallardan da məlum olur ki, məhkəmə tərəfindən aparılan araşdırma natamam olmuş və inzibati iş kifayət qədər araşdırılmamışdır. Eləcə də ölkədə aparılan torpaq islahatı zamanı vətəndaşların qanuni istifadələrində olan torpaq sahələri, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri vətəndaşlara verilir və bu barədə mülkiyyət hüququnun yaranmasına əsas olan sənədlər tərtib edilirdi. Əgər islahat zamanı torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının faktiki istifadəsində idisə niyə bu daşınmaz əmlaklar barədə islahat getməmişdir. Həmçinin hansı əsaslarla torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi halı da məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmçinin arxiv arayışında qeyd olunan daşınmaz əmlakın hazırda qərarda qeyd olunan daşınmaz əmlakla eyni olub-olmaması məsələsi də məhkəmə tərəfindən araşdırılmamışdır. İmtinaya səbəb olmuş digər hal faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) ərazisi olmasıdır. Torpaq sahəsi üzərində hüquqlar qeydə alınarkən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı kimi qeyd edilmişdir. Torpaq sahəsi üzərində iddiaçıya məxsus fərdi yaşayış evinin olması torpaq sahəsindən təyinatına uyğun istifadə edilmədiyini bir daha təsdiq edir. Nəticədə qeyd olunan bu hal hüquq normalarının pozulmasına səbəb olur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-614/2025 saylı qərardadı ləğv edilmiş və Göygöl rayon Zurnabad bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Daha sonra Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl rayonu Topalhəsənli bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Elməddin Qarayev apellyasiya şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instasniya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Yelman Bayramov iş üzrə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-). 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; (-).

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi bildirilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, Yeni uçot xəritə materiallarına əsasən isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli arxiv arayışına əsasən Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına 1970-ci ildə tikilmiş ümumi sahəsi 24 kvm, olan yaşayış evi qeydə alınmışdır ( Əsas: Fond № 186, siy.№ 2, iş № 4, səh. 148,149.). Surəti iş materiallarına əlavə edilmiş Göygöl Rayonu İcra Hakimiyyəti başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı Göygöl rayonu Tülallar kəndində anadan olmuşdur və hal-hazırda Tülallar kəndində ona məxsus evdə yaşayır. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin Xanlar rayon Tülallar kənd X2 İcraiyyə Komitəsinin Tülallar kəndi üzrə 1980-1982-ci illərə aid 1 № li təsərrüfatbaşına kitabın 62 № li şəxsi hesab vərəqində İddiaçı adına qeydə alınmaqla 1970-ci ildə inşa edilməsi və iddiaçının həmin evdə qeydiyyatda olmaqla yaşaması öz təsdiqini tapmışdır. Həmçinin iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı naturada təqdim etdiyi fərdi yaşayış evinin altında yerləşən 35.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindən 17.0 metr kənarda İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim etdiyi metal torla hasarlanmış 422.5 kv.m torpaq sahəsinin, xx.xx.2024-cü il qeydiyyat tarixli **********20 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətləri müşahidə olunmamışdır. Elektron baza materiallarına istinadən torpaq sahəsinin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmadı. Bundan başqa məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən təqdim olunmuş mübahisə predmeti olan fərdi yaşayış evinə dair foto və video materiallara məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı təqdim edilən materiallarda əks olunan təsvirlərdən görünür ki, qeyd edilən fərdi yaşayış evi real mövcuddur, konstruksiyası yaşayış üçün yararlı vəziyyətdədir və evin hal-hazırda yaşayış məqsədilə faktiki olaraq istifadə edildiyi müşahidə olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3. bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, mübahisəli yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal da hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, hazırda iddiaçının hüququnun qeydə alınmasının qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Sözügedən Fərmanın 2-ci bəndində təsbit olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, hüququn əmələ gəldiyi anda torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olması həmin məhdudiyyətlərin sırasında nəzərdə tutulmamışdır. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-614/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar