Məhkəmə qərarları › İş №2-1(104)-477/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-477/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-477/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, «qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-239/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 324 nömrəli qərarı (şəhadətnaməsi) ilə İddiaçı "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, veqetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B” (daşıyıcı)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı xx.xx.2013-cü il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal. Hipertoniya xəstəliyi İİ mər. tez-tez təkrar olunan krizlərlə. Diabetik angiopatiya. Haliyeyopatiya. Xroniki gastroduodenit. Xr ipoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə. Hepatit B” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə “Şəkərli diabet tip, ağır insulinə tələbli forma. OH diabetik angiopatiya. Diabetik polineyropatiya. Qalxanabənzər vəzin subtotal rezeksivasından sonrakı vəziyyət. Xr kolit disbanderioz kəskin gedişli ipoxondrik və vegetativ əlamətlərlə kəkələmə. Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez təkrar olunan krizlərlə. Hepatit B” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OH diabetik angiopatiya. Diabetik polineyropatiya” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OH diabetik angiopatiya. Diabetik polineyropatiya” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlillik vəziyyəti xxxxxxx0005 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ teztez təkrar olunan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki gastroduodenit” diaqnozu ilə əlillik təyinatından “Göndərişin natamam doldurulması (Hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunsun) səbəbi ilə imtina edilmişdir.

4. İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativəlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçı əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetikretinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə göndəriş geri qaytarılmışdır.

6. İddiaçı əlillik vəziyyəti həmin göndərişə əsasən xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş və “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip, İnsulinə tələbi olan; Yanakı xəstəliklər – E89.0 – Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Qalxanabənzər vəzin subtotal, subfarsial rezeksiyasından sonrakı vəziyyət (2007); Yanakı xəstəliklər – B18 – Xroniki virus hepatiti, Hepatit B, Qaraciyərin exinokokk invaziyası; Ağırlaşma – H36.0* - Diabetik-retinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir; Ağırlaşma – İ70 – Ateskleroz; Ağırlaşma – İ79.2*- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın fiabetik angiopatiyası İİİ dərəcə. Xroniki işemiya; Ağırlaşma – G63.2* – Diabetik polineyropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya; Yanaşı xəstəliklər – İ11 – Ürəyin xəstəliyi, Hipertoniya xəstəliyi İİ tez-tez təkrarlanan krizlərlə; Yanaşı xəstəliklər – K29 – Qastrit və duodenit, Xroniki qastroduodenit, Xroniki hepatoxolesistit; Yanaşı xəstəliklər – F45 – Somatikləşdirilmiş pozuntu, Uzunmüddətli somatikləşmiş pozuntu. Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F48.0 – Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə kəkələmə.

7. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı uzunmüddətli somatikləşmiş pozuntu, uzunmüddətli psixi xəstəlik diaqnozu ilə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicə almışdır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2383 nömrəli tibbi rəyində diaqnoz “Uzunmüddətli somatikləşmiş pozuntu F45.0, Uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F62.1) kimi qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T542/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TSEk tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd edilmiş “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu xəstənin anamestik, kliniki, laboratorinsturmental müayinələrin əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnozla əlaqədar onun bərpa müalicəsinə ehtiyac olsa da, xəstəliklər xroniki olduğundan tam sağalma ehtimalı yoxdur. Yuxarıda göstərilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əsaslar üzrə ikinci dərəcə əlilliyin təyininə deyil, üçüncü dərəcə əlillik təyininə əsas verdiyindən verilmiş qərarı düzgün hesab etmək olar.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T911/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə "Psixi Sağlamlıq Mərkəzi" Phş-ində professor Fuad İsmayılov tərəfindən müayinə edilərkən ona "Uzunmüddətli somatikləşmiş pozuntu F45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F62.1, reabilitasiyaya əks göstərişlər yoxdur"; 14.07-xx.xx.2023-cü il tarixlərdə Akademik Mirqasımov adına Respublika kliniki xəstəxanasında "E11.7-şəkərli diabet tip 2 ağır forma; H36.0-OU-proliferativ diabetik retinopatiya; G63.2-diabetik polineyropatiya, 179.2-aşağı ətrafların diabetik angiopatiyası, B67.0-qaraciyərin residiv exinokokk kisti; S83.2-hər iki dizdə menisk yırtığı; İ20.8-ÜİX, stenokardiyanın digər növləri, İ10- hipertoniya xəstəliyi İİİ mər.; L50.1-xroniki idiopatik övrə; K76.0-hepatoz; K86- xroniki pankreatit; B17.0-"B" hepatitin virus gəzdiricisi"; 31.07xx.xx.2023-cü il tarixlərdə X1 "İpoxondrik pozğunluq, nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə" diaqnozları ilə müayinə və müalicələrdə olmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "İpoxondrik pozğunluq, nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin xəstəliklər (əsas diaqnozla yanaşı, yanakı xəstəliklər və ağırlaşmalar nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən əsaslar üzrə ikinci dərəcə əlilliyin təyininə əsas vermir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarının dəyişdirilərək xx.xx.2021-ci il tarixdən İİ əlilliyinin bərpa edilməsi və həmin tarixdən almadığı illərin və ayların pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü il tarixdən 1997-ci il tarixə kimi Silah Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Mühafizə söbəsinə polis nəfəri vəzifəsinə təyin edilib, xəstəliyi ilə əlaqədar xidməti işini yerinə yetirə bilmədiyindən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalında 6 ay stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin 27 avqust 2013-cü il tarixli 1707/h saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmağının səbəbi ağır xəstəliklərinin olması olmuşdur. Bu tibbi sənədlərdən də tam təsdiq olunur. O, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon Mühalizə Şöbəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DİN-nin Tibb Xüsusi həkim komissiyasınından keçirilmişdir. Həkim komissiyasının onun barəsində verdiyi N324 saylı xəstəlik haqqında şəhadətnamədə onun xəstəlikləri ilə bağlı diaqnoz "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertaniya xəstəliyi İl mərhələ, tez-tez təkrar olunan krizislərlə. Diabetok-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit"B" (daşıyıcısı)" qoymuşdur. Bu qeyd olunan xəstəliklərlə bağlı X6 Komissiyası tərəfindən 2013-cü ilin sentyabr ayından ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun xəstəlikləri ilə bağlı İİ qrup əlillik təyin olunduqdan sonra hər il stasinonar müalicələr götürməklə TSEK-in komissiyasından keçmişdir. Ona İİ qrup əllik təyin olunmamışdan əvvəl xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Endokrinoloji xəstəxanada, xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə və xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə kimi Şəmkir rayon xəstəxanasında, xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasında, xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. 2016-cı ilin sentyabr ayının 29-da TSEK növbəti müayinə vaxtı ona 5 il müddətinə İl qrup əlillik dərəcəyi təyin etmiş və həmin müddət xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Bu müddət ərzində o, xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixə kimi Respublika Əlillərin Bərpa mərkəsində reablitasiya kursu keçmiş, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi "Şagan" əlillər üçün pansionat müəssisəsində, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən 5 illik əlillik müddəti tamam olduğundan yenidən sistemə forma-88 göndərilmişdir. Həmin sənəddə onun bu müddət ərzində hansı tibb müəssisələrində stasionar müalicədə olmağı ətraflı qeyd edilmişdir. Nəticə olaraq diaqnoz: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla karli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan krizislərlə. Diabetik-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepetoxolesistid. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Hepatit B" AR DİN-nin XHK-nin xx.xx.2013-cü il tarixli 324 nömrəli XHŞ-yə əsasən qoyulmuşdur. Yanakı xəstəlikləri isə Ekhinococcus granulosus tərəfindən törədilən qaraciyər invaziyası, digər dəqiqləşdirilmiş hipotireozlar Tiroid vəzin subtotal rezeksiyası, Xroniki səthi qastrit qastropatiya. Hiatal herniya. Qidaborusunun mikozu, İpoxondriz pozğunluq İpoxondrix pozğunluq, Delta amilsiz virus mənşəli xroniki B hepatiti, Bazu sümüyünün aşağı ucunun sınığı Sağ bazu sümüyünün yerdəyişməyən sınığı, Nevrasteniya kəskin gedişli, ipoxondrix və vegetativ əlamətlər, yüngül kəllə hipentenziyası əlamətləri ilə, Kəkələmə (hiqqana-hiqqana danışma), Miopiya, Essensial (birincili) hipentenziyadan ibarətdir. Bundan başqa gözləri 30 faiz görür. Akademik Z.Əliyeva adına Milli Ovtomologiya Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 6244 saylı tibbi rəyi ilə də tam təsdiq olunur. DİN-də KT nasaz olduğundan İstanbul Klinikasında xx.xx.2021-ci il tarixdə KT müayinəsində olmuşdur. Qaraciyərdə İVa və İV senqmentlərdə 9X11 sm ölçüdə exinokox kistası müəyyən edilmişdir. İİ və İİİ senqmentlərdə 12X10 sm exinokok kistası aşkar olunmuşdur. xx.xx.2002-ci ildə DİN Hospitalında cərrahiyyə şöbəsində qara ciyərin qiqant ölçülü exinokok kistasından əməliyyat olunmuşdur. DİN-nin Tibb İdarəsinin 25 may 2022-ci il tarixli göndərişinə əsasən 26 may 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi- Sağlamlıq Mərkəsinin baş direktoru, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Baş psixatrı, professor Fuad İsmayılovun müayində olmuş və ona "uzunmüddətli somatikləşmiş pozuntu F-45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F- 62.1 diaqnozu qoyulmuşdur. F.İsmayılovun tibbi rəyi əsasında DİN-yi xx.xx.2022-ci il tarixdə 2 nömrəli kliniki psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə almışadır. ElmiTədqiqat X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müalicə almış və onun ayaqlarının keyləşməsinin EMQ müayinəsi aparılmışdır və ona G-632 dibetik polinevropatiya distal parez diaqnozu qoyulmuşdur. Bundan əlavə DİN-nin göndərişi əsasında Topçubaşov adına Xüsusi Elmi Cərrahiyyə mərkəzində Dopler və endrikonoloqun və cərrahın müayinəsindən keçmişdir. Cərrahın rəyinə görə 179.2 Aterosvlerdə hər iki tərəflərin peroferin agepoteyası İİİ dərəcə xroniki işemiyadır. DİN-nin A.Heydərov adına Hospitalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Hospitalda kardiolioq tərəfindən ona koronor angioqrafiya məsləhət görüldü. Bunun əsasında o, xx.xx.2022-ci il tarixdə sığortanın göndərişi əsasında X4 xəstəxanasında koronar angioqrafiya olunmuşdur. Orada ona bildirmişlər ki, konservativ daimi müalicə, lazım gələrsə cərrahi müalicə olunmalısınız. Onun son vaxtlar hər iki dizində və belində ağrılar əmələ gəldiyindən yeriyə bilmədiyindən X2 tam müayinə olunub, həkimlərin göndərişi əsasında hər iki dizdən və bel omadan MRT olunmuşdur. Onun sağ və sol dizlərində aşkarlanan bayır yan bağın (LCL) femura birləşmə yerində yırtıq, lojasında ödem suprapetellər bursada (ACL) biffiz mikoid degenariyası, Medial meniskasun arxa buynuzunda İİ dərəcəli degenerasiya, leteral meniskusun arxa buynizinda İİ dərəcəli degenerasiya aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə isə müayinə zamanı bel nahiyyəsində L4-L5 səviyyəsində vertebral kanalın stenozu, L5-S1 interventebral diskin arxa, mərkəzi protuziyası aşkarlanmışdır. Sığortanın göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsindən keçmişdir. Onda aşkarlanan qara ciyərində sol pay seqment İİİ-də ən geniş yerində 62X33 mm ölçülərdə bir-birinə birləşərək əmələ gələn 3 enokok kistası aşkar edilmişdir. O, bununla bağlı məcbur əməliyyat olunmalıdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Elmi Tədqiqat X5 ayaq və bel nahiyyəsinə görə stasionar müalicə olunmuş və ona M170 birincili iki tərəfli qonortoz İ dərəcə, fəallıq İİ mərhələ, fC İİ dərəcə diaqnozu qoyulmuşdur. Yanaşı xəstəliyinin ağırlaşması C632, diabetik polinevropatiya M545 luşobboligiya iki tərəfli K76.1. E.11E.13. F.45.0 və F62.1. Ona bu qədər sağalmaz xəstəliklərin olmasına baxmayaraq Reablitasiya Agentliyinin qərarı başa düşülən deyil. Cavabdeh orqanın onun 2-ci qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin etməsini o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, polis orqanlarından ağır xəstəliyi ilə bağlı DİN-nin tibb müəssisəsinin müvafiq rəyi əsasında işdən azad olunmuşdur. 10 ildən artıqdır ki, o, Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına hospitalında hər il müayinə vəmüalicə olunduğunu, hazırda vizual görünüşdə də onun həqiqətən də 2-ci qrup xəstə olduğunu nəzərə almamış, tam qanunsuz və əsasız olaraq onun İİ qrup əlilliyini dəyişdirib, İİİ qrup əlillik təyin edilməsi yolverilməz olmaqla, onun Konstitusiyamızla nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyilə bağlı İİ qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin edilməsini əsassız və qanunsuz hesab edir.

13. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarın ləğv edilərək, İİ qrup əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

14. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı oğtunun (FiN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 324 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Şəkərli diabet İl tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrar olunan krizlərlə. DiabetoHipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit "B" (dasıyıcı)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri əllərinin əsməsindən, ayaqlarını hiss etməməkdən, yuxu pozğunluğundan, qarabasmalardan ibarətdir. Əyani müayinədə aşağı ətraf arteriyaralarında pulsasiya izləndi, tük örtüyü tökülməyib. Tənəffüsü sərbəstdir. Saturasiya 95%-dir. Ağciyərlərin üzərində vezikulyar tənəffüs eşidilir. Nəbzi 115 vurğudur. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Qarnı yumşaqdır. Deməsinə görə relanium, diazapeks, ayda 1 dəfə moditen depo-ineksiya istifadə edir. Bildirir ki qaranlıqdan qorxur, ruhlar onu boğmaq istiyir, gecələr qaranlıqda yatmır, işıqda yatır. Nevroloji statusu patologiyasızdır. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan"Şəkərli diabet İl tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İl mərhələ, tez-teztəkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit" xəstəliklərinin ağırlaşması əlillik səviyyəsində təsdiqini tapmır. Əyani müayinədə həkim mütəxəsisin müayinəsinin nəticələrinə, anamnestik məlumatlara və DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika hospitalının epikrizlərinə əsasən şəhadətnamədə qeyd olunan "İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə" xəstəliyinin ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapır və əlillik təyininə əsas verir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 2.3.9 bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il (bes) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-239/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarı inzibati orqanın diskression səlahiyyətini məhdudlaşdırmışdır.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli 3-cü qrup əlillik təyin edilməsi barədə qərarın dəyişdirilərək ona 2-ci qrup əlillik təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

26. İşin hallarından məlum olur ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

27. Bundan sonra əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetikretinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə geri qaytarılmış, əlillik vəziyyəti həmin göndərişə əsasən xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu, “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsinə dair qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

29. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilməklə üçüncü dərəcə əlillik təyin edilmiş, bundan sonra iddiaçının əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə geri qaytarılmış, sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndərişə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş “Göndərişin natamam doldurulması (xx.xx.2021ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

30. Göründüyü kimi məhkəmə araşdırılmasının predmeti olan xx.xx.2023-cü il tarixli qərar ilə məhz xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixli qərardan sonra xx.xx.2022-ci il tarixli göndərişə (inzabati şikayətə) yekun hüquqi nəticə məhz xx.xx.2023cü il tarixdə verilmiş, həmin qərarla xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Belə olan halda hazırki mübahisəninin predmeti xx.xx.2023-cü il qərarı deyil xx.xx.2021-ci il tarixli qərarı təşkil etməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”-na əsasən:

33. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

34. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

35. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

36. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə görə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd).

38. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (13 və 14.1-ci bəmdlər)

39. Birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni (iddiaçının ilkin müraciəti xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilməsi olmuşdur) icraata qəbul edən zaman yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbinin mümkünlük şərtlərinə hüquqi qiymət verilmədən ərizə icraata qəbul edilmişdir.

40. Başqa sözlə, məhkəmə baxışının predmeti olan hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik olmayan xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmış, adıçəkilən qərar (xx.xx.2023-cü il tarixli) ləğv edilsə də əvvəlki hüquqi vəziyyət, yəni xx.xx.2021-ci il tarixli qərar dəyişdirilməmişdir.

41. Məhkəmə tərkibi hesab edir ki, işə təkrar baxılan zaman iddiaçının ilkin hüquqi marağının xx.xx.2021-ci il tarixli 3-cü qrup əlillik təyin edilməsi barədə qərarın dəyişdirilərək ona 2-ci qrup əlillik təyin edilməsi olması və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilməsi halı nəzərə alınmalıdır (qərarın tarixi texniki səhv olaraq xx.xx.2021-ci il qeyd edilmiş, iş materiallarında bu tarixli qərar müəyyən edilməmişdir).

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.2, 3.3 və 3.4-cü bəndlər).

43. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

44. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

45. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

46. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

47. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-239/2024 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar