Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-475/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vulqar oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-223/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Müdafiə nazirinin müavini - X4 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 239 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı, N nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxana rəisi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X5 20 iyul 2022-ci il tarixli 0117gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 16 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)-475/2022 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 122/K nömrəli Aktından görünür ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində (sidik nümunəsinin İmmunofermentativ xətli test metodu ilə tədqiqatı) “Drug analizi test cards 5 parametrs” immunoferment testin THC (marixuana) hissəsində bit xətt (pozitiv) müşahidə edilmişdir. İddiaçının xidməti vərəqəsindən görünür ki, sonuncuya xidməti yerini üzürlü səbəblər olmadan özbaşına tərk etdiyinə görə hərbi hissə komandiri tərəfindən “şiddətli töhmət” intizam cəzası verilmişdir. -işə əlavə edilmiş söhbət vərəqindən görünür ki, iddiaçı yenidən məhkəmə-tibbi ekspertizadan keçirilməsini xahiş etmişdir. İddiaçının xidməti xasiyyətnaməsində qeyd edilmişdir ki, hərbi hissədə xidmət etdiyi müddətdə özünü intizamlı və işgüzar qulluqçu kimi göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Peşəkar bilik və hazırlıq səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Rəhbərlik və tərbiyə etmə bacarığına malik deyil. İcraçılıq qabiliyyətinin səviyyəsi demək olar ki yoxdur. Xidmətə başladığı gündən işində ardıcıllıq prinsipinə əməl edə bilmir. Bir gizir kimi iş metodikasının zəifliyi və naliyyət baxımından aşağı göstəriciləri onun tutduğu vəzifəyə uyğun olmadığını göstərir. İşinə tənqidi və yaradıcılıqla yanaşmır. Vəzifə borcunun məsuliyyətini dərk etsə də, vicdanla yerinə yetirmir. Tabe olma bacarığı çox aşağı səviyyədədir. Hər zaman çalışır ki, xidmətdə nöqsanlar və problemlər yaransın. Verilən tapşırıqları nəzarət olunmadan yerinə yetirmir. Müstəqil xidmətini qura bilmir. Verilən tapşırıqların icrası zamanı müxtəlif bəhanələr gətirərək tapşırıqları icra etməkdən yayınmağa çalışır. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək xidmət zamanı narkotik maddə qəbul etmişdir. Göstərilən qüsur və nöqsanlara düzgün münasibət bəsləmir və onları vaxtında aradan qaldırmağa çalışmır. Mənəviyyatca zəifdir. xx.xx.2022-ci il tarixli 1507 nömrəli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işə məhkəmədə baxılarkən, yekun məhkəmə aktı olmadan onun N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrlərinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağının səbəblərinin araşdırılmasını və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrlərinin əsassız olması ilə əlaqədar ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdən Azərbaycan Ordusunda gizir kimi hərbi xidmətə başlamış və xx.xx.2018-ci ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Hərbi hissənin yeməkxana rəisi vəzifəsində xidmətdə olan zaman, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “е” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin ona yalnız əmrin imzasız və möhürsüz çıxarışı verilmişdir. Xidmət yerində olarkən yuxarı komandanlığın göstərişinə əsasən, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə narkotik vasitədən istifadə edib-etməməyinin müəyyən olunması məqsədi ilə sidik və qanından nümunələr götürülmüşdür. Həmin vaxtdan uzun müddət keçdikdən sonra, yəni 2022-ci ilin may-iyun aylarında ekspert tərəfindən ondan götürülmüş nümunələrdə narkotik vasitə olan “Marixuana” aşkar edildiyi bildirilmişdir. Bununla bağlı araşdırma başlanılmış, araşdırmanın gedişi zamanı Müdafiə Nazirliyinin 6-cı təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən izahatı alınmış, izahatında bunun yalan olduğunu və narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan sonra Şəmkir hərbi prokurorluğunda narkotik vasitə qəbul etməyilə əlaqədar xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xətalara dair işlər üzrə icraat başlanılaraq baxılması üçün Gəncə hərbi məhkəməsinə göndərilmişdir. Barəsində olan inzibati iş hazırda məhkəmədə olduğu halda və yekun məhkəmə aktı qəbul olunmadığı halda, hətta Şəmkir hərbi prokurorluğunda barəsində hər hansı bir qərar qəbul olunmadığı halda, bununla belə xidmət müddətinin başa çatmasına az bir müddət (xx.xx.2022) qaldığı halda, N nömrəli hərbi hissə komandiri tərəfindən tərxis olunmağı barədə xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əsassız əmr verilmiş, həmin əmrə uyğun olaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrinə əsasən o “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Həmin əmrlərlə razı deyil. Belə ki, onların bu əməlləri özbaşınalıqdan başqa bir şey deyil. Bərpa olunsa belə, xidmətini davam etdirmək niyətində deyil. Belə ki, xidmət müddəti xx.xx.2022-ci ildə başa çatacaqdır. Bundan əlavə iddiaçı göstərilən əmrlər Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli ilə qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında” Əsasnamənin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, ilk növbədə onun xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmağı üçün bilavasitə tabeçiliyində olduğu X7 Bölüyünün komandirinin raportuna əsasən, hərbi hissə komandirinə həmin raportu üzərində xüsusi qeyd aparmaqla göstərişi əsasında şərəf məhkəməsində müzakirə olunmalı və protokol tərtib olunmalı idi. Şərəf məhkəməsi gizirlərin iştirakı ilə tək tərkibli heyətdə keçirilərək sonda barəsində qərar qəbul olunaraq, Silahlı Qüvvələrdən xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmağına dair vəsatət verilməli, şərəf məhkəməsinin həmin qərarına uyğun olaraq yuxarı komandanlığa bununla bağlı təqdimat verilməli idi. Lakin nədənsə, bütün bu hallara riayət edilməmiş, Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli ilə qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələbləri kobud şəkildə pozulmaqla barəsində əmrlər qəbul edilmişdir. Həmçinin ona intizam cəzası verildiyi halda eyni əmələ görə şərəf məhkəməsinə çıxarılmağı yolverilməzdir. Bunlar da onu deməyə əsas verir ki, intizam məsuliyyətinə cəlb edilmişdirsə, onun həmin əmələ görə yenidən barəsində ehtiyata buraxılmağı ilə bağlı qərar qəbul oluna bilməz. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının rəisi vəzifəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumata əsasən N nömrəli hərbi hissəyə telefonoqram daxil olmuş, daxil olan telefonoqrama əsasən gizir İddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hospitalda təyin olunmuş nümayəndələrə təqdim edilmiş, N nömrəli hərbi hospitalda nümayəndələr tərəfindən iddiaçıdan “qan və sidik” nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli 7/221 nömrəli təliqəsinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2014-cü ildən olan Məhkəmə-tibbi eksperti kimyaçı Şəhla İbrahimova tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində iddiaçının sidik nümunəsində (sidik nümunəsinin İmmunofermentativ xətli test metodu ilə tədqiqat) “Drug analizi test cards 5 parametrs” İmmunoferment testin THC (marixuana) hissəsində bit xətt (pozitiv) müşahidə edilmişdir. İddiaçının müayinəsinin nəticələri barədə MN MTE və PAMdə tərtib edilmiş 122/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin maddi-texniki təminat bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Elmar Şərifov xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Раtoloji Anatomiya Mərkəzinin 122/k nömrəli maddi sübutların tədqiqatı Aktına əsasən narkotik vasitədən (marixuana) istifadə etdiyinə görə maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının rəisi vəzifəsində xidmət edən gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılması barədə raportla N nömrəli hərbi hissə komandiri qarşısında vəsatət qaldırmış, N nömrəli hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilərək xx.xx.2022-ci il tarixdə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə təqdimat vermiş, N nömrəli hərbi hissə komandirinin təqdimatı əsasında iddiaçının Müdafiə nazirinin müavini - X4 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Bundan əlavə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçının orqanizmində narkotik maddənin olması ekspert rəyi ilə təsdiq edildiyindən şərəf məhkəməsi keçirilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-223/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğvi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)-475/2022 nömrəli qərarından da görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində isə şəxsin müddətə görə inzibati məsuliyyətdən azad olunması qeyd olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli 1507 nömrəli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ilə də iddiaçının narkotik vasitə istifadə etmə faktı öz təsdiqini tapmışdır. Qeyd olunanlardan da görünür ki, iddiaçı ehtiyata buraxılması üçün əsas olmuş əməllə bağlı nə cinayət, nə də ki, intizam məsuliyyətinə cəlb olunmamış, intizam məsuliyyətinə cəlb olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-223/2023 saylı qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinə gizir kimi hərbi xidmətə başlamışdır və xx.xx.2018-ci ildən MN-nin N nömərli hərbi hisssəsində xidmətinə davam etmişdir. Hərbi hissənin yeməkxana rəisi vəzifəsində xidmətdə olan zaman, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nörməli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrinə əsasən "Hərbi Xidməkeçmə haqqında "Əsasnamənin 156-ci maddəsinin "e" bəndinə əsasən (xidmətə uyğunsuzluq) ehtiyyata buraxılmışdır. Lakin, ona yalnız əmrin imzasız və möhürsüz çıxaırşı verilmişdir. Eyni zamanda bildirir ki, xidmət yerimdə olarkən yuxarı komandanlığın göstərişinə əsasən xx.xx.2022-ci il tarixdə göndərilməklə N nörməli hərbi hissədə narkotik vasitədən istifadə edib etməməyinin müəyyən olunması məqsədilə sidik və qanımdan nümunələr götürülmüşdür. Həmin vaxtdan uzun müddət keçdikdən sonra yəni, 2022-ci ilin may-iyun aylarında ona bildirildi ki, ekspert tərəfindən ondan götürülmüş nümunələrdə narkotik vasitə "marixuana" aşkar edilmişdir. Lakin, o bununla razılaşmamışdır. Əlavə ekspert tədqiqatını tələb etsə də, ona hər hansı şərait yaradılmadı və bu istiqamətdə obyektiv araşdırma olmadı. Bundan sonra, bununla bağlı MN-nin 6-cı Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən araşdırmaya başlandı bununla bağlı izahatı alındı, izahatında bunun həqiqətə uyğun olmadığını və narkotik vasitədən heç vaxt istifadə etmədiyini izahatında bildirmişdir. Bundan sonra həmin məsələ ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparıldı və CPM-nin 39.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verildi. Daha sonra bununla bağlı işə baxılması inzibati icraat qaydasında aparılması üçün iş Gəncə Şəmkir Hərbi Mahkəməsinə göndərildi və inzibati icraata da xitam verildi. Nəticə etibarilə, narkotik yasitədən istifadə edilmə faktı və bununla bağlı təqsirini müəyyən edən hər hansı qərar qəbul edilməmişdir. Yalnız bir ekspert rəyinə əsaslanaraq, həqiqətin müəyyən edilməsi üçün cavabdehlər tərəfindən heç bir əlavə tibbi müayinə keçirilmədən barəsində xidmətə uyğunsuzluq ilə bağlı ehtiyyata buraxılmağına dair müvafiq əmrlər verilmişdir. Ona görə həmin əmirləri qanunsuz və əsassız hesab edir. İş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun: - - 24.4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının: - - 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin:- - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. - 2-ci bəndinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalıdır. - 4-cü bəndinə əsasən hərbi qulluqçu Vətən qarşısındakı öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu axıra qədər yerinə yetirməyə borcludur. - 7-ci bəndinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; inzibati xətalara görə - Azərbaycan Respublikası Silahlı X1 bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilərlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: - - 2.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. - 3.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, bütün qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. - 3.2-ci yarımbəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. - 7.1-ci yarımbəndinə əsasən hərbi qulluqçu günün nizam qaydalarına və xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlibgetməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, komandanlığın icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Xidmət zamanı vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - 8.1-ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. - 10.1-ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- - 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. - 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. - 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 sidik və qan analizi vermiş və onun analiz nümunələrində narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində 6-cı Təhqiqat bölməsində araşdırma aparılmış və Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Sonuncunun əməlində cinayət tərkibi olmadığından barəsində toplanılmış material inzibati məsuliyyətə cəlb olunması üçün Şəmkir hərbi prokurorluğu tərəfindən Gəncə Hərbi Məhkəməsinə göndərilmiş, lakin iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Bu səbəbdən iddiaçı Müdafiə nazirinin müavini - X4 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 239 nömrəli əmrinə əsasən isə 16 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. İddiaçı sözügedən əmrlərin qanunsuz və əsassız olduğundan ləğv edilməsini tələb edir. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, xidmət yerində olarkən yuxarı komandanlığın göstərişinə əsasən xx.xx.2022-ci il tarixdə göndərilməklə N nörməli hərbi hissədə narkotik vasitədən istifadə edib-etməməyinin müəyyən olunması məqsədilə sidik və qanımdan nümunələr götürülmüşdür. Həmin vaxtdan uzun müddət keçdikdən sonra yəni, 2022-ci ilin may-iyun aylarında ona bildirildi ki, ekspert tərəfindən ondan götürülmüş nümunələrdə narkotik vasitə "marixuana" aşkar edilmişdir. Lakin, o bununla razılaşmamışdır. Əlavə ekspert tədqiqatını tələb etsə də, ona hər hansı şərait yaradılmadı və bu istiqamətdə obyektiv araşdırma olmamışdır. Bundan sonra, bununla bağlı MN-nin 6cı Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən araşdırmaya başlanmış, bununla bağlı izahatı alınmış, izahatında bunun həqiqətə uyğun olmadığını və narkotik vasitədən heç vaxt istifadə etmədiyini izahatında bildirmişdir. Bundan sonra həmin məsələ ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılmış və CPM-nin 39.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Daha sonra bununla bağlı işə baxılması inzibati icraat qaydasında aparılması üçün iş Gəncə Şəmkir Hərbi Mahkəməsinə göndərilmiş və inzibati icraata da xitam verilmişdir. Nəticə etibarilə, narkotik yasitədən istifadə edilmə faktı və bununla bağlı təqsirini müəyyən edən hər hansı qərar qəbul edilməmişdir. Yalnız bir ekspert rəyinə əsaslanaraq, həqiqətin müəyyən edilməsi üçün cavabdehlər tərəfindən heç bir əlavə tibbi müayinə keçirilmədən barəsində xidmətə uyğunsuzluq ilə bağlı ehtiyyata buraxılmağına dair müvafiq əmrlər verilmişdir. Kollegiya hesab edir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)- 475/2022 nömrəli qərarından da görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində isə şəxsin müddətə görə inzibati məsuliyyətdən azad olunması qeyd olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli 1507 nömrəli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ilə də iddiaçının narkotik vasitə istifadə etmə faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-223/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-475/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-475/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver