Məhkəmə qərarları › İş №2-1(104)-475/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-475/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-475/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “sosial müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1839/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İbrahimov Rafiq oğlunun xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sosial müavinətin ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli 3- 17-1/2-İ-234121/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir. Eyni zamanda MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1- ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən əvvəlki İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyininn müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən və təkrar müayinə nəticəsində orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyinin bərpa olunduğu xx.xx.2024cü il tarixinədək 6 aydan çox müddət keçdiyindən, ona xx.xx.2022-ci il tarixindən xx.xx.2024- cü il tarixinədək olan dövr üzrə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-647/2024 nömrəli qərarı ilə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulması qərara alınmışdır.

3. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən çıxarışlara əsasən: - İddiaçı ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir. - İddiaçı təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sosial müavinətin hesablanıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 49 saylı və xx.xx.2023-cü il tarixli 118 saylı Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktlarına əsasən onun əlilliyinin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmiş və qeyd edilən tarixlərdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun "bronxial astma qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi" diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarı"ndakı tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən "əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 12 nömrəli Qərarına əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-647/2024 saylı Qərarı ilə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçınnı müraciətinə "İnzibati icraat haqqında" Qanunun və "Tibbbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi" Qaydalarının tələblərinə uyğun olaraq zəruri inzibati icraat aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuş, daha sonra ona xx.xx.2024-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Ona 10 may 2017-ci ildə İl dərəcəli əlillik müəyyən edilmiş, bu əlilliyin müddəti 10 may 2022-ci il tarixədək müəyyən edilmişdir. Hazırda ona ömürlük əlillik təyin edilməsi təsdiq edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək onda heç bir əlillik dərəcəsinin müəyyən edilməməsinə baxmayaraq, o həmin dövrdə əlil olmuş, ona birinci dəfə təyin edilən əlillik dərəcəsinin əsası olan xəstəlikdə heç bir dəyişiklik olmamışdır. Həmçinin, xəstəxananın poliklinika şöbəsi qəsdən ona göndəriş verməkdən imtina etməklə ona əlillik dərəcəsinin təyin olunmasında süni maneə yaratmışdır. Ona ömürlük əlillik təyin edilən zaman birinci dəfə müddətli təyin edilən əlilliyin təyin edilməsi diaqnozundan fərqli olmayan diaqnoz qoyulmuşdur.

6. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-118449/2025 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-7-ci maddəsinə əsasən, səxs tibbi-sosial ekspert komisetaarəfindən ekspert muayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yasınadək sağlamlıq imkanları məhdud olan sayılır, Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu səxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinə 2 iyul 2021-ci il tarixində 3.3-1-ci yarımbəndi əlavə edilmişdir. Qanunun 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixində iddiaçıya ll dərəcə əlillik müəyyən edilmiş və həmin tarixdən müavinət təyin edilərək xx.xx.2022-ci il tarixədək ödəniş həyata keçirilmişdir. İş üzrə icraat materiallarına əsasən iddiaçının əlillik müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və xx.xx.2024-cü il tarixdə orqanizmin fəaliyyətinin 65 faiz pozulmasına görə əlillik bərpa olunmuşdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 26 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və R.lbrahimovun iddia ərizəsindən də göründüyü kimi iddiaçının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1839/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) sosial müavinətin ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, ona 6 ay ərzində əlillik dərəcəsinin təyin edilməməsinin səbəbi müraciət etməməsi, xəstə olmaması və s. deyil, bütün bunlara səbəb TƏBİB-in onun sənədlərini göndərməkdən imtina etməsi, sahə həkiminin onu qəbul etməməsi olmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin-70 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi, orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin hallarından göründüyü kimi, iddiaçının ilkin müayinəsi əsasında xx.xx.2017ci ildən ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci ilədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmiş, təkrar müayinə əsasında xx.xx.2024-cü ildən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmişdir.

18. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək əliliyinin müddəti bitdiyi xx.xx.2022-ci il tarixindən təkrar əlilliyin təyin edildiyi - xx.xx.2024-cü il tarixinə kimi əlilliyə görə müavinətin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, onun barəsində müvafiq göndəriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, TSEK tərəfindən isə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitdiyi vaxtdan onun bərpa edildiyi vaxtadək 6 aydan çox müddət keçmişdir.

20. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3.-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

22. Göründüyü kimi iddiaçının tələbi onun qanuni əsası qismində çıxış edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, qeyd olunan hüquq normasının məzmununa əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

23. Beləliklə şəxsin ötürülümüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab olunması üçün şəxsin əlilliyinin məhz 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində yenidən müəyyən edilməsi şərtinin olması imperativ norma kimi qeyd edilmişdir.

24. Həmçinin qeyd olunan qanunvericilik normasında həmin normadan istisna halı müəyyən edən hər hansı norma nəzərdə tutulmamışdır. İndiki halda isə iddiaçının əlilliyinin təkrar qiymətləndirilərək, əlilliyinin müəyyən edilməsi məhz 6 aydan çox müddət keçdikdən sonra baş vermiş, habelə ona qədər olan müddətdə isə əlliyin təyin edilməsi ilə bağlı müvafiq tibbi göndəriş rəsmişləşdirilərək təqdim edilməmiş, əllik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciət olunmamış, bunun nəticəsində isə müvafiq qiymətləndirilmə aparılmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina dəlilləri əsaslı olmuşdur.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən müddətin ötürülməsinə səbəb əlilliyinin qiymətləndirilməsi fəaliyyətini həyata keçirən inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranması müəyyən edildiyi təqdirdə müvafiq orqana qarşı əlilliyin təyin olunduğu tarixin dəyişdirilməsi və ya ziyan tələbinə dair iddia ilə müraciət edilə bilər. Odur ki, məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

26. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1839/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar