Məhkəmə qərarları › İş №2-1(104)-475/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-475/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-475/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-427/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1027 nömrəli qərarında qeyd edilmişdir ki, Tərtər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ilə kimi Şirvan Mərkəzi Şəhər Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası” kimi müəyyən olunmuş, səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

2. xx.xx.2023-cü il tarixli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirməsinin nəticəsində İddiaçı “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli pozğunluğu, intihar cəhdləri ilə” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir.

3. Tibbi Sosial Ekspert Komissiyasının müayinə sənədlərindən görünür ki, İddiaçı «Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə asma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu, Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi» diaqnozları ilə əlillik təyinatından imtina edilmişdir.

4. xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticə hissəsində qeyd edilmişdir ki, F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, İlkin inkişafı normal olub. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə "Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası” diaqnozu ilə xx.xx.1993-xx.xx.1993 tarixində Şirvan ŞMX (Əlibayramlı) stasionar müalicə olunmuşdur. xx.xx.2018-ci il tarixində MN MHP-nın 963 saylı protokoluna əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. xx.xx.2020-xx.xx.2020 tarixində Şirvan ŞMX terapiya şöbəsində stasionar müalicə alıb. xx.xx.2019 tarixində Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub. 1994-2020 illər əriznda daim ambulator müalicələr qəbul edib. İİ Qarabağ müharibəsində yenidən ağır stress və sarsıntı keçirmişdir. xx.xx.2022 və xx.xx.2022 tarixlərində Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub. xx.xx.2022 tarixində M.A.Topçubaşov adına X3 müayinə olunub. Xəstənin psixi vəziyyətində ciddi dəyişikliklər olduğu üçün xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022ci il tarixində 1 saylı Respublika Psixiatriya Xəstəxanasına stasionara yerləşdirilərək müalicə alıb. xx.xx.2022 tarixində professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq təbbi rəy verilmişdir. xx.xx.2022-ci il tarixində HPK tərəfindən müayinə olunaraq diaqnozu təsdiq edilmişdir.

5. Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V00062390FİX nömrəli göndəriş əsasında İddiaçı təyin edilmiş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” olmuşdur.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1688/2023 nömrəli qərarında qeyd edilmişdir ki, xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli pozğunluğu , intihar cəhdləri ilə” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı sağ yanaqda, təpədə, sol əlin İV barmağında, sol ayağın İ barmağında çapıqlar izlənmişdir, sağ alt çənə oynağında çıxıqlar olmasından şikayətlənsə də, hərəkətlər tam həcmdə olmuşdur. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji, psixi defisit aşkar edilməmiş, dayaq hərəkəti funksiyası pozulmamışdır. Azərbaycan Respublikası TƏBİB Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışın nəticəsi “Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət. l barmağın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə, açma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda baldır venalarının PTS. Hər iki BDV-ın l-li varikozu. Aşağı ətrafların İll dərəcə xroniki venoz çatışmazlığı. Ödemli infiltrativ hiperpiqmentasiya” kimi qeyd olunsa da, aşağı ətraflarda heç bir trofiki pozuntu, indurasiya sahələri və mentasiya, varikozlar izlənməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi xx.xx.2022-ci il tarixli 10365 nömrəli tibbi rəydə diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizod, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “MSS-nin üzvi xəstəliyi, depressiv daxilolmalarla, yaddaş və intellektin enməsi” kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Üzvi affektiv pozuntu. Depressiv epizod, Koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, sənədin doğruluğuna şübhə yaranmışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin T 33/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İ.X6 Xəstəxanasında 10.11-xx.xx.2023-cü il tarixlərdə "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. O, hazırda həmin xəstəlikdən əziyyət çəkir və diaqnoz ona stasionarda anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı Qərar ilə təsdiq edilmiş "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müddəti"ndə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı birinə aid etmək mümkün olımadı.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, əlillik dərəcəsinin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, müharibə veteranı və şəhid ailəsidir. Belə ki, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək könüllü olaraq “Qurtuluş” Batalyonunda hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1993-cü ildə yaralanmış, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi X2 « Sol ayagın baş barmagının dəlib keçən güllə yarası. Sol ayagın baş barmagının əsas falanqasının açıq sınıgı, üzün qəlpə yarası » diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1027№-li qərarına əsasən yaralanmagı və xəsarətinin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59№-li Qərarı ilə təsdiq edilmiş «Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndinə uygun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. İndiyədək bir neçə dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə canlı (onlayn) müayinədən keçsə də xx.xx.2023-cü ildə barəsində «Diaqnoz öz təsdiqini tapmaması- səbəbi və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Belə ki, Dövlət TibbiSosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qiymətləndirmə qərarında əsas diaqnoz kimi “Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” göstərilmiş, lakin bir çox xəstəlik sənədlərində, o cümlədən Səhiyyə Nazirliyinin “X7” PHŞnin xx.xx.2022-ci il tarixli 10365№-li arayışında göstərilən “üzvi affektiv pozuntu, depressiv epizod, koqnotiv funksiyaların enməsi ilə MMSE-24 F06.3” diaqnozu isə göstərilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1027№-li qərarına əsasən yaralanmagının və xəsarətinin səbəb əlaqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59№-li qərarı ilə təsdiq edilmiş «Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndinə uygun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilməsi isə ümumiyyətlə nəzərə alınmamışdır.

10. İddiaçı ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 1688/2023 nömrəli qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsini xahiş etmiş, ərizə xx.xx.2023-cü il tarixli qərardad ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. İddiaçı tərəfindən həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərardan şikayət vermə müddəti bərpa edilmişdir.

12. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin V00062390FİX nömrəli göndərişi əsasında xx.xx.2023-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1027 nömrəli qərar verilmişdir. Həmin qərarda "Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə" diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı sağ yanaqda, təpədə, sol əlin İV barmağında, sol ayağın İ barmağında çapıqlar izlənmişdir. Sağ alt çənə oynağında çıxıqlar olmasından şikayətlənsə də, hərəkətlər tam həcmdə olmuşdur. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji, psixi defisit askar edilməmiş, dayaq hərəki funksiya pozulmamışdır. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışın nəticəsi “Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol asig-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə açma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu" kimi qeyd edilmiş əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz "Asagı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda baldır venalarının PTS. Hər iki BDV-ın İ-li varikozu, Aşağı ətraflanın İİİ dərəcə xroniki venoz çatışmazlığı Ödemli infiltrativ hiperpigmentasiya" kimi qeyd olunsa da, aşağı ətraflarda heç bir trofiki pozuntu, indurasiya sahələri və hiperpiqmentasiya, varikozlar izlənməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi xx.xx.2022-ci il tarixli 10365 nömrəli Tibbi rəydə diaqnoz "Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi ilə kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz "MSS-nin üzvi xəstəliyi, depress daxilolmalarla, yaddaş və intellektin enməsi" kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022- xx.xx.2022ci il tarixli Çıxarışda diaqnoz "Üzvi affektiv pozuntu, depressiv epizod Kognitiv funksiyaların enməsi ilə" kimi qeyd edilmiş, sənədin doğruluğuna şübhə yaranmışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir".

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-427/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-1688/2023 nömrəli qərarı İddiaçı əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməli olduğu halda cavabdeh əsassız olaraq əlillik təyinatından imtina etmişdir. Məhkəmə ekspert rəyinə də tənqidi yanaşaraq qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndində əlillik təyinatı əsasları, habelə iddiaçıya qoyulmuş diaqnoz aşkar göründüyü halda əsaslandırılmamış rəy verilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsinə dair etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya icraatı iştirakçılarının izahatları.

17. Məhkəmə kollegiyasının iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir 6.4.1.3. Birtərəfli zədələnmə; şaquli vəziyyətin saxlanmasını, dəstəyi və hərəkəti çətinləşdirən, koordinasiyanın və tarazlığın pozulması ilə ayağın və bilək oynaqlarının fiksə olunmuş patoloji vəziyyəti ilə təzahür edən hemiparez, psevdobulbar dizartriya (dil və nitq pozuntuları ilə birgə); təzahür edən çiyin oynağının açıcı-bükücü, dirsək və bilək oynaqlarında bükücü-rotasion və əl barmaqlarının oynaqlarının bükücü kontrakturası; diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular; psixi funksiyaların pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60% - 2 il.

22. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

26. Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V00062390FİX nömrəli göndəriş əsasında İddiaçı təyin edilmiş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” olmuşdur.

27. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirmə nəticəsi olaraq əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” diaqnozu təyin edilmiş və müvafiq olaraq göndərişin natamam doldurulması (Səbəb: Xəstə ixtisaslaşdırılmış stasionarda müalicə və müalicə olunaraq, ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq olunsun) və “Diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə əlillik təyin edilməsindən verilməsindən imtina olunmuşdur.

28. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 1688/2023 nömrəli qərarın qismən- ona əlillik dərəcəsinin təyin edilməməsi hissəsinin ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsinə nail olmaqdır.

29. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti əlillik dərəcəsinin təyini üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılmış qiymətləndirilmələrin qanunauyğunluğunun yoxlanılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin mümkünlüyüdür.

30. Məhkəmə tərkibi hesab edir ki, ilkin olaraq mübahisələndirilən TSEK-də rəsmiləşdirilmiş göndəriş üzrə aparılmış qiymətləndirilmələrə hüquqi qiymət verilməlidir. Həmin imtinanın dəlilləri isə “göndərişin natamam doldurulması (Səbəb: Xəstə ixtisaslaşdırılmış stasionarda müalicə və müalicə olunaraq, ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq olunsun) və “Diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul edilməsi”ndən ibarətdir.

31. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1688/2023 nömrəli qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

32. Cavabdehin imtinasının əlavə müalicəyə ehtiyacın olması ilə bağlı dəlili mübahisəyə dair işin müəyyən olunmuş halları və iş üzrə materiallarla təkzib olunur. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı uzun müddət qeyd edilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış və müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır.

33. Belə ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticələrində Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası, Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə, Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol asig-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə açma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu, Asagı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda baldır venalarının PTS. Hər iki BDV-ın İ-li varikozu, Aşağı ətraflanın İİİ dərəcə xroniki venoz çatışmazlığı” diaqnozları qoyulmuşdur.

34. xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticə hissəsində qeyd edilmişdir ki, F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, İlkin inkişafı normal olub. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə "Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası” diaqnozu ilə xx.xx.1993-xx.xx.1993 tarixində Şirvan ŞMX (Əlibayramlı) stasionar müalicə olunmuşdur. xx.xx.2018-ci il tarixində MN MHP-nın 963 saylı protokoluna əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. xx.xx.2020-xx.xx.2020 tarixində Şirvan ŞMX terapiya şöbəsində stasionar müalicə alıb. xx.xx.2019 tarixində Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub. 1994-2020 illər əriznda daim ambulator müalicələr qəbul edib. İİ Qarabağ müharibəsində yenidən ağır stress və sarsıntı keçirmişdir. xx.xx.2022 və xx.xx.2022 tarixlərində Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub. xx.xx.2022 tarixində M.A.Topçubaşov adına X3 müayinə olunub. Xəstənin psixi vəziyyətində ciddi dəyişikliklər olduğu üçün xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022ci il tarixində 1 saylı Respublika Psixiatriya Xəstəxanasına stasionara yerləşdirilərək müalicə alıb. xx.xx.2022 tarixində professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq təbbi rəy verilmişdir. xx.xx.2022-ci il tarixində HPK tərəfindən müayinə olunaraq diaqnozu təsdiq edilmişdir.

35. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamış, həmçinin iddiaçıda xəstəliyin ağırlaşmaları mövcud deyildir.

36. Apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində qeyd olunan diaqnoz xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əsas qiymətləndirmə nəticələrində, həmçinin Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V00062390FİX nömrəli göndəriş əsasında İddiaçı təyin edilmiş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” diaqnozu ilə eynilik təşkil edir.

37. İddiaçıya Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V00062390FİX nömrəli göndəriş əsasında təyin edilmiş əsas “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində qeyd olunan diaqnoz ilə üst-üstə düşdüyündən, birinci instansiya məhkəməsi iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi qərarına gəlməklə yanlışlığa yol vermişdir.

38. Belə ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının xəstəliyi ilə əlaqədar ona «Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə asma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu, Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi» diaqnozu qoyulmasına baxmayaraq, əlillik təyinatından imtina edildiyini, həmçinin orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməli olduğunu qeyd etməklə iddiaçıya sonuncu göndəriş (Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023cü il tarixli V00062390FİX nömrəli göndəriş) əsasında təyin olunan diaqnozu nəzərə almamışdır.

39. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, əlillik dərəcəsi Mingəçevir PND tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V00062390FİX nömrəli göndəriş üzrə aparılmış qiymətləndirilmə nəticələri (“F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə” diaqnozu) nəzərə alınmaqla təyin edilməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-427/2024 nömrəli qərarı qismən -İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1. bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, xx.xx.2023cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar