Məhkəmə qərarları › İş №2-1(104)-479/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-479/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-479/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 saylı qərarından cavabdeh və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 405 nömrəli qərarına əsasən, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 130 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 146 nömrəli arayışı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 156 nömrəli məhkəmətibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma, Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti, qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epileptik tonik-klonik qıcolmalar (ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin zədələnmələri, damarlarının digər dəqiqləşdirilməmiş Postravmatik ensefalopatiya, hipertenziv sindrom və tez-tez baş verən qıcolma tutmalar ilə, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik sindrom. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi, İİ m, boyun fəqərələrinin osteoxondrozu, davamlı kökcük ağrılar və vertebro-bazilyar çatmamazlıqla, sağtərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı çapıqlar” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Həkim müayinəsinin nəticəsi: F07.0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görnüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Hər bir xırda qıcıga sərt reaksiya verir, ünsiyyət zamanı həyacanlanır. Suallara ləng əsəbi cavab verir, hər hansı bir söhbəti başa salmaq istədikdə konfilikt yaradır, öz dediklərini sübut etməyə çalışır, ailə üzviləri ilə yola getmir. Çox əsəbidir. İnsanlara güvənsizlik ünsiyyətdən yayınma ətraf mühitə qarşı laqeyiddir. Əhval-ruhiyyəsi aşağıdır, emosional gərgindir, yuxusu narahatdır. Yaddaşı zəifdir. Yuxusu dərmanladır. Mütəmadi müalicə qəbul edir. (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform qıcolma qıcolma tutmaları, Koqnitiv funksiyaların enməsi ilə. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, epileptiform qıcolma, qıcolma tutmaları, Koqnitiv funksiyaların enməsi ilə” Diaqnoz öz təsdiqini tapmaması (Xüsusi səbəbdən – Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik ilə əlaqədar – Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozuması barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 24.01.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X10 xx.xx.2024-cü il tarixli, T 861/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, aparılan müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Əlilliyin təyinin həlli isə məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 11 mart 2014-cüil tarixdə verilmiş 055352 nömrəli vəsiqənin surətindən görünür ki, o, Qarabağ müharibəsi veteranıdır. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2018-ci il tarixli Rəyindən görünür ki, üzərində aparılmış məhkəmətibbi müayinəsi zamanı başın ön alın nahiyəsində iki ədəd başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sağ-sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1\3-nün arxa səthində isə bir ədəd köhnə çapıq toxumaları aşkar edilmişdir. Aşkar edilmiş çapıq toxumanın saxlanılması bəzi morfolojo xüsusiyyətlərinə görə odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlməsinin inkar edilmədiyi, habelə 1992-ci ilin iyun ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 405 nömrəli qərarından görünür ki, "odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sağ-sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1\3-nün arxa səthində toxumalar” "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ona "Kəllədaxili travma. Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epleptik-tonik-klonik qıcolmalar(ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Postravmatik ensofolopotiya, hiperteniziv sindrom və tez-tez baş verən qıcolma tutmalarla. BQDÇ İİ, nəzərə çarpan astenonervotik sindrom. Esensial (birincili) hiporteniziya xəstəliyi, 11.m, boyun fəqərələrinin ostrexondrozu, davamlı kökçük ağrılar və vetebro-bazityar çatmamazlıqla, sağ tərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyələrində qəlpə yaralanmasından sonrakı çapıqlar" Diqanozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin qərardan göründüyü kimi əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmaqla müddəti xx.xx.2023-ci ilədək təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə növbəti əyani müayinəyə çağırılmışdır. Həmin tarixdə keçirilmiş əyani müayinə zamanı həkimlər heç bir yoxlama aparmadan sənədlərinə səthi baxaraq (cəmi 4-5 dəqiqə) ona demişlər ki, xəstəxana sənədləri mülki xəstəlik kimi yenidən yazıb göndərsin ki, əlillik dərəcəsi təyin edilsin. İddiaçı həmin anda heçnə başa düşməmiş, sonradan bilmişdir ki, komissiya onun hərbi əlilliyini ləğv etmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-ci il tarixli qərarı ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina olunub. İmtinaya səbəb kimi; Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı; Xüsusi səbəbdən -"Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməkilə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür" sözləri qeyd edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsindən təyin edilməsindən imtina edilməsi tamamilə əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında əlillik dərəcəsinin verilməsindən imtina edilməsinin səbəbləri "İnzibati icraat haqqında” qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamışdır. Həmin qanunun tələbinə görə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırmalı, qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin ərizəyə əlavə edilmiş Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışdan görünür ki, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək X11 Dispanserində "keçirilmiş kəlləbeyin travmasının qalıq əlamətləri, kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi, tez-tez davam edən dekompensasiyalarla. F07.2 F60.8” Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Dispanserində "keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi" Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi sağlamlıq X4 (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Psixi Sağlamlıq Mərkəzində "F07.0 mənşəli 1-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozğunluğu yaddaşın itməsi " Diaqnozu ilə satasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası X10 Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixatriya Xəstəxanasında "F07.0 mənşəli 1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində pozğunluğu şəxsiyyət epileptiform tutmaları, koqnitkensiyaların enməsi" Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası X10 Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (bir ay) Respublika Psixatriya Xəstəxanasında "F07.0 mənşəli İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozğunluğu epileptiform qıcolma tutmaları, koqnitkensiyaların enməsi" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə əyani müayinə olunmuşdur. Bu faktın özü cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının əsassız olduğunu təsdiq edən dəlillərdən biridir. İcbari tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxs "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X10 xx.xx.2024-cü il tarixli 4942 nömrəli Ambulator xəstənin Tibbi Vərəqindən görünür ki, müayinə zamanı ona "C20, İ69.3, C81.1, F07, F06-7, Z 7 Poorkenson xəstəliyi. Aminetik riqiol forma sntelik tremotis ilə xroniki beyin işemiyası sağ tərəfli hemiperez. Üzvi mənşəli QKBT nəticəsində yaranan şəxsiyyət pozulması. Koqnetiv simusiyaların enməsi" Diaqnozu qoyulmuş və əstənin kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. İddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün qeyd etdiyi bütün tibbi sənədlər Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin X1 Sisteminə yerləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2018-ci il tarixli Rəyindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 405 nömrəli qərarından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, ona "Kəllədaxili travma. Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyətə və həmin xəsarətlərin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığına görə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Yuxarıda şərh edilmiş rəylər və qərarlar təsdiq edir ki, iddiaçı 1992-ci ildə yaralanmış və həmin xəsarətlərin fəsadları 2018-ci ilədək yəni ona əlillik dərəcəsi verilənədək davam etmişdir. Bundan başqa yuxarıda şərh edilmiş xəstəlik tarixindən Çıxarışlar isə 2018-ci ildən yəni iddiaçıya əlillik dərəcəsi verildiyi vaxtan onun ləğv edildiyi xx.xx.2023-cü il tarixədək davam etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 nömrəli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ikinci qrup müddətsiz əlillik təyinatı aparılmışdır, Baş beyin travmasının davamlı qalıq əlamətləri. Asteno-nevrotik sindrom, şəxsiyyətin dəyişməsi. İlə əlaqədar stress pozuntusu. xx.xx.2023-cü il tarixlərində əyani müainədə olmuş və Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. “Diaqnozun mətni: Baş beyin travmasının davamlı qalıq əlamətləri. Astenonevrotik sindrom, şəxsiyyətin dəyişməsi. X2: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Kəskin ifadəli labil pozuntu. Astenonevrotik hal. Koqnitiv fünksiyaların enməsi. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Həmçinin, bildirilmişdir ki, məcburetmə və öhdəliklərin icrası qaydasında iddialara 30 gün ərzində məhkəmə müraciət hüququ itirildiyindən xahiş edilmişdir ki, iddia mümkünsüz hesab edilsin. Eyni zamanda müharibə dövründə almış olduğu travmalar şəhadatləndirilməmişdir. Buda xəstəliyin səbəb əlaqəsinin xüsusi səbəbdən olmasını qeyri-mümkün edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın qismən təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Kamran Həbib oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, ümumi xəstəlik ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən- F07.0 meyar üzrə qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Aslanov X9 Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 405 nömrəli qərarı ilə şəhadətləndirilmiş və ona "Odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar" diaqnozu qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı barəsində Ağdam RƏD tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya qoyulmuş əsas diaqnozun səbəb əlaqəsi ümumi xəstəlikdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. İddia tələbinin əlilliyin müddətsiz təyin edilməsi hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Göründüyü kimi müddətsiz əlilliyin təyin edilməsi üçün 61-80 faiz aralığında ardıcıl olaraq 10 il əlillik mövcud olmalıdır. Hazırkı iş üzrə iddiaçının 5 il müddətində İİ qrup əlilliyi olmuşdur. Ona görə də məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 saylı qərarının qismən-yəni “ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ümumi xəstəlik ilə əlaqədar əlilliyin təyin edilməsi” hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilərək ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafizəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1992-ci ildən davam edən və 2018ci ildə(26 il sonra) ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə 2-ci dərəcə əlilliyin təyin olunması ilə nəticələnən, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası X10 xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli diaqnozları ilə bir daha təsdiq edilmiş xəstəliyimin səbəb əlaqəsi 27 gün ərzində necə dəyişə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X10 xx.xx.2024-cü il tarixli, T 861\2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş diaqnoz xəstənin anamnestik kliniki, labarator-instrumental müayinələri əsasında qoyulmuş müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş hesab olunmuşdur. Aparılan müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatəsi dairəsinə düşür. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X10 qeyd edilən ekspert rəyi də Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş diaqnoz üzrə xəstəliyinin Birinci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində yaranmasını təsdiq edir. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbini “ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilməsini xahiş etmiş və məhkəmə kollegiyası tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar çıxarılmalı, iddia təmin edilməlidir. İşin hallarını ətraflı nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı və məqsədi ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin qərarda “Kəllədaxili travma, kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyət, qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətlər, epileptik tonik-klonik qıcolmalar və digər nevroloji pozuntular” diaqnozu göstərilmişdir. Ağdam RƏD tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform qıcolma qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” əsas diaqnoz qoyulmuşdur. Ağdam RƏD tərəfindən verilən Forma 88 haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görünüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Hər bir xırda qıcığa sərt reaksiya verir, ünsiyyət zamanı həyəcanlanır. Suallara ləng əsəbi cavab verir, hər hansı bir söhbəti başa salmaq istədikdə konfilikt yaradır, öz dediklərini sübut etməyə çalışır, ailə üzviləri ilə yola getmir. Çox əsəbidir. İnsanlara güvənsizlik ünsiyyətdən yayınma ətraf mühitə qarşı laqeyddir. Əhval-ruhiyyəsi aşağıdır, emosional gərgindir, yuxusu narahatdır. Yaddaşı zəifdir. Yuxusu dərmanladır. Mütəmadi müalicə qəbul edir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X10 xx.xx.2024-cü il tarixli, T 861/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, aparılan müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, həkim müayinəsinin nəticəsi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Bundan əlavə cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərindən də görünür ki, cavabdeh tərəf də iddiaçıya əlilliyin təyin edilməli olmasını qəbul edir. Lakin hazırda hər iki tərəfin də mübahisələndirdiyi hal əlilliyin səbəb əlaqəsidir. Birinci instansiya məhkəməsi tərəfindən əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal işin faktiki hallarına uyğun olmamaqla birinci instansiya məhkəməsinin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. İlk öncə kollegiya qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 405 nömrəli qərarına əsasən, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələridiaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 130 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 146 nömrəli arayışı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 156 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyən edilmişdir. Hazırda Ağdam RƏD tərəfindən verilən Forma 88 haqqında məlumatdan da görünür ki, TSEK-ə göndəriş zaman əsas diaqnozda xəstəliyin Birinci Qarabağ müharibəsi zamanı alınmış travmadan irəli gəldiyi qeyd olunmuşdur. Bundan əlavə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə “Kəllədaxili travma, Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti, qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epileptik tonik-klonik qıcolmalar (ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin zədələnmələri, damarlarının digər dəqiqləşdirilməmiş Postravmatik ensefalopatiya, hipertenziv sindrom və tez-tez baş verən qıcolma tutmalar ilə, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik sindrom. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi, İİ m, boyun fəqərələrinin osteoxondrozu, davamlı kökcük ağrılar və vertebro-bazilyar çatmamazlıqla, sağtərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı çapıqlar” diaqnozu ilə əlillik təyin edilərkən də əlilliyin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması təsbit olunmuşdur. Hazırkı Forma 88 sənədlərində əsas diaqnoz kimi “F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində)” göstərilmişdir ki, bu da yeni yaranmış patoloji hal deyil, 2018-ci ildə travmatik beyin zədələnməsi diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbinə əsasən təyin edilmiş əlilliyin klinik davamı və həmin travmanın uzunmüddətli, proqressiv nevropsixi nəticəsidir. Yəni, hazırkı pozuntu ilkin dövrdə yaranmış kəllə-beyin travmasının nəticəsində formalaşmış posttravmatik dəyişikliklərin inkişaf etmiş mərhələsini əks etdirir. Bu baxımdan, xəstəliyin etioloji mənşəyi əvvəlki kimi hərbi travma ilə birbaşa bağlı olduğundan, əlilliyin səbəbi dəyişməz qalmalı və “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi qiymətləndirilməlidir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əlilliyi göndəriş əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 906/2025 saylı qərarı ləğv edilərək yeni qərar çıxarılmalı və iddia tələbi təmin edilərək İddiaçı barəsində cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2024cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar